Məhkəmə qərarları › İş №1(001)-96/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-96/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-96/2024 31.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında naməlum şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0.907 qram psixotrop maddə metamfetamini əldə edərək istifadə etmək məqsədi ilə üzərində saxlayaraq daşımış, 09 avqust 2023-cü il tarixdə saat 14:15-də Binəqədi RPİ-in 43-cü PBin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu 2-ci mədən korpus 145 ev 27-in yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-in 43-cü Polis Bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellefona bükülmüş içərisində təmiz çəkisi 0,907 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər psixotrop maddə metamfetamindən istifadə etmişdir. Buna görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın çəkilməsi qaydalarını pozduğu üçün xx.xx.2022-ci ildə cəzasının çəkilməmiş hissəsi 04 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edimişdir. Azad edildikdən sonra narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. 09 avqust 2023-cü ildə günorta saatlarında ünvan 1 ünvanda yerləşən evində olarkən bir neçə nəfər polis əməkdaşları gələrək onu 43-cü PB-yə aparmışlar. Orada psixotrop maddə metamfetamini qarşısına qoyaraq üzərinə götürməsini tələb etmişlər. Qorxduğu üçün psixotrop maddə metamfetamini üzərinə götürmüş, istintaqa etirafedici ifadələr vermişdir. Heç bir cinayət törətmədiyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərmişdir ki, cinayət törədildiyi zaman Binəqədi RPİ-in 43-cü PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir, hazırda isə Xətai RPİ-də işləyir. İşlədiyi 43-cü PB-yə etimad doğuran və qərəzsiz mənbədən xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 145, ev 27-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə edib üzərində saxlaması barədə məlumat daxil olmuşdur. 09 avqust 2023-cü il tarixdə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Qrupa onun rəhbərliyi ilə 43-cü PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 daxil olmuşdur. 09 avqust 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 14:15 dəqiqədə ünvan 1 ünvanın qarşısında bir qədər gizli müşahidə etdikdən sonra əlverişli şərait yarandığından saxlamış, ona psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş, sonra hava şəraiti və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Təqsirləndirilən şəxs Binəqədi RPİ-in 43-cü PB-in inzibati binasına gətirmişlər. Polis Bölməsində Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermişlər. Bundan sonra PB-in təhqiqatçısı, polis baş leytenantı Fərid Nəzərli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və onun iştirakı ilə şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən heç nə aşkar edilməmişdir. Sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisindəki “patı” adlanan psixotrop maddə metamfetamindir və həmin maddəni 09 avqust 2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu Binəqədi qəsəbəsi məscid adlanan ərazidən tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzi vasitəsi ilə təhqiqatçı tərəfindən çəkilmiş və çəkisinin 1,02 qram olduğu müəyyən edilmişdir. Daha sonra bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsü qeydə alınmış CD disk isə protokola əlavə edilmişdir. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, istər saxlanılarkən, istərsə də 43cü PB-də Təqsirləndirilən şəxs heç bir təzyiq və təsir göstərilməmiş, o səmimi olaraq törətdiyi həmin cinayəti etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsini sonradan dəyişmişsə, bunu məsuliyyətdən yaxa qurtarmaq məqsədilə etmişdir. Çünki onun eyni maddə ilə məhkumluğu var və hazırda ittiham olunduğu cinayəti azad edildikdən az sonra törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 43-cü PB-in sahə inspektoru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata götürülməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 18-19). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə saat 14:15-də Binəqədi RPİin 43-cü PB-in əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu 2-ci mədən korpus 145 ev 27-in yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-in 43-cü Polis Bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellefona bükülmüş içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması prosesi videoya çəkilmiş və videogörüntü CD diskdə protokola əlavə edilmişdir (cild 1, i.v 29-30). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/4287 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bükümdə təmiz çəkisi 0,907 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, i.v 37-40). Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən videokamera vasitəsi ilə qeydə alınmış və 01 ədəd SD formatlı diskə köçürülmüş video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellefona bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxararaq masanın üzərinə qoymaqla könüllü təqdim etmişdir (cild 1, i.v 51). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 53-54). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 71-74). Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2023-cü il tarixli Tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi cəzanın çəkilməsi qaydalarını qərəzli pozduğu üçün 04 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir (cild 1, i.v 82-101). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 5158 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.109-110). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 0,907 qram çəkidə olan psixotrop maddə metamfetamin maddi sübut tanınmaqla tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,857 qram çəkidə olan psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi RPİyə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən bir ədəd sd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1,i.v 116-117). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətmədiyi, xx.xx.2023-cü ildə günorta saatlarında yaşadığı evdən Binəqədi RPİ-in 43-cü PB-in əməkdaşları tərəfindən aparıldığı barədə ifadəsində göstərdiyi xüsusatları əsaslı hesab etmir. Belə ki, işdə olan vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş və o, hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiəçi təqdim edildikdən sonra Təqsirləndirilən şəxs ilə aparılmış bütün istintaq hərəkətləri vəkilin iştirakı ilə keçirilmiş, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən cinayətlə bağlı etirafedici ifadələr vermişdir. Məhkəmədə də Təqsirləndirilən şəxs hüquqları həmin müdafiəçi tərəfindən müdafiə edildiyindən bu xüsusat əlavə olaraq müdafiəçidən soruşulmuş və Müdafiəçi ibtidai istintaq dövründə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs onunla etdiyi söhbətlərdə bir dəfə də olsun məhkəmədə verdiyi ifadəsinə uyğun söz demədiyini bildirmişdir. Bundan başqa, iş üzrə şahid qismində Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiklərini təkzib etmiş, onu yaşadığı evin qarşısında küçədə saxladıqlarını, təhlükəsizlik tədbirləri nəzərə alınaraq Təqsirləndirilən şəxs Binəqədi RPİ-in 43-cü PB-in inzibati binasına gətirdiklərini, orada onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim etdiyini, sorğusual zamanı üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisindəki maddənin metamfetamin olduğunu, onu həmin gün səhər saatlarında Binəqədi rayonu Binəqədi qəsəbəsi məscid adlanan ərazidən tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını dediyini bildirmişlər. Şahidlərin ifadələri Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən videokamera vasitəsi ilə qeydə alınmış və 01 ədəd SD formatlı diskə köçürülmüş video görüntü ilədə təsdiq olunur. Belə ki, videoya baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellefona bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxararaq masanın üzərinə qoymaqla könüllü təqdim etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli qiymətləndirilib rədd edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında analoji cinayətinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, bundan düzgün nəticə çıxarmamış, həmin cəza növü ona tərbiyəedici və xəbərdaredici təsir göstərməmiş, cəzasının sonu ilə azad edildikdən 6 ay sonra yenidən qəsdən oxşar cinayət törətmişdir. Bununla yanaşı ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi qaydalarını da qərəzli olaraq pozmuş, ona görə də azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Çünki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 5158 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,857 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 0,857 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar