Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-96/2022 14.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Yanşaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu «Motodrom» yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 03.08.2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 307 ünvanında yerləşən «Ağ Çiçəyim» şadlıq evinin yaxınlığından istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, 1,098 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 04.08.2021-ci il tarixdə, saat 15 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» yaşayış massivində nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq gətirildiyi Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən içərisində 1,098 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bir ədəd qara rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, o, bir müddət narkotik vasitələrin qəbulu ilə məşğul olmuş, hazırda isə heç bir narkotik vasitədən istifadə etmir. 03.08.2021-ci il tarixdə, saat 22 radələrində öz istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Ağ Çiçəyim» şadlıq evinin yaxınlığına getmişdir. Orada bir nəfər üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi cavan oğlanla rastlaşaraq həmin şəxsdən onun üçün narkotik vasitə tapa biləcəyi ilə maraqlanmışdır. Həmin şəxs tanışları olduğunu bildirmişdir. O, həmin şəxsdən narkotik vasitənin qiyməti ilə maraqlandıqda bir bükümün 10 manat təşkil edəcəyini bildirmişdir. O, həmin şəxsə üzərində olan 10 manat pulu verib yola salmışdır, özü isə onu gözləməyə başlamışdır. Həmin şəxs vaxt istəyərək gözləməyini demiş və harasa uzaqlaşmışdır, bir qədər sonra isə onu gözlətdiyi yerə qayıdaraq özü ilə gətirdiyi bir ədəd kağız bükümü ona vermiş və dərhal oradan uzaqlaşmışdır. O, isə həmin bükümü cibinə qoyaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» yaşayış massivinə qayıtmışdır. Narkotik vasitənin bir hissəsini həmin axşam evdə istifadə etmiş, qalan hissəsini isə cibində saxlamışdır, əks təqdirdə evdə ailə üzvləri tapıb ata bilər. 04.08.2021-ci il tarixdə, saat təxminən 15 radələrində evdən çıxıb gəzişmək üçün piyada mərkəzə tərəf getmək istəyəndə evinin yaxınlığında onu iki nəfər mülki geyimli şəxslər saxlayaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ondan özümü təqdim etməsini tələb etmişlər. Onlara adını, soyadını deyəndən sonra polis əməkdaşları ona barəsində məlumat daxil olduğunu və bununla əlaqədar onlarla Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gedərək üzərinə baxış keçirmək lazım olduğunu bildirmişdirlər. O, vəziyyətin nə yerdə olduğunu başa düşərək etiraz etməmiş və polislərlə birlikdə Polis Bölməsinə gəlmiş, oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd qara rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün içərisindəki kütlələrin narkotik vasitə heroin olmasını təsdiq etmiş, üzərində aşkar olunmuş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Məhkəmədən səmimi peşman olmasını, cinayəti etiraf etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə almaqla barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 04.08.2021-ci il tarixdə Bölməyə Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat t rəhbərliyə məruzə olunmuş və yoxlanılması məqsədi ilə «X1» Azərbaycan Respublikasının Qanununun 10,11,12-ci maddələrinin və Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar verilmişdir. Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə 04.08.2021-ci il tarixdə, saat təxminən 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» yaşayış massivində yollanmışlar və məlumatda göstərilən Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında müəyyən etmişlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, barəsində məlumat daxil olduğunu bildirərək onu Polis Bölməsinə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Binəqədi RPİ-nin 40-cı PB-nin ünvan 3 ünvanında yerləşən inzibati binasına gəlmişlər. Orada növbədə olan təhqiqatçı Samir Hacıyev müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil, videoçəkiliş aparılması üçün Polis İdarəsindən inspektorkriminalist Nəsimi İsmayılov dəvət olunmuşlar, sonuncuların və onların iştirakları ilə saxlanılan Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağı bildirilərək üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmetin olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki qara rəngli idman şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütlə olan qara rəngli kağızdan hazırlanmış bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə heroinin olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, «Ağ Çiçəyim» şadlıq evinin yaxınlığından tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Qeyd olunanların hamısı kriminalist tərəfindən videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında narkotik vasitələrin satışı ilə məşğul olması və narkotik vasitələri əldə etdiyi mənbələri barədə qeyd olunmamışdır. Məhkəmə iclasına çağırılmış şahid Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 05.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlaması faktına görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) “Şübhəli şəxsin tutulması haqqında” 04.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v.19) 06.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i. v.68) 04.08.2021-ci il tarixli “şəxsi axtarış və götürülmə aparılması barədə” protokoldan görünür ki, axtarış və götürülmə aparılarkən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibində olan qara rəngli bir bükümü və həmin şalvarın sol yan cibində olan eynəyi və sarı rəngli alışqanı çıxarıb masanın üzərinə qoyub, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qara rəngli bir bükümün içərisində el içində heroin deyilən narkotik vasitə olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə Təqsirləndirilən şəxs həmin bükümü 03 avqust 2021-ci il tarixdə, saat 22:00-da Bakı şəhəri,Yasamal rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” şadlıq sarayının arxasında 10 manata tanımadığı şəxsdən alıb şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. (i.v.31-33) 05.08.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin MSY-də istintaq otağında Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun qara rəngli idman şalvarının sağ yan cibində olan qara rəngli bir kağız büküm aşkar edilərək götürülmüş və o, həmin maddənin heroin deyilən narkotik vasitə olduğunu olduğunu, onu Bakı şəhəri,Yasamal rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” şadlıq sarayının arxasında 10 manata tanımadığı şəxsdən alaraq üzərində gəzdirdiyini bildirmişdir. (i.v. 65-66) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2021-ci il tarixli, 6/3308 saylı rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd zərfin içərisində bir ədəd bükümdə, təmiz çəkisi 1,098 qram qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. (i.v.44-46) Binəqədi rayon məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında 04 avqust 2021-ci il tarixdə Binəqədi RPİ-si 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri qanuna uyğun hesab edilmişdir. (i. v. 52- 54) Maddi sübut kimi tanınma haqqında 05.08.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə kecirilmiş şəxsi axtarış zamanı aparılmış video çəkilişin bir ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işində saxlanılır. (i.v. 67) Maddi sübut kimi tanınma haqqında 06.08.2021-ci il tarixli qərarından məlum olur ki, şəxsi axtarış və götürmə ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,098 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin tədqiqatdan sonra 1,048 qram çəkidə qalmış hissəsi maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (i.v.95) 06.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (i.v. 68-69) 06.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunmuşdur. (i.v. 91-92) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 18.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.(i.v.101) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-narkolojı ekspertizasının 06 noyabr 2021-ci il tarixli, 4354 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı opiodlərin nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (i.v. 118-120) Binəqədi rayon İcra Hakimiyyəti Xocasən qəsəbəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 23.11.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 129) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 1,098 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib saxlaması təqsirləndirilən şəxsin, iş üzrə keçən şahidlərin ifadələri, aparılmış ekspertiza rəyləri və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini və iş materiallarında olan digər sübutları araşdırıb, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması haqqında təklifini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28.06.2015ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramadək müəyyənləşdirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. AZE11966750, AA1865733 saylı şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06.02.2011-ci il təvəllüdlü X4, 06.07.2014-cü il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. (i.v. 86-87) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ilk dəfə az ağır cinayət əməli törətməsini, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı 04.08.2021-ci il tarixdən 06.08.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yerini, Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» yaşayış massivində yerləşən nömrəsiz fərdi evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc kamerasına saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,048 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdən 06.08.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» yaşayış massivində yerləşən nömrəsiz fərdi evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 1,048 qram narkotik maddə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-96/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-96/2022
14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver