Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-91/2025 15.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olmaqla Göyçay rayonu, Külşaban kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Şahid5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçərək, evin birinci mərtəbəsində olan yataq otağının pəncərəsinə həyətdən tapdığı taxta nərdivanı söykəyib, həmin otağın plastik pəncərəsini güc tətbiq etmək yolu ilə açmaqla, yaşayış sahəsinə qanunsuz daxil olaraq, yataq otağındakı güzgülü dolabın siyirməsindən Zərərçəkmiş şəxs məxsus dəyəri 1000 manat təşkil edən üzərində brilyant qaşı olan 1 ədəd 750 əyyarlı qızıl qadın üzüyünü, dəyəri 700 manat təşkil edən üzərində sadə qaşı olan 1 ədəd 750 əyyarlı qızıl qadın üzüyünü, dəyəri 1200 manat təşkil edən üzərində brilyant qaşı olan 1 ədəd 750 əyyarlı qızıl kişi üzüyünü, ümumi dəyəri 280 manat təşkil edən üzərində paxlava formasında olan kulonla birlikdə 1 ədəd 750 əyyarlı qızıl qadın boyunbağısını və dəyəri 320 manat təşkil edən üzərində iki ədəd halqası olan 1 ədəd 585 əyyarlı qızıl qadın qolbağını ,dəyəri 60 manat təşkil edən iki hissədən ibarət olan 01 ədəd boz rəngli qadın çantasını və 03 ədəd hər birinin dəyəri 1 manat təşkil ümumilikdə 3 manat dəyərində qızıl zinət əşyalarının qutularını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 3.563 (üç min beş yüz altmış üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə ittihamda qeyd edildiyi kimi olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, oğurluq etdiyi evə təsadüfən girmişdir. Evə girməmişdən əvvəl evi müşahidə etməmişdir. O, oğurluq əməlini hansı tarixdə törətdiyini xatırlamır, axşam saat 9- 10 radələrində oğurluq əməlini törətmişdir. O, ittihamda qeyd edilən qızıl-zinət əşyalarını oğurlamış, lakin qadın çantasını və qızıl zinət əşyalarının qutularını götürməmişdir. O, zərər çəkmiş şəxsi əvvəllər tanımamışdır. O, evə hasardan daxil olmuş, evdə yaşayış olduğunu görməmiş, həmin vaxtı evin işıqları yanmamışdır. O, evə girərkən səs-küy eşitməmiş, qızılları götürüb çıxmışdır. O, oğurluq etdiyi evdən hər birinin qiyməti 1 manat olan, ümumilikdə 3 manat dəyərində qızıl-zinət əşyalarının qutularını və qadın çantasını oğurlamış, evin həyətinə tullamışdır. O, məhkəmədən qeyd edilənləri nəzərə alıb yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi zamanı o, evdə olmamış, işdə olmuşdur. Qızılın da qiymətini qardaşı, ailə üzvləri səhvən 2500 manat olaraq bildirmiş, qızıl əşyalar ona məxsus olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı ona zəng edib, hadisə barədə məlumat verdikdən 2 saat sonra o, yaşadığı evə gəlmişdir. O, evə gəldikdən sonra qonşunun həyətindən qadın çantası, qızıl qutuları aşkar etmişlər. Hadisə vaxtı evdə qardaşı, anası, bacısı, arvadı və uşaqları olmuşdur. Onun evində müşahidə kamerası olmamışdır. Ailə üzvləri otağa girəndə pəncərənin açıq olduğunu, qızılların oğurlandığını görmüş, 102 xidmətinə zəng edib məlumat vermişlər. Əvvəllər onun evindən oğurluq olamamışdır. O, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş zərərin ödənilməsini tələb edir. Ona vurulmuş zərərlə bağlı 840 manat ödənilmişdir. Oğurluq hadisəsini təqsirləndirilən şəxs özü etiraf etmiş və hadisə qonşunun kamerasına düşmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2012-ci ildə onlar məxsus evdə 4-5 ay kirayədə yaşamışdır. O, yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs onlara gəlmiş, Türkmənistandan yeni qayıtdığını demişdir. Təqsirləndirilən şəxs onların evində olarkən ziyarətə getmək istədiklərini, maşın axtardıqlarını eşitmiş, onları maşınla aparmağı təklif etmişdir. Onlar Nazirin maşınla gəldiyini görüb razılaşmışlar. Onlar Nazirin maşını ilə ziyarətə getmiş, geri qayıdanda polis tərəfindən saxlanılmışlar. Nazir onlara qorxmamalarını radara düşdüyü üçün polis tərəfindən aparıldığını, maşından pul qabını və telefonunu götürmələrini demişdir. O, pul qabını götürmüş, laki telefonu polislər verməmişdir. O, həmin pul qabının içinə baxmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hadisənin şahidi olmamışdır. O, sərnişin kimi təqsirləndirilən şəxsə məxsus taksi avtomobildə ziyarətgaha getmiş, yolda polis əməkdaşları onları saxlayıb, polis idarəsinə aparmışlar. O, taksi sürücüsünü tanımamış, yol pulunu hər nəfərə 20 manata danışmışlar. O, avtomobildə Həmidə, Nigar və sonunucunun qızı ilə birlikdə olmuşdur. Onlar ziyarətdən qayıdarkən saxlanılmışlar. Bu hadisə 24 may 2024-cü il tarixdə olmuşdur. O, polis tərəfindən nəyə görə saxlanıldıqlarını bilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 24 və ya 25 may 2024-cü il tarixdə axşam saat 8 radələrində, yaşadığı evdə otaqda əyləşdiyi vaxt, otaqdan cüzi səs eşitmiş, bu barədə qardaşının arvadında demiş, sonuncu həmin vaxt uşağı yedizdirmişdir. Həmin vaxt səs gələn otağa heç kim keçməmişdir. 20-30 dəqiqə sonra otağa keçdikdə otağın dağınıq, pəncərənin açıq olduğunu, siyirməyə baxdıqda hər şeyin götürüldüyünü görmüşlər. O, pəncərəyə yaxınlaşdıqda qarşısında nərdivan olduğunu görmüşdür. O, 102 xidmətinə zəng edib, hadisə barədə məlumat vermişdir. Səsküyə qonşular da gəlmiş, həmin vaxt qızıl-zinət əşyalarının qutularını, çantanı qonşunun hasarının yanından tapmışlar. Həmçinin hasarın dibindən qırıq vintaçan tapılmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 və Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadə elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq əməli Bakı şəhəri, Binəqədi rayonu, Baksol yaşayış massivi, İncəçay küçəsində yerləşən fərdi yaşayış evində baş vermişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 təqdim etdiyi pul kisəsi götürülmüş və pul kisəsinə baxış keçirilərkən içərisindən 840 manat məbləğində nağd pul aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-379/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 may 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, istintaqa verdiyi ifadəsini təsdiq etməklə oğurluq hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti və əlyazma ilə “qızıl özümündür, tapıntı və ya oğurluq deyil aldım 1410 AZN” sözləri yazılmış, imza çəkilmiş 01 ədəd A4 formatlı kağız vərəq götürülmüşdür. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-231/2022 nömrəli hökmü ilə CM-in 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-177/2024 nömrəli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-231/2022 nömrəli hökmü üzrə məhkum olduğu azadlıqdan məhrum etmə cəzasınının çəkilməmiş qalan 06 ay 04 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid4 götürülmüş A4 formatlı 01 ədəd kağız vərəq maddi sübut kimi tanınmış və cinayət işinin materialarına əlavə edilmiş, hadisə yerinə baxış keçirilərkən götürülmüş qızıl zinət əşyalarının 03 ədəd qutusu və 01 ədəd qadın çantası saxlanması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, o, Təqsirləndirilən şəxs götürülmüş 840 manat nağd pulu Binəqədi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi İmamverdi Mehralıdan təhvil almışdır. Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamda qeyd edilmiş bəzi əşyaları oğurlamaması bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş həmin ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi həmin ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş həmin ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-231/2022 nömrəli hökmü ilə CM-in 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-177/2024 nömrəli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-231/2022 nömrəli hökmü üzrə məhkum olduğu azadlıqdan məhrum etmə cəzasınının çəkilməmiş qalan 06 ay 04 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini 22 may 2024-cü il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməlini cəzasının çəkilməmiş hissəsi ərzində, yəni cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə törətmiş və həmin əməli törədərkən onun məhkumluğu ödənilməmişdir. Belə ki, CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halı, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-231/2022 nömrəli hökmü ilə təyin olunmuş cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-177/2024 nömrəli qərarı ilə çəkilməmiş qalan 6 (altı) ay 4 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə, yəni cəzasının çəkilməmiş hissəsi ərzində törətmişdir. CM-in 76.6 və 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-177/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-231/2022 nömrəli hökmü ilə təyin olunmuş cəzasının çəkilməmiş qalan 6 (altı) ay 4 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli, həmin cəzanın çəkilməmiş 6 (altı) ay 4 (dörd) günü hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-379/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 may 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 24 may 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış qızıl zinət əşyalarının yığılması üçün nəzərdə tutulmuş 03 ədəd qutunun və 01 ədəd qadın çantasının saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış üzərində “qızıl özümündür, tapıntı və ya oğurluq deyil aldım 1410 AZN” sözləri yazılmış A4 formatlı 01 kağız vərəq cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 125 (bir yüz iyirmi beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ona vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6 və 76.6.3-cü maddələrinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-177/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-231/2022 nömrəli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 6 (altı) ay 4 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-231/2022 nömrəli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 6 (altı) ay 4 (dörd) günü hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 24 may 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, üzərində “qızıl özümündür, tapıntı və ya oğurluq deyil aldım 1410 AZN” sözləri yazılmış A4 formatlı 01 kağız vərəq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, qızıl-zinət əşyalarının yığılması üçün nəzərdə tutulmuş 03 ədəd qutunun və 01 ədəd qadın çantasının saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 125 (yüz iyirmi beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-91/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-91/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver