Məhkəmə qərarları › İş №1(001)-85/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-85/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-85/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla, ünvan 4-də yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 08 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,351 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 08 aprel 2024-cü il tarixdə, saat 19:30-da Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 nömrəli binanın qarşısında dayanacaqda piyada hərəkətdə olan zaman saxlanılaraq ünvan 1 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 21:00da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,351 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, 26 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,261 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 11:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8-ci sırada yerləşən Al marketin qarşısında dayanacaqda piyada hərəkətdə olan zaman saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 13:00da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,261 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşadığı evin qarşısında olarkən Nəsimi RPİ-nin 19-cu polis bölməsinin əməkdaşları ona yaxınlaşmış, polis bölməsinə aparmışlar. Polis bölməsinə aparılarkən onun üstünü yoxlamamışlar. Əgər onun üzərində narkotik vasitə olsaydı bölməyə gedərkən yolda tullayardı. Polis bölməsində ona ya narkotik vasitəni üzərinə götürməsini ya da satışla bağlı rəsmiləşdirmə aparacaqlarını demişlər, o, da razılaşıb, narkotik vasitənin üzərindən çıxmasını bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu saxlayan polis əməkdaşlarını əvvəllər tanımamışdır. Həmin polis əməkdaşları əməliyyatçı olduqlarını deyib, özlərini təqdim etmişlər. Evin qarşısında olarkən yanında bir nəfər şəxs olmuş, həmin şəxs xəstə olduğuna görə belindən əməliyyat olunmuşdur. O, metamfetmindən istifadə etməmiş, əvvəllər “kokos” adlandırılan narkotik vasitədən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsir olmamış, psixoloji təsir olmuşdur. O, 8 aprel 2024-cü il tarixdə saat 11-12 radələrində saxlanılmışdır. Saxlanılarkən üzərində mobil telefon olmuş, telefonu sonradan ona qaytarılmışdır. İkinci epizodla bağlı bildirmişdir ki, o, qohumu ilə birlikdə maşında Qələbə dairəsi istiqamətində gedərkən körpünün üzərində bir maşından onlara işıq siqnalı verilmiş, sürücü avtomobilini Tbilisi prospektində saxlamışdır. Tbilisi prospektində onlar iki nəfər yaxınlaşmış, həmin şəxslərdən biri polis gödəkcəsində olmuşdur. Həmin şəxslər polis bölməsinə getməli olduqlarını demiş, “Yeganə” şadlıq evinin yaxınlığına gəldikdən sonra ona başqa bir avtomobilə əyləşdirib, polis bölməsinə aparmışlar. O, üzərində nə isə olsaydı polis bölməsinə gedərkən qaçar və ya üzərindən atardı. O, polis bölməsində ondan nə isə soruşacaqlarını düşünmüşdür. Polis bölməsində ya sutkalıq tutulacağını, ya da külli miqdarda narkotik vasitəni üzərinə götürməsini demişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, bu barədə vəkilinə heç nə deməmişdir. Onu saxlayan polis əməkdaşlarını əvvəl tanımamışdır. O, 26 aprel 2024-cü il tarixdə saat 09 radələrində saxlanılmışdır. Həmin vaxt üzərində mobil telefon olmamışdır. Onu saxlayan polis əməkdaşları mülki avtomobildə olmuşdur. Həmin vaxt onun yanında qohumu olmuşdur. Onun qohumunu da polis saxlamış, barəsində olan işə məhkəmədə baxılaraq azadlığın məhdudlaşdırılması cəzası almışdır. O, narkotik vasitədən 3-4 ay əvvəl istifadə etmişdir. Məhkəmə baxışı zamanı təkrar dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xəstəliyi ilə əlaqədar müalicə olunur Əvvəl ifadə verərkən özünü təqsirli bilməsə də, halhazırda özünü ittiham üzrə təqsirli hesab edir. 8 aprel 2024-cü il tarixdə Nəsimi rayonu, Cavadxan küçəsində polis əməkdaşları ona yaxınlaşmış, saxlayaraq polis bölməsinə aparmışlar. Polis bölməsində üzərindən “kakos” və ya “şüşə” aşkar edilmişdir. Hal-hazırda hansı maddə olduğunu xatırlamır. Üzərindən aşkar edilmiş maddə özünə məxsus olmuşdur. 26 aprel 2024-cü il tarixdə Binəqədi rayonu, “Xutor” adlanan ərazidə dayanacaqda olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis bölməsinə aparmışlar. Polis bölməsində üzərindən “patı” adlandırdığı maddə aşkar edilmişdir. Həmin maddə onun özünə məxsus olmuşdur. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Xəzər RPİ-nin 2-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 Sadiq oğlu ifadəsində göstərmişdir ki, o, əvvəl Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. O, Nəsimi RPİ-nin 19-cu polis şöbəsində əməliyyat müvəkkili işlədiyi ərəfədə 8 aprel 2024-cü il tarixdə şöbədə olarkən təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi barədə əməliyyat məlumat daxil olmuşdur. Bununla bağlı 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid3l və ondan ibarət əməliyyat qrupu yaradılmış, ünvan 3 ünvanında saat 19:30 radələrində Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim etmiş, 19-cu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçının otağında vidoeçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Elbrus adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi, saxlanması və daşınması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu tərəflərindən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilmiş, üzərinə baxış keçirilərkən psixotrop maddə metemafetamin aşkar edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən özünü normal aparımış, bölmədə narkotik vasitə istifadəçisi olduğunu etiraf emtişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs saat 11-12 radələrində dayanacaq saxlanılmış, həmin vaxt yanında Rüfət adlı şəxs olmuş, sonuncu da bölməyə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Yasamal RPİ-nin 27-ci polis bölməsinin polis bölməsinin polis sahə inspektoru, polis leytenantı Şahid2 Müşfiq oğlu ifadəsində göstərmişdir ki, o, əvvəl Binəqədi RPİ-nin 7-ci polis bölməsinin polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. O, Binəqədi RPİ-nin 7-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işlədiyi ərəfədə narkotik vasitələrin tətbiqi və satışı, psixotrop maddələri istifadə edən şəxslərə qarşı keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində saxlanılmış, üzərində şəxsi axtarış keçirilməsi üçün polis bölməsinə dəvət olunmuşdur. Polis bölməsində video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir zorakılıq olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmə iclasına çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psxiotrop maddə əldə edərək üzərilərində daşımaları və saxlamaları barədə Binəqədi RPİ-nin 7-ci polis bölməsinə daxil olmuş məlumat əsasında sonuncuların müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə saat 11:00-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PBnin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncu əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb, masanın üzərinə qoymuş, həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2305 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, “Azərbaycan Respublikası DİN Zərflər üçün № 176” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,261 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir.. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi çəkisi – 0,261 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,211 qram. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki boz şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 26 aprel 2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, 2754 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə aşkar edilərək götürülmüş təmiz çəkisi 0,261 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından metamfetaminin 0,211 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində Binəqədi RPİ-nin 7-ci PB-də aparılmış, şəxsi axtarış və götürmə aparılmasının görüntülərini əks etdirən 01 ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ebrus adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə edərək üzərində daşıması və saxlaması barədə Nəsimi RPİ-nin 19cu polis şöbəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2024-cü il tarixdə saat 19:30-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞnin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncu əynində olan şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb, masanın üzərinə qoymuş, həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1932 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 187” dairəvi möhür əksi, “1.Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” yazıları və imzalar olan bir ədəd zərfin içərisindəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,351 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,351 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 0,301 qram. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə geməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(007)-117/2017 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzanın əvvəli xx.xx.2016-cı il tarixdən hesablanmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(002)-30/2018 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 03 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü aşkar edilib götürülmüş təmiz çəkisi 0,351 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 0,301 qram qalmış qalığı saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2024-cü il tarixdə “Xutor” adlanan ərazidə Mərdan adlı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində Nəsimi RPİ-nin 19-cu PŞ-də aparılmış, şəxsi axtarış və götürmə aparılmasının görüntülərini əks etdirən 01 ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin və metamfetaminin (təmiz halda qramlarla) daxil olmaqla xeyli miqdar həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 gün, cəmi 04 gün şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 08 aprel 2024-cü il tarixdən 10 aprel 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, 26 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, cəmi 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,301 qram olan narkotik vasitə heroin və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,211 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 194 (bir yüz doxsan dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 70 (yetmiş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu cəmi 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,301 qram olan narkotik vasitə heroin və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,211 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 194 (bir yüz doxsan dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar