Məhkəmə qərarları › İş №1(001)-93/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-93/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-93/2021 25.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Yardımlı rayonunda doğulmuş, əvvəllər məhkum olunmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Yardımlı rayonu Ostair kəndində qeydiyyatda olmaqla Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev 151 ünvanında kirayədə yaşayan, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, 26.09.2020-ci il tarixdə Xocəsən qəsəbəsinin ərazisində istintaqa məlum olmayan vaxt və mənbədən yivli odlu silah olan Smit Vesson modelli 44 (llmm) kalibrli rovelveri əldə edib daşıyaraq üzərində saxlamaqla gəzdirmiş, 26.09.2020-ci il tarixdə saat 16-50-də Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində yerləşən “Alo” topdan salış mərkəzi ilə üzbəüz ara küçədə saxlanılaraq, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara şalvarının kəməri ilə qarın nahiyyəsi arasında gəzirdiyi 01 ədəd, zavod üsulla ABŞ-da istehsal olunmuş, texniki cəhətdən saz olan, 1880-ci ilin nümunəsi olan Smit Vesson modelli 44 (11mm) kalibrli yivli odlu silah rovelver aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə məhkum olunmuş, hal-hazırda evli olduğunu və fərdi əməklə məşğul olmasını bildirmişdir. Yardımlı rayonu Ostair kəndində qeydiyyatda olmaqla Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev 151 ünvanında kirayədə tək yaşamışdır. 26 iyun 2020-ci il tarixdə gündüz saat təxminən 12-13 radələrində yaşadığı küçədə təsadüfən tanımadığı yaşlı bir şəxs ona yaxınlaşaraq gündəlik kirayə ev axtardığını bildirmişdir. O, ona yaşadığı evdə qalmaq üçün yer olduğunu və onu ev sahibi ilə tanış edə biləcəyini, ev sahibi kirayə haqqı üçün 3 manat pul alacağını demişdir. O, onunla razılaşmış və onunla söhbət əsnasında həmin şəxs ona dəmir yığıb satmaqla dolandığını bildirmişdir. Bundan sonra o, Xocasən qəsəbəsində tanışı olduğunu və həmin tanışında dəmir tullantıların olduğunu bildirmişdir. Beləliklə, onunla birlikdə Xocasən qəsəbəsinə getmiş və onun dediyi yerdə dəmirlərə baxmışdır. Həmin ətrafda bir qədər mişar daşı olmuş və mişar daşlarının yanında bir sellofan paket diqqətini çəkmişdir. Həmin paketə baxarkən içində tapança olduğunu görmüş və dərhal götürüb geyindiyi şalvarla qarın nahiyəsinin arasına salıb gizlətmişdir. Bundan həmin şəxsin xəbəri olmamışdır. Bir qədər orada vaxt keçirdikdən sonra onunla oraya gedən şəxs ona pul verərək içmək üçün su almağı xahiş etmişdir. O, da ondan pul götürüb oradan magistral yol istiqamətinə getmişdir. Magistral yola az qalmış iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək Binəqədi rayon polis idarəsinin 40cı polis bölməsinin əməkdaşları olmalarını bildirmişlər və onda odlu silah saxlamasına dair məlumatların olduğunu demişlər. Daha sonra o, 40-cı polis bölməsinə dəvət edilmişdir. Onlar birlikdə 40-cı polis bölməsinə gəlmişlər, 40-cı polis bölməsində üzərinə baxış keçirilməzdən öncə ona hüquqları izah olunmuş, dövlət hesabına hüquqlarını müdafiə etməsi üçün vəkil siyahısı təqdim olunmuşdur. O, siyahıda göstərilən hər hansı bir vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Bundan sonra, video çəkilişlə üzərinə baxış keçirilmiş və o, əynində olan qara rəngli cins şalvarın qarın nahiyəsinin kəmər hissəsinə keçirdib gizlətdiyi odlu silahı çıxardıb çəkiliş zamanı təhqiqat orqanına təqdim etmişdir. Bundan əlavə o, onunla birlikdə olmuş şəxslə bir gün bir yerdə olsada, onun adını soruşmağı unutduğunu bildirmişdir. Həmin odlu silahı gəzdirməkdə hər-hansı bir məqsədi olmadığını, silahı tutulmazdan təxminən bir qədər əvvəl tapdığı üçün üzərində gizlətdiyini və yaşadığı evə aparıb orada gizlədəcəyini bildirmişdir. Həmin odlu silahı satmaq məqsədi olmadığını vurğulamışdır. Həmin silahla heç bir cinayət törətməmiş, polislər tərəfindən saxlanılarkən ona qarşı heç bir zor və təziq edilmədiyini bildirmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 26 sentyabr 2020-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edərək üzərində gəzdirməsi ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla polis bölməsinin rəhbərliyinə məruzə edilmiş və bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 26 sentyabr 2020-ci il tarixdə müvafiq qərar qəbul olunmuş və əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi haqqında protokol tərtib edilmişdir. Həmin qrupa o, və Binəqədi RPİnin 40-cı PB- nin CA-üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 daxil edilmişdir. Bundan sonra, həmin tarixdə saat 16:50-də birlikdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən “Alo" topdan satış mərkəzi ilə üzbəüz ara küçədə piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılaraq, ona polis əməkdaşları olduqlarını bildirmişlər və sonra ona hüquq və vəzifələrini izah etmişlər. Həmçinin ona üzərində qanunsuz olaraq odlu silah gəzdirməsində şübhələndiklərini demişlər və bununla bağlı onun onlarla birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində yerləşən 40-cı PB-nə getməsini təklif etmişlər. Rovşan Abdıılov təklifi qəbul etmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bu barədə raportla bölmənin rəhbərliyinə məruzə edilmişdir. Həmin faktın araşdırılması bölmənin təhqiqatçı polis baş leytenantı Azər Süleymanova həvalə olunmuşdur. Bundan sonra, onlar Rövşan Abdulovun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyə dəvət olunmuşlar. X8 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış və ona hüquq və vəzifələri izah edilmişdir. Onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmişdir. Onun üzərinə video çəkiliş ilə şəxsi axtarış keçiriləcəyi qeyd olunmuş, inspektor kriminalist Altay Kərimov tərəfindən mütəxəsiss qismində video çəkilişin aparılacağı bildirilmişdir. Qeyd olunanlardan sonra təhqiqatçı tərəfindən X6 üzərində qanunsuz saxlanılan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və olduğu halda həmin əşyanın könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın ön tərəfdən keçirilmiş kəmərin arxa hissəsindən bir ədəd gümüşü "Naqan" tipli odlu silahl çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin, hər hansı bir əlavə əşya aşkar edilməmişdir. X11 masanın üzərinə qoyduğu silahın "Naqan" tipli silah olmasını və Binəqədi rayonu Xocasən gölünün yaxınlığında dəmir axtararkən tapdığını bildirmişdir. Qeyd olunanlardan sonra həmin silahın növünü, yararlı olub-olmamasını müəyyən elmək məqsədi ilə boş zərfə qoyularaq qablaşdırılmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən bu barədə tərtib edilmiş protokol ucadan oxunulmuş və onlar və Təqsirləndirilən şəxs tərəfindən protokol imzalanmışdır. Video-çəkiliş təhqiqatçı tərəfindən video diskə köçürülmüş və protokola əlavə olunmuşdur. X1 zaman və üzərinə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təziq edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsindən məlum olur ki, o, Şahid2 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxış iclasında əlavə şahid qismində dindirilmiş ekspert X5 ifadəsində göstərmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah, zavod üsulu ilə ABŞ-da istehsal olunmuş 1880-ci ilin nümunəsi olan Smit Vesson modelli 44 (11mm) kalibrli revolverdir, yivli odlu silahdır və texniki cəhətdən sazdır. Patron olmadığı üçün atəşə yararlı olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Silah texniki cəhətdən saz və işlək vəziyyətdə olduğuna görə patron olsa idi silahdan atəş açmaq mümkün olardı. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 26.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 27.09.2020-ci il tarixli, 20/488R saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah, zavod üsulu ilə ABŞ-da istehsal olunmuş 1880-ci ilin nümunəsi olan Smit Vesson modelli 44 (11mm) kalibrli revolverdir, yivli odlu silahdır və texniki cəhətdən sazdır. DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin kolleksiyasında 44 (11 mm) kalibrli patron olmadığından həmin silahdan eksperimental atəş açılmadı və atəşə yararlı olub-olmamasını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş silahın ümumi uzunluğu 225 mm, hündürlüyü 140 mm, lülənin uzunluğu 111 mm, çəkisi 830 qr-dır. İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli, 4(001)-802/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə qətimkan tədbiri qismində həbs seçilmişdir və həbsetmənin əvvəlinin 26.09.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Yardımlı RİH Başçısının Ostayir İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Abdulov X7 rayonu, Ostayır kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayır. Onun haqqında Ostayir İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.11.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Abdulov X7 rayon Xalq Məhkəməsinin 21.08.1995-ci il tarixli hökmü ilə AR CMnin 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Xalq Məhkəməsinin 05.05.1998-ci il tarixli hökmü ilə AR CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10.08.2012-ci il tarixli hökmü ilə AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21.08.2013-cü il tarixli hökmü ilə AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli hökmü ilə AR CM-nin 69.3,177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1(bir) il 9 (doqquz) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli, 1(012)-147/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 20.03.2019-cu il tarixdən 16.05.2019-cu il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 26 (iyirmi altı) gün müddəti nəzərə alınmış, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30.10.2020-ci il tarixli, 3/1204 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd 1880-ci il nümunəli silah, zavod üsulu ilə istehsal edilmiş “Smit Vesson” modelli 44 (11mm) kalibrli revolverdir, yivli-odlu silahdır, saz vəziyyətdədir. Rəyin tədqiqi hissəsində göstərilən səbəbdən silahın-revolverin atəşə yararlı olub-olmadığını müəyyən etmək mümkün deyil. Silahın üzərində təyinatını dəyişdirən sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Silahın səthi dərin karroziyaya uğradığından zavod işarələrini müəyyən etmək mümkün deyil. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 30.10.2020-ci il tarixli, 6/1204 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil etmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 22.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ittiham əsaslı və qənuni olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılması saxlanılması və haqqında seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 (bir) ədəd 1880ci il nümunəli silah, zavod üsuli ilə istehsal edilmiş “Smit Vesson” modelli, saz vəziyyətdə olan 44 (11mm) kalibrli revolver, yivli-odlu silah iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və cinayətin predmeti olduğundan maddi sübut kimi tanınması, cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş video-çəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə zamanı görüntülərin 1 ədəd video-disk köçürülməsi ilə bağlı, həmin video-disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və s. qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt Şəhər Probasiya Şöbəsinin 29.04.2021-ci il tarixli, 1126 saylı məktuba cavabdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 19 may 2019-cu il tarixli, 1(012)- 147/2019 saylı hökmünə əsasən X9 Azərbaycan Respublikası CM-nin 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm 12 iyun 2019-cu il tarixdə Şöbəsinin icraatına daxil olmuş, qeyd edilən cəza bu günə kimi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, iş üzrə maddi sübutlarla, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materiallarında olan digər sübutlarla onun qanunsuz olaraq döyüş sursatı olan silahı əldə etmə, saxlama və gəzdirmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli, 1(012)-147/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 8 (səkkiz) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini ağırlaşıdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin halların nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəza çəkmə müəssisəsində çəkməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab №-AZ34CTRE********************, X3, KOD210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ 013601**********3944, SWİFT-BİK CTREAZ22 hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 44 (11mm) kalibrli “Smit Vesson” modelli revolver hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işi materialında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 28.12.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 37 saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 222 (iki yüz iyirmi iki) manat (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırması cəzası, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanaraq yəni 10 (on) ay 4 (dörd) gün azadlıqdan məhrum etmə cəzası ona təyin olunmuş 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmənin əvvəli tutulduğu 26 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005 VÖEN ********** Muxbir hesab AZ 85NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 222 (iki yüz iyirmi iki) manat (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 44 (11mm) kalibrli “Smit Vesson” modelli revolver hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işi materialında saxlanılsın. Hökmdən elan olunduğu andan (azadlıqdan məhrumetmə yerlərində olan şəxsə təqdim edildiyi andın) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar