Məhkəmə qərarları › İş №1(001)-90/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-90/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-90/2024 27.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 15 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,433 qram ağ rəngli, kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 11 iyul 2023-cü il tarixində Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, “Kiprin yolu” adlanan ərazidə saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 18:50 dəqiqədə üzərində aparılan şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,433 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı xx.xx.2023-cü il tarixdə dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin almışdır. xx.xx.2023-cü il tarixdə Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsində saxlanılaraq polis bölməsinə aparılmışdır. Polis bölməsində şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı cibində olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı müdafiəçinin vəsatəti əsasında təkrar dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ittihamda göstərilən ünvanda “Kiprin yolu” adlanan ərazidə olmuşdur. Həmin günü avtobusdan düşəndən sonra əməliyyatçı kimi tanıdığı Tural adlı şəxs öz maşını ilə ona yaxınlaşmış, bölməyə getməli olduqlarını bildirmişdir. O, da Turalla birlikdə bölməyə getmiş, bölmədə olan zaman üzərinə baxış keçirilməsi üçün otağa dəvət edilmişdir. Həmin zaman Əli adlı polis əməkdaşı ona narkotik vasitəni verib, çəkiliş zamanı üzərindən çıxarmasını demişdir. O, həmin zaman üzərində olan telefon və açar və başqa əşyaları cibindən çıxarmışdır. O, polis əməkdaşları ilə birinci çəkilişdə razılaşmamışdır. Bundan sonra qapı açılmış və içəri bir neçə başqa şəxs də daxil olmuşdur. Ona təzyiq göstərib, nalayiq sözlə demişlər. O, hazırda həmin sözləri dilinə gətirməyə utanır. Bundan sonra ondan həmin narkotik vasitəni öz üzərinə götürməsini bildirib, 234.1-ci maddə ilə sənədləşmə aparılacağını bildirmişdir. O, 5-ci çəkilişdən sonra razılaşmış ki, ona həbs olunmayacağını bildirmişlər. O, savadsız olduğundan polis əməkdaşlarına inanmış və razılaşmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona sonradan məlum olmuşdur ki, elan edilmiş maddə ilə onu azadlıqdan məhrumetmə cəzası da gözləyə bilər. Məhkəmənin ilkin baxış iclasındakı ifadəsi ilə hazırki, ifadəsi arasında olan ziddiyyətin səbəbi ona verilmiş yalan vədə inanmağı olmuşdur. Çəkilişin 5 dəfə aparılmasına səbəb hər dəfə həmin narkotik vasitəni öz üzərinə götürməkdən imtina etməsi olmuşdur. O, hər dəfə etiraz etmiş, narkotik vasitənin ona məxsus olmadığını demişdir. Ona çəkiliş zamanı guya narkotik vasitəni Balaxanı adlanan ərazidən əldə etdiyini deməsini bildirmişlər. O, polis əməkdaşı tərəfindən “Kiprin yolu” adlanan ərazidə saxlanılmışdır. O, polis əməkdaşı tərəfindən saxlanılan zaman ayağında azadlığın məhdudlaşdırılması ilə bağlı qolbaq olmuşdur. O, saat neçədə saxlanıldığını xatırlamır, bölmədə 9 saat saxlanıldıqdan sonra polis idarəsinə aparılmışdır. O, polis bölməsinə fiziki təsirə məruz qalmış, onu şillə, təpik və yumruqla vurmuşlar. O, saxlanılan gün yolun qırağında dayanmışdır. 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb, üstünə baxış keçirmiş, həmin vaxtı üstündən heç bir şey çıxmamışdır. Daha sonra ona bölməyə getməli olduğunu demişlər. O, da polis əməkdaşlarından nə səbəbə görə bölməyə getməli olduğunu soruşanda, ona bölmədə aydınlaşdıracağını demişlər. Polis bölməsində o, təzyiq altında qalmış, 5 dəfə çəkiliş aparılmışdır. O, qorxudan razılaşaraq, psixotrop maddəni üstünə götürmüşdür. Halbuki onun üstündən heç bir maddə çıxmamışdır. Çəkiliş vaxtı dediyi sözləri qorxudan təkrarlamışmışdır. O, əvvəllər CM-in başqa maddəsi ilə məhkum olunmuşdur. Polis bölməsində onu yumruqla vurmuşlar. Ona prokurorluqdan sonra buraxılacağını demişlər. Prokurorluqda polis əməkdaşları özləri danışmışlar. Onun üzərindən aşkar edilib götürülmüş maddələr ona məxsus olmamışdır. O, anasının xəstə olduğunu, azadlığa çıxıb işləmək istədiyini bildirib, məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəllər Binəqədi RPİ-nin 43-cü PB-də əməliyyat müvəkkili vəzifəsində işləmişdir. O, Təqsirləndirilən şəxs oradan tanımış, belə ki, təxminən 11 iyun 2023-cü il tarixdə saat təxminən 17-18 radələrində Təqsirləndirilən şəxs “Kiprin yolu”nda saxlamışlar. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis bölməsinə dəvət etmişər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərindən şəffaf sellofana bükülmüş “patı” adlanan psixotrop maddə metamfetamin və mobil telefon aşkar edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfdən saxlanılan zaman saxlanılmasını normal qarşılamış, müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs tərəfindən də onlara qarşı hər hansı bir təzyiq göstərilməmişdir. O, saxlanılarkən ayıq vəziyyətdə olmuşdur. Əməliyyat qurupun rəhbəri o, olmuşdur. Təqsirləndirilən şəxs dediyinə görə üzərindən aşkar edilmiş maddəni bir gün əvvəl şəxsi istifadəsi üçün Balaxanı adlanan ərazidən almışdır. Onlar təqsirləndirilən şəxs “Kipri yolu” adlanan ərazidə gəzərkən saxlamış, həmin vaxtı üzərini yoxlamamışlar. Bölmədə üzərində şəxsi axtarış keçirilmişdir. Saxlanılan zaman təqsirləndirilən şəxsin üzərini yoxlayıbyoxlmadıqlarını dəqiq xatırlamır. Təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış zamanı aparılmış şəxsi axtarışda o, da iştirak etmişdir. Çəkiliş zamanı orada vəkil olubolmamasını dəqiq xatırlamır. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı təzyiq olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat mməlumatı əsasında Təqsirləndirilən şəxs Binəqədi rayonu, 2-ci Mədən, “Kiprin yolu” adlanan ərazidə tərəflərindən saxlanılmış, polis bölməsinə aparılmışdır. Polis bölməsində təhqiqatçının otağında üzərində olan metamfetamini çıxarıb masanın üzərinə qoymuş, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman saxlanılmasını normal qarşılamış, müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zamanı onlar tərəfindən hər hansı bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs özü könüllü etiraf etmişdir ki, narkotik maddəni öz istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs heç kim döyməmişdir, üzərindən aşkar edilmiş maddəni şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Hadisədən uzun müddət keçdiyindən təqsirləndirilən şəxs hansı maşınla bölməyə gətirdiklərini xatırlamır. Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində yerləşən “Kiprin yolu” adlanan ərazidə saxlanmış və bölməyə gətirilmişdir. Saxlanan zaman Təqsirləndirilən şəxs niyə görə saxlandığını izah etmişlər. Onların Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim etməsi, nəyə görə saxlanıldığını izah etmələri təxminən 1-2 dəqiqə ərzində baş vermişdir. Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən polis bölməsinə qədər təxminən 10-15 dəqiqəlik məsafə var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıması barədə Binəqədi RPİ-nin 43-cü PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə saat 17:05-dən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3745 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “ Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, İştirakçılar – üç imza, Təhqiqatçı: A.Aydəmirov–imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi – 1,433 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi çəkisi – 1,433 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,383 qram. xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılmış və bölmənin inzibati binasında olan iş otağında videoçəkilişdən istifadə olunmaqla sonuncunun üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni və dövriyyəsi qadağan olmuş vasitə olub-olmaması soruşulmuş, varsa təqdim etməsini təklif edilmiş, o da əynindəki şalvarın sağ cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəsi xx.xx.2023cü il tarixdə Balaxanı qəsəbəsində 15 manata aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi çəkisi 1,433 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 1,383 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan bir ədəd disk sübut növü kimi qiymətləndirilərək, iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-738/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli, 4784 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psxostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar edilir. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)- 157/2017 nömrəli hökmü ilə CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2016-cı il tarixdən hesablanmış, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-141/2023 nömrəli hökmü ilə CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və Sumqayıt şəhər probasiya şöbəsinin qeydiyyatında olan məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə izlənmə sessiyası zamanı saat 00:00-dan saat 15:05-dək ünvan 1 ünvanında yerləşən yaşayış yerində olması, saat 15:06-dan saat 15:39-dək olan vaxt aralığında Digah qəsəbəsi Hüseyin Rəhimov, Xətai, Neftçi və yenidən Hüseyin Rəhimov küçələri ilə hərəkət etməsi, saat 15:39-dan saat 16:07-dək Zəlimxan Yaqub küçəsində yerləşən "Ayxan" adlanan restoranın ətrafında olması, saat 16:07-dən saat 16:09- dək adı göstərilən küçə ilə hərəkət etməsi müşahidə olunmuşdur. xx.xx.2023-cü il tarixdə nəzarət subyekti Təqsirləndirilən şəxs saat 16:10-dan Mehdiabad qəsəbəsində yerləşən 28 May küçəsi, Binəqədi rayonunda yerləşən Binəqədi Dairəvi yol, Binəqədi şossesi, Şimal küçəsi, Mədən 2 küçəsi, Qız Qalası küçəsi, Bayraq küçəsi, Bineyi Qazi və Gülməmməd Ramazanov küçələri ilə hərəkət edərək saat 17:10-da Binəqədi rayon 43-cü Polis Bölməsinin ətrafında gəlmiş, xx.xx.2023-cü il tarixdə saat 10:00-dək sonuncu qeyd olunan ünvanda olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1026/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 141/2023 nömrəli hökmü ilə CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilərək 07 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixədək cəzasının 06 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 07 ay 18 gün təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə elektron nəzarət sistemində qeydiyyata alınmış və ona həmin tarixdə "Attenti" markalı elektron nəzarət vasitəsi tətbiq edilmişdir. xx.xx.2023-cü il üzrə izləmə məlumatlarına əsasən nəzarət subyekti Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində olması müşahidə edilməmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən saxlanıldıqdan fiziki zorakılığa məruz qalması barədə verdiyi məlumatla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsi halları müəyyən edilməmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən Təqsirləndirilən şəxs anası ilə birlikdə , ünvan 1 ünvanında yaşayış və barəsində heç bir yazılı şikayət daxil olmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən döyülməsi, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması və polis bölməsində törətmədiyi cinayəti etiraf edilməyə məcbur edilməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı elan edilmiş ittihamda xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 43-cü polis bölməsində keçirilmiş şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş psixotrop maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində əldə etməsi göstərilsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qeyd edilən tarixdə Balaxanı qəsəbəsində olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı və ibtidai istintaq zamanı ifadə verərkən üzərindən aşkar edilmiş psixotrop maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını bildirdiyinə görə ona elan edilmiş ittiham qeyd edilən xüsusat əks edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olmaması və üzərindən aşkar edilmiş psixotrop maddəni qeyd edilən ünvanda əldə etməməsi ona CM-in 234.1-ci maddəsi elan edilmiş ittihamın əsaslı olmasını şübhə altına ala bilməz. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-157/2017 nömrəli hökmü ilə CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2016-cı il tarixdən hesablanmış, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan altı il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-141/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum olunduğu və çəkilməmiş 07 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 03 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-738/2023 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,383 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun sabiq vəkili X3 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 28 (iyirmi səkkiz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun sabiq vəkili X5 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Həmçinin Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 28 (iyirmi səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun sabiq vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat, 28 (iyirmi səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 168 (bir yüz altmış səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 141/2023 nömrəli hökmü ilə məhkum olunduğu və çəkilməmiş 7 (yeddi) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 3 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 11 iyul 2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,383 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun sabiq vəkili X4 270 (iki yüz yetmiş) manat, 28 (iyirmi səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 168 (bir yüz altmış səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar