Məhkəmə qərarları › İş №1(001)-83/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-83/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-83/2023 31.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ü. Hacıbəyov küçəsi, ev 4, mənzil 15-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 19 sentyabr 2008-ci il tarixdən başlayaraq 14 avqust 2002-ci il tarixdə anadan olmuş X5 və 14 oktyabr 2005-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 50,00 manat, ümumilikdə cəmi 100,00 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli, 2(009)-1778/2008 saylı qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 3(001)-3150/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 20 gün müddətinə həbs tənbeh tədbiri təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 18 sentyabr 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 29 aprel 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 15350,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaqın çağırışlarına vaxtında gələ bilməməyinə səbəb bir müddət qeydiyyatda olduğu ünvanda yaşamaması olmuşdur. Bir neçə ilə yaxındır ki, qeyri-rəsmi olaraq fərdi qaydada Bakı şəhərinin müxtəlif yerlərində ev tikinti təmiri işləri ilə məşğul olur və aylıq gəliri orta hesabla 500-600 manat müqabilində təşkil edir. O, 2001-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 14 avqust 2002-ci il tarixdə Nigar adlı bir qız və 14 oktyabr 2005-ci il tarixdə Çingiz adlı bir oğlan övladları dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2003-cü ilin qış aylarında ayrılmaq qərarına gələrək ayrı-ayrı ünvanlarda yaşamağa başlamışlar. Ayrılan zaman azyaşlı uşaqları keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs himayəsində qalmışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2008ci ilin axırlarında ondan boşanmağa görə və uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 19 sentyabr 2008-ci il tarixdən başlayaraq 14 avqust 2002-ci il tarixdə anadan olmuş qızı Nigar Əsədovanın və 14 oktyabr 2005-ci il tarixdə anadan olmuş oğlu Çingiz Əsədovun yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 50,00 manat, ümumilikdə cəmi 100,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 16 oktyabr 2008-ci il tarixli, 2(009)-1778/2008 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği tam olaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödəyə bilmədiyi üçün barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2021ci il tarixli, 3 (001)-3150/2021 saylı qərarına əsasən, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 20 (iyirmi) gün müddətinə həbs edilmişdir. O, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs aliment borcundan 5000 manat ödəniş etmişdir, qalan hissənin ödənilməsi üçün evi satışa çıxarmışdır. Məhkəmə istintaqı zamanı 500 manat ödəniş etmiş, hazırda 500 manat ödəniş də edə bilər. O, ev satılan kimi zərər çəkmiş şəxsə olan bütün aliment borclarını ödəyəcəkdir. Məhkəmədən himayəsində az yaşlı uşaqlarının olmasının, aliment borcunun bir hissəsinin ödənilməsinin nəzərə alınaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2001-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 14 avqust 2002-ci il tarixdə Nigar adlı bir qız və 14 oktyabr 2005-ci il tarixdə Çingiz adlı bir oğlan övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində, o, 2003-cü ilin qış aylarında ayrılmaq qərarına gələrək ayrı-ayrı ünvanlarda yaşamağa başlamışlar. Bundan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs iki azyaşlı övladlarının saxlanmasından ötrü ona maddi cəhətdən köməklik göstərmədiyinə görə, övladlarını tək başına saxlaya bilmədiyi üçün məcburiyyət qarşısında qalaraq 2008-ci ilin axırlarında Təqsirləndirilən şəxs boşanmağa görə və aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 19 sentyabr 2008-ci il tarixdən başlayaraq 14 avqust 2002-ci il təvəllüdlü X5 və 14 oktyabr 2005-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 50,00 manat, ümumilikdə cəmi 100,00 manat alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair 16 oktyabr 2008-ci il tarixli, 2(009)-1778/2008 saylı qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə borcluya rəsmi qaydada bildiriş təqdim edilmişdir. İcra məmuru tərəfindən rəsmi bildiriş təqdim edilməsinə baxmayaraq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığından icra məmuru tərəfindən sonuncunun inzibati məsuliyyətə cəlb olunması haqqında protokol tərtib edilmiş və baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 3(001)-3150/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin bunu baxmayaraq Təqsirləndirilən şəxs qanuni qüvvəyə məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra icra məmuru tərəfindən məhkəmə qətnaməsinin icrasını təmin edilməsi ilə bağlı bildiriş təqdim edilməklə yenidən müddət təyin edilmiş və icra məmurunun təqdimatına əsasən ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulmuşdur. Lakin qeyd olananlara baxmayaraq Təqsirləndirilən şəxs yenidən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. O, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs uzun illərdir ki, yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində ev tikinti və təmiri işləri ilə məşğul olaraq aylıq qazancı 700-800 manat müqabilində təşkil etdiyini, rəsmi nikahlarından dünyaya gəlmiş doğma övladlarının saxlanılması üçün alimentə görə borclu olduğu məbləği tam olaraq ödəməyə maddi imkanın olmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən ödəniş etmir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona 5000 manat ödəniş etməmişdir. hərdən qaynanası tərəfindən uşağın ad günü üçün verilmiş pulları isə alment borcundan çıxılmasına etiraz etmir. Bundan başqa məhkəmə istintaqı zamanı 500 manat ödəniş etmiş, hazırkı Təqsirləndirilən şəxs ödəmək istədiyi 500 manat məbləği isə qəbul etməkdən imtina edir. Ö, ödənişlərin tam formada ödənilməsini tələb edir. O, Təqsirləndirilən şəxs aliment borcunu tam ödəmədəyindən sonuncunun barəsində azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli, 2(009)-1778/2008 saylı icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 19 sentyabr 2008-ci il tarixdən başlayaraq 14 avqust 2002-ci il tarixdə anadan olmuş X5 və 14 oktyabr 2005-ci ildə anadan olmuş X6 yetkinlik yaşlarna çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər bir uşağa görə hər ay 50 manat, ümumilikdə 100 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra vərəqəsi 25 oktyabr 2010-cu il tarixdə şöbəyə daxil olmuş, 10 gün müddətində könüllü icrası barədə tərəflərə qərar və bildiriş göndərilmişdir. Borclu tərəfindən aliment borcu könüllü ödənilmədiyindən barəsində müvafiq qurumlara sorğular edilmiş, lakin borclunun adında borc tələbinin yönəldilə biləcəyi əmlak və digər gəlir yerləri aşkar edilməmişdir. Daha sonra borcluya müvafiq vaxtlarda xəbərdarlıqlar göndərilmişdir. Borclunun qeydiyyatda olduğu ünvanda olarkən borclunun orada yaşamaması aşkar edilmişdir. Odur ki, borclu barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün 10 iyun 2013-cü il tarixdə DİN-nin Bakı Şəhəri Səbail RPİ-nə göndərilmiş və borclu polis əməkdaşları tərəfindən 20 avqust 2014-cü il tarixdə gətirilərək icra şöbəsinə təhvil verilmişdir. Borclu Təqsirləndirilən şəxs izahat verərək aliment borcunu ödəmək iqtidarında olmadığını və hissə-hissə ödəyəcəyinə söz vermişdir. 04 dekabr 2014-cü il tarixdə borclu şöbəyə gələrək izahatında heç bir yerdə işləmədiyini və aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Daha sonra borcluya yenidən xəbərdarlıq edilmiş, onun barəsində Əmək və Məşğulluq Mərkəzinə işlə təmin edilməsi ilə bağlı məktubla müraciət olunmuşdur. Sorğular nəticəsində **-LO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 180” markalı və **-HL-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” markalı avtomobillər borclu Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi müəyyən edilmiş və yaranmış aliment borcunu borclunun adına qeydiyyatdan keçən avtomobillərə yönəldilməsi ilə əlaqədar təqdimatla aidiyyəti üzrə məhkəməyə müraciət olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2015-ci il tarixli, 8(001)-593/2015 saylı qərardadı ilə təqdimat təmin edilərək borclunun əmlakı üzərinə həbs qoyulmuş və qərardad 01 aprel 2015-ci il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə göndərilmişdir. Borcluya məxsus əmlakın axtarışı ilə görülmüş tədbirlər heç bir nəticə verməmiş və borclu aliment borcunu ödəməməkdə davam etmişdir. Borclunun adında pul vəsaitinin olub-olmaması barədə banklara sorğular edilmiş, lakin borclunun adında hesab və pul vəsaiti aşkar olunmamışdır. Borclu icra sənədinin icrasından təkrarən yayındığı üçün barəsində yenidən axtarış qərarı qəbul olunaraq icra olunması üçün Bakı Şəhəri Səbail RPİ-nə göndərilmiş və borclu barəsində 15 oktyabr 2015-ci il tarixdə axtarış işi açılmışdır. 06 sentyabr 2021-ci il tarixdə Bakı Şəhəri Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən borclu Təqsirləndirilən şəxs axtarış tədbirləri nəticəsində tutularaq İcra Şöbəsinə təhvil verilmişdir. Həmin tarixdə borcludan izahat alınmış və aliment borcunu ödəməkdən imtina etdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 3(001)-3150/2021 saylı qərarı ilə inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilmişdir. 18 sentyabr 2021ci il tarixdə borcluya aliment borcunun ödənilməsi ilə bağlı yeni müddət təyin edilərək xəbərdarlıq verilmiş, ondan izahat və iltizam alınmışdır. 20 sentyabr 2021-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdimat verilmiş və borclunun icra sənədinin icrası ilə əlaqədar məşğulluq mərkəzlərində xidmətə götürülməsi və işlə təmin olunması üçün Bakı Şəhəri Binəqədi Rayon Əmək və Məşğulluq İdarəsinə sorğu verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 8(001)-620/2021 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmışdır. Əldə olunan məlumata əsasən Məşğulluq orqanı tərəfindən borclu işlə təmin olunmasından ötrü dəvət olunsa da, dəvətdən boyun qaçıraraq yayınmışdır. İş üzrə tələbkar Zərərçəkmiş şəxs 25 aprel 2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün materiallara hüquqi qiymət verilməsindən ötrü Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. 14 avqust 2002-ci il tarixdə anadan olmuş Nigar Əsədovanın 18 yaşı 14 avqust 2020-ci il tarixdə tamam olduğundan, 19 sentyabr 2008-ci il tarixdən başlayaraq 14 avqust 2020-ci il tarixə kimi ödənilməli olan alimentin məbləği 50 manat olmaqla 7150 manat təşkil etmişdir. 19 sentyabr 2008-ci il tarixdən başlayaraq 14 oktyabr 2005-ci il tarixdə anadan olmuş Çingiz Əsədovun saxlanması üçün 50 manatdan ödənilməli olan alimentin məbləği hal-hazıradək 8150 manat olmaqla cəmi ödənilməmiş alimentin məbləği isə 29 aprel 2022-ci il tarixdək 15350 manat təşkil etmişdir. İcraat dövründə iş üzrə borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq olunmasına baxmayaraq, icra sənədi üzrə tam ödəniş etməmiş, bununla bağlı hər hansı üzrlü səbəb bildirməmiş, iş axtaran kimi aidiyyəti orqanda qeydiyyatdan keçməmiş və beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırmışlar. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən məlum olur ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1 ) Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli təqdimatından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. (i.v.8-9) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli, 2(009)-1778/2008-ci il tarixli qətnaməsinə əsasən 19 sentyabr 2008-ci il tarixdən başlayaraq 14 avqust 2002-ci il tarixdə anadan olmuş X5 və 14 oktyabr 2005-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində müəyyən olunmaqla 100,00 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. (i.v. 10-11) xx.xx.2010-cu il tarixli “İcraata başlamaq haqqında” qərardan və “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli, 2(009)-1778/2008-ci il tarixli icra vərəqinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. (i.v. 13,14) xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2013-cu il, xx.xx.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-in müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunması barədə izah edilmişdir. (i.v.19-21,27, 101) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cu il tarixli, 3(001)-849/2014 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs edilmişdir. (i.v. 37) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)-3150/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs edilmişdir. (i.v. 97-98) Bakı şəhəri, Binəqədi rayonu, 79 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (i.v. 109) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 saylı ərazi X3 xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Məşğulluq” altsistemində xx.xx.2020-ci il tarixdən işaxtaran kimi qeydiyyatdadır. Təqsirləndirilən şəxs mobil telefon nömrələrinə dəfələrlə zəng olunmasına baxmayaraq mobil telefon nömrələri bağlı olduğundan vətəndaşla əlaqə saxlamaq mümkün olmamışdır. (i.v. 111) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 06 may 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin 1-ci hissəsinin 23-1 maddəsi ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 1 (bir) il şərti cəzaya məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Xalq Məhkəməsinin 23 oktyabr 1997-ci il tarixli qərarı ilə verilmiş cəza 4 (dörd) ay 25 (iyirmi beş) gün vaxtından əvvəl şərti azad olunmuşdur. (i.v.153) xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 154-155) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 53.1.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 159-160) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Əsədov X7 RPİ-nin 7-ci PB-in əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılmışdır.(i.v. 165) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (i.v. 166-167) AZ-İ seriyalı, 884468 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs X1 ilə rəsmi nikaha daxil olmuşdur. (i.v. 188) Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətindən göörünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X9 adında azyaşlı uşaqları vardır. (i.v. 189-193) xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən dərhal azad edilmişdir. (i.v. 194-195, 197) Ödəniş sənədlərindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə 120 dollar, xx.xx.2020-cu il tarixdə 120 dollar, xx.xx.2021-ci il tarixdə 180 dollar, xx.xx.2022-ci il tarixdə 100 dollar məbləğində ödənişlər edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ziyanı ödəmədiyindən o,sonuncudan şikayətçi olmaqla həbs olunmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, iş üzrə keçən şahidlərin ifadələri və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrini və iş materiallarında olan digər sübutları araşdırıb, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması haqqında təklifini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.14, 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasının, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Əsədov X7 RPİ-nin 7-ci PB-in əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılmış, xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən dərhal azad edilmişdir. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə bağlı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, məhkəmə məsrəfi, maddi sübut yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 50 saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, məhkəmə məsrəfi, maddi sübut yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar