Məhkəmə qərarları › İş №1(001)-99/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-99/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-99/2022 16.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində 2 yetkinlik yaşına çatmayan (ümumilikdə 5) övladı olan, orta təhsilli, Binəqədi Rayon Məhkəməsinin 03.07.2019-cu il tarixli, 1(001)- 339/2019 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 7(001)- 208/2022 saylı, 31.01.2022-ci il tarixli qərarı ilə həmin cəza 11 ay 22 günə endirilmiş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 20.09.2021-ci il tarixdə saat 14:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,505 qram heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 22:00-da Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində olan gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 1,505 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onun 5 övladı var, kiçik övladının 14 yaşı var.Təxminən 3 il olar ki, narkotik vasitə istifadə edirmiş.Narkotik vasitə istifadə etdiyi üçün əvvəllər də məhkum olunmuşdur.20.09.2021-ci il tarixdə günorta saat 14:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 (iyirmi beş) manata narkotik vasitə almışdır.Həmin narkotik vasitəni 20.09.2021-ci il tarixdə axşam saatlarında üzərinə geydiyi cins şalvarın sağ yan cibinə qoyaraq yaşadığı evdən istifadə etmək üçün çıxmışdır.Yaşadığı evin yaxınlığında iki nəfər şəxs ona yaxınlaşmış, həmin şəxslər ona özlərini 40-cı PB-nin əməkdaşları kimi təqdim etdikdən sonra onu narkotik vasitəni üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli bildikləri üçün 40-cı PB-nə aparmışlar.40-cı PB-də hüquq və vəzifələri ona izah olunmuş, o, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilən zaman üzərinə geydiyi şalvarın sağ yan cibində olan şəffaf sellafonun içərisində olan gümüşü rəngli 1 (bir) bükümü polis əməkdaşlarına təqdim etmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 2-si (ikisi) azyaşlı olmaqla 5 (beş) övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Binəqədi RPİnin 40-cı PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 20 sentyabr 2021-ci il tarixdə əməliyyat yolu ilə məlumat əldə etmişdir.Məlumata əsasən Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni Yol küçəsi 21A-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib qəbul etdiyi məlum olmuşdur.Həmin məlumat bölmə rəisinə məruzə olunduqdan sonra qərara alınmışdır ki, məlumatı yoxlamaq məqsədi ilə əməliyyat tədbirləri keçirilsin.Bu məqsədlə 20 sentyabr 2021-ci il tarixdə rəhbəri özü təyin edilməklə, onun və bölmənin sahə inspektoru Şahid2 ibarət qrup yaradılmışdır.Bundan sonra 20 sentyabr 2021-ci il tarixdə ünvan 4 ünvanının yaxınlığına gedib orada əməliyyat tədbirinə başlamışlar.Əldə etdikləri əməliyyat məlumatına əsasən həmin ünvanda olduqları zaman saat 22:00 radələrində Təqsirləndirilən şəxs ünvanın yaxınlığına gəlib çıxmış və onlar özlərini ona təqdim edərək polis bölməsinə aparmışlar.Təqsirləndirilən şəxslə birlikdə 40-cı PB-nin inzibati binasına gəldikdən sonra raportla bu barədə məruzə etmişdir.Bundan sonra bölmənin baş təhqiqatçısı Ruslan Əsgərov tərəfindən videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs hüquqları izah edildikdən və çəkiliş aparılacağı bildirildikdən sonra o, üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmış, daha sonra onun üzərində şəxsi axtarış aparılmışdır.Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükülü açılaraq içərisinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içindəki kakosdur, Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən alıb.Həmin bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və hamılıqla zərfin üzərində və protokolda imza etmişlər. Məhkəmə iclasında şahid qismində ifadəsi elan edilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru polis leytenantı Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları və faktları tam təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/4180 saylı, 21.09.2021-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunubgötürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,505 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Ekspertiza tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq 1,455 qram çəkidə heroinin qalığı bağlamaya qoyularaq möhürlənib qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın tərtib etdiyi 4657 saylı 24.11.2021-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışa və hökmün sürətinə əsasən məlum olur ki, Binəqədi Rayon Məhkəməsinin 03.07.2019-cu il tarixli, 1(001)- 339/2019 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 7(001)-208/2022 saylı, 31.01.2022-ci il tarixli qərarı ilə həmin cəza 11 ay 22 günə endirilmişdir.Beləliklə də, məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 03.07.2019-cu il tarixli, 1(001)-339/2019 saylı hökmünə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cmnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) ay 4 (dörd) gün həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azalığın məhdudlaşdılması cəzası saxlanılmışdır. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 7(001)-208/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, təqdimat təmin olunmuş, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-339/2019 saylı, 03.07.2019-cu il tarixli hökmü əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi «8 Noyabr - Zəfər Günü» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci hissəsi tətbiq edilməklə 1 (bir) il azadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin,«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 03.07.2019-cu il tarixli, 1(001)-339/2019 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 7(001)- 208/2022 saylı, 31.01.2022-ci il tarixli qərarı ilə həmin cəza 11 ay 22 günə endirilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası CM-nin 67.1-ci maddəsi ilə hazırki hökmlə təyin olunacaq cəza ilə qismən birləşdirilməklə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 20 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis mayoru Ruslan Əsgərov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Bundan başqa, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin – 1,455 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut- 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 03.07.2019-cu il tarixli, 1(001)- 339/2019 saylı hökmünə əsasən qəti olaraq 01 il 11 ay 22 gün müddətinə təyin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 7(001)-208/2022 saylı, 31.01.2022-ci il tarixli qərarı ilə 11 ay 22 günə endirilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası CM-nin 67.1-ci maddəsi ilə hazırki hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 20 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin – 1,455 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar