Məhkəmə qərarları › İş №1(001)-88/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-88/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-88/2023 11.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsi, mənzil 30-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Səid Ordubadi küçəsi, Su melorasiya idarəsinin yataqxanasında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxlərlə bir qrup şəxs halında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, «Aboyev» adlanan parkın yaxınlığında yerləşən bazarda, orada olan çoxsaylı şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs onun anası X1 təhqir etməsini cuzi səbəb kimi göstərib Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək sifət nahiyəsindən qəsdən yumruqla bir dəfə zərbə ilə vuraraq, sonuncuya üst dodağının selikli qişasının əzilmiş yarası kimi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül, digər şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, bədəninin müxtəlif yerlərinə təpiklə və yumruqla vuraraq, sonuncuya sol bud çanaq oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan oynağın qançır hematoması ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri və sol almacıq nahiyəsinin qançırı kimi sağlamlığına zərər vurmayana aid dərəcələri təyin edilməyən bədən xəsarətlərinin yetirilməsi ilə müşayiət olunan qəsdən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 19 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən bazara gələn zaman, qaynı Raminlə görüşmüş və sonuncu ona Ayxan və Sərxan adlı şəxslər tərəfindən döyüldüyünü bildirmişdir. O, Ramindən nə səbəbə görə belə bir hadisənin baş verdiyini soruşduqda, sonuncu ona qarşı adı çəkilən şəxslər tərəfindən şər və böhtan atıldığını bildirmişdir. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində anası Sevda Məmmədova ona zəng vuraraq, Raminin bazarda olmadığını, Ayxan və Sərxan adlı şəxslərin Ramini axtardıqlarını, həmçinin də ətrafda olan piştaxtanı dağıtdıqlarını bildirmişdir. Anası ilə bu söhbətdən sonra o, Ayxanla telefon əlaqəsi saxlayıb sonuncudan harada olduğunu soruşmuş, Ayxan da ona bazarda olduğunu bildirmişdir. O, Ayxanın olduğu yerə getmiş və mağazada satıcı işləyən Əminə adlı xanıma yaxınlaşıb Raminin adından üzr istəmişdir. Belə ki, ona məlumat verilmişdir ki, Ramin Əminəyə sataşmışdır. Həmin gün saat 14 radələrində bazarda Ramini axtaran zaman, anası Sevdanın işlətdiyi dükanı dağınıq vəziyyətdə olduğunu görmüş və anasından nə baş verdiyni soruşduqda, sonuncu ona Ayxan və Sərxan adlı qardaşların Ramini axtardıqlarını, həmçini həmin şəxslər tərəfindən təhqir edildiyini öyrəndikdə, Ayxan adlı şəxslə xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində görüşüb məsələni aydınlaşdırmaq üçün birlikdə anası Sevdanın yanına getmişdir. Ayxan dükana gəlmədiyini və onun anasını söymədiyini bildirmişdir. O, sonradan anasının Sərxan tərəfindən söyüldüyünü öyrənmişdir. Həmin yerdə, yəni Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Aboyev” adlanan parkının yaxınlığında yerləşən bazarda Ayxanın sifət nahiyəsinə bir dəfə yumruqla zərbə endirmişdir. O, Ayxanla mübahisəni tək etmiş və yalnız bir yumruq zərbəsi vurmuşdur. O, ictimai qaydaları pozmamış, Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, o, Raminin anasını söydüyünün şahidi olmamış, bazarda işləyən işçilərdən öyrənmişdir. Onun yanında əlində bıçaq olan şəxs olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Deyilənlərin nəzərə alınmaqla məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə qardaşı Sərxanın icarə əsasında işlətdiyi Bakı şəhəri, Binqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində olan yerüstü piyada keçiddə parfümeriya dükanında olan zaman, həmin dükanın işçisi olan Əminə xanım ona, yaxınlıqda lotoreya satışı ilə məşğul olan Ramin adlı şəxsin Əminəyə əxlaqsız fikirlər təklif etdiyini bildirmişdir. Bundan sonra o, bu barədə qardaşı Sərxana məlumat vermişdir. Həmin anda Ramin adlı şəxs oradan keçərkən o, sonuncunu yanına çağırıb Əminənin dediyini Raminə bildirmişdir. Ramin isə belə bir məsələnin olmadığını bildirdikdə, məsələyə aydınlıq gətirmək məqsədilə Əminəni yanına çağıraraq, sonuncuları üzləşdirmişdir. Əminə ona söylədiklərini Raminin üzünə qarşı dedikdə, Ramin Əminədən üzr istəyib oradan çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində evdə olduğu zaman, böyük qardaşı Sərxan ona zəng vuraraq, Raminin Sərxana zəng vurub nalayiq ifadələr işlədərək, Əminənin şər atdığını, həmçinin də məsələyə aydınlıq gətirmək məqsədilə onları obyektin yaxınlığına çağırmışdır. Bundan sonra özü, qardaşı Sərxan, Əminə və işçiləri Şahinlə birlikdə Raminin dediyi yerə getmişlər. Onlar Raminin dediyi ünvana getsələr də, Ramin həmin yerə getməmişdir. Daha sonra qardaşı Sərxana Raminin qaynı Anar adlı şəxs zəng vuraraq, məsələyə aydınlıq gətirmək üçün görüşməyi təklif etmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində qardaşı Sərxanın işlədiyi yerdə qardaşı Sərxanla Anar adlı şəxslə söhbət edən zaman, Anar Raminin adından üzr istəyib çıxıb getmişdir. Həmin gün saat 18 radələrində qardaşı Sərxanın iş yerində olduğu zaman, Anar həmin yerə gəlib onunla birlikdə bazara getməsini təklif etmiş və o, razılaşaraq Anarla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, «Aboyev» adlanan parkın yaxınlığında yerləşən bazara getmişlər. Həmin yerdə Anardan başqa iki nəfər də əvvəllər tanımadığı şəxslər də olmuşdur. Bazarda Anar ona, anası kimi təqdim etdiyi bir qadını göstərərək, həmin qadını tanıyıb-tanımadığını ondan soruşmuşdur. O, Anardan nə məqsədlə maraqlandığını soruşduqda, Anar qəfildən onun sifətinin dodaq nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmiş, Anarın yanında olan əvvəllər tanımadığı şəxslərdən biri təpiklə bir dəfə onun sol bud nahiyəsinə, digər tanımadığı şəxs isə bir dəfə onun sifət nahiyəsinin sol tərəfinə yumruqla zərbə endirmişdir. O, Anarı söyməmişdir, hətta Anarın yanında əlində bıçaq olan kişi Anardan uzaq dumağını ona bildirmişdir. Həmin şəxsin Anarın dostu olduğunu zənn edirdi. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı DİN-in 102 zəng xidmətinə zəng vuraraq, məlumat vermişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Əminə dükanı dağıdarkən orada olmamışdır. Bu barədə sonradan başqalarından ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona görə də, məhkəmədən təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 06.04.022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən keçidin yaxınlığında işlətdiyi dükana gələn zaman, dükanda satıcı işləyən Əminə ona yaxınlaşaraq, Ramin adlı şəxsin ona əxlaqsız təklif etdiyini bildirdikdə, həmin vaxtı orada qardaşı Ayxan da olmuşdur. Bundan sonra onlar məsələyə aydınlıq gətirmək məqsədi ilə Raminin yanına getmişlər. Raminin yanından isə özü, qardaşı Ayxan, Əminə, Ramin və sonuncunun yanında olan tanımadığı bir nəfər şəxslə birlikdə keçidin yaxınlığında yerləşən 100 nömrəli məktəbin arxa tərəfinə keçərək, orada sözlə mübahisəyə etməyə başlamışlar. Sözlə mübahisə zamanı Raminin yanında əvvəllər tanımadığı şəxs onlardan üzr istəyərək oradan çıxıb getmişlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Ramin onun mobil nömrəsinə zəng vurmuşdur. Ramin telefonda ondan harada olduğunu soruşmuş və Əminənin ona şər atdığını bildirərək, onları işlədiyi yerə dəvət etmişdir. Bu söhbətdən sonra o, qardaşı Ayxan, Əminə, işçisi Şahinlə birlikdə Raminin dediyi yerə getmiş, lakin, Ramin həmin yerdə olmamışdır. Təxminən 10-15 dəqiqə keçdikdən sonra özünü Raminin qaynı kimi təqdim edən Anar adlı şəxs ona zəng vuraraq, Raminin ağsaqqalı olduğunu və onunla səhər görüşüb söhbət etmək istədiyini bildirmişdir. 07 aprel 2022-ci il tarixdə, saat 11 radələrində qardaşı Anarla birlikdə işlədiyi yerə gəldikdə, Anar adlı şəxslə görüşmüş və sonuncu yeznəsi Raminin adından Əminədən üzr istəyib oradan çıxıb getmişdir. Təxminən bir neçə saatdan sonra qardaşı Ayxan ona zəng vuraraq, həmin Anar adlı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. O, da bundan sonra qardaşının xəsarət aldığı yerə getdikdə Ayxanın bir neçə şəxs tərəfindən döyüldüyünü görmüşdür. Həmiçinin bir nəfər tanımadığı şəxs əlində olan bıçaqla Ayxan istiqamətində zərbə endirməyə çalışsa da o, buna imkan verməmişdir. Daha sonra orada olan Anar adlı şəxs yanında olan tanımadığı bir neçə şəxslə birlikdə həmin yerdən qaçıb uzaqlaşmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 03 ildir Şahid3 icarəyə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən yer üstü keçiddə ətir satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən bazarın yaxınlığında poz-qazan lotoreyasının satışı ilə məşğul olan Ramin adlı şəxsdən lotoreya aldığı zaman, sonuncu ona “səni Sərxanın əlindən alacam” sözlərini desə də o, Raminə cavab verməmişdir. Bundan sonra o, hər dəfə Raminin yanına getdikdə, sonuncu ona söz atırmış və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə bu hal təkrarlandıqda o, baş vermiş hadisə barədə müdiri Sərxana məlumat vermişdir. Həmin gün Sərxan, Ramindən nə üçün satıcısının barəsində belə ifadələr işlətməsini soruşduqda, Sərxanla Ramin arasında sözlə mübahisə yaranmışdır. Mübahisənin davamı isə yaxınlıqda yerləşən 100 nömrəli orta məktəbin yanında getmiş, həmin vaxtı orada özündən başqa, Sərxan, Ayxan, Ramin və sonuncu ilə həmin yerə gəlmiş bir nəfər əvvəllər tanımadığı şəxs də olmuşdur. Həmin yerdə Ramin ondan üzr istəmişdir. Həmin gün Ramin gecə saatlarında Sərxana zəng edərək onun normal qadın olmadığını və buna görə nə üçün mübahisə etdiklərini Sərxana bildirmiş və Sərxandan iş yerinin yaxınlığına gəlməsini xahiş etmişdir. Bu barədə Sərxan ona dedikdə, onlar birlikdə Raminin toyuq satdığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən bazara getmişlər, lakin, Ramin orada olmamışdır. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında o, Raminin işlədiyi mağazaya gedib sonuncunun orada olduğunu görüb əsəbləşərək, orada olan piştaxtanı yerə ataraq onunla Sərxanın yanına getməsini tələb etmiş, lakin, Ramin onunla getməmişdir. O, Raminin mağazadan çıxıb getdiyini gördükdə, sonuncunun ünvanına təhqir edici ifadələr işlətməyə başlamış və əsəblərini cilovlaya bilmədiyi üçün yenidən Raminin mağazasını dağıtmışdır. İşdə olduğu zaman Raminin qaynı Anar oraya gəlib ondan üzr istəmişdir. Həmin gün axşam saatlarında Anar zəng edərək, Ayxanı bazara çağırıb orada Raminin qaynanası ilə söhbət etdiyi zaman, bir neçə nəfər şəxslərlə birlikdə Ayxanı döyərək xəsarət yetirmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadələrini oxumadan qol çəkmişdir. Belə ki, o, Ramindən poz-qazan lotereya bileti götürməmiş, lotereya satılan dükana getməmişdir. Binəqədi rayonunda yerləşən 100 nömrəli orta məktəbin yanında Sərxan Ayxan və Ramin arasında dava olmadı, yalnız bir-birlərini itələdilər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən bazarda toyuq satışı ilə məşğul olur. 2022-ci ilin aprel aynının əvvəlində iş yerinin yaxınlığında yer üstü piyada keçidində ətir satışı ilə məşğul olan tanışı Sərxan adlı şəxs onun yanına gələrək, poz-qazan lotoreya biletlərinin satışı ilə məşğul olmağa başladığını və bu işdən onun təcrubəsi olduğundan ondan kömək istəmişdir. O, Sərxanın iş yerinə gedib baxdıqdan sonra sonuncu üçün də poz-qazan alacağını bildirmişdir. Sərxan onu işçisi kimi teqdim etdiyi Əminə adlı xanımla tanış etmiş və alış verişə həmin xanımın baxdığını bildirmişdir. Əminə onun mobil nömrəsini götürüb lazım olacağı təqdirdə zəng edəcəyini bildirmişdir. Səhəri gün, Əminə onun işlədiyi mağazaya gəlib 100 ədəd 2 manatlıq poz-qazan lotoreya biletlərini alıb oradan çıxıb getmişdir. Bir neçə gün sonra Əminə yenidən onun mağazasına poz-qazan lotoreya billetlərini almağa gəlmiş və o, zarafat olaraq sonuncuya alış verişdə hərəkətli olduğunu Sərxanın əlindən satıcısını «oğurlayıb» özünə satıcı edəcəyini bildirmişdir. Həmin gün, Sərxanın işlədiyi piyada keçidindən keçən zaman, Sərxan və qardaşı Ayxan onu saxlatdırmışlar. Həmin şəxslər ona Əminəyə sataşdığını bildirmişlər və bu səbəbdən onların arasında sözlə mubahisə başlanmışdır. Daha sonra birlikdə yaxınlıqda yerləşən 100 nömrəli orta məktəbin yanına getmişlər və həmin yerdə Sərxan və Ayxan onun qarın və sifət nahiyəsinə yumruq zərbələri vurmuşlar. Sərxangil həmin vaxt oradan polis avtomobilinin keçdiyni görüb ondan əl çəkmişlər. Daha sonra həmin gün Sərxan və Əminə onun mağazasına yaxınlaşaraq, orada olan soyuducusunu və mağazanın qapısını təpiklə vurub sındırmışlar. Səhəri gün o, mağazada olan zaman, Əminə oraya gələrək, mağazada olan piştaxtanı vurub sındırmış və mallarını məhv etmişdir. O, mağazadan çıxıb getdikdən sonra, Sərxan, Ayxan və Əminə mağazada işləyən qaynanası Sevdanın üzərinə hücum edərək, sonuncuya «Ramin gəlməsə səni aparacayıq» sözlərini demişlər. Bundan sonra qaynı Təqsirləndirilən şəxs həmin mübahisədən xəbər tutub, Sərxanın yanına gedib məsələyə aydınlıq gətirmişdir. Daha sonra isə Sərxan və Ayxan qardaşlarının anası Sevdanı təhqir etdiklərini eşidib, Ayxanı anasının yanına aparıb, orada Ayxana xəsarət yetirmişdir. xx.xx.2022-ci il tarixdə Sərxangil ona məxsus mağazanı dağıtdıqdan sonra, bazarın çıxışında olan poz-qazan lotoreya biletlərinin satıldığı yerə gedib orada Əlihüseyn adlı işçinin üzərinə Əminə adlı şəxs hücum edərək, dükanda olan piştaxtanı vurub sındırmış, işçisi Əminəyə mane olmaq istədikdə isə çantasında bıçaq olduğunu və hər hansı bir xəsarət yetirəcəyini bildirib, oradan 1495 manat dəyərində poz-qazan lotoreya biletlərini götürüb çıxıb getmişdir. Baş vermiş mübahisə zamanı ona ümumilikdə təxminən 2000 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdır. (i.v.1) xx.xx.2022-ci il tarixli protokol və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, «Aboyev» adlanan parkın yaxınlığında yerləşən bazarda baş vermişdir. (i.v. 8-12) xx.xx.2022-ci il tarixli protokol və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində baş vermişdir. (i.v. 19-23) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 649 nömrəli rəyində göstərilmişdir ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər – sol bud çanaq oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan oynağın qançır hematoması, üst dodağının selikli qişasının əzilmiş yarası, sol almacıq nahiyəsinin qançırı bərk-küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər müddətə uyğun gəlirlər, dərəcələrinə görə sol budçanaq oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan oynağın qançır hematoması, üst dodağının selikli qişasının əzilmiş yarası ümumilikdə və ayrı-ayrılıqda sağlamılığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, qançır isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2022- ci il tarixdə yumruq və təpiklə yetrilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. (i.v. 46-47) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 675 nömrəli rəyində göstərilmişdir ki, 1997-ci il təvəllüdlü Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarət – qarının ön səthinin qnçırı bərk küt əşyanın təsirindən müayinədən 5-6 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Vətəndaş Şahid1 bədən səthində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruqla yetirilən zərbə nəticəsində əmələ gələ bilərdi. Vətəndaş Şahid1 bədən səthində aşkar olunmuş xəsarətin onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. (i.v. 49-50) xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokolundan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsini hadisə yerində təsdiq edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən bazarı əyani surətdə göstərmişdir. (i.v. 75-77) xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokolundan və fotoşəkillərdən görünür ki, Şahid1 ifadəsini hadisə yerində təsdiq edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən bazarı əyani surətdə göstərmişdir. (i.v. 83-86) xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİnin tələbnaməsindən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-54/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən 29, 317-1.1-ci maddəsi ilə ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. (i.v. 88- 89, 170-174) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları bir daha Şahid1 üzünə qarşı deyərək təsdiq etmişdir. (i.v. 91-93) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 ifadəsində göstərilən xüsusatları bir daha Şahid1 üzünə qarşı deyərək təsdiq etmişdir. (i.v. 94-97) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. (i.v. 105) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v. 108) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin hadisə yerində təsdiq etmişdir. (i.v. 112-114) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 ifadəsində göstərilən xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (i.v. 115-117) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (i.v. 118- 120) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 ifadəsində göstərilən xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (i.v. 121-123) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən, həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. (i.v. 131) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. (i.v. 134-135) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 143-144) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 160-161) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin hadisə yerində təsdiq etmişdir. (i.v. 164- 166) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən baş vermiş mübahisədə Təqsirləndirilən şəxsla birlikdə istintaqa məlum olmayan digər şəxslərin şəxsiyyətini müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. (i.v. 192) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. (i.v. 196-197) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi qaydada gətirilməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Odur ki, deyilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, hadisəni tək törətməsi, ictimai qaydanı pozmaması kimi verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 649 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sol bud çanaq oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan oynağın qançır hematoması, üst dodağının selikli qişasının əzilmiş yarası, sol almacıq nahiyəsinin qançırı bərk-küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər müddətə uyğun gəlirlər, dərəcələrinə görə sol bud-çanaq oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan oynağın qançır hematoması, üst dodağının selikli qişasının əzilmiş yarası ümumilikdə və ayrı-ayrılıqda sağlamılığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Eyni zamanda zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar da Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiyi halları təkzib edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.2.1-ci maddəsii cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Səid Ordubadi küçəsi, Su melorasiya idarəsinin yataqxanasını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. İş materiallaından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 gün tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi üzrə tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 60 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə, cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tutulduğu 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Səid Ordubadi küçəsi, Su melorasiya idarəsinin yataqxanasını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar