Məhkəmə qərarları › İş №1(002)-10/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-10/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-10/2022 17.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan şosesində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq nəqliyyat vasitəsi hesab olunan avtomobili ələ keçirməklə qaçırtmışdır. Belə ki, o 30.06.2021-ci il tarixdə, gecə saat 01 radələrində ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus “VAZ 2107” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili Ələt qəsəbəsi, Sülh küçəsi, 64 mənzil 5-in qarşısından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan şossesi təzə yurdlar nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləməməklə əvvəllər məhkum olduğunu, bundan başqa spirtli içki aludəçisi olması səbəbilə tez-tez spirtli içki qəbul etməsini qeyd etmişdir. 30 iyun 2021-ci il tarixdə saat təxminən gecə 01 radələrində qəsəbədəki marketlərdən birindən tərkibində spirt olan 3 ədəd pivə alıb içib, bir qədər keçdikdən sonra spirtli içkinin təsiri altına düşərək, sərxoş olduğundan məhəllədə piyada gəzməyə başlamışdır. Elə bu vaxt qəsəbə sakini Əşrəf adlı şəxsin yaşadığı ünvanın qarşısına çatdıqa, “VAZ 2107” minik markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin orada saxlanıldığını görmüşdür. Ətarafa baxıb onu kimsənin görmədiyindən əmin olduqdan sonra həmin avtomobilə yaxınlaşaraq avtomobilin qapılarının açıq olub-olmadığını yoxlayıb, arxa sağ sərnişin qapısının kilidli olmadığını müəyyən etdikdən sonra arxa sağ qapıdan avtomobilin içinə daxil olaraq oradanda qabaq sürücü oturacağına əyləşib həmin vaxt avtomobilin açarının üzərində olduğunu görmüşdür. Avtomobili ilk dəfə işə salanda avtomobil işə düşməmiş və ikinci dəfə işə salaraq hərəkətə gətirdikdən sonra bir qədər Ələt qəsəbəsində sürmüş, səhərə yaxın havanın işıqlandığını və ətrafdakı şəxslərin onun avtomobili idarə etməsini görməsindən ehtiyyat edərək avtomobili qəsəbədən bir qədər aralıda yəni qəsəbənin çıxışında yerləşən boşluq sahədə sakit bir yerdə saxlayıb avtomobildən düşmüşdür. Avtomobilin açarını mühərriki işə salma kilidinin üzərində qoyaraq oradan uzaqlaşmışdır. Avtomobili orada saxladıqdan sonra piyada yaşadığı Ələt qəsəbəsi, Salyan şossesində yerləşən ünvanına qaydaraq gəlmişdir. 08.07.2021-ci il tarixdə istifadəsində olan mobil telefona Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşları tərəfindən zəng olunaraq Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət edilərək orada izahatı alınmış, o, törətdiyi əməli səmimi etiraf edərək sözü gedən avtomobilin tərəfindən qaçırıldığını bildirmişdir. O, avtomobili qaçıran zaman avtomobilin daxilində avtomobilin oturacağının alt hissəndə bir ədəd ratsiyaya bənzər mobil telefon digər saxlanc yerində isə səs gücləndirici və başqa əşyalar olmasını və həmin əşyalara toxunmadığını eləcə də götürmədiyini, həmin əşyaların olduqları yerdədə qaldıqlarını bildirmişdir. Eyni zamanda avtomobili qaçıran zaman həmin avtomobilin qabaq ön alın şüşəsi, qabaq iki farası, qabaq bamperi, eləcə də arxa sol qanad və arxa yük yerinin qapağının sol üst hissəsi əzilmiş vəziyyətdə olduğunu bildirmişdir. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, faktiki olaraq ailəsi ilə birlikdə yaşayır. “Vətən” mühafizə xidmətində mühafizəçi kimi xidmət edir. **-XD-*** dövlət qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobil texniki pasportla atası Şahid1 adında qeydiyyatda olsa da həmin avtomobil özünə məxsusdur və etibarnamə ilə idarə edir. 25.06.2021-ci il tarixdə Abşeron rayonun ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobus ilə 26.06.2021-ci il tarixdə Bakı-Ələt yolunun Qobustan qəsəbəsindən keçən hissəsində “Vaz 2107” markalı avtomobillə qəza etməsi səbəbilə avtomobili qəzalı vəziyətdə sürmək mümkün olmadığından, eləcə də maddi vəziyyətinin aşağı olması səbəbindən ona məxsus avtomobili bir müddət Ələt qəsəbəsində yaşadığı evin qarşısında dövlət qeydiyyat nişanını çıxararaq saxlamaq qərarına gəlmişdir. 30.06.2021-ci il tarixdə anası X5 onun istifadəsində olan mobil telefona zəng vuraraq işə maşınla getməsi barədə sual vermiş o, avtomobilin evin qarşısında olduğunu anasına bildirmişdir. Anası ona avtomobilin qapıda, yəni evin qarşısında olmadığını bildirdiyindən təxminən qırx dəqiqə sonra o, yaşadığı ünvana gəlmiş, avtomobilin evinin qarşısında olmadığını görüb Qaradağ RPİ-nin 11-ci PBnə müraciət edərək avtomobilin qaçırılması barədə məlumat vermişdir. Qaradağ RPİ-nin 11-ci PB-də izahatı alınaraq polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilmişdir. Daha sonra Qaradağ RPİ-nin İstintaq şöbəsinə dəvət edilərək onun izahatı alınmışdır. İlkin izahatında qeyd etmişdir ki, ona məxsus “Vaz 2107” markalı avtomobil qaçırılan zaman avtomobilin salonunda qol qoyulan saxlanc yerindən “250 manat” nağd pul, oturacağın altında “Xiaomi” şirkətinə məxsus pover bank, 30 manat dəyərində olan “Xiaomi” telefonuna məxsus şarj adaptoru, bir ədəd qiyməti 90 manat olan “ratsiya” görünüşlü mobil telefon, arxa saxlanc yerində dəyəri 140 manat olan usb daşınan “səs gücləndirici” kalonka və arxa oturacağın üzərində iki ədəd “plastik” kartın oğurlandığını zənn etmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Qaradağ RPİ-nin inzibati binasının həyətində ona məxsus avtomobilə baxış keçirilən zaman ilkin olaraq izahatında qeyd etdiyi avtomobilin salonunda qol qoyulan saxlanc yerində 250 manat pul, oturacağın altında “Xiaomi” şirkətinə məxsus pover bank, 30 manat dəyərində olan “Xiaomi” telefonuna məxsus şarj adaptoru, bir ədəd qiyməti 90 manat olan ratsiya görünüşlü “mobil telefon” arxa saxlanc yerində dəyəri 140 manat olan usb daşınan “səs gücləndirici kalonka” və arxa oturacağın üzərində iki ədəd “plastik” kartın oğurlanmadığını müəyyən etmişdir. Ona məxsus avtomobilin qabaq və arxa hissələrində qəza nəticəsində əmələ gəlmiş gözlə görülən əziklərin olması barədə sual verilərkən bildirmişdir ki, avtomobilin üzərində olan əziklərin özü tərəfindən 25.06.2021 və 26.06.2021-ci il tarixdə keçirdiyi yüngül qəza nəticəsində əmələ gəlməsini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2011-ci il tarixdən DİO-da 2019-cu ildən Qaradağ RPİ-nin 11-ci pois bölməsinə polis sahə inspektoru vəzifəsində xidmət edir. Həmin vaxtdan ərazidə yaşayan sakinlərin bir qismini yaxından tanıyır. 30.06.2021-ci il tarixdə səhər təlimatında PB-nin rəisinin Ələt qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus **-XD-*** dövlət qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobilin qaçırıldığını, təxirə salınmadan həmin avtomobil tapılması barədə PB-nin əməkdaşlarına göstərişindən sonra 06.07.2021-ci il tarixdə PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid4, PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid3 ilə birlikdə Ələt qəsəbəsində xidməti ərazini gəzən zaman Ələt qəsəbəsinin çıxışında qumluq ərazidə uzaqdan əsas yoldan təxminən 300-400 metr aralıda parıltı görmüşlər. Avtomobildən düşərək həmin istiqamətə piyada gedərək yaxınlaşdıqda gümüşü rəngli “Vaz 2107” markalı avtomobili görərək avtomobilə yaxınlaşaraq avtomobilin daxilində qabaq sağ oturacaqda iki ədəd dövlət nömrə nişanın olmasını müəyyən edərək bu barədə PB-nin rəhbərinə məlumat vermişlər. Təxminən bir saat sonra İstintaq şöbəsindən müstəntiq digər əməkdaşlar həmin əraziyə gələrək şahidlərin iştirakı ilə avtomobilə baxış keçirərəkən həmin avtomobilin Zərərçəkmiş şəxs məxsus **-XD-*** dövlət qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobil olmasını bilmişdirlər. Həmin avtomobili evakuatorun köməkliyi ilə olduğu yerdən Qaradağ RPİ-nə yola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin polis sahə inspektoru polis leytenantı Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2015-ci il tarixdən DİO-da, 2020-ci ildən isə Qaradağ RPİ-nin 11-ci polis bölməsində polis sahə inspektoru vəzifəsində xidmət edir. Həmin vaxtdan ərazidə yaşayan sakinlərin bir qismini yaxından tanıyır. 30.06.2021-ci il tarixdə səhər təlimatında PB-nin rəisi Ələt qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus **-XD- *** dövlət qeydiyyat nişanlı vaz 2107 markalı avtomobilin naməlum şəxslər tərəfindən qaçırıldığını, təxirə salınmadan həmin avtomobilin tapılması barədə PB-nin əməkdaşlarına göstəriş verməsindən sonra o, 06.07.2021-ci il tarixdə PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid4, PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə Ələt qəsəbəsində xidməti ərazini gəzən zaman Ələt qəsəbəsinin çıxışında qumluq ərazidə əsas yoldan təxminən 300-400 metr aralıda parıltı gördüklərini bildirmişdir. Avtomobildən düşərək həmin istiqamətə piyada gedib yaxınlaşdıqda gümüşü rəngli vaz 2107 markalı avtomobil gördüklərində avtomobilin daxilində qabaq sağ oturacaqda iki ədəd dövlət qeydiyyat nişanının olmasını bildirmişlər. Bu barədə PB-nin rəhbərinə məlumat verdikdən təxminən bir saat sonra İstintaq şöbəsindən müstəntiq digər əməkdaşlar həmin əraziyə gələrək şahidlərin iştirakı ilə avtomobilə baxış keçirdikdən sonra həmin avtomobilin Zərərçəkmiş şəxs məxsus **-XD-*** dövlət qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobili olmasını müəyyən etdiklərini bildirmişdir. Həmin avtomobili evakuatorun köməkliyi ilə olduğu yerdən Qaradağ RPİ-nə yola salmışlar. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, faktiki olaraq ailəsi ilə birlikdə yaşayır. Bundan əlavə olaraq bildirmişdir ki, **-XD-*** dövlət qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobil texniki pasportla onun adına qeydiyyatda olsada sahiblik hüququ oğlu Zərərçəkmiş şəxs məxsusdur və avtomobili oğlu Zərərçəkmiş şəxs idarə edir. Oğlu Zərərçəkmiş şəxs 25.06.2021-ci il tarixdə Abşeron rayonun ərazisində sərnişindaşma fəaliyyəti ilə məşğul olan avtobusla toqquşması və 26.06.2021-ci il tarixdə Bakı-Ələt yolunun Qobustan qəsəbəsindən keçən hissəsində “Vaz 2107” markalı avtomobillə qəza etməsi səbəbilə avtomobil sürmək üçün yararsız vəziyyətdə olduğundan və eləcə də avtomobili təmir etdirmək üçün maddi vəziyyətlərinin aşağı olması səbəbilə avtomobili oğlu Əşrəf Məmmədov bir müddət yaşadıqları Ələt qəsəbəsində yerləşən evin qarşısında dövlət qeydiyyat nişanlarını çıxararaq saxlamışdır. 30.06.2021-ci il tarixdə saat təxminən 12 radələrində həyat yoldaşı X3 ona zəng vuraraq oğlu Əşrəfin maşının evin qarşısında olmadığını və Əşrəfin işə maşınla getmədiyini ona bildirmişdir. Təxminən bir saat sonra o, evə gələrək avtomobilin evinin qarşısında olmadığını görüb Əşrəflə birlikdə Qaradağ RPİ-nin 11-ci PB-nə müraciət edərək avtomobilin qaçırılmasını bildirmişlər. Daha sonra onlar 11-ci polis bölməsinə müraciət edərək, hadisə yerinə polis əməkdaşları ilə baxış keçirmişlər. O, oğlu Zərərçəkmiş şəxs ilə Qaradağ RPİ-nin İstintaq şöbəsinə dəvət edilərək izahat və ifadələri alınmışdır. O və Zərərçəkmiş şəxs Qaradağ RPİ-nin inzibati binasının həyətində avtomobilə baxış keçirmişlər, Şahid1 şahid qismində ifadəsində oğlu Zərərçəkmiş şəxs məxsus olan əşyaların avtomobildə olduğunu qeyd etmişdir, posta apardıqdan sonra Vüsalın avtomobili qaçırtdığı barədə bildiyini təsdiq etmişdir. Şahid Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2016-ci il tarixdən DİO-da 2020-ci ildən isə Qaradağ RPİ-nin 11-ci polis bölməsində Cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, Ələt qəsəbəsində bundan əvvəl polis nəfəri vəzifəsində çalışdığı vaxtlardan həmin ərazinin sakinlərini və ərazinin əməliyyat şəraitini yaxşı bildiyini ifadəsində qeyd etmişdir. 30.06.2021-ci il tarixdə səhər təlimatında PB-nin rəisi Ələt qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus **-XD-*** dövlət qeydiyyat nişanlı Vaz 2107 markalı avtomobilin qaçırıldığını təxirə salınmadan həmin avtomobil tapılması barədə PB-nin əməkdaşlarına göstəriş verdikdən sonra 06.07.2021-ci il tarixdə PB-nin polis sahə inspektoru polis leytenantı Şahid2, PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid3 ilə birlikdə Ələt qəsəbəsində xidməti ərazini gəzən zaman Ələt qəsəbəsinin çıxışında qumluq ərazidə əsas yoldan təxminən 300-400 metr aralıda parıltı gördüklərini bildirmişdir. Avtomobildən düşərək həmin istiqamətə piyada gedərək yaxınlaşdıqda gümüşü rəngli vaz 2107 markalı avtomobil gördüklərini avtomobilin daxilində qabaq sağ oturacaqda iki ədəd dövlət qeydiyyat nişanı olmasını aşkar etdikləri zaman PB-nin rəhbərinə məlumat verərək raport tərtib etdiyini bildirmişdir. Təxminən bir saat sonra İstintaq şöbəsindən müstəntiq digər əməkdaşlar həmin əraziyə gələrək şahidlərin iştirakı ilə avtomobilə baxış keçirdikdən sonra həmin avtomobilin Zərərçəkmiş şəxs məxsus **-XD-*** dövlət qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobil olmasını bildiklərini qeyd etmişdir. Həmin avtomobili evakuatorun köməkliyi ilə olduğu yerdən Qaradağ RPİ-nə yola saldıqlarını ifadəsində qeyd etmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılan zaman o, hadisə yerində 30.06.2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs sahibliyində olan “VAZ 2107” markalı **-XD-*** dövlət nömrə nişanlı avtomobili ələ keçirərək qaçırtdığını təsdiq etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, hadisə yeri ünvan 6 ünvanın qarşısıdır. Təqsirləndirilən şəxs ələ keçirərək qaçırtdığı Zərərçəkmiş şəxs sahibliyində olan “VAZ 2107” markalı **-XD-*** dövlət nömrə nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin avtomobil zərərçəkmiş şəxsə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.04.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin 24.05.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən “əfv” olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 09.06.2021ci il tarixli hökmü ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs münasibətdə ləğv edilmiş və yeni ittiham hökmü çıxarılmış, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhər Probasiya İdarəsinin 27 dekabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs ona təyin olunmuş 1000 manat məbləğində cərimə cəzasından azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayəti cinayətin residivini yaratmır. Bundan başqa məhkəmə hesab edir ki, hazırki cinayət “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1 və 11.6-cı bəndlərinə əsasən amnistiyanın təsiri altına düşmür. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbindən aydın olur ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin 19.01.2022-ci il tarixli qərarından və Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən 28.01.2022-ci il tarixdə tutulmuşdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış **-XD-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hal-hazırda Qaradağ rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə 28 yanvar 2022-ci il tarixdən həbsdə olması nəzərə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 17 mart 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış **-XD-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar