Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-84/2024 22.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, çilingər işləmiş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 04 iyul 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 25 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 05 iyul 2023-cü il tarixdə saat 12.40-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ 4-cü PŞ-nə gətirilib üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş halda təmiz çəkisi 0,351 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 iyul 2023cü il tarixdə səhər saat saatlarında 4-cü polis bölməsindən onun evinə zəng edib polis bölməsinə çağırmışlar və o da bu zənglə əlaqədar olaraq 4-cü Polis Bölməsinə getmişdir. Bölmədə 20 dəqiqə gözlədikdən sonra onu polis əməkdaşları maşına oturdaraq Badamdar qəsəbəsi ərazisinə aparmışdırlar. Yolda ona cinayəti boynuna götürməsi, əks halda daha ağır maddə ilə məsuliyyətə cəlb olunacağı ilə bağlı ona hədə-qorxu gəlmişdirlər. Bir qədər Badamdar qəsəbəsi ərazisində nəqliyyat vasitəsində onu gəzdirdikdən sonrta onu təkrarən 4-cü Polis bölməsinə qaytarmışdırlar. Bölmədə ona yenə də təzyiqlər olmuş, ona “boynuna götür yoxsa sənin boynuna 234.4.3-cü maddə ilə ittiham olunmağın üçün narkotik qoyacağıq” deyilmişdir. O da öz növbəsində törətmədiyi cinayəti etiraf etməyə məcbur olmuşdur. Polis əməkdaşları narkotik maddəni sağ cibinə qoyaraq video çəkiliş aparmışdırlar. Həmin gün axşamadək polis bölməsində saxlanılmış, daha sonrapost patrul maşını sürən əməkdaş onu Semaşko xəstəxanasına aparmış və orada analiz verdikdən sonra Binəqədi RPİ X8 gətirmişdirlər. O, həmçinin ifadəsində göstəərmişdir ki, Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra ayağındakı elektron nəzarət vasitəsi çıxarılmışdır. O, həbsdə olduğu zaman atasını itirmişdir. Təqsirləndirilən şəxs ifadəsində bölməyə cibində narkotik vasitə ilə getməsinin absurd olduğunu qeyd edərək, evli və himayəsində 2 övladı olduğunu, qorxduğu üçün ibtidai istintaq zamanı törətmədiyi əməli etiraf etməyə məcbur olduğunu bildirərək barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Binəqədi RPİnin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışdığını, polis kapitanı olduğunu bildirmişdir. Belə ki, ünvan 6 ünvanında yerləşən, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yataqxanada məskunlaşan, əvvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşqul olması barədə bizə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri müəyyən edildi. Onun cinayət başında yaxalanması üçün PŞ-nin rəisinə məruzə olundu. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfimdən qəbul olunmuş qərar şöbə rəisi tərəfindən təsdiq olundu. İş yoldaşım polis sahə inspektoru, polis mayoru Şahid1 İlham oğlu ilə birlikdə 05 iyul 2023-cü il tarixdə saat 12.40-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsində piyada olduğunu müşahidə etdik. Biz ona yaxınlaşıb polis vəsiqəsi göstərərək özümüzü təqdim edərək onun da özünü təqdim etməsini və bizimlə birlikdə polis şöbəsinə getməyinin vacibliyini ona bildirdik. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs bizim onu saxlamağımızın səbəbini anladığını bildirdi. Təqsirləndirilən şəxs etiraz etməyərək bizimlə birlikdə polis şöbəsinə getdik. Polis şöbəsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirildi. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyaraq həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin o ifadəsində, Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilmədiyini, ona fiziki və psixoloji təzyiq göstərilmədiyini, Təqsirləndirilən şəxs dediklərinin yalan olduğunu qeyd etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ 4-cü PŞ-nin polis sahə inspektoru , polis mayoru Şahid1 İlham oğlu bildirmişdir ki, Polis Şöbəsində olanda Şahid2 daxil olmuş məlumat əsasında 05 iyul 2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində polis şöbəsinə dəvət etmişlər, göy rəngli şalvarının cibindən narkotik vasitə olan heroin çıxmış və o, “Papanin” adlı yerdən tanımadığı şəxsdən aldığını bildirmişdir. O, həmçinin ifadəsində Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir etiraz etmədiyini və ona qarşı təzyiq göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində elekton nəzarət vasitəsi olduğunu bilmədiklərini qeyd etmişdir. Məhkəmə baxışı zamanı mütəxəssis qismində dindirilmiş Bakı Probasiya İdarəsinin əməkdaşı X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, X4 tətbiq edilmiş elektron nəzarət vasitəsinin hərəkət trayektoriyası məlumatlarına əsasən o, xx.xx.2023-cü il tarixdə,saat 09:50-də yaşadığı ünvandan çıxmış və saat 10:05 də Binəqədi RPİ-nin 4-cü Polis bölməsində olmuşdur. O, xx.xx.2023-cü il tarixdə, saat 11:06-da polis bölməsini tərk etmiş, 11:32-də Badamdar qəsəbəsi, “Caspian”ın yaxınlığındakı Polis bölməsinə aparılmışdır. Daha sonra həmin gün saat 11:49-da oranı tərk etmiş və saat 12:15-də Binəqədi RPİ-nin 4-cü Polis bölməsinə gətirilmişdir. O, həmin gün saat 20:12-də polis bölməsini tərk etmiş və saat 20:17-də Binəqədi RPİ-nin X8 aparılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 20:32-də Binəqədi RPİ-ni tərk edərək saat 20:41-də 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) gətirilmişdir. Daha sonra saat 20:47-də həmin xəstəxananı tərk edərək saat 21:02-də Binəqədi RPİ-nə qaytarılmışdır. Həmin gün saat 21:48-də elektron nəzarət vasitəsi ilə əlaqə itmişdir. Məhkəmə iclasında əlavə suallara cavab olaraq GPS vasitəsilə məlumatların 2-3 dəqiqə gecikə biləcəyini, hətta gecikmə halının mövcud olmaması mümkünlüyünü də qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək gəzdirməsi və saxlaması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 05 iyul 2023-cü il tarixdə saat 12:40 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 07 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2023-cü il tarixli 6/3639 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,351 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi: 0,351 qr, sərf edildi: 0,05 qr, qalıq: 0,301 qr 05 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, istintaq zamanı Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı, təhqiqatçının təklifi ilə əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim etmiş, həmin bükülünün içərisinə keçirilmiş baxış zamanı oradan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu və həmin heroini Nəsimi rayonu,Papanin adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 4(001)-717/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablanmışdır. 28 sentyabr 2023-cü il tarixli qərarla şəxsi axtarış və götürmə zamanı kamera görüntülərini özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş, bir ədəd bükümdə ümümi çəkisi 0,351 qram çəkidə narkotik vasitə sayılan heroin maddi sübut kimi tanınmış və qalıq çəkisi 0, 301 qram çəkidə qalan narkotik vasitə heroin cinayət işinin materialları ilə tanışlıqdan sonra saxlanması üçün saxlanca təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat S1023 tatistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.180.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il, 04 ay, 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinə əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 19 iyul 2023-cü il tarixli 4568 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(001)- 667/2023 saylı məktubundan görünür ki, cinayət işi üzrə yaranmış zərurətlə əlaqədar olaraq Təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixə aid hərəkət trayektoriyası barədə məlumat verilməsi ilə bağlı Bakı şəhəri Probasiya İdarəsinə sorğu ünvanlanmışdır.Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-345/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və hökmün icrası Bakı Şəhər Probasiya İdarəsi tərəfindən təmin edilmişdir. Bakı Probasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim etdiyi məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə,saat 09:50-də yaşadığı ünvandan çıxmış və saat 10:05 də Binəqədi RPİ-nin 4-cü Polis bölməsində getmişdir. O, xx.xx.2023-cü il tarixdə, saat 11:06-da polis bölməsini tərk etmiş, 11:32-də Badamdar qəsəbəsi ərazisinə getmişdir. Daha sonra həmin gün saat 11:49-da oranı tərk etmiş və saat 12:15-də Binəqədi RPİ-nin 4-cü Polis bölməsinə gəlmişdir. O, həmin gün saat 20:12-də polis bölməsini tərk etmiş və saat 20:17-də Binəqədi RPİ-nə getmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 20:32-də Binəqədi RPİ-ni tərk etmiş saat 20:41də 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) gəlmişdir. Daha sonra saat 20:47-də həmin xəstəxananı tərk edərək saat 21:02-də Binəqədi RPİ-nə qayıtmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə çıxmadığını, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi yaxınlığında saxlanılmadığını, əksinə onun evinə zəng gəlməsi səbəbilə onun özünün Binəqədi RPİ-nin 4-cü polis bölməsinə gəldikdən sonra saxlanıldığını və şübhəli şəxs qismində tutulduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ittihamı təsdiq edən ifadələr versələr də, Bakı şəhəri Probasiya İdarəsindən Təqsirləndirilən şəxs hərəkət trayektoriyası barədə elektron nəzarət sistemindən çıxarışlarla və həmin idarənin mütəxəssisi X2 ifadəsiylə Təqsirləndirilən şəxs ifadəsinin doğruluğu öz təsdiqini tapmışdır. Məlumdur ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs Binəqədi RPİ-in 4-cü PŞ-in əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərlə təqsirli bilinməsində, müdafiə tərəfi isə həmin sənədləri və ifadələri mübahisələndirərək təqsirləndirilən şəxsin məsuliyyətdən yayındırmaqda maraqlı olduqları üçün, hər iki tərəfin və onların təqdim etdikləri sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli şəkildə yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də, aşağıda sadalanan həmin sübut növləri müvafiq qaydada məhkəmə istintaqı zamanı araşdırılmış və tədqiq edilmişdir: İş materiallarında olan Binəqədi RPİ-in 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən 05 iyul 2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, həmin tarixdə 05 iyul 2023-cü il tarixdə saat 12.40-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsində saxlanılaraq Binəqədi RPİ 4-cü PŞ-nə gətirilmişdir. İş materiallarında olan Binəqədi RPİ-in 4-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Şəhliyar Hacıyev tərəfindən tərtib edilmiş 05 iyul 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi RPİ-in 4-cü PŞ-nin əməkdaşları tərəfindən 05 iyul 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb, masanın üzərinə qoymuş, bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə 05 iyul 2023-cü il tarixdə saat 14:30-dan 14:50-dək keçirilmiş və videoçəkiliş ilə qeydə alınmışdır. Lakin, məhkəmədə Təqsirləndirilən şəxs bildirmişdir ki, bölmədən evinə gələn zənglə əlaqədar olaraq, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdikləri ilə mütəxəssis X2 hərəkət trayektoriyasına dair məlumata əsasən ifadəsində qeyd etdikləri uyğunlaşır. Belə ki, Bakı şəhəri Probasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs hərəkət trayektoriyası barədə elektron nəzarət sistemindən çıxarışlarda Təqsirləndirilən şəxs ifadəsinin doğruluğu öz təsdiqini tapır. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları olan şahidlər Şahid1 İlham oğlu və Şahid2 Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə saat 12:40-da Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsinin yaxınlığında saxlanılmasını təsdiq etsələr də, Bakı şəhəri Probasiya İdarəsindən Təqsirləndirilən şəxs hərəkət trayektoriyası barədə elektron nəzarət sistemindən çıxarışlarda onun qeyd edilən vaxtda saxlanılmadığı sübut edilmişdir. Halbuki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama görə o, 05 iyul 2023-cü il tarixdə saat 12:40-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları Şahid1 İlham oğlu və Şahid2 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsinin yaxınlığında saxlanılmışdır. Göründüyü kimi, verilmiş ittihamda Təqsirləndirilən şəxs elan edilmiş ittihama görə o, 05 iyul 2023-cü il tarixdə saat 12:40-da Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsinin yaxınlığında saxlanılıb Binəqədi RPİ-in 4-cü PŞ-yə gətirildiyi göstərilsə də, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:50-də yaşayış yerindən çıxmış və saat 10:05 də 4-cü Polis şöbəsində olmuş və həmin şöbədə saxlanılmış, bir daha evinə qayıtmamış, axşam saatlarınadək 4-cü Polis şöbəsinə, Binəqədi RPİ-nə, Badamdar qəsəbəsi ərazisinə aparılmışdır. Məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən xx.xx.2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokolun, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübut Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 0,351 qram narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışla əlaqədar 4-cü PŞ-in baş təhqiqatçısı, polis mayoru Şəhliyar Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol mötəbər sübut kimi qəbul edilə bilmədiyindən, eləcə də cinayət işinin materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan cəmi 0,351 qram heroinin qanunsuz əldə edilməsinə və saxlanılmasına aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dərhal ləğv edilməlidir. Bəraət aldığına görə məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutulmamalıdır. xx.xx.2023-cü il tarixli, 4568 nömrəli “Ambulator X1” rəyində göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, bəraət aldığına görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Gələcəkdə ehtiyac yaranarsa həmin məsələ “Şəxsin narkolojitibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat” qaydalarını tənzimləyəm Mülki Prosesual Məcəllənin 40-cı fəslinə uyğun həll edilə bilər. İş materiallarından görünür ki, ekspertiza tədqiqatında tədqiq edilmiş təmiz çəkisi 0,351 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,301 qram hissəsi Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və buna görə də, maddi sübut kimi saxlanılan, çəkisi 0,301 qram olan narkotik vasitə heroin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış axtarış və götürmənin keçirilməsi zamanı aparılmış video çəkilişin qeydə alındığı 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 41 (qırx bir) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 41 (qırx bir) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o məhkəmə zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən təmiz çəkisi 0,351 qram olan narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,301 qram olan narkotik heroin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış axtarış və götürmənin keçirilməsi zamanı aparılmış video çəkilişin qeydə alındığı 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim:Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-84/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-84/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver