Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-787/2022 09.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 13 may 2022-ci il tarixdə saat 13 radələrində Xaçmaz rayonunda olan avtovağzal ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5,68 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üstündə saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli 31 ünvanında 3 saylı yataqxananın yaxınlığında piyada hərəkət edən zaman Binəqədi Rayon Polis İdarəsinin 5ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon, S.S.Axundov 6 ünvanında yerləşən 5-ci Polis Bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın qabaq sağ cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,68 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin məhkəməyə verilməsinə və məhkəmə baxışının təyin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması zamanı cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Tural Mehdili tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə hazırlıq iclasının gedişatında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 09:00-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın qabaq sağ cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,68 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/595 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,68 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış ********* saylı cinayət işi CPM-in 215-ci maddəsinə əsasən Binəqədi RPİ-nin İŞnə göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Binəqədi RPİnin İŞ-nin müstəntiqi, polis mayoru Tural Mehdilinin icraatına qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs etiraz edilə bilən şəxslər haqqında məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Tural Mehdili tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il il tarixdə təqsirləndirilən şəxsə “İnsan hüquqlarının vvə azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları və CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquqları haqqında bildiriş verilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs etiraz edilə bilən şəxslər haqqında məlumat verilmiş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, CPM-nin 51-ci maddəsinə əsasən protokol tərtib edilmiş, ona hüquq və vəzifələrinin izahı haqqında bildiriş, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın surəti təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisin iştirakı ilə saat 10:40-dan saat 10:50-yə qədər təqsirləndirilən şəxs qismində dindirmişdir. 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Tural Mehdili müdafiəçinin iştirakı ilə Nurlan Məmmədovu məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında qərarla tanış etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs sağalana kimi dayandırılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Fəxrəddin Şirəliyevin icraatına qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli ittiham aktından görünür ki, cinayət işi üzrə ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Fəxrəddin Şirəliyev tərəfindən ********* nömrəli cinayət işi üzrə 19 noyabr 2022-ci il tarixdə tərtib edilmiş ittiham aktı Bakı şəhəri Binəqədi rayon prokuroru tərəfindən təsdiq edilmişdir. Binəqədi Rayon Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi CPM-in 292-ci maddəsinə əsasən ittiham aktı ilə birgə məhkəməyə göndərilmişdir. Beləliklə, yuxarıda qeyd edilən iş materiallarından müəyyən edilmişdir ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnənədək ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Tural Mehdili tərəfindən istintaq hərəkətlərinin aparılması barədə protokollar imzalanmamış, faksimil üsulu ilə təsdiqlənmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, cinayət işinin icraata qəbul edilməsi haqqında qərar, şübhəli şəxsə etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında, şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi haqqında protokol, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar, təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izahı haqqında bildiriin verilməsini təsdiq edən sənədlər, təqsirləndirilən şəxsə etiraz edilə blən şəxslər haqqında məlumat verilməsi haqqında, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol, məhkəmə narkoloji ekspertizasının təyin edilməsi haqqında qərar, təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərar, cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Tural Mehdili tərəfindən imzalanmamış, faksimil üsulu ilə təsdiqlənmişdir. Göründüyü kimi, cinayət işi üzrə ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Tural Mehdili tərəfindən cinayət işi üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi haqqında qərarlar özü tərəfindən imzalanmadan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, CPM-in 85.2-ci maddəsinə əsasən müstəntiq bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir: 85.2.14. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. CPM-in 224.3-cü maddəsinə əsasən ittihamı elan etdikdən sonra müstəntiq təqsirləndirilən şəxsə onun bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməlidir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surəti, habelə hüquq və vəzifələrə dair yazılı bildiriş təqsirləndirilən şəxsə verilir. Müstəntiq ittihamın elan edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında protokol tərtib edir. Bu protokol müstəntiq, təqsirləndirilən şəxs, müdafiəçi (bu hərəkətin yerinə yetirilməsində iştirak edirsə) tərəfindən imzalanır. CPM-in 234.5-ci maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin dindirilməsi protokolu şübhəli və ya təqsirləndirilən şəxs və müstəntiq tərəfindən imzalanmalıdır. Protokol bir neçə səhifədə tərtib edildikdə, hər bir vərəq şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən ayrıca imzalanır. Göründüyü kimi, qanunvericilik cinayət işinin materiallarına əlavə edilən müstəntiq tərəfindən tərtib edilmiş sənədlərin onun tərəfindən imzalanmasını ibtidai istintaqı həyata keçirən müstəntiqin üzərinə vəzifə kimi qoymuşdur. Lakin, məhkəmədə aşkar edilmiş xüsusatlarla müəyyən edilmişdir ki, cinayət işi üzrə ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Tural Mehdili tərəfindən yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə riayət edilməmişdir. CPM-in 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək, hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər tətbiq etməkdən ibarətdir. CPM 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına dair qərar çıxarır. CPM-in 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən yuxarıda sadalanan pozuntular məhkəmə tərəfindən kobud pozuntu kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir. Beləliklə, yuxarıda sadalananları və qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmalı, eləcə də qeyd olunan kobud pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın.
3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Tural Mehdili barəsində xüsusi qərar çıxarılsın.
4. Qərarın surəti 3 (üç) gün müddətində təqsirləndirilən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə və dövlət ittihamçısına göndərilsin.
Hakim: Aynurə Sadıqova