Məhkəmə qərarları › İş №1(001)-82/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-82/2021

01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-82/2021 01.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 493/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş,ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 88 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18.00 radələrində Bakı şəhəri Yasamal rayonu, “Sovetiski” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0, 420 qram narkotik vasitə olan heroini 10 manata əldə edib saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 15:05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 88 ünvanda Binəqədi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Binəqədi rayonu, S.S. Axundov küçəsi 1 saylı ünvanda yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş, orada üstünə baxış keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 0,420 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 15:05 radələrində yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 88 ünvanda yerləşən nömrəsiz evində olduğu zaman, Binəqədi rayon polis idarəsinin əməkdaşları onun yaşadığı evinə gələrək, onun evdən çıxarıb, Binəqədi rayon polis idarəsinin inzibati binasına gətirmişlər. Binəqədi rayon polis idarəsinin inzibati binasında olan xidməti otaqda Binəqədi RPİ-nin əməkdaşları Şahid1 və Nurəddin Abbasov ona narkotik maddə olan heroini göstərmişlər və həmin heroinin ona məxsus olmasını etiraf etməsini tələb etmişdirlər.O, isə üzərindən aşkar olunaraq götürülməsi iddia olunan narkotik maddə olan heroinin ona məxsus olmadığını və həmin narkotik maddənin isə polis əməkdaşları tərəfindən ona təqdim olunduğunu bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Binəqədi rayon polis idarəsinin NMB-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməsində və istifadəsində şübhəli olunması barəsində məlumat daxil olmuşdur. Həmin Təqsirləndirilən şəxs adlı şəxsin müəyyən olunaraq ifşa olunması istiqamətində tərəfindən Binəqədi RPİ-nin rəhbərliyinə raportla məruzə edilmiş, Binəqədi rayon polis idarəsinin NMB-də tərəfindən əməliyyat axtarış tədbirlərinin keçiriləmsi barədə qərar qəbul olunmuşdur. Binəqədi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 və o, bilavastə əməliyyat məlumatında göstərilən Bakı şəhəri Binəqədi rayonu, Binəqədəsi qəsəbəsi, 2-ci mədən korpus 88 ünvanın qarşısına gəlmişlər. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 15:05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 88 ünvanın qarşısında dayanıb gözləyən zaman, xarici əlamətlərindən əməliyyat məlumatında göstərilən şəxsin xarici əlamətləri ilə eynilik daşıyan bir nəfər şəxsin özünü şübhəli göstərdiyini və göstərilən ünvanın yaxınlığında tək olaraq gəzdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və saxladıqları şəxsin adı və soyadını soruşmuşlar. Həmin şəxs adının Vüsal və soyadının isə Mirzəyev olmasını bildirəndə onlar Təqsirləndirilən şəxs Binəqədi rayon polis idarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək, onlarla birlikdə Binəqədi rayon polis idarəsinin inzibati binasına gəlmişdir. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulan zaman, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş, bükümü çıxararaq xidməti otaqda olan masanın üzərinə qoymudur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində digər başqa hər hansı bir əşyanın olub-olmaması soruşulan zaman, Təqsirləndirilən şəxs üzərində heç bir əşyanın olmamasını bildirmişdir.Həmin bükülü xidməti otaqda açılan zaman içərisində spesifik iyə malik olan, narkotik maddə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Tərəflərindən sorğu zamanı, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik maddə olan “heroindir” və həmin heroini Bakı şəhəri, Yasamal rayonu, “Sovetiski” adlanan yaşayış ərazisində “Zaur” kimi tanıdığı şəxsdən 10 (on) manat verməklə öz şəxsi istifadəsi üçün almışdır. Həmin narkotik maddəyə oxşar maddə qablaşdırılaraq, möhürlənmiş zərfə qoyulmuşdur. Bu barədə protokol tərtib olunmuş, uçadan oxunmuş və doğruluğu imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin ÇAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 şahid qismində ifadə verən Şahid1 ifadəsini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində ifadə verən X2 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, belə ki, o, Vüsalın qonşusudur.Həmin gün o, şahidi olmuşdur ki, 5-6 nəfər mülki formada olan şəxs Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşmış və özlərini su idarəsinin əməkdaşı kimi təqdim etmişdirlər.Sonradan, Təqsirləndirilən şəxs valideynləri qapını açdıqdan sonra həmin şəxslər həyətə daxil olmuşdurlar, təxminən yarım saat müddətində həmin şəxslər içəridə olmuşdurlar.Bundan sonra, qapı bağlı olduğundan o, həyətdə nə baş verdiyini görə bilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində ifadə verən Məlikov Rövşən Adil oğlu bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, belə ki, o, Vüsalın qonşusudur.Həmin gün o, şahidi olmuşdur ki, 5-6 nəfər şəxs mülki formada olan şəxs Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşmış və özlərini su idarəsinin əməkdaşı kimi təqdim etmişdirlər.Bundan sonra, Təqsirləndirilən şəxs valideynləri qapını açdıqdan sonra həmin şəxslər həyətə daxil olmuşdurlar.Bundan sonra qapı bağlı olduğundan o, həyətdə nə baş verdiyini görə bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/1703 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində : «şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza) …» və s. Qeydlər olan zərfdəki 1 ədəd bükümdəki təmiz çəkisi 0, 420 qram olan maddə, kustar usulla hazırlanmış narkotik vasitə-heroindir, ekspertizanın tədqiqatından sonra qalan xalis çəkisi 0.370 qrama bərabərdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 2821 saylı rəyinə əsasən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur və onun məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-493/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətin residivi vardır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməməsini onun cinayət məsuliyyətindən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verilməsi üçün hüquqi əsaslar yoxdur.Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahid ifadələri, üzərində şəxsi axtarış aparılması, keçirilmiş ekspertizaların rəyləri, iş üzrə maddi sübut kimi tanınmış video diks və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.Belə ki, Azərbaycan Respublikası Cinayət Məclləsinin 59.2-ci maddəsinin tələbinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alna bilər. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki. cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır.Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir.Təqsirləndirilən şəxs bir bükümdə, ümumi təmiz çəkisi 0.420 qram təşkil edən narkotik vasitə olan heroini əldə edərək üzərində saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların 1 siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,150 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 3 dəfə artıq olmuşdur.Təqsirləndirilən şəxs narkotik vasitənin şəxsi istehlak miqdarından cüzi artıq (məsələn, 0,30 qram və sair) olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza təyin edilməsi, artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması ilə nəticələnə və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd ola bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» xx xxxxxx 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını, cinayətin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğuna görə CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 29 avqust 2020-ci il tarixdən hesablanmalıdır.Belə ki, Binəqədi RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı Cəlal Cəlallı tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən tutulmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır Həmçinin, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 108.46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan -0, 370 qram heroin qalığı məhv edilməli və iş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 29 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 108.46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan -0, 370 qram heroin qalığı məhv edilsin. İş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar