Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-81/2023 18.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 39, nömrəsiz fərdi evdə yaşayan və “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdə saat günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən Hərbi hissənin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 16:40-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 2-ci mədən korpus 39-da yaşadığı evin yaxınlığında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ 43-cü PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,847 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 07 mart 2022-ci il tarixdə saat 16:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, Korpus 39-da yaşadığı evin yaxınlığında piyada gedən zaman tutulmamışdır. Onu neft zavodunun işçiləri aldadaraq evdən çıxartmış və polis bölməsinə polis əməkdaşları “Vaz 21214” markalı **- CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə aparmışdırlar. Onun üzərində heç bir narkotik vasitə olmamışdır. Polis bölməsində ona psixoloji təzyiq edildiyindən törətmədiyi cinayəti etiraf etmişdir. Narkotik vasitələrdən asılığı olduğunu, narkomaniya xəstəliyindən əziyyət çəkdiyini qeyd edərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 06 mart 2022-ci il tarixdə qərar qəbul edilməklə, 43-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəriman Bayramov tərəfindən 06 mart 2022-ci il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 həmin qrupa daxil edilmişdir. Əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 07 mart 2022-ci il tarixdə saat 16:40-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 39 ünvanında əlverişli şərait yarandığı üçün Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar, özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 43-cı polis bölməsinə gətirmişlər. Bu barədə 43-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəriman Bayramovun adına raport tərtib edərək, onun göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyevə təhvil vermişlər. X8 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşyanı könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd şəffaf rəngli selofan bükülünü, həmin şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli alışqanı, əynində olan qara rəngli gödəkçənin sol cibindən bir ədəd 1 manatlıq pul əskinasını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərində hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin şəffaf rəngli selofan bükülüdəki qəhvəyi rəngli kütlənin nə olduğu soruşulduqda o, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni həmin gün saat 13:00 radələrində Bakı şəhəri Binəqədi rayonu DSK yolunda yerləşən hərbi hissəninin yaxınlığında N manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, tərtib olunan protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 təqsirləndirilən şəxsi “Vaz 21214” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Polis bölməsinə apardıqlarını, həmin nəqliyyat vasitəsinin hərəkət trayektoriyası barədə məhkəməyə təqdim edilən məlumatın tam olmadığını qeyd edərək ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsinin hərəkət trayektoriyası xüsusi cihazlar vasitəsi ilə müəyyən edilir ki, həmin cihazlar Binəqədi ərazisində hər yerdə quraşdırılmamışdır. Buna görə də həmin informasiya natamam informasiya sayılır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220040262 №li cinayət işi 08 mart 2022-ci ildə Binəqədi RPİ 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. 07 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 09 mart 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 09 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi rayon prokurorluğuna vəsatətlə müraciət edilmişdir. 09 mart 2022-ci il tarixdə Binəqədi rayon prorkuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən vəsatət təmin edilməyərək Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsininə dair qərar qəbul edilmişdir. 09 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «Başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 mart 2022-ci il tarixli 6/1371 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 243» möhür əksi, “ ...Təqsirləndirilən şəxs..” və s. sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,847 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində döyriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş və keçirilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5792 №-li rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etmək təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd şəffaf rəngli selofan bükülünü, həmin şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli alışqanı, əynində olan qara rəngli gödəkçənin sol cibindən bir ədəd 1 manatlıq pul əskinasını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərində hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin şəffaf rəngli selofan bükülüdəki qəhvəyi rəngli kütlənin nə olduğu soruşulduqda o, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni həmin gün saat 13:00 radələrində Bakı şəhəri Binəqədi rayonu DSK yolunda yerləşən hərbi hissəninin yaxınlığında N manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Salayev X6 Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 01 ilə endirilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə 04 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş təmiz çəkisi 0,847 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,797 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla Binəqədi RPİ-də saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3, 242-247-ci maddələrinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Bakı şəhəəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-705/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 330-19243-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 44- 7/2-4312 saylı məktubdab görünür ki, “Vaz 21214” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə Bakı şəhərində olan hərəkət trayektoriyası xx.xx.2022-ci il saat 02:54 dəqiqədə Binəqədi rayonu, Binəqədi şossesi, Azpetrol YDM ilə zavodun arası şəhər istiqamətində başlamış, həmin gün 21:00 dəqiqəyədə eyni yerdə sonlanmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyə "xxxx" MMC və "xxxx" MMC-dən daxil olan 2 ədəd CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşlarının anten məlumatları tətqiq edilmişdir. Həmin məlumatlar mobil telefon nömrəsinə daxil olan və çıxan zəng, sms və internet bağlantısı ilə əlaqəli olduğundan tam dəqiq hərəkət ünvanını göstərməsə də şahidllərin olduğu yerləri göstərən ünvanların Təqsirləndirilən şəxs saxlanıldıığı ünvana yaxın ərazi olduğunu müəyyən etmək mümkün olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 322 nömrəli arayışından görünürki, 1952-ci il təvəllüdlü X5 xx.xx.2018-ci ildən xəstəxananın İİ hemoodializ şööbəsində “Şəkərli diabet İİ tip ağır forma diabetik Nefrogen hipertoniya. Renal anemiya. Proqramlı hemodializ” diaqnozu ilə həftədə 3 dəfə 4 saatlıq hemodializ seansları alır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X2 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahısına əsasən narkotik vasitə sayılan 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi 0,847 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə əməlini etiraf etməsi və bu etirafı ppsixoloji təzyiqlərlə əlaqələndirməsi onun məhz məsuliyyətdən yayınmaq niyyəti ilə bağlıdır. Belə ki, təqsirləndirilən şəxsin özü də məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki təzyiq edilmədiyini, müdafiəçi ilə konfidensial görüş zamanı da bu barədə müdafiəçiyə hər hansı bir məlumat vermədiyini qeyd etmişdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər təyin edilmiş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar təyin edilməsi belə cəzanın məqsədinə çatılmasına nail olmamışdır. Məhkumluğu götürülmüş olsa belə yeni cinayətin törədilməsi onun yüngül cəza ilə islah olunmayacağını göstərir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs sonuncu hökm üzrə cəzadan azad olunduqdan qısa bir müddət sonra yenidən narkotik vasitələrin istifadəsinə başladığını etiraf etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, narkomaniya xəstəliyindən əziyyət çəkdiyini və ona alternativ cəza təyin edilməsi ilə cəzanın məqsədinə nail ola bilməyəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən himayəsində yaşlı və xəstə, anasının onun himayəsində olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmuş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndiriləne şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır və ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə əzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Cinayət işi üzrə ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,797 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 2 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-81/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-81/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver