Məhkəmə qərarları › İş №1(001)-91/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-91/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-91/2022 21.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində 1 (bir) azyaşlı övladı olan, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində tanıdığı X3 məqsədi olmadan 10 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,622 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış və həmin tarixdə saat 22.00 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən 182 saylı orta məktəbin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 43cü Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sol arxa cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,622 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan – heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə saat 22.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 182 saylı məktəbin yaxınlığında piyada hərəkətdə olduğu zaman, əvvəllər tanımadığı iki nəfər mülkü geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildikləri üçün onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər.Bundan sonra o, öz razılığı ilə polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getmiş və orada müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli şalvarının sol arxa cibindən bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur.Bundan sonra, ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması barədə sual verildikdə, o, üzərində digər dövriyyəsi qadağan olunmuş əşyanın olmadığını bildirmişdir.Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən təqdim etdiyi narkotik vasitədən başqa, dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir.Təqdim etdiyi büküm onun iştirakı ilə açılmış və içərisində olan narkotik götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həm zərf həm də protokol imzalanmışdır.Üzərindən aşkar olunmuş narkotik vasitəni o, həmin gün, yəni 13.09.2021-ci il tarixdə saat 15.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 182 saylı məktəbin yaxınlığında əvvəllər tanıdığı X7 10 manat müqabilində şəxsi istifadəsi üçün şalvarının cibində gəzdirmiş və polis əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər-hansı bir zor tətbiq olunmamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və himayəsində 1 (bir) azyaşlı övladının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 43-cü PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 bildirmişdir ki, 13.09.2021-ci il tarixdə xidmətdə olduğu zaman xx.xx.1994-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ağamirək İsfahani küçəsi ev 32də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət etmişdir.Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-nin 43-cü PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1la birlikdə 13.09.2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 182 saylı məktəbin yaxınlığına getmişlər.Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs adlı şəxsə yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, ona narkotik vasitənin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, onlarla birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getməsini təklif etmişlər.Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlarla birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getmişdir.Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar.Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyevə həvalə olunmuşdur. Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, üzərində qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin olduğu halda könüllü təqdim olunması təklif edilmişdir.Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol arxa cibindən bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, təhqiqatçı tərəifndən həmin büküm açılaraq və içərsində olan maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür.Təqsirləndirilən şəxs həmin bükümdəki kütləni hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə sual verildikdə o, həmin bükümdə olan heroini 13.09.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində əvvəllər tanıdığı X7 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra bütün iştirakçılar tərfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Binəqədi RPİ-nin 43-cü PBnin CA üzrə ə/m, polis baş leytenantı Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14.09.2021-ci il tarixli, 6/4043 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində «…(imza) Zülfalıyev…» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,622 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Sİyahı-İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin keçirilmiş məhkəmə narkoloji ekspertizasının 22.09.2021-ci il tarixli, 3565 №-li rəyinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini və himayəsində 1 (bir) azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, ilk dəfə az ağır cinayət törətmişdir, himayəsində 1 azyaşlı övladı vardır, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur. Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin,«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdən – 15 sentyabr 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİnin 43-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş 13 sentyabr 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Elvar Quliyev tərəfindən qəbul edilmiş 15 sentyabr 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik maddə heroin 0,572 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdən – 15 sentyabr 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin 0,572 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar