Məhkəmə qərarları › İş №1(001)-87/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-87/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-87/2023 07.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-654/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 avqust 2022-ci ildə saat 18.42-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Sumqayıt şossesi 3-cü kilometrlik ünvanında yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksində mühafizəçi köşkünün yaxınlığında saxlanılmış Zərərçəkmiş şəxs məxsus dəyəri 3049 manat 92 qəpik olan “Ziq-Zaq”» markalı mopedi, üzərindəki 20 manat dəyərində bir ədəd motodəbilqə, 15 manat dəyərində bir ədəd telefon qulaqcığı və 8 manat dəyərində bir ədəd telefon tutacağı ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3092 manat 92 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci il tarixdə saat 18 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gəlmiş, təxminən 10-15 dəqiqə müddətində yuxarı mərtəbələri gəzərkən Bakı-Sumqayıt avtomobil yoluna tərəf çıxışda mühafizəçi köşkünün yaxınlıqda bir mopedin dayandığını və sükanına da motodəbilqə keçirildiyini görmüşdür. Həmin vaxt mopedi oğurlayıb satmaq qərarına gəlmişdir. Bundan sonra ətrafı yoxlamış, mopedin sahibinin yaxınlıqda olmadığına tam təmin olduqdan sonra yaxınlaşaraq mopedin sükanına keçirilmiş dəbilqəni götürüb başına keçirmiş, sükanından tutub piyada hərəkət etməklə mopedi özü ilə aparıb avtomobil yolunun kənarına çıxarmışdır. O, Xırdalan şəhəri istiqamətində bir qədər gedib avtovağzaldan tam uzaqlaşdıqdan sonra mopedin açar keçən yerini əli ilə qırıb elektrik naqilləri vasitəsilə işə salaraq mopedi Sumqayıt şəhəri istiqamətində sürərək getmişdir. O, mopedi sürərək Siyəzən rayonu ərazisində Sitalçay çayının yanında gizlətmişdir. xx.xx.2022-ci ildə mopedi təmir etdirmiş və Xaçmaz rayonuna gətirərək orada tanımadığı şəxsə 300 manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyaclan üçün xərcləmişdir. Maddi imkanı olmadığına görə zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyə bilməmişdir. O, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşən “Kontank Home” mağazasından nağd dəyəri 2400 manat olan “Ziq-Zaq” markalı mopedi aylıq 127 manat 08 qəpik ödəmək şərti ilə 24 aylıq kreditlə almış və ödəniş qrafikinə uyğun olaraq həmin moped ona 3049 manat 92 qəpiyə başa gəlmişdir. xx.xx.2022-ci il tarixdə səhər 08 radələrində idarə etdiyi “Ziq-Zaq” markalı mopedlə Bakı Beynəlxalq Avtovağzal kompleksinə xidmətə gəlmiş, 22-ci postda xidmətdə olmaqla, Bakı-Sumqayıt avtomobil yolunun kənarında yerləşən nəzarətçi köşkündən 3-4 metr aralıda mopedi saxlamışdır. Təxminən saat 18:40 radələrində ayaqyoluna getmək üçün növbə rəisindən telefonla icazə almış və kompleksin birinci mərtəbəsinə düşmüşdür. Saat 19:02-də o, xidmət yerinə qayıdaraq nəzarətçi köşkünə gəlmiş, lakin “Ziq-Zaq” markalı mopedini saxladığı yerdə görməmişdir. O, avtovağzal kompleksinin müşahidə kameralarının serverinə gələrək kamera görüntülərini izləmiş və 25-30 yaşlarında ortaboylu bir nəfər şəxsin ona məxsus mopedin nəzarətsiz olmasından istifadə edərək sükanından tutmaqla asfalt yolun kənarına çıxarmasını və Xırdalan şəhəri istiqamətində apardığını görmüşdür. Bundan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat vermiş, bir qədər sonra polis əməkdaşları onunla telefonla əlaqəsi saxlayaraq hadisə yerinə gəlmiş, hadisə yerinə baxış keçirərək ondan ərizə və izahat almışlar. Həmin zaman mopedlə birlikdə ona məxsus olan, 20 manata aldığı motodəbilqə, 15 manata aldığı telefon qulaqcığı, 8 manata aldığı moped üçün telefon tutacağı da oğurlanmışdır. Nəticədə ona vurulmuş ziyan ümumilikdə 3092 manat 92 qəpik təşkil etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyi üçün o, şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 30 avqust 2022-ci ildə saat 19 radələrində Zərərçəkmiş şəxs DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə müraciət edərək Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksində özünə məxsus mopedin oğurlanması barədə məlumat vermişdir. Həmin məlumat əsasında dərhal əməliyyat qrupu ilə hadisə yerinə gəlmiş və ətrafda müşahidə kameralarının olmasını müəyyən etdikdən sonra avtovağzal kompleksinin müşahidə kameralarının serverinə gələrək kamera görüntülərini izləmişlər. Saat 18.42-də qeydə alınmış kadrlarda görünmüşdür ki, təxminən 25-30 yaşlarında ortaboylu bir nəfər şəxs mopedə yaxınlaşaraq əvvəlcə mopedin üstündə olan motodəbilqəni götürüb başına geyinmiş, daha sonra isə mopedin sükanından yapışaraq o asfalt yolun kənarına çıxarmaqla Xırdalan şəhəri istiqamətində piyada aparmışdır. Təhqiqatçı tərəfindən baxış protokolu yazılmış və o, da protokola imza etmiş, kamera görüntüləri CD diskə köçürülərək protokola əlavə olunmuşdur. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə məlumat əldə edilərək bu barədə istintaqa məktubla məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yuxarı hissəsində, nəzarətçi köşkünün qarşısında baş vermişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:42-də Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalının Bakı Sumqayıt avtomobil yolunun kənarında yerləşən hissəsisində bir nəfər şəxs nəzarətçi köşkünün yaxınlığında olan mopedin üstündən mopedi götürüb başına qoyduqdan sonra sükandan tutaraq mopedi ərazidən yola tərəf piyada aparmaqla avtomobil yolunun kənarı ilə Xırdalan şəhəri istiqamətində getmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin şəxs o, özündür. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında avtomobil yolunun kənarında yerləşən hissəsində baş vermiş oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-339/2022 nömrəli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, oğurluq hadisəsinin görüntüsü olan bir ədəd disk sübut növü kimi qiymətləndirilərək, iş materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-654/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 ay 25 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 07 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmış və ona 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 02 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli göstərişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-654/2022 nömrəli hökmü qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəə, CM-in 59.2-ci maddəsinə əsasən isə törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə törətmiş olduğu cinayət əməlini Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-654/2022 nömrəli hökmündən əvvəl törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-in 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-654/2022 nömrəli hökmü ilə məhkum olunduğu 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılma yolu ilə ona qəti cəza təyin olunmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-654/2022 hökmü ilə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı və cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınmalı və barəsində qətimkan tədbiri seçilməməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs ona vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-654/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə cəzasının əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)- 654/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar