Məhkəmə qərarları › İş №1(001)-86/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-86/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-86/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, 3-cü dərəcəli əlilliyi olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yerdə istintaqa məlum olmayan mənbədən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,271 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış və Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 21:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq, ünvan 3a yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasına aparılmış, orada həmin tarixdə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində təmiz çəkisi 0,271 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Polis bölməsində ona qarşı təzyiq olandan sonra məcbur qalıb narkotik vasitəni öz üzərinə götürmüş, özünə məxsus olduğunu demişdir. Onu yaşadığı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi ev 18A ünvanında yerləşən evindən xx.xx.2023-cü il tarixdə saat 14-15 radələrində iki nəfər mülki geyimli polis əməkdaşı tərəfindən aparılmışdır. O, polis əməkdaşlarına narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdir. Polis əməkdaşlarının ona verdiyi narkotik vasitəni üzərində keçirilmiş şəxsi axtarış zamanı cibindən çıxarıb, təqdim etmişdir. Odur ki, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Tahir oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onun rəhbərliyi aldan Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və xx.xx.2023-cü il tarixdə saat 21 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, İ.Hacıyev küçəsində saxlayaraq polis bölməsinə gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının bir ədəd bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini şəxsi istadəsi üçün “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm zərfə qoyularaq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğuna görə xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində Binəqədi rayonu, İ.Hacıyev küçəsində saxlanılaraq polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və cibindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, sonuncu ilə mehriban münasibəti olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparılan zaman o, məhəllədə olmuşdur. Həmin vaxt qara rəngli, markası və nömrəsini bilmədiyi maşın Məhəmmədin yaşadığı evin qarşısında dayanmışdır. Məhəmməd evə gələn zaman qapının yanında saxlanılmış və aparılmışdır. O, Təqsirləndirilən şəxs yaşadığı evə gedib bu barədə arvadına məlumat vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saat 15-17 radələrində aparılmışdır. Həmin vaxt hava işıqlı olmuşdur. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 1970-ci illərdən qonşudur və normal qonşuluq münasibətlərimiz var. Onların evləri biri-birindən 50-60 metr aralıda yerləşir. Hadisə günü o, anası üçün dərman almağa gedəndə evdəki zibil dolu vedrəni götürüb, zibil qabına tökmüş, daha sonra zibil vedrəsini də zibil yeşiyinin arxasına gizlətmişdir ki, bazarlıq edib evə qayıdanda götürsün. O, bazardan alış-veriş edib geri qayıtmış və zibil vedrəsini zibil yeşiyinin arxasından götürəndə, iki nəfər şəxsin Təqsirləndirilən şəxs apardıqlarını görmüşdür. O, həmin vaxtı zibil yeşiyinin yanından tərpənməmiş, polis əməkdaşlarının onu şahid kimi aparacaqlarını düşünmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, heç vaxt polisdə və məhkəmədə olmamışdır. Hadisə 05 iyul 2023-cü il tarixdə nahardan sonra baş vermişdir. Təqsirləndirilən şəxs 2 nəfər mülki geyimli şəxs qara rəngli maşında aparmışdır. O, həmin şəxsləri əvvəllər tanımamış, nə də görməmişdir. Təqsirləndirilən şəxs günorta, nahardan sonra yaşadığı evin qapısının qarşısında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə Binəqədi RPİ-nin 5-ci PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə saat 21:30-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PBnin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncu əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb, masanın üzərinə qoymuş, həmin bükülü zərfə qoyularaq qablaşdırılmışdır. xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3648 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN “Zərflər üçün №174” möhür əksi, “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” və s. ad, soyad, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,271 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,271 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,221 qram. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli, 4325 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,271 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 0,221 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, o, əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, onu öz istifadəsi üçün tanımadığı şəxsdən 10 manata aldığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, müvafiq hökmün, qərarın surətindən, 2202.2023cü il tarixli, 4006 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in müxtəlif maddələri ilə dəfələrlə məhkum edilmiş və sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-103/2021 nömrəli hökmü ilə CM-in 234.1 və 29,217-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)-364/2022 nömrəli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntülərini əks etdirən 01 ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Xidmətinin 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlilliyi olan şəxsdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(001)- 86/2024 saylı qərarından görünür ki, xx.xx.2023-cü il tarixə saat 00:01-dən 23:59-a qədər olan müddət ərzində Şahid1 istifadəsində olan ***-***-**-** və Şahid2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə dair anten məlumatlarının ələ keçirilməsi qərara alınmış, qərarın icrası aidiyyəti üzrə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla Şahid2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə bağlı məlumatlar məhkəməyə təqdim edilmiş və həmin məlumatlara baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən xüsusat aşkar edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli Şahid1 istifadəsində olan ***- ***-**-** saylı nömrə ilə bağlı məlumatlar məhkəməyə təqdim edilmiş və həmin məlumatlara baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən xüsusat aşkar edilməmişdir. Binəqədi RPİ-dən məhkəməyə təqdim edilmiş “Şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabından müvafiq səhifələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:45-də Binəqədi RPİ-nin 5-ci polis bölməsinə gətirilmiş, xx.xx.2023-cü il tarixdə saat 15:45-də Binəqədi RPİ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, elan edilmiş ittihamda qeyd edilən saatda saxlanılmaması, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması və polis bölməsində törətmədiyi cinayəti etiraf edilməyə məcbur edilməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bundan əlavə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 və X1 verdikləri ifadələrində Təqsirləndirilən şəxs saat 15-17 saatlarında polis bölməsinə aparılması barədə göstərdikləri qeyd edilən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini istisna edən hal kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs şahidlər X7 və X4 ilə qonşuluqda yaşamaları, aralarında münasibətlərin yaxşı olması onun cinayət məsuliyyətindən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilə bilər. Buna görə də məhkəmə X7 və X1 ifadələrini sübut kimi qəbul etmir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-103/2021 nömrəli hökmü ilə CM-in 234.1 və 29,217-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)-364/2022 nömrəli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı ağırlaşdıran halı, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyul 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla vəsatətin müdafiə edilməsindən imtina edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 08 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilməsinim mümkün olmaması nəzərə alınmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,221 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 08 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,221 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar