Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-93/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Xüsusi ittihamçı X9 və onun nümayəndəsi – Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs X2 və onun vəkili Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 25 avqust 1968-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Bakı Dövlət Rabitə Nəqliyyat Kollecində müəllim işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, X2 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X9 xüsusi ittiham qaydasında şikayətinə görə, X5 “Tik-tok” sosial şəbəkəsində etdiyi video paylaşımda onun ünvanına təhqiredici “savadsız” kimi ifadə işlədib, onun şərəf və ləyaqətini bilərəkdən alçaltmış, həmçinin “Gülnar Muradzadə imtahandan keçmək üçün idarənin müdir müavininə pul vermişdir” kimi ifadələr işlətməklə ona qəsdən böhtan atmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət qanunsuz və əsassızdır. Belə ki, X15 xüsusi ittiham qaydasında şikayətində qeyd etmişdir ki, guya o, onu rüşvət verməklə direktor müavini vəzifəsinə təyin edilməsini sosial şəbəkələrdə yaymaqla onun barəsində böhtan xarakterli çıxışlar etmişdir. Əslində isə X15 özü etiraf etmişdir ki, o imtahandan yaxşı nəticə göstərə bilmədiyi üçün rüşvət verməklə məktəbin direktor müavini vəzifəsinə təyin edilmişdir. O da onun öz dediklərini sosial şəbəkədə söyləmişdir. Bundan əlavə, o, ali təhsilli olmaqla bərabər şəhid bacısıdır. Belə ki, onun qardaşı X8 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Bir ali təhsilli müəllimlə şəhid bacısı olaraq o, özünə kimisə təhqir etməyi və onun barəsində təhqir xarakterli çıxışlar etməyi sığışdırmır. Həmçinin burada onun çıxışında pul vermək işlədilsə də, bununla bağlı istintaq və prokurorluq orqanları hər hansı bir araşdırma aparmamışdır. O, həmin məlumatın yalan və ya doğru olduğunun fərqinə varmamışdır. Hesab edir ki, bu işdə onun günahı və hər hansı təqsiri yoxdur. Savadsız ifadəsinə gəldikdə isə o, həmin sözü Gülnar Muradzadənin təhsil işçisi kimi savadsız olduğu mənasında deyil, rus dilli olduğundan azərbaycan dilində sərbəst danışıb fikrini izah edə bilməyən mənasında işlətmişdir. Azərbaycan dilindən savadsız anlamında işlətmişdir. X15 test mərhələsindən keçməmişdir. Bunu özü ona demişdir. Səbinə müəllimə də bu söhbətin şahidi olub. Qeyd olunanları nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X2 vəkili Müdafiəçi X2 ifadəsini müdafiə edərək, sonuncunun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı şikayətini müdafiə edərək bildirmişdir ki, o, 13 ildir Bakı şəhəri Nərimanov rayonu 200 saylı tam orta məktəbdə kimya fənni üzrə müəllim işləyir. O, 20 noyabr 2023-cü il tarixdə təlim tərbiyə işləri üzrə direktor müavini imtahanında iştirak etmiş və 67 bal toplayaraq uğur qazanmışdır. 2024-cü ilin fevral ayında imtahandan uğur qazanan namizədləri imtahanın müsahibə mərhələsinə dəvət etdilər. Müsahibədə yetərincə bal toplaya bilmədiyi üçün təkrar müsahibəyə dəvət olunmaq məqsədi ilə 18 nömrəli məktəbdə təşkil edilmiş təlimlərə cəlb edildi. Təkrar müsahibədə iştirak edərək uğur qazandığı üçün Bakı şəhəri üzrə təhsil idarəsinə çağırıldı və onunla məktəbə direktor müavini vəzifəsinə təyin olunmağı ilə bağlı söhbət aparıldı. İdarədə onunla söhbət zamanı yaşayış yeri, ailə vəziyyəti, avtomobilinin olubolmamasını öyrəndilər. Çünki qeyd edilənlər nəzərə alınaraq məktəb müəyyən olunurdu. Bundan sonra idarə tərəfindən ona zəng olunur və bildirilir ki, “siz 240 saylı məktəbə direktor müavini təyin olunursuz”. 18 aprel 2024-cü il tarixdə İdarə tərəfindən Votsap qrupu yaradılır və imtahanda uğur qazanmış namizədləri həmin qrupa əlavə edirlər. Votsap qrupu üzvlərinə 18 aprel 2024-cü il tarixdə saat 14:00-da “ZOOM” platforması üzərindən görüş təşkil edildi. Görüş İdarənin müdir müavini Anar Məmmədov tərəfindən keçirildi və onlara lazım olan təlimatlar verildi. 19 aprel 2024-cü il tarixdə kurator qrupda bildirdi ki, 22 aprel 2024-cü il tarixə qədər zəruri sənədləri idarəyə təqdim etməlidirlər. 22 aprel 2024-cü il tarixdə o, sənədləri idarəyə təqdim etməklə eyni zamanda 240 saylı məktəbə direktor müavini təyin olunmaq üçün ərizə yazdı. Təyinat ərizəsi yazdığı gün onunla eyni qrupda hazırlıq keçən 240 saylı məktəbdə müqavilə əsasında direktor müavini (imtahandan keçə bilmədiyi üçün müqavilə əsasında işləyir) işləyən X16 ilə rastlaşdı və ondan hansı məktəbə təyin olunduğunu soruşdu. O isə ona 240 saylı orta məktəbə direktor müavini təyin olunmaq üçün ərizə verdiyini bildirdi. Bu hadisədən 1 gün sonra tanımadığı və heç bir zaman ünsiyyətdə olmadığı X5 video çəkiliş edərək onun barəsində “Meydan TV”-in internet səhifəsində və sosial şəbəkə hesablarında, “TİKtok” sosial şəbəkəsində, “yenigundem.az” saytında, “tehsilforumu” facebook sosial şəbəkəsində böhtan və təhqir xarakterli məlumatlar yaydı. Həmin məlumatlara təkcə “Meydan TV”-nin youtube kanalında 8743 nəfər şəxs baxmış və 351 nəfər bəyənmiş, “TİKtok” sosial şəbəkəsində 415 nəfər şəxs baxmış və 27 nəfər bəyənmişdir. X5 video müraciətlərdə deyir ki, guya o, ona demişdir ki, test mərhələsini və tələb olunan limitləri keçə bilməmiş, 52 bal toplamış, məntiqdən 3 suala cavab vermiş, rus dilli olduğu üçün suallara cavab verə bilməmişdir. Bu səbəblərdən onu çağırmayacaqlar. Sonra L.Qəhrəmanova bildirir ki, guya o, 246 saylı məktəbə direktor müavini təyin edilmiş, 3-4 il iş stajı var, hazırlıq zamanı onunla söhbət etdiyini və rus dilli olduğu üçün sərbəst danışa bilmir. O, qeyd olunan video müraciətlərdə imtahandan keçmək üçün idarənin müdir müavini Anar Məmmədova pul verdiyini bildirməklə ona böhtan atır və savadsız olduğunu bildirərək onu təhqir edir. Bildirir ki, X2 dedikləri hamısı yalandır. Çünki onunla heç vaxt ünsiyyətdə olmamış, onu sadəcə hazırlıq zamanı ümumi otaqda görmüşdür. O, test mərhələsində tələb olunan keçid balını toplayaraq uğurla imtahandan keçmiş, 13 il pedaqoji iş stajı var, təhsilini rus dilində alsa da Azərbaycan dilində sərbəst danışır, fikirlərini düzgün ifadə edə bilir. İmtahanın test və müsahibə mərhələsindən keçmək üçün idarənin müdir müavini Anar Məmmədova pul və ya digər maddi nemətlər verməmişdir. X5 tərəfindən video müraciətlər yayıldıqdan sonra onu idarəyə dəvət edərək L.Qəhrəmanova ilə telefon və digər vasitələrlə əlaqəyə girməməyi və idarədən cavab gözləməyini bildirdilər. Təxminən avqust ayının əvvəlində o, idarənin müdir müavini Anar Məmmədovun qəbuluna gedərək təyinatı barədə soruşduqda, o, ona imtahandan keçmədiyini bildirdi. O, imtahandan keçmədiyi halda 240 saylı məktəbə direktor müavini təyin olunmağı barədə ərizənin ondan alınmasının səbəbini soruşduqda A.Məmmədov konkret cavab vermədi. O, təyinatının verilməməsində L.Qəhrəmanovanı günahlandırır. Çünki onun video müraciətindən sonra bütün bunlar baş verib. O, onun karyerasını korlayıb, işgüzar nüfuzuna ziyan vurub və onu ağır cinayət törətməkdə ittiham edib. X5 “Meydan TV”nin internet səhifəsində və sosial şəbəkə hesablarında, “TİKtok” sosial şəbəkəsində, “yenigundem.az” saytında, “tehsilforumu” facebook sosial şəbəkəsində böhtan və təhqir xarakterli məlumatlar yaymaqla onun şərəf və layəqətini alçaltmışdır. Bununla da o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Yekun olaraq bildirir ki, X3 əvvəllər tanımamış və onunla heç bir işgüzar münasibəti olmamışdır. Bu şəxsi o, yalnız hazırlıq zamanı görmüşdür. X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi TV-nin internet səhifəsində və sosial şəbəkə hesablarında, “TİKtok” sosial şəbəkəsində, “yenigundem.az” saytında, “tehsilforumu” facebook sosial şəbəkəsindən edilmiş çıxışlar, hazırki şikayətə əlavə edilmiş flaşkartda yer alan video yazılarla sübut edilir. Göstərilənlərə əsasən, X2 azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X9 nümayəndəsi və vəkili Nümayəndə xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək, X2 azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin vəsatəti əsasında şahid qismində dindirilən X16 ifadəsində bildirmişdir ki, o, X11 və X3 hazırlıq kursundan tanımışdır. Hazırlaşdığı qrupda həm Lətifə xanım da, həm də Gülnar xanım olmuşlar. İmtahan günü, yəni 20 noyabr 2023-cü il tarixdə imtahanda onunla bərabər 20-yə yaxın müdavimlər var idi, onların içində Gülnar xanımda var idi. İmtahandan çıxandan sonra hamı öz topladığı balı elan etmişdi. Gülnar xanım isə ya 52, ya da 54 bal topladığını demişdi. O, özü 70-ə yaxın bal yığmışdı, amma narahat idi ki, hansısa fənni yaxşı yazmamışdır. Gülnar xanım isə rus dilli olduğuna görə imtahandan kəsiləcəyini deyirdi. Ona verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, Gülnar Muradzadə 67 bal toplamamışdı. Bunu özü onların yanında demişdi. Gülnar imtahandan sonra özünü o qədər itirmişdi ki, paltosu 2-ci mərtəbədə qalmışdı. Gülnarın kiməsə rüşvət verib direktor müavini keçəcəyini deməsini eşitməmişdir. Lakin hamsı danışırdı ki, pul verməsələr imtahandan keçə bilməyəcəklər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 17 may 2024-cü il tarixdə çap edilmiş Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 əsas iş yeri Bakı şəhəri məktəb lisey kompleksi olmaqla, 10 oktyabr 2012-ci il tarixdən etibarən müddətsiz əmək müqaviləsi əsasında həmin kompleksdə kimya müəllimi vəzifəsində çalışır. Bildiriş çap edilən tarixdə qüvvədə olmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən X12 ünvanlanmış 12 avqust 2024-cü il tarixli cavab məktubundan görünür ki, sonuncu 20 noyabr 2023-cü il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində cəmi 64 bal (ixtisas balı 36 bal, informatika balı 14 bal, məntiq balı 14 bal) toplamışdır. İş materiallarında olan yaddaş kartındakı (Flash card) video-görüntüdə X2 “Tiktok” sosial şəbəkəsində səsləndirdiyi nitq qeydə alınmışdır “Mən, X5, şəhid bacısıyam və tək qadınam. 2023-cü ildə 20 noyabr tarixində Bakı şəhəri üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında iştirak edib uğur qazanmışam. Lakin müsahibə mərhələsində Bakı Baş Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov başqa iştirakçılardan pul alır, onları keçirir. Bunlardan biri, Gülnar Muradzadə adlı müəllimə mənimlə bir yerdə hazırlıq keçirdi. Gülnar Muradzadə özü dili ilə qeyd elədi ki, mən 52 bal toplamışam. Orda qoyulan limitləri heç keçməmişəm. Yəni orda 10 sual ixtisasdandı, 5 sual məntiqdən, 5 sual isə informatikadandır. O isə məntiqdən 3 suala cavab vermişdi. Ona görə çox qorxu keçirirdi. Lakin mən ondan 10 bal artıq toplamışam. Onun pedaqoji təcrübəsi hardasa 3-4 il ola bilər, çünki o müəllimə çox gəncdir. Mənim isə 34 il pedaqoji təcrübəm var və şəhid bacısıyam, qeyd elədiyim kimi, bu boyda mənim statusum var. Nəyə görə Gülnar Muradzadəyə hörmət eliyib, güzəşt eliyib, onu 246 nömrəli məktəbə direktor müavini təyin eliyiblər, ancaq mən şəhid bacısı 62 balla verilən limitləri keçdiyim halda, suallara cavab verdiyim halda, 34 il pedaqoji təcrübəm olduğu halda mən ortada qalmışam. Nəyə görə G.Muradzadəyə hörmət olunur, ancaq şəhid bacısına hörmət olunmur? G.Muradzadə ilə söhbət eləmişəm mən, çünki o mənimlə üz-üzə otururdu hazırlıqda. O iki cümləni bir-birinin ardınca sərbəst danışa bilmirdi. Səbəbini isə göstərir ki, mən rus dilliyəm. Belə bir müəllim yerləşdirilib artıq məktəbə, təyin olunub, ancaq mənim kimi kadr kənarda qalıb. Təkcə mən yox, 89 bal yığmış Nuranə müəllimə, Bayıl məktəbindən uzaqlaşdırıldı, müsahibədən sonra, dedilər ki, “siz keçmədiz müsahibədən”. X20 kimi savadsız heç keçid balını toplaya bilməyən müəllimə artıq məktəbə təyin olunub. X17, ölçü götürün. Bakı Baş Təhsil idarəsində Anar Məmmədov özbaşınalıq edir. Kim pul versə, onu təyin eliyir, verməyənləri isə yüksək bal yığmağına baxmayaraq, korrupsiya halına yol verir, nöqsana yol verir, təyin eliyir. Xahiş edirəm, bu haqda ölçü götürün, səsimizi eşidin”. Eyni yaddaş kartında olan digər video-görüntüdə isə X2 “Meydan TV”yə verdiyi müsahibəsi yer almışdır. Həmin müsahibədə Bakı Baş Təhsil İdarəsinin müdir müavini Anar Məmmədovun qanunsuzluqlar etdiyini, korrupsiya yolu ilə namizədləri məktəbə təyin etdiyini vurğulamışdır. 24 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X7 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, X2 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2025-ci il tarixli, 4/1776 nömrəli ekspert rəyindən görünür ki, “Tik-tok” sosial şəbəkəsində X2 paylaşdığı videomüraciətdə Gülnar Muradzadə barəsində ifadə edilmiş məlumatlarda təhqir xarakterli ifadə müəyyən edildi. Həmin ifadə nitq materialında işlədilmiş “savadsız” sözüdür. Aparılmış tədqiqatın dəyəri 250 manat təşkil edir. Göründüyü kimi, təqsirləndirilən şəxs xüsusi ittiham qaydasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə ittiham olunur. Məhkəmə hesab edir ki, əvvəlcə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamların təhlili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə – təhqir cinayətinin tərkib əlamətlərinin mövcudluğunun qiymətləndirilməsi ilə başlanmalıdır. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə, isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər (5-ci bənd). Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Beləliklə məhkəmə, xüsusi ittihamçı X9 mövqeyilə, yəni təqsirləndirilən şəxs X2 “Tik-tok” sosial şəbəkəsində səsləndirdiyi nitqdə onu “savadsız” adlandırmaqla, xüsusi ittihamçının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldıb onu təhqir etməsinin baş verməsi ilə razılaşır və qeyd edir ki, təqsirləndirilən şəxs X5 bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 148-ci maddəsində göstərilən cinayət əməlini törətmişdir. İlk növbədə vurğulanmalıdır ki, təhqir cinayətinin müəyyənləşdirilməsi zamanı yalnız işlədilən söz və ifadənin leksik mənası deyil, həmin ifadənin hansı mətn kontekstində, hansı emosional tərzdə və hansı məqsədlə deyildiyi, eləcə də onun ictimai təqdimat forması və auditoriyaya təsir imkanları da nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş müdafiə mövqeyinə görə, o, “savadsız” ifadəsini zərərçəkmiş şəxsin pedaqoji savadına deyil, guya rusdilli olması səbəbindən Azərbaycan dilində sərbəst danışıb fikrini ifadə edə bilməməsi mənasında işlətmişdir. Lakin məhkəmə aşağıdakı əsaslara görə bu izahı məntiqi baxımdan ziddiyyətli, müdafiə məqsədilə sonradan qurulmuş əsassız və qeyri-inandırıcı mövqe kimi dəyərləndirir. Birincisi ona görə ki, “savadsız” ifadəsi Azərbaycan dilində ictimai istifadədə təhsil səviyyəsi, intellektual hazırlıq və peşəkar biliklər baxımından aşağı səviyyədə olmaq anlamında istifadə olunur. Bu sözün leksik və semantik mənası, onun sırf dil baryeri ilə əlaqələndirilməsinə əsas vermir. Əgər məqsəd dil məhdudiyyətindən danışmaq idisə, bunun üçün “Azərbaycan dilində yaxşı danışa bilmir” və ya “Azərbaycan dilində fikrini ifadə etməkdə çətinlik çəkir” kimi neytral ifadələrdən istifadə edilə bilərdi. İkincisi, təqsirləndirilən şəxs ifadəni sosial şəbəkədə emosional və alçaldıcı tərzdə, müəllimin imtahandan uğurla keçməsini şübhə altına alaraq istifadə etməsi, bu sözün obyektiv dil çatışmazlığını deyil, şəxsi nüfuzu və peşə qabiliyyətini aşağılayıcı məqsədlə işləndiyini açıq şəkildə göstərir. Belə ifadənin ictimai şərh kontekstində təhrif edilərək neytral mənaya yozulması mümkün deyil. Üçüncüsü, təqsirləndirilən şəxs ifadəsində qeyd edir ki, “müsahibə mərhələsində bizi kəsib onu keçiriblər”. Bu cümlə kontekstdə “savadsız” sözünün müəyyən şəxsin haqsız şəkildə və ya layiq olmadan uğur qazandığına eyhamla deyildiyini göstərir ki, bu da şəxsin peşəkar nüfuzunu və ləyaqətini alçaltmaq niyyəti ilə işləndiyini təsdiqləyir. Dördüncüsü, linqvistik ekspertiza rəyinə əsasən də “savadsız” ifadəsi bu kontekstdə şəxsin şərəf və ləyaqətini alçaldan nalayiq forma kimi təsbit edilmişdir ki, bu da təhqir cinayətinin mövcudluğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə yekun qənaətə gələrkən nəzərə alır ki, müəllim – cəmiyyətdə xüsusi ictimai statusa və məsuliyyətə malik olan şəxsdir. Onun peşəsi bilik vermək, tərbiyə etmək və cəmiyyətin inkişafında mühüm rol oynamaqdan ibarətdir. Bu baxımdan müəllimin savadı və intellektual səviyyəsi onun peşəkar nüfuzunun əsas göstəricilərindən biridir. Bu baxımdan, pedaqoji fəaliyyətlə məşğul olan bir şəxs haqqında ictimai müstəvidə “savadsız” ifadəsinin işlədilməsi yalnız adi bir fikir yox, onun peşəkar nüfuzuna və şəxsi ləyaqətinə yönəlmiş nalayiq, alçaldıcı xarakter daşıyan ifadədir. Ona görə də məhkəmə təqsirləndirilən şəxs X4 istinad edilən (Azərbaycan Respublikası CM-in 148-ci maddəsi) cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində X2 təqsirliliyi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs X2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla şəhid bacısı olduğunu, qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini təqsirləndirilən şəxs X2 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxs X2 cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, X4 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, bu kateqoriya işlərlə bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda uyğunluq təşkil edə bilər (9-cu bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) üzrə – böhtan cinayətinin tərkib əlamətlərinin mövcudluğunun qiymətləndirilməsi ilə bağlı isə qeyd edir ki, təqsirləndirilən şəxsin hərəkətlərində böhtan cinayətinin tərkib əlamətləri müəyyən edilmir. Belə ki, xüsusi ittihamçı tərəfindən verilmiş şikayətdə təqsirləndirilən şəxsin video müraciətlərdə “Gülnar Muradzadə imtahandan keçmək üçün idarənin müdir müavininə pul vermişdir” fikir bildirdiyi qeyd olunmuş və bu ifadənin zərərçəkmişə yönəlmiş böhtan xarakterli olduğu əsas gətirilmişdir. Lakin təqsirləndirilən şəxs tərəfindən belə bir ifadənin işləndiyinə dair konkret, aydın və təsdiqlənmiş sübutlar təqdim olunmamışdır. Əksinə iş materiallarında olan videolarda təqsirləndirilən şəxs müraciətində bildirir ki, “Müdir müavini kim pul versə, onu təyin eliyir, verməyənləri isə yüksək bal yığmağına baxmayaraq, korrupsiya halına yol verir, nöqsana yol verir”. Göründüyü kimi, təqsirləndirilən şəxs bu fikri ümumi xarakterli, konkret olaraq Gülnar Muradzadənin adını çəkmədən, bütünlükdə imtahan prosesinə və sistemə yönəlmiş tənqidi münasibət kimi ifadə etmişdir. İfadənin kütləvi xarakterli olsa da, konkret fiziki şəxs Gülnar Muradzadəyə ünvanlanmaması, onu Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tətbiq dairəsindən kənarlaşdırır. Başqa sözlə, təqsirləndirilən şəxsin istifadə etdiyi ifadənin ümumiləşdirici xarakter daşıması, konkret xüsusi ittihamçıya ünvanlanmaması və şəxsi fakt kimi deyil, emosional və tənqidi fikir formatında səsləndirilməsi onu böhtan kimi dəyərləndirməyə əsas vermir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət- Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3-cü maddə) məhkəmənin hökmü əsaslı hesab edilir. 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Son olaraq məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, X2 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi xüsusi ittihamçı Gülnar Muradzadənin şikayətinə münasibətdə məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilməli və xüsusi ittihamçı Gülnar Muradzadənin şikayətinə münasibətdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyinə görə məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə linqvistik ekspertizanın xərci olan 250 manat məbləğində vəsait X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi işi üzrə təqsirləndirilən şəxs X4 cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, xüsusi ittiham qaydasında şikayətin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X5 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Hökmün icrası X2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham üzrə X4 bəraət verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat təqsirləndirilən şəxs X1 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X10, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs X4 göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-93/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-93/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver