Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-80/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – “A.İ.M” vəkil bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 19 oktyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,264 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf selofana bükülmüş bükümdə əldə edərək əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən saxlamaqla üzərində daşımış, 26 aprel 2024-cü il tarixdə tarixdə saat 16:20-də Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsini 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında olduğu zaman saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr., A.Məmmədov 99 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 18:10-da üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,264 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 aprel 2024-cü il tarixdə, saat 11-12 radələrində mülki geyimdə olan bir nəfər polis əməkdaşı onu 4-cü mikrorayonun dairəsindən Xutor qəsəbəsinə düşən yolda “Yeganə” şadlıq sarayının yanında saxlamış, elə ordaca üzərini yoxlamış, həmin vaxt üzərindən heç nə çıxmamışdır. O, sonra 7-ci Polis Bölməsinə aparılmışdır. Orada ona demişlər ki, əgər ittihamı qəbul etməsə iki nəfər şahid gətirəcəklər və həmin şahidlər onun üzünə duracaqlar. O da işin lap ağırlaşmaması üçün məcburiyyət qarşısında qalıb törətmədiyi cinayəti etiraf etmişdir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, o, 6 ildir narkotik vasitədən istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsi daşıyır. Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixatrop maddələri əldə etmə, daşıma, saxlama və istifadə etməsi barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 26 aprel 2024-cü il tarixdə qərar qəbul edilməklə, 7-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəqani Behbudov tərəfindən 26 aprel 2023-cü il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 7-cı PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə həmin qrupa daxil edilmişdir. Sahə inspektoru Şahid2 ilə birlikdə 26 aprel 2024-cü il tarixdə saat 16:20-da Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 3a saylı yaşayış binasının qarşısında olan zaman əlverişli şərait yarandığı üçün Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin və psixatrop maddələrin istifadəsi və daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 7-ci polis bölməsinə gətirmişlər. Bu barədə 7-cı polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəqani Behbudovun adına raport tərtib edərək, onun göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis kapitanı Aslan Haqverdiyevə təhvil vermişlər. X3 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində ki, qara rəngli cins şalvarın sağ yan cibindən yemdən 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümdə psixotrop maddə «patı» olduğunu, bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, tərtib olunan protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:20-də Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 20). Şəxsi axtarış və götürmə aparılması haqqında 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:10-cu dəqiqədən saat 19:00 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlərin təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofona bükülmüş bükümdə ağ rəngli psixotrop maddəyə bənzər olan kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmışdır, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kristala bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Kristala bənzər kütlənin çəkisi 0,36 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 176 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu və həmin psixotrop maddə hesab edilən metamfetamini 26 aprel 2024-ci il tarixdə səhər saatlarında Nəsimi rayonunda yerləşən “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxlamış, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə Binəqədi RPİ-nin ekspert kriminalisti, polis kapitanı X4 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur (cild 1, i.31-32). Məhkəmə kimyəvi ekspertizasının 27 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2321 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №176” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,264 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.214 qram (cild 1, i.v 37-39). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v. 52-53). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin tarixdə mühafizə altında saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 70-71). Məhkəmə-narkoloji ekspertizanın 29 aprel 2024-cü il tarixli 2753 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində AMP (+), MOP (+), THC (+), MET (+), MTD (+) aşkar olunmuşdur. Deməsinə görə, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Narkoloji vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar RNM-də stasional şəraitdə mualicə kursu aldığını qeyd edir. Nəticədə, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1,i.v 77-78). DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında 01 may 2024cü il tarixli protokoldan görünür ki, DVD diskdə 01 ədəd videogörüntü vardır. Videogörüntüyə baxış zamanı şəxsin üzərinə axtarış istintaq hərəkəti başlanılır. Həmin videofaylda olan videogörüntü 26 aprel 2024-cü il tarixdə lentə alınmağa başlanmışdır Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masa, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Təhqiqatçının iş otağında polis əməkdaşları, müdafiəçi, təhqiqatçı və Təqsirləndirilən şəxs olduğu əks olunur. Onlar özlərini təqdim etdikdən sonra X3 vətəndaş Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmasından öncə ona üzərində qeyri qanuni və dövriyyəsi qadağan olmuş vasitə olub olmamasını, varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində X3 tərəfindən axtarış keçirilir lakin heçnə aşkarlanmır. Aşkar olumuş maddə ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə o, 3-4 ay müddətdir ki, psixotrop maddələrdən istifadə etdiyini bildirib, aşkar edilmiş bükümdə olan maddənin psixotrop maddə olan “şüşə” olduğunu və onu 26 aprel 2024-cü il tarixdə “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində əldə etdiyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan ağ rəngli mənşəyi bilinməyən spesifik iyə məxsus naməlum maddə aşkar edilmişdir. Daha sonra aşkar edilmiş bükümün çəkisinin ölçülməsindən ötrü elektron tərəziyə qoyulur və çəkisinin 0,36 qram olduğu müəyyən edilir. Daha sonra keçirilən şəxsi axtarış zamanı aşkar edilən bükülmüş halda olan ağ rəngli kütlə, yəni psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılaraq zərfə qoyulur və üzəri möhürlənərək imzalanır. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilir və həmin zərfin içərisinin boş olduğu müəyyən edilir. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd şəffaf rəngli sellofan büküm və mobil telefonda həmçinin zərflərə qoyularaq zərfin ağzı Binəqədi RPl-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanır. Şəxsi axtarış və götürmə xidməti iş otağında aparılır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi bildirilir (cild 1,i.v 80-81). Maddi sübut kimi haqqında 01 may 2024-cü il tarixli və sübutların qıymətləndirilməsi barədə 15 iyul 2024-cü il tarixli qərarlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 0,264 qram çəkidə olan, tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,214 qram çəkidə olan psixotrop maddə metamfetamin, həmçinin 26 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD diski öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən bir əşya kimi maddi sübut hesab edilmiş, 0,214 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həli edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 82, 115-123). Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Zaur Qüdrətov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, sonuncunun üzərindən götürülmüş psixotrop maddə metamfetamin tədqiqatdan sonra qalıq qalmış 0,214 qram çəkidə kütlə isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmişdir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, habelə xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə maddi ziyan yoxdur. İş üzrə məhkəmə xərci 114 manat təşkil edir (cild 1, i.v 139). "xxxx" MMC-nin 26 dekabr 2024-cü il tarixdə məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi DVD diskdə olan anten məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********04 mobil nömrə ilə 26 aprel 2024-cü il tarixdə, saat 14:24-də 4-cü mikrorayon dairəsində, sonuncu dəfə saat 15:41-də isə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində olması barədə anten məlumatları mövcuddur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 1(001)-80/2025 saylı qərarından görünür ki, məhkəmənin çağırışlarına uzrsüz səbəbdən təkrarən gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin məhkəməyə ünvanladığı 24 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 1(001)-80/2025 saylı qərarına əsasən AR CM-in 234.1-ci maddəsi ilə barəsində axtarış işi açılmış, Təqsirləndirilən şəxs keçirilmiş ƏAT-i nəticəsində saxlanılaraq 1 saylı Bakı İstintaq Təcrixanasına təhvil verilmişdir. Bakı İstintaq Təcrixanasının məhkəməyə ünvanladığı 28 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq həmin tarixdə Bakı İstintaq Təcrixanasına gətirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs hər nə qədər tutulma vaxtının və yerinin ittiham aktında qeyd olunandan fərqli olduğunu bildirsə də bu işdə olan sübutlarla təkzib olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs saat 11:00-12:00 radələrində, Xutor qəsəbəsində “Yeganə” şadlıq sarayının yanında tutulmasını bildirsə də, mobil operator tərəfindən təqdim olunmuş texniki məlumatlara əsasən, təqsirləndirilən şəxsin mobil cihazından sonuncu aktiv siqnalı saat 15:41-də, Binəqədi rayonu ərazisində qeydə alınmış, həmin vaxtdan etibarən isə hər hansı bir danışıq və ya siqnal aktivliyi müşahidə olunmamışdır. Bu hal da onun həmin vaxtdan sonra faktiki olaraq tutulduğunu və azadlıq imkanlarının məhdudlaşdırıldığını göstərir ki, bu da tutma protokolunda göstərilən 16:20 saatı ilə uyğunluq təşkil edir. Bu səbəbdən, təqsirləndirilənin bu xüsusda verdiyi izahat əsassız sayılmalı və onun ifadəsi digər sübutlarla ziddiyyət təşkil etdiyindən etibarsız qiymətləndirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxs ilkin ifadəsinin guya qorxu altında verildiyini, əks halda iki nəfərin şahid kimi üzünə duracağı ilə hədələndiyini bildirsə də, bu izahat inandırıcı hesab edilmir. Belə ki, o, əvvəllər iki dəfə məhkum olunmuş, hüquqi prosedurlara bələd biri kimi ifadə verməyin nəticələrini anlamalı idi. Eyni zamanda, istintaq zamanı onun ifadəsi müdafiəçinin iştirakı ilə qəbul edilmiş, qeyri-qanuni təsirlərə dair hər hansı sübut təqdim edilməmişdir. Etiraf ifadəsi digər sübutlarla uyğunluq təşkil etdiyindən, məhkəmə tərəfindən bu ifadənin könüllü və həqiqətə uyğun olması qənaətinə gəlinmişdir. Nəticə etibarilə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi iş materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 22 may 2024-cü il tarixli Tələbnamədən və Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 19 oktyabr 2006-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respubkası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 08 dekabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respubkası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən və cəzasını tam çəkib qurtarmadığından, cəzasının çəkilməmiş hissəsi olan 2 (iki) il 12 (on iki) gün hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 1, i.v 96-102) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 22 may 2024-cü il tarixli Tələbnamədən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 7(003)-266/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş və o, çəkilməmiş 4 ay 28 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cəza müddəti 30 iyun 2018-ci il tarixdə başa çatmışdır. (cild 1, i.v 82, 105-107) Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.5-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə müvafiq olaraq, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu hal da cinayətin residivini yaratmışdır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinun 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın 29 aprel 2024-cü il tarixli 2753 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,214 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi1 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 60 (altmış) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərara edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Müdafiəçi1 hüquqi yardıma görə sərf etdiyi 56 saatın hər iş saatının 6 manatdan, 4 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 380 manat (56 saat x 6 AZN + 4 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət (2 gün) cəzasının müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 0,214 qram (qalıq çəki) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 380 (üç yüz səksən) (56 saat x 6 AZN + 4 saat x 11AZN) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-80/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-80/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver