Məhkəmə qərarları › İş №1(001)-82/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-82/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-82/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Naxçıvan MR, Şərur rayonu, Mahmudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 4də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs fərdi yaşayış evi tikmək üçün mülkiyyətində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi döngə 12 ünvanında yerləşən 4,5 sot torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini sənədləşdirmə xərcləri ilə birlikdə 16.000 manata satmasını bildirib torpağa dair sənədlərin surətini və həmin torpaq sahəsinin yerləşdiyi ünvanı göstərməklə inandırıb pulu ödədikdən sonra həmin torpaq sahəsini sonuncunun mülkiyyətinə keçirəcəyini vəd edərək aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 12 ünvanında 2.000 manat, 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən “Ağsaray” şadlıq sarayının yaxınlığında 9.000 manat və 2022-ci ilin aprel ayı ərzində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində hissə- hissə olmaqla, cəmi 2000 manat məbləğində pulu Zərərçəkmiş şəxs alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 13.000 (on üç min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, aradabir tanışlarına torpaq alqı-satqısında köməklik edir, Şahid onun kirvəsidir. Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. Onun Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi döngə 12 ünvanında 4,5 sot torpaq sahəsi olmuşdur. Orxan onun torpaq alqı-satqısı ilə məşğul olduğunu öyrənib. O, Orxana torpaq sahəsi alıb, ev tiksə daha ucuz başa gələcəyini izah etmiş, Orxan onunla razılaşmışdır. Orxana bir neçə torpaq sahəsi göstərmiş, 2022-ci ilin yanvar ayının sonlarında birlikdə ona məxsus Binəqədi rayonu Biləcəri qəsəbəsi döngə 12 ünvanında yerləşən 4,5 sot torpaq sahəsinə baxmaq üçün getmişlər, Orxan həmin torpaq sahəsini bəyənmiş, həmin torpaq sahəsi barədə 16500 manata razılaşmışlar, Orxan həmin vaxt ona beh kimi 1000 manat pul vermiş, təxminən 1 ay sonra 1000 manat, daha sonra isə 1000 manat göndərmişdir. Həmin torpaq sahəsinin bələdiyyə sənədi olub, onun adına olmuşdur. 2022-ci ilin fevral ayının ortalarında Biləcəri qəsəbəsi ərazisində yerləşən “Ağsaray” şadlıq sarayının yaxınlığında Orxanla görüşmüşlər və həmin vaxt kirvəsi Şahid da onun yanında olmuşdur. Orxan ona 9000 manat pul vermiş, həmin vaxt Orxandan şəxsiyyət vəsiqəsinin surətini istəmişdir ,Orxan ondan nə üçün istəməsini soruşduqda o, bələdiyyə sənədini Orxanın adına keçirəcəyini izah etmiş, bundan sonra onlar oradan uzaqlaşmışdır. Daha sonra o, Orxanı tapa bilmədiyi üçün torpaq sahəsini onun adına sənədləşdirə bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı dələduzluq niyyətinin olmadığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, himayəsində 1 azyaşlı övladı olduğunu bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şikayətçi deyil. Təqsirləndirilən şəxsə qarşı hər hansı iddia, tələb və şikayəti yoxdur. O, Şahid şikayətçidir.Belə ki, həmin torpaq sahəsini özünün mülkiyyətinə aid oluğunu bildirmiş və pulun xeyli hissəsini o əldə etmişdir. Təqsirləndirilən şəxs üzərinə düşən borcunu ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kirvəsidir. Həmçinin o Zərərçəkmiş şəxs Sahib vasitəsi ilə tanımışdır. Kirvəsi Sahib torpaq sahəsinin alqı-satqısı ilə məşğul olmuş, onun Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi döngə 12 ünvanında 4,5 sot torpaq sahəsi olmuş, o, həmin torpaq sahəsini Zərərçəkmiş şəxs 16000 manata satmaq üçün razılaşmış, 2022-ci ilin fevral ayının ortalarında Sahib maşınsız olduğu üçün onunla birlikdə Biləcəri qəsəbəsində yerləşən "Ağsaray" şadlıq sarayının yanına getmişlər. Onlar orada olan zaman Orxan oraya gəlmiş, həmin vaxt Orxan Sahibə 9000 manat pul vermiş, bundan sonra onlar oradan uzaqlaşmış, yolda olarkən Sahib Biləcəri qəsəbəsi döngə 12 ünvanında olan torpaq sahəsini Orxana satmasını, ilk dəfə 2000 manat almasını, ikinci dəfə isə 9000 manat almasını, qalan 7000 manatı isə daha sonra verəcəyini bildirmişdir. Bundan sonra o, Sahibi yaşadığı ünvana aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə hər hansı cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin sabiq müstəntiqi, polkovnik-leytenant Fəxrəddin Şirəliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasınln rədd edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Binəqədi rayonu ərazisində saxlanılaraq Binəqədi RPİ-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs oğlunun arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-365/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 2500 manat cərimə cəzasına məhkum edilmiş, CM-nə edimiş dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası xx.xx.2017-ci il tarixli qanununa əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli CM-nin 178.1-ci maddəsi tövsif edilərək cərimə cəzasından azad edilmişdir. Abşeron rayon Məhkəməsinin 1(012)-255/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 13000 manat kimi nəzərə alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu aldatmadığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadəsi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Azemis” elektron informasiya sistemi vasitəsilə Təqsirləndirilən şəxs qohumluq məlumatına dair göndərilmiş sorğudan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 Sahib Məmməd oğlunun övladlarıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 4i axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdən bugünədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddəti daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdən 22 may 2024-cü il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu, eyni zamanda 09 mart 2025-ci il tarixdən hazırki vaxta qədər həbsdə olduğu ümumilikdə 01 (bir) ay 01 (bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış)) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 187, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün, eyni zamanda həbsdə olduğu 29 (iyirmi doqquz) gün, ümumilikdə 01 (bir) ay 01 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar