Məhkəmə qərarları › İş №1(001)-78/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-78/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-78/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, xüsusi ittihamçı X4 nümayəndəsi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs X1 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə İmişli rayonu, Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Sovxozu, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X1 CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, o, 2015-ci ildən Azərbaycan Avtomobil Yolları X6 Heyətinin sədrinin müavini vəzifəsində çalışır. 2000-ci ilin may ayından "Yeni Azərbaycan" Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 700 nömrəli Sərəncamı ilə "Əməkdar Mühəndis" Fəxri adına layiq görülmüşdür. Eyni zamanda İ Qarabağ Müharibəsi veteranı və "Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi" İctimai Birliyinin üzvüdür. Böyük bir kollektivə rəhbərlik etməklə yanaşı, siyasi və ictimai fəaliyyətlə də məşğuldur. 26 sentyabr 2022-ci ildə, səhər saat 10 radələrində işlədiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ünvan 1 ünvanında yerləşən inzibati binasına tanımadığı 3 nəfər qadın gələrək ictimai asayişi pozmuş, onun, mühafizəni həyata keçirən polis əməkdaşlarının və iş kollektivinin şəxsinə nalayiq ifadələr səsləndirmiş, hay-küy salaraq iş ahəngini pozmuşlar. Həmin qadınlardan ikisi Şahid5 və Şahid6 özlərini "Uğur" TV-nin əməkdaşları, jurnalist kimi təqdim etmiş, özlərini uyğunsuz aparmışlar. Üçüncü qadın Mərziyə Rzayeva isə onu və ailə üzvlərini şantaj edərək pul tələb etmiş, kollektivin, eləcə də tanımadığı digər şəxslərin yanında ünvanına nalayiq ifadələr işlətmiş, "buranın, Əvəzin yiyəsi yoxdur?!", "bunlar qudurub", "bunlar harınlayıblar", "Əvəz niyə camaatın pulunu yeyir", "Əvəz niyə camaata pul atır" və sair bu kimi təhqiramiz ifadələr səsləndirmişdir. Qeyd edilənlərin hamısı daxili nəzarət kameralarına düşmüş, eyni zamanda mühafizə xidməti, iş kollektivi, həmin zaman qəbula yazılmış tanımadığı insanların yanında baş vermişdir. Qeyd edilənlərlə bağlı dərhal aidiyyəti orqana şikayət edilmiş, Mərziyyə Rzayevanın əməlləri araşdırılmış, sonuncunun və digər iki qadının izahatları alınmış, Mərziyyə Rzayeva barəsində cinayət işinin başlanılması Bakı şəhəri Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarla rədd edilmişdir. Həmin qərarda X1 əməlləri ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Mərziyyə Rzayevanın onun barəsində səsləndirdiyi təhqir və nalayiq ifadələr ("harınlamış", "qudurmuş", "pul yeyən", "pul atan", "yiyəsinin olmaması" və s.) iş kollektivinin, mühafizə əməkdaşlarının (Şahid3 (AZE ********), Şahid2 (AA 1544346), Şahid4 (AZE ********) yanında, daha doğrusu, qanunda da göstərildiyi kimi ən azı 2 nəfərin yanında şüurlu olaraq qəsdən işlədilmişdir. Odur ki, X1 CM-nin 148-ci maddəsi ilə təqsirli bilib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış xüsusi ittihamçı X4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X8 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-697/2022 nömrəli qərarından görünür ki, X4 X3 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilmiş, X3 CM-in 148-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində qətimkan tədbiri seçilməmiş, X8 isə xüsusi ittihamçı qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs X3 məhkəməyə müraciət edərək X7 qarşı səsləndirdiyi fikirlərə və narahatlığa görə peşman olmasını və buna görə üzr istədiyini bildirmiş və barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə xüsusi ittihamçı X4 nümayəndəsi Müdafiəçi2 məhkəməyə təqdim etdiyi ərizədə qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında X1 CM-in 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. X3 xüsusi ittihamçı barəsində səsləndirdiyi fikirlərə peşman olduğunu bildirib üzr istəmişdir. Odur ki, qeyd edilənlərə əsasən ittihamdan imtina etdiklərini bildirib, həmin iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. CPM-in 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. CPM-in 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. CPM-in 43.1.1-ci maddəsinə məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 17-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 fevral 2009-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxs X1 hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X2 göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. CPM-in 381.1-ci maddəsinə görə birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 CM-in 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 41, 43, 186, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilsin. X2 göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar