Məhkəmə qərarları › İş №1(001)-83/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-83/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-83/2025 20.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-hərəkəti qaydalarını pozmuşdur. Belə ki, o, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən nəqliyyat vasitələrin idarəetmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına və həmin qərarın xx.xx.2023-cü il tarixdə qüvvədə olmasına baxmayaraq, həmin tarixdə saat 06 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, 77- HV-478 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, «X5» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sol və geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunlara riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon Cavadxan küçəsi ilə İ.Cümşüdov küçələrinin kəsişməsində qarşıdan əks istiqamətdə Zərərçəkmiş şəxs idarə etdiyi “Scooter” markalı mopedlə hərəkətdə olmasını nəzərə almalı, idarə etdiyi “Toyota Prius” markalı avtomobili ilə yolayrıcında sola doğru dönmə əməliyyatı aparmadan “Scooter” markalı mopedin hərəkətinə üstünlük verərək ona yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili sola manevr edərkən qarşıdan əks istiqamətdə düzünə hərəkətdə olan “Scooter” markalı mopedlə toqquşmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mopedin sürücüsü Zərərçəkmiş şəxs baş beyinin əzilməsi, baş beyinə qansızma, solda əsas sümüyün böyük qanadının, qanad sümüyünün çıxıntısının, sol orbitanın, burun arakəsməsinin, əng və almacıq sümüklərinin qəlpəli sınıqları, sağ diz qapağının qəlpəli yerdəyişən sınığı, sol göz ətrafına qansızma, sol gözaltı nahiyənin qançırı, alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, sağ baldır nahiyəsinin sıyrığı kimi ümumilikdə həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığa ağır zərərvurma ilə nəticələnən yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 oktyabr 2023-cü il tarixdə, saat 06 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-HV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Binəqədi rayon, 4-cü mikrorayon dairəsindən X4 adına göz institutu istiqamətində hərəkətdə olan zaman həmin göz institutuna çatmamış yol ayrıcında sola tərəf dönüş edən zaman bir nəfər skuter idarə edən şəxsə dəymişdir. Həmin zaman yol boş olmuş, avtomobilinin sürəti 5-10 km/saat olmuş və ona münasibətdə svetaforun yaşıl işığı yanırdı. O, həmin zaman hətta avtomobilini dayandırmışdı, skuter gəlib onun avtomobili ilə toqquşmuşdur. Skuterin sürəti həddindən artıq çox olmuş, hətta işığı belə yanmamışdır. Hadisə olduqdan sonra o X6 və zərərçəkmiş şəxsin atasına məlumat vermiş, hadisə yerinə çağırmışdır. Zərərçəkmiş şəxsin skuterini isə götürüb öz avtomobilinə qoymuş, zərərçəkmiş şəxsə xəstəxanada da nə köməklik lazım olmuşdursa, hamısını göstərmişdir. Hadisə yerinin kamera görüntüləri mövcud olmuş, həmin görüntüləri təhqiqatçı ona göstərsə də sonradan cinayət işinin materiallarına əlavə edilməmişdir. Bundan baqşa 2019-cu ildə onun 40 manat inzibati cəriməyə görə məhkəməyə çağırılmadan və iştirakı olmadan sürücülük hüququ 6 ay məhdudlaşdırılmışdır. Lakin sürücülük hüququnun məhdudlaşdırılmasından xəbəri olmamışdır. O, artıq 5 ildir ki, avtomobil idarə edir, sürücülük vəsiqəsi daim özündə olmuş, bu müddət ərzində yol polisləri onu dəfələrlə saxlamış və hər dəfəsində vəsiqəsi YPX-nin sistemində aşkar olunmuş, ancaq məhdudiyyət barədə ona hadisəyə qədər heç nə bildirilməmişdir. Hadisədən sonra müstəntiq ona sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə zərər çəkmiş şəxslə barışdığını və ona vurulmuş ziyanın tam ödənilməsini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, hadisə 25 oktyabr 2023-cü il tarixdə səhər saatlarında təxminən 06:40 radələrində baş vermişdir. O, Nəsimi metrosu istiqamətindən üzü “Memar Əcəmi” metrostansiyası istiqamətində skuterlə hərəkət edən zaman təqsirləndirilən şəxs “Toyota Prius” markalı avtomobil ilə onunla üzbəüz əks istiqamətdən hərəkətdə olmuş, təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə anidən onu gözləmədən sola dönmüş və nəticədə onu vurmuşdur. Təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil onun qabağına keçdiyi zaman o əyləci sıxsa da skuteri saxlaya bilməmiş və onlar toqquşmuşlar. Daha sonra gözünü açanda yerdə olduğunu, təcili tibbi yardım çağırmışlar. O, valideynlərinə xəbər edilməsini bildirmiş və onlar zəng edib onun valideynlərini çağırmışlar. Skuter şəxsi skuteridir, surəti təxminən 45- 50 km/saat olmuş, başında dəbilqə var idi, dəbilqənin önlüyü olsada başı tərlədiyi üçün dəbilqəni bağlamamışdır. “Prius” dönmə əməliyyatı edən zaman onlar toqquşmuşlar. O, xəsarəti üz və diz nahiyəsindən almışdır. O, evlərindən məktəbə gedirdi, yol 25-30 dəqiqəlik yoldur. Hadisə barədə tərtib edilmiş sxemlə razıdır, düzgün tərtib olunmuşdur. Onun təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayət və tələbi yoxdur, aralarında barışıq əldə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin baş təhqiqatçısı, polis mayoru Şahid bildirmişdir ki, o, hadisə baş verən zaman Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı olsa da Binəqədi Rayon Polis İdarəsinə ezam olunmuşdur. O, hazırki cinayət hadisəsi ilə bağlı video-görüntün götürmüş, həmin video-görüntünü zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə və təqsirləndirilən şəxsə göstərmişdir. O, həmin video görüntünü obyektin kamerasından əldə etmişdir. Həmin video-görüntünü diskə köçürülərək iş materiallarına əlavə edilməli idi. Lakin telefonu format olunduğu üçün video-görüntü telefondan silinmişdir. Ezamiyyətlə gəldiyi üçün yenidən Binəqədi RPİ-nin 5-ci polis bölməsinə qayıtmış, materialı Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə istintaqa göndərmişdir. Avtotexniki ekspertizaya da materialı göndərmiş, video-görüntü silindiyi üçün videonu əlavə edə bilməmişdir. Təkrar video-görüntünün götürülməsi üçün müraciət etmiş, lakin video-görüntünün qalmadığı bildirilmişdir. Videgörünütüdə zərərçəkmiş şəxsin yolun kənarı ilə skuterlə hərəkət etdiyi müəyyən edilmişdir. Hadisə yerinə gedərək baxış keçirmişdir. Təqsirləndirilən şəxs sola dönmə əməliyyatı edərkən, hərəkət üstünlüyü skuter sürücüsündə olduğu üçün ona yol verməli olduğu halda yol verməyərək dönmə əməliyyatı edərkən hazırkı hadisə baş vermidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: 20 mart 2024-cü il tarixli “Cinayət işinin başlanması, icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, AR CM-in 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 28 oktyabr 2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokoldan, əlavə edilmiş foto-cədvəldən və sxemdən görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon Cavadxan küçəsi ilə İ.Cümşüdov küçələrinin kəsişməsində baş vermişdir. 29 oktyabr 2023-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, açıq qəhvəyi rəngli “Toyota Prius” markal 777HV478 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin yan qanadı, qapı hissəsinin uc tərəfi və buferi əzik vəziyyətdə olmuşdur. Üzərində çox rəngli *3333 yazılı rəqəmlər vardır. Toyota prius markal 77HV478 dövlət qeydiyyat nişanlı avtomobilin şəkilləri çəkilərək materiala əlavə edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 2104 nömrəli rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - baş beyinin əzilməsi, baş beyinə qansızma, solda əsas sümüyün böyük qanadının, qanad sümüyünün çıxıntısının, sol orbitanın, burun arakəsməsinin, əng və almacıq sümüklərinin qəlpəli sınıqları, sağ diz qapağının qəlpəli yerdəyişən sınığı, sol göz ətrafına qansızma, sol gözaltı nahiyənin qançırı, alt dodağın selikli qişasının əzilmiş- cırılmış yarası, sağ baldır nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X7” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 09:44-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aidirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi skuterlə minik avtomaşının toqquşması nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə 11 dekabr 2023-cü il tarixli, 8/3417 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Toyota Prius markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 02 may 2024-cü il tarixli, 3-13-16/2-70865/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) AD 171400 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2019-cu il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixədək məhdudlaşdırılsa da, sürücülük vəsiqəsi qərarə əlavə edilməmişdir. Sürücülük vəsiqəsi aidiyyəti üzrə təqdim edilmədiyinə görə AR İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaqdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(001)-3677/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Baxışov X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 400 saat ictimai işlər cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə çöbənin qeydiyyatından çıxarılmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilıən şəxs qismində cəlb etmə haqqında” qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərar alınmışdır. xx.xx.2024-cü il tarixli qərarla CPM-nin 53.1.3 və 150.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulması və o, tutulanadək cinayət işi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılmışdır. xx.xx.2024-cü il tarixli qərarla ********* saylı cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmiş, həmin tarixdə Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barərədə qərar ona təqdim edilərək ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin saxlanıldığı MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 263.1-1-ci maddəsindən həmin Məcəllənin 263-1.2-ci maddəsinə tövsif edilməklə ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin nəzərə alınması, əməlində CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından, həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, “Toyota Prius” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınası və avtomobilin sahibinə qaytarılmasının nəzərə alınması, həmçinin “Scooter” markalı mopedin maddi sübut kimi tanınması və sahibində olmasının nəzərə alınması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2707/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 40 manatlıq cərimə məbləği və 24 manat dəbbə pulu olmaqla cəmi 64 manat xx.xx.2019-cu il tarixdə ödənilmişdir. xx.xx.2019-cu il tarixində inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərar qəbul edilən zaman cərimə məbləği ödənildiyindən və həmin vaxt şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(001)- 3677/2019 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənmiş, iddia tələbindən imtina edir, bunnunla əlaqədar işin icrasına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi həmin ərizəni imzası ilə təsdiq etməklə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusuna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(001)-3677/2019 saylı qərarı ilə 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Həmin inzibati tənbeh vermə qərar qəbul edildikdən sonra təqsirləndirilən şəxsin sürücülük vəsiqəsi aidiyyəti orqana təqdim olunmadığından inzibati tənbeh müddətinin axımı dayanmışdır. Buna görə də ibtidai istintaqı orqanı Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməsi qənaətinə gələrək, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə tövsif etmişdir. Halbuki, məhkəmə iclasında Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarından xəbərdar olmadığını, yalnız cinayət işi başlandıqdan sonra bu barədə müstəntiqdən məlumat aldığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2707/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması tənbeh tədbiri tətbiq edilməsinə dair Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(001)-3677/2019 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs 40 manat inzibati cəriməni və 24 manat dəbbə pulu olmaqla ümumilikdə 64 manatı xx.xx.2019-cu il tarixdə ödəsə də, xx.xx.2029-cu il tarixdə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərar qəbul edilən zaman cərimə məbləği ödənildiyindən və həmin vaxtı şəxsin əməlində inzibati xəta tərtkibi olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə tənbeh tədbiri tətbiq edilməsinə dair qərar ləğv olunduğu üçün Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədildiyi zaman nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Bununla əlaqədar, cinayət işi üzrə ictimai təhlükəli əməl cinayət hadisəsinin nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsini nəzərdə tutan 263-1.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək barəsində aparılan cinayət təqibinə zərərçəkmiş şəxslər barışması ilə əlaqədar xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində CM-nin 263.1- 1-ci maddəsi ilə ittihamı müdafiə etdiyini, yetkinlik yaşına çatmayan zərəçəkmiş şəxsin qanuni nümayəndəsinin razılığı ilə təqsirləndirilən şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və cinayət təqbinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius minik” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs idarə etdiyi “Scooter” markalı möpedin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak təqsirləndirilən şəxsin hüquqlarının müdafiə etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs idarə etdiyi “Scooter” markalı mopedin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar