Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-87/2024 01.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsləərin müdafiəçiləri: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Laçın rayonu, Fingə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Fingə kəndində qeydiyyatda olan və Ağcəbədi rayonu, Taxta Körpü qəsəbəsində fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində tanışı “Namiq” adlı şəxslə cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən, ictimai yer hesab edilən “Dəlidağ” kafesinin qarşısında Zərərçəkmiş şəxs həmin kafenin işçiləri ilə hesabın məbləğinin artıq olması ilə əlaqədar sözlə mübahisə etməsini görüb heç bir əsaslı səbəb olmadan uca səslə nalayiq ifadələr deyərək, “Namiq” adlı şəxslə birlikdə öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyub ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərərək “Namiq” adlı şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq-təpiklə, o isə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib yerdən götürdüyü taxta parçasını silah qismində istifadə edib baş nahiyəsinə qəsdən zərbələr vurmuş, onlardan uzaqlaşaraq qaçmasına baxmayaraq sonuncunu təqib edərək əyləşdiyi taksi fəaliyyəti ilə məşğul olan markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilin arxa oturacağında, daha sonra isə həmin avtomobildən düşürərək əl-ayaq zərbələri ilə vurub yerə yıxdıqdan sonra “Namiq” adlı şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə təpiklə vurub burunun şişkinliyi, burun sümüklərinin yerdəyişmiş açıq sınığı, burun tənəffüsünün pozulması və burun yəhərinin əzilmiş yarası ilə müşayiət olunan burunun küt travması kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra o əlində saxladığı həmin taxta parçasını silah qismində istifadə edib Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib bədənin müxtəlif nahiyəsinə bir neçə dəfə vuraraq ənsə nahiyəsinin sağ yarısının cərrahi tikişə ehtiyacı olmayan səthi əzilmiş yarası, sol gözaltı nahiyənin cüzi şişkinlik fonunda qançırı, sol yanağın, boyunun sağ yan səthinin orta və aşağı 1/3-nin, döş qəfəsinin arxa səthlərinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə olduqlarından dərəcələri təyin edilməyən və başın tüklü hissəsində sağ təpə nahiyyəsinin cərrahi tikişli əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismın təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 sentyabr 2022-ci il tarixə saat 01 radələrində küçədə olan zaman tanışı Namiq adlı şəxslə qarşılaşmışdır. Namiq onu “Dəlidağ” kafesində çay içməyə dəvət etmiş və hər ikisi sərxoş halda kafeyə daxil olaraq zalın girişdən sağ tərəfdəki masalardan birində əyləşmişlər. Namiq kafedəki qızlardan birinə çay sifariş vermiş və bir neçə dəqiqə oturub söhbət etmişlər. Bu zaman “Dəlidağ” kafesinin çıxışında mübahisə olduğunu eşitmiş və həmin yerə yaxınlaşmışlar. Bu zaman Zərərçəkmiş şəxs qızlara qarşı kobud rəftar etməsini görmüşdür. O, mübahisə eədən qızları əvvəlcədən tanımışdır. Namiq mübahisəyə çox sərt şəkildə müdaxilə edib Mehtini vurmuş, o da sonuncunu yumruqla vurmuş, lakin o Mehtini taxta ilə vurmamışdır. Həmin zaman əlində taxta olsa da onu kənara tullamış, lakin Mehtiyə dəyib-dəyməməsini görməmişdir. Mehti aralarında olan davadan sonra oradan uzaqlaşmış, o sonuncunun arxası ilə getməmişdir. Həmin zaman Namiq Mehtinin arxası ilə getmiş, Namiq Mehtinin üzərinə bıçaq çıxaran zaman qızlar ola biləcək bədbəxt hadisənin qarşısını aılmışdır. O, zərərçəkmiş şəxsə min manat ödəniş etmiş, sonuncu onunla barışmış, heç bir şikayət və tələbi yoxdur. O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dördüncü kurs tələbəsidir və yerüstü nəqliyyat mühəndisliyi ixtisası üzrə təhsil alır. Göstərilənləri nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saat 23 radələrində o istirahət edib əylənmək üçün Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Dəlidağ” adlanan kafeyə getmişdir. Kafeyə daxil olub ümumi zalın sağ tərəfindəki masalardan birində oturmuşdur. Sonra 1 ədəd pivə sifariş verib içdikdə sifətdən tanıdığı soyadını, atasının adını blmədiyi Fatimə adlı ofisiantı görüb masaya dəvət etmiş, Fatimə adlı ofisant qız onunla eyni masa arxasında oturduqdan sonra o əlavə 2 ədəd çaxır, 1 meyvə dəsti, 1 əlavə kiçik meyvə dəsti, 1 qəlyan, 1 cipsi, 1 tum, 3 bakal pivə, 2 ədəd hel enerji içkisi sifariş verib birlikdə qəbul etmişdir. Fatimə ara-sıra gedib işlərini yerinə yetirib masaya qayıdırdı. Təxminən 2 saatdan artıq o kafedə oturmuş və getmək istərkən ayağa qalxıb masa arxasında dəftərdə masaların qeydiyyatını aparan qadına yaxınlaşıb hesabı soruşmuşdur. Həmin şəxs onun 78 manat pul verməli olduğunu dedikdə bu qədər pulun dəyərində sifarişlər vermədiyini, qiymətin aşağı endirilməsini tələb etmişdir. Lakin, qadın sifariş verdiyi şeylərin qiymətinin bu qədər təşkil etdiyini dedikdən sonra ona düzgün hesab verilməyincə onların pulunu verməyəcəyini deyib kafedən çölə çıxmışdır. xx.xx.2022-ci il tarixə keçən gecə saat təxminən 01:30 radələri olar bu zaman qızlar onun getdiyini gördükdə Fatimə və onunla birlikdə daha 2 nəfər adlarını bilmədiyi ofisiantlar da çölə çıxmışlar. Qızlar onun yaxasından, qolumdan tutub getməyinə imkan verməmişlər. O qızlara etirazını bildirmişdir ki,ona düzgün hesab versinlər və o da ödəsin. Bu zaman ətrafdan tanımadığı iki nəfər oğlan ona yaxınlaşıb heç bir səbəb olmadan yumruq təpiklə onu vurmağa başlamışlar. Oğlanlardan birinin, adının Muğan olduğunu sonradan bildiyi şəxsin taxta parçası ilə zərbəsindən sonra baş nahiyyəsinin çapıldığını görüb oradan qaçmağa başlamışdır. Təxminən 200 metr məsafəni qaçıb Binəqədi şossesində sol istiqamətdəki məhəllələrdən birinin küçəsinə daxil olsa da oğlanlar ona yetmişlər və təkrar onu tutub döyməyə başlamışlar. Əlləri ilə baş nahiyyəsini bağlayıb zərbələrdən qorunmaq istəmişdir. O yerdə olan zaman ona endirilən zərbələrin hər iki oğlan tərəfindən eidldiyini bilmiş, onlardan biri təpiklə burun nahiyyəsinə vurmuş və burnu qanamışdır. Oğlanlar burnunun qanadığını görüb oradan qaçıb uzaqlaşmışlar. Sonra o özü də evə gəlib əl üzünü yuyub yatmışdır. İçkili olduğundan saat 16-17 radələrinədək yatmışdır. Oyandıqda burnunda başında ağrılar hiss etmiş və qardaşı Orxanda bunları görüb DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bildirir ki, onu döyən oğlanları əvvəllər tanımamış, onların haradan, kim tərəfindən çağırıldığını bilməmişdir. Kafenin ofisiant qızları tərəfindən döyülməmişdir. Həmçinin ibtidai istintaq dövründə üzləşmə zamanı Muğan onun başından taxta ilə vurduğu üçün ondan üzr istəmiş, baş verənləri içkili olması ilə əlaqələndirmişdir. Məhkəməyə ərizə təqdim edərəkTəqsirləndirilən şəxs ilə barışdığını, ona 1000 manat pul ödənildiyini və ona qarşı heç bir şikayə və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yay aylarından Binəqədi şossesində yerləşən “Dəlidağ” kafesində xidmətçi işləyir. Həmin kafedə ondan başqa Fatimə və Aysu adlı qızlar da işləyir. 28 sentyabr 2022-ci ili tarixdə axşam saatlarında kafedə olan zaman oraya tanımadığı bir oğlan gəlmiş və masalardan birində əyləşmişdir. Həmin oğlan masaya spirtli içki, meyvə və digər məzələr sifariş vermişdir. Bu vaxt işçilərdən biri Fatiməni əyləşdiyi stola çağırmış və söhbət etməyə başlamışlar. Fatimə həmin oğlanla birlikdə spirtli içki qəbul etmişlər və bir neçə saat eyni masada əyləşmişlər. Arada Fatimə masadan durur, bəzi işlərdə onlara kömək edir, sonra yenidən həmin oğlanın olduğu masaya yaxınlaşıb əyləşirdi. Sonra oğlan hesabın gətirilməsini xahiş etmiş və Fatimə ona hesabı təqdim etmişdir. Bu vaxt həmin oğlan narazılıq edərək hesabın çox olduğunu bildirmiş və ödəməyəcəyini demişdir. Bunu dedikdən sonra həmin oğlan çölə çıxmış, o, Aysu və Könül də həmin oğlanın arxası ilə çölə çıxmışlar. Kafenin giriş qapısının qarşısında oğlandan hesabı ödəməsini xahiş etsə də oğlan hesabın çox olduğu bildirir, ödəməkdən imtina edirmiş. Bu vaxt iki oğlan arxadan onunla mübahisə edən oğlana yaxınlaşmışlar. Oğlanlardan birinin adı Muğan idi. Muğanın zərərçəkmiş şəxsi taxta ilə vurmasını görməmiş, digər oğlanın əlində taxta parçası və bıçaq görmüş, adını sonradan bildiyi Namiq adlı şəxs əlində olan taxta parçası ilə onlarla mübahisə edən oğlanın başından vurmuşdur. Bu vaxt onlarla mübahisə edən oğlan müvazinətini itirsə də yerə yıxılmamış və qaçmağa başlamışdır. Təxminən 300-400 metr qaçdıqdan sonra oğlan yıxılmış, Namiq və Muğan da həmin oğlanın arxası ilə qaçmış, o, Aysu və Fatimə də onların arxası ilə qaçmışlar. Oğlan qaçıb avtomobilə əyləşib oradan uzaqlaşmaq istəyəndə Namiq oğlanı sürüyərək avtomobilin arxa tərəfinə gətirib yerə uzatmış və orada ona zərbələr endirmişdir. Hətta Namiq cibindən bir ədəd bıçaq da çıxarmış və bu vaxt Aysu Namiqin əlindən tutub bıçaqla vurmasına imkan verməmişdir. Bundan başqa ətrafda 7-8 nəfər tanımadığı şəxslər də olmuşdur. Bu vaxt Namiq Aysu ilə razılaşmış və bıçağı cibinə qoymuşdur. Həmin oğlan taqətsiz olduğu üçün dizi üstə yerə oturmuşdur. Bu vaxt Namiq ayağının üstü ilə həmin oğlanın sifət nahiyəsindən təpiklə çox sərt zərbə vurmuş və bu vaxt həmin oğlanın sifətindən sürətlə qan gəlməyə başlamışdır. O, Aysu və Fatimə həmin oğlana su vermiş və əl-üzünü yumağa kömək etmişlər. Sonra isə çıxıb getmişlər. İbtidai istintaq dövründə hadisənin təsirindən qorxduğundan fərqli ifadə vermiş olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Tariyel qızı ifadəsində göstərmidir ki, o “Dəlidağ” kafesində ofisiant kimi işləmişdir. Zərərçəkmiş şəxs müştəri kimi tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində kafeyə gələrək spirtli içkilər sifariş vermiş, Fatimə adlı ofisiantı tanıdığı üçün öz oturduğu masaya dəvət etmişdir. Həmin vaxt Mehti ilə Fatinə arasında mübahisə yaranmış, bu zaman Mehti Fatiməyə baş yerdə oturmağı təklif etmiş, lakin Fatimə buna etiraz etmişdir. Mehtiyə ödəməsi üçün hesab edildikdə sonuncu hesabın şişirdildiyi üçün ödəməkdən imtina etmişdir. Bundan sonra Mehti kafeni tərk edən zaman o, Fatimə ilə birlikdə arxası ilə birlikdə arxası ilə gedib hesabı ödəməsini tələb etmişdir. Mehti təkidlə ödəməyəcəyini bildirdikdə bu zaman yolun digər tərəfindən gələn Muğan yanında bir nəfər oğlanla birlikdə onların arasında olan mübahisəyə müdaxilə etmişdir. Həmin zaman Muğanın yanında olan, adını sonradan bildiyi Namiq əlində olan taxta ilə Mehtini vurmağa başlamışdır. Mehti təkləndiyini görüb qaçmış, taksiyə əyləşib uzaqlaşmaq istəyərkən Namiq onu taksindən çıxardıb Mehtini yumuruq vurub onun üstünə bıçaq çıxarmışdır. Bu zaman o və digərləri araya girərək Namiqə mane olmuşlar. Namiq Mehti taksinin içərisində də döymüş, bu zaman sonuncu taksindən Muğan dayandığı hissədən düşmüşdür. Bu zaman Muğan Namiqlə əlbəyaxa olmuş və bir-birlərini yumruqla vurmağa başlamışlar. O, Muğanın Mehtini taxta ilə vurduğunu görməmiş, onlar aralandıqdan sonra o, digər qızlarla birlikdə Mehtiyə kömək etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Dəlidağ” kafesində ofisiant kimi işləmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında kafeyə gəlmiş, spirtli və enerji içkiləri sifariş vermişdir. Bir müddətdən sonra Mehti onu masaya dəvət edib onunla başqa restorana getməyi təklif etmişdir. O, buna etiraz etdikdən sonra Mehti hesabı istəmiş, hesab sonuncuya təqdim edildikdən sonra Mehti məbləğlə razılaşmamış və pulu verməkdən imtina etmişdir. Mehti duraraq kafedən çıxmış, o, Aysu və Nazlı ilə birlikdə arxası ilə gedib hesabı tələb etmişlər. Bu zaman aralarında sözlə mübahisə düşmüş və həmin zaman Mehti Aysunun yaxasından tutmuşdur. Bunun şahidi olan Muğanla Namiq onlara yaxınlaşmış və Namiq taxta ilə Mehtinin başından vurmuşdur. Mehti qaçmaq istəyərkən Namiq onu tutmuş, o, Aysu və Muğanla birlikdə onların arxası ilə qaçmışdır. Muğanın əlində taxta görməmiş, sonuncu Mehtini yumruqla vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində işdən evə gəlmiş və yatmışdır. Ertəsi gün saat 13 radələrində yuxudan oyanmış, Metinin hələ də yatması ona qəribə gələrək otağına getmişdir. Bu zaman Mehtinin başından xəsarət almasını görmüş və bu barədə maraqlandıqda sonuncu ona kafedə döyüldüyünü, həmin zaman orada dörd qız iki oğlan olduğunu demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220041422 №-li cinayət işi 17 dekabr 2022-ci il tarixində fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanaraq icraata götürülməklə istintaq aparılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan 12 iyun 2023-cü il tarixdə o, şübhəli şəxs qismində tutulmuşdur. 14 iyun 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. 14 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 14 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi rayon prokurorluğuna vəsatətlə müraciət edilmiş, vəsatətə baxan prokuror onu müdafiə etməkdən imtian etmiş və Təqsirləndirilən şəxs barəsində tərəfimdən “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. 01 iyul 2023-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış və 20 avqust 2023-cü il tarixdə iş üzrə icraat təzələnmişdir. 22 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 221.3-ci maddəsi ilə olan ********* №-li cinayət işi materiallarından “Namiq” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə ********* №-li ayrıca icraata cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Binəqədi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 2067saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində sağ təpə nahiyəsinin cərrahi tikişli, ənsə nahiyəsinin sağ yarısının cərrahi tikişə ehtiyacı olmayan səthi əzilmiş yaraları, sol gözaltı, nahiyənin cüzi şişkinlik fonunda qançırı, burunun şişkinliyi, burun sümüklərinin yerdəyişmiş açıq sınığı, burun tənəffüsünün pozulması və burun yəhərinin əzilmiş yarası ilə müşayiət olunan burunun küt travması, sol yanağın, boyunun sağ yan səthinin orta və aşağı 1/3-nin, döş qəfəsinin arxa səthinin sağ yarısının, sağ bazunun yuxarı-orta 1/3-nin bayır, sağ saidin aşağı 1/3-nin ön səthlərinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirinsən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 2022-ci ilin sentyabr ayının 28-dən 29-a keçən gecə kənar şəxs (şəxslər) tərəfindən baş və burun nahiyəsinə küt alətlə, digər nahiyələrə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə burunun şişkinliyi, burun sümüklərinin yerdəyişmiş açıq sınığı burun tənəffüsünün pozulması və burun yəhərinin əzilmiş yarası ilə müşayiət olunan burunun küt travması ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya, başın tüklü hissəsində sağ təpə nahiyyəsinin cərrahi tikişli əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edlməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin izahatına, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə, yəni Zərərçəkmiş şəxs taxta parçası ilə vumamasına dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs ibtidai istintaq dövründə əməlini etiraf etməsi və hazırda məhkəmə istintaqında verdiyi fərqli ifadələr arasındaki ziddiyəti heç bir səbəblə əsaslandıra bilməmişdir. Həmçinin məhkəmə şahid qismində dindirilmiş Şahid3, Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs taxta parçası ilə vurmaması ilə bağlı ifadələrini sübut kimi qiymətləndirməyərək həmin ifadəyə tənqidi yanaşır və bunu təqsirləndirilən şəxsin onların ifadəsini dəyişdirməsinə təsir etməsi səbəbindən Təqsirləndirilən şəxs qorumaq və cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda —iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi KonstitusiyaMəhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların birbirinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiq etmə təcrübəsi yaranar. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qeyri-müəyyənliyin aradan qaldırılması üçün xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır. CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davaranış və birgəyaşayış qaydalarının sistemi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli, 1 nömrəli Qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın minimum həddinin təyin edilməsini ədalətli və qanunauyğun hesab edir . Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, ali təhsil almasını və hazırda 4-cü kurs tələbəsi olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, təqsirləndirilən şəxsin əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını) və təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə həmçinin, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, ən əsası isə yaşını, ali təhsil müəssisəsinin 4-cü kurs tələbəsi olmasını, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmənin məqsədi cinayət əməli törətmiş Təqsirləndirilən şəxs şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla onun qanunatabe vətəndaş ruhunda inkişafına kömək etməkdir. Xüsusi olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas məqsədi onun cəzalandırılması deyil, günahını dərk etməsi və gələcəkdə hüquqazidd əməllər törətməsinin qarşısının alınması, onun cinayətkar mühitdən uzaqlaşdırılması, cinayət törətmənin həyat tərzinə çevrilməsinin qarşısının alınmasıdır. Bu cür cəzalandırma onun hüquq və qanuni maraqlarının maksimum müdafiəsi və cəmiyyətə yenidən qazandırmaq məqsədi ilə onun fərdi profilaktik tərbiyəsinə yönəlmişdir. Belə vəziyyətdə məhkəmə ali təhsil müəssisəsində təhsilini davam etdirən, həyata yeni atılan, inancları tam formalaşmamış gənc bir vətəndaşın inkişafı və əməllərini vaxtında dərk etməsi, düzgün seçim etməsi və gələcəkdə düşünülməmiş hərəkət etməməsi üçün müvafiq tədbirlərdən istifadə edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi, maddə 8.1). Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törədərkən Təqsirləndirilən şəxs 23 yaşı olmasını nəzərə alaraq məhkəmə cəza təyin edərkən ona mərhəmət göstərilməsini xüsusilə vacib hesab edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin davranış və rəftarları ona təyin ediləcək cəzadan qorxmasını və törətdiyi cinayət əməlinə tənqidi yanaşaraq əməlindən peşman olduğunu göstərmişdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 60 saat üçün nəzərdə tutulan 360 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-87/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-87/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver