Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-10/2024 06.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Xanlar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 aprel 2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Ucuz Market” adlı ərzaq mağazasının qarşısına gəlmiş, Təqsirləndirilən şəxs2 başqa şəxslərin gəlməsini görüb xəbər verməkdən ötrü kənarda dayanıb ətrafa nəzarət etmiş, o isə həmin ərzaq mağazasının qapısını təkər açarı ilə açaraq saxlanc yerinə qanunsuz daxil olub mağazada olan kassadan 120 manat kağız pul və 5 manatlıq dəmir pulu, həmçinin 3590 manat dəyərində müxtəlif markalı tütün məmulatlarını, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 3715 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 aprel 2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Ucuz Market” adlı ərzaq mağazasının qarşısına gəlmiş, o başqa şəxslərin gəlməsini görüb xəbər verməkdən ötrü kənarda dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə həmin ərzaq mağazasının qapısını təkər açarı ilə açaraq saxlanc yerinə qanunsuz daxil olub mağazada olan kassadan 120 manat kağız pul və 5 manatlıq dəmir pulu, həmçinin 3590 manat dəyərində müxtəlif markalı tütün məmulatlarını, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 3715 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 M.Əcəmi metro stansiyasının yaxınlığında ortaq dostları vasitəsilə tanımış, onunla yaxın münasibətləri olmuşdur. Əvvəllər bir neçə dəfə Lökbatan qəsəbəsi ərazisinə gələrkən oğurluq etdiyi həmin mağazanı görmüşdür. Hadisə olan günü Təqsirləndirilən şəxs2 taksi sürücüsü kimi işlədiyindən onu Memar Əcəmi metrostansiyasının yaxınlığından götürmüş və gecə saat 3 radələrində birbaşa Lökbatan qəsəbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs2 maşını binaların aralarında saxladaraq onu orada gözləməsini, başqa bir şəxslə görüşdükdən sonra geri qayıdacağını demişdir. O, oğurluq etdiyi mağazanın qapısını dəmir vasitəsilə açmaqla təkbaşına daxil olmuş, mağazada olan siqaretləri sellofan torbalara yığaraq həmin siqaretləri və 123 manat pulu oğurlamış və oradan çıxmışdır. Bu müddət təqribən 20 dəqiqə təşkil etmişdir. Daha sonra o, maşına yaxınlaşmış maşının baqajını açaraq oğurladığı siqaretləri yerləşdirdiyi sellofan torbaları ora qoymuşdur. Maşına əyləşdikdən sonra buna Təqsirləndirilən şəxs2 ondan maşının baqaj hissəsinə nə yerləşdirməsi barədə maraqlanmadan idarə etməyə başlamışdır. O, Memar Əcəmi metro stansiyasının yaxınlığına qayıtmış və oğurladığı siqaretləri də özü ilə götürmüşdür. Siqaretləri o, təqribən 1500 manat pul qarşılığında ayrı-ayrı şəxslərə satmışdır. O, ibtidai istintaq zamanı məhkəmə iclasında verdiyi ifadə ilə eyniməzmunlu ifadə verdiyini, lakin sənədlər çox olduğundan ifadəsini oxumadan imzaladığını qeyd etmişdir. Məhkəmə iclasında suallara cavab olaraq həm də bildirmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında hazırki cinayət əməlini Təqsirləndirilən şəxs2 ilə bərabər törətdiklərini bildirmişdir. Bundan əlavə bildirmişdir ki, DVD diskdəki görüntüdə şüşədən tez-tez çölə baxması oğurluq əməlini törədən zaman digər şəxslərin onu görübgörmədiyini müəyyən etmək məqsədi daşımışdır. Oğurladığı siqaretlərin bir hissəsini yerləşdirdiyi sellofan torbaları binanın künc hissəsində qoymuş və siqaretlərin qalan hissəsini yerləşdirdiyi qutunu götürmək üçün geri qayıtmış, sonra isə həm sellofan torbanı həm də qutunu eyni vaxtda Təqsirləndirilən şəxs2 idarə etdiyi nəqliyyat vasitəsinə aparmışdır. Daha sonra əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Yunis adlı şəxsi 2019-cu ildən M.Əcəmi metro stansiyasının yaxınlığında olan çayxanalardan tanıyır. Həmin vaxtdan bu günə kimi onların dostluğu davam etmişdir. Tutulmamışdan 4-5 gün əvvəl pulları olmadığı üçün Yunis onunla görüşmək istədiyini sms ilə ona yazmışdır. M.Əcəmi metro stansiyasının yaxınlığında gecə saat 1-2 radələrində Yunisin idarə etdiyi Xəzər markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində görüşmüşlər. Yunis ilə söhbət zamanı birlikdə oğurluq etmək qərarına gəlmişlər. Yunisin idarə etdiyi nəqliyyat vasitəsilə ilə birlikdə istifadəsində olan maşın ilə Xocahəsən yolu ilə mağazalara baxabaxa Lökbatan qəsəbəsinə gəlmişlər. Lökbatan qəsəbəsində olan mağazaları nəzərdən keçirdikdən sonra yol kənarında olan mağazadan 60-70 metr aralıda nəqliyyat vasitəsini saxlamış Yunisə maşında gözləməsini demişdir. Maşının yük yerindən təkər açarı götürərək mağazaya yaxınlaşmışdır. Yunis uzaqdan onu müşahidə etmişdir. O, mağazanın qapısını təkər açarı ilə açdıqdan sonra oraya daxil olmuş, əlində olan alışqan fənəri ilə mağazanı işıqlandırmaqla 3-4 dəqiqə ərzində gəzmiş, vitrinin arxa hissəsində olan kassaya keçmişdir. Kassanı açıb orada olan 117 manat pulu və qəpik şəklinlə 6 manatı götürmüş və çibinə qoymuşdur. Marketin içərisində olan sellofan torbanı götürərək vitrində olan siqaretləri yığmış və vitrinin alt hissəsində olan və içərisi siqaret ilə dolu qutunu da götürmüşdür. İlk öncə 3 sellofan torbanı maşına aparmış, sonra geri qayıdaraq karton qutunu da maşına aparmış və maşının arxa oturacağına qoymuşdur. Sonra saat təxminən gecə 3-4 radələrində Yunis ilə ilk olaraq Yasamal rayonu ərazisinə, oradan da Xırdalan şəhərinə Yunisin yaşadığı mənzilə getmişlər. O maşında gözləmiş, Yunis isə evində paltarını dəyişib geri gəlmişdir. Maşınla 3-cü mikrorayon dairəsinə getmişlər, orada o, köşklərin yanında dayanaraq siqaretləri yoldan gəlib keçən şəxslərə satmışdır. Ümumilkdə 992 manat qazanc əldə etmişdir. Cəmi 1100 manata yaxın pulları olmuşdur. O həmin puldan 250 manat borcunu vermək üçün Yunisə vermiş, qalan pulu restoranalarda xərcləmişlər. Oğurluq etməyə hər ikisi birlikdə qərar vermişlər, lakin mağazaya oğurluğa o, yalnız girmişdir. Oğurladığı siqaretləri özü satsa da qazancı hər ikisi xərcləmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o Xırdalan şəhəri və Abşeron rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Aprel ayının 17-i yaxud 18-i gecə saat 2-3 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək harada olması ilə maraqlanmış, işləri ilə əlaqədar Lökbatan qəsəbəsinə getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 telefonda xəritə üzərindən ona getməli olduqları yeri göstərmiş və onlar Lökbatan ərazisinə gəlmiş, o, avtomobili binaların arasında saxlamışdır. Təqsirləndirilən şəxs1 avtomobildən çıxaraq orada yaşayan bir qızla görüşüb geri gələcəyini ona demişdir. Təqsirləndirilən şəxs1 geri qayıtdıqda əlində sellofan paketlər və karton qutu olmuş, əlindəkiləri baqaja qoymuş və sürüb getmişlər. Bundan iki gün sonra polis əməkdaşları onu tutmuş və o, heç bir əməl törətmədiyini bildirmişdir. Yol xərci olaraq Təqsirləndirilən şəxs1 ona 12-13 manat pul vermişdir. Məhkəmə iclaslarında suallara cavab olaraq bildirmişdir ki, o, müvəqqəti saxlanc yerində olarkən polis əməkdaşları tərəfindən döyülsə də barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar keçirilən məhkəmə iclasında bu barədə məlumat verməmişdir. Bakı İstintaq Təcridxanasına qəbul olunarkən o, müayinə olunmuşdur. Daha sonra şübhəli şəxs qismində tutularkən döyüldüyünü, ibtidai istintaq zamanı da qeyd olunan əməli törətmədiyini bildirdiyini, hazırda da özünü təqsirli bilmədiyini qeyd edərək ona bəraət verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. İsmayıl adlı şəxslə 2019-cu ildə M.Əcəmi metro stansiyasının yaxınlığında olan çayxanalardan tbirində tanış olmuşlar. Həmin vaxtdan bu günə kimi dostluqları davam etmişdir. 18 aprel 2023-cü il tarixdə pulları olmadığı üçün o, İsmayıla görüşmək üçün mesaj göndərmişdir. “Memar Əcəmi” metro stansiyasının yaxınlığında gecə saat 1-2 radələrində icarəyə götürdüyü Xəzər markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsində görüşmüşdür. Söhbət əsnasında o, İsmayıla pulu olmadığı üçün birlikdə oğurluq etməyi təklif etmişdir. İsmayıl ilə bərabər idarə etdiyi nəqliyyat vasitəsində Lökbatan qəsəbəsinə gəlmişlər. Lökbatan qəsəbəsi ərazisində bir müddət maşın ilə ara yollarda hərəkət edərək mağazaları müşahidə etmişlər. Lökbatan qəsəbəsində yol kənarında diqqətlərini cəlb edən mağazadan 60-70 metr aralıqda nəqliyyat vasitəsini saxlamışdır. O, maşında gözləmiş, İsmayıl isə maşının yük yerindən təkər açarı götürərək həmin maqazaya yaxınlaşmışıdr. O, uzaqdan İsmayılı müşahidə etmişdir. İsmayıl mağazanın qapısını təkər açarı ilə açdıqdan sonra oraya daxil olmuşdur. Təxminən 20-25 dəqiqə sonra əvvəlcə əlində 2 sellofan torba ilə, yenidən mağazaya qayıtdıqdan sonra isə karton qutu ilə geri dönmüşdür. Oğurladığı əşyaları nəqliyyat vasitəsinin arxa oturacağının üzərinə qoymuşdur. O, İsmayıldan nə oğurladığını soruşduqda İsmayıl ona siqaret və 123 manat pul oğurladığını bildirmişdir. Onlar 3-cü mikrorayon dairəsinə getmiş, İsmayıl siqaretləri orada olan köşklərin yanında dayanıb gəlib keçən şəxslərə satmışdır və ümumilikdə 1040 manat pul əldə etmişdir. Cəmi 1170 manata yaxın pulları olmuşdur. O həmin puldan 250 manat borcunu vermək üçün götürmüşdür. Yerdə qalan pulu restoranlarda xərcləmişlər. Oğurluq etmək qərarını o, versə də mağazaya İsmayıl tək girmiş və oğurladığı siqaretləri də o, satmışdır.Əldə etdikləri pulu ikisi bir yerdə xərcləmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları zərərçəkmiş şəxsin ifadəsi, DVD diskdəki görüntü və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, Lökbatan qəsəbəsində yerləşən, 2019-cu ildən etibarən işlətdiyi “Ucuz market” adlı ərzaq mağazasını 17 aprel 2023-cü il tarixdə axşam saat 21 radələrində mağazanı bağlamış, 18 aprel 2023-cü il tarixdə səhər saat 06 radələrində həmin mağazaya yaxınlaşdıqda qapısının aralı olduğunu görmüşdür. Mağazanın içərisinə daxil olduqda vitrində, vitrinin və stolun altına qoyduğu bağlı halda olan siqaretlərin olmadığını, oğurlandığını müəyyən etmişdir. Kassaya nəzər yetirdikdə isə 120 manat kağız əskinaz və qəpik şəklində 5 manat pulun da oğurlandığını aşkar etmişdir. Vitrindən ancaq qiyməti bahalı siqaretlər oğurlanmışdır. Onun mağazasından bir qutusunun qiyməti 4.20 manat olan “Sobranie” markalı siqaretdən 11 blok, bir qutusunun qiyməti 4.50 manat olan “Sobranie gold” markalı siqaretdən 1 blok, bir qutusunun qiyməti 4.10 manat olan “Sobranie” markalı siqaretdən 5 blok, bir qutusunun qiyməti 3.10 manat olan “LD” markalı siqaretdən 5 blok, bir qutusunun qiyməti 3.30 manat olan “LD” markalı siqaretdən 3 blok, bir qutusunun qiyməti 3.70 manat olan “Winston” markalı siqaretdən 15 blok, bir qutusunun qiyməti 3.90 manat olan “Kent” markalı siqaretdən 8 blok, bir qutusunun qiyməti 4.20 manat olan “Neo” markalı siqaretdən 4 blok, bir qutusunun qiyməti 2.80 manat olan “Vinchester” markalı siqaretdən 5 blok, bir qutusunun qiyməti 2.80 manat olan “Palmal” markalı siqaretdən 10 blok, bir qutusunun qiyməti 2.30 manat olan “Magna” markalı siqaretdən 5 blok, bir qutusunun qiyməti 2.30 manat olan “Keno” markalı siqaretdən 7 blok, bir qutusunun qiyməti 2.60 manat olan “Vant” markalı siqaretdən 3 blok, bir qutusunun qiyməti 2.50 manat olan “Vant” markalı siqaretdən 3 blok, bir qutusunun qiyməti 3.10 manat olan “Davidoff” markalı siqaretdən 3 blok, bir qutusunun qiyməti 3.90 manat olan “Davidoff” markalı siqaretdən 2 blok, bir qutusunun qiyməti 2.30 manat olan “Viceroy” markalı siqaretdən 5 blok, bir qutusunun qiyməti 2.80 manat olan “Rothmans” markalı siqaretdən 8 blok, bir qutusunun qiyməti 2.30 manat olan “Argo” markalı siqaretdən 10 blok oğurlanmışdır. O, hadisə barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirmiş və ondan bu barədə ərizə almışlar. Mağazada olan videomüşahidə kameralarının qeydə aldığı görüntüyə baxdıqda bir nəfər cavan oğlanın mağazaya daxil olaraq oradan oğurluq etməsi müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlanmış, ona dəymiş zərərin ödənildiyini qeyd edərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işində olan təqsirləndirilən şəxslərin Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində verdikləri ilkin izahatalarından, şübhəli şəxsin dindirilməsi haqqında protokollardan görünür ki, təqsirləndirilən şəxslər gecə saat 1-2 radələrində görüşərək oğurluq etmək qərarına gəldiklərini, Təqsirləndirilən şəxs2 maşında gözlədiyi, Təqsirləndirilən şəxs1 mağazaya daxil olub oğurladığı əşyalarla birlikdə gecə saat 3-4 radələrində əlində iki ədəd sellofan torba və siqaretlərin qutusu ilə maşına əyləşib, oğurladığı malları arxa oturacağa qoyduğunu bildirmişlər. Cinayət işinin 26-cı vərəqəsində olan 20 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 19:30-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 48-ci vərəqəsində olan 20 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Y.V.İmamov həmin tarixdə, saat 21:30-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 57-58-ci vərəqələrində olan 22 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. (saat 09:10) Cinayət işinin 75-76-cı vərəqələrində olan 22 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. (sat 10:55) Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirləri seçilmişdir. Cinayət işinin 122-ci vərəqəsində olan «Videogörüntünün götürülməsi haqqında» 24 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən “Ucuz market” adlı mağazada baş vermiş oğurluq hadisəsinin həmin mağazaya quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alındığı görüntünün köçürüldüyü DVD disk istintaqa təqdim edilmişdir. Cinayət işinin 124-129-cu vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 131-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Cinayət işinin 140-cı vərəqəsində olan «Videogörüntüyə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş görüntüdən görünür ki, həmin görüntü 03 faylda yerləşdirilmişdir. Fayl açıldıqda aydın görünür ki 18 aprel 2023-cü il tarixdə saat 03:33-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən “Ucuz market” adlı ərzaq mağazasına bir nəfər qara gödəkcəli, qara şalvarlı, başında qara rəngli idman ülublu papaq və ağzında tibbi maska olan bir nəfər kişi cinsinə mənsub şəxs qapıya mexaniki təsir göstərib açaraq içəri daxil olur. Əlində olan alışqanın fənəri ilə ətrafı müşahidə edir. Daha sonra kassa yerləşən stola yaxınlaşaraq onun altındakı siqaret yığılmış karton qutunu götürüb qapının yanına qoyur, daha sonra kassanı açaraq içərisində olan kağız və dəmir pulları cibinə qoyur, bundan sonra mağazada olan siqaretləri mağazadan götürdüyü 3 ədəd sellofan torbaya yığaraq qapıdan çıxır, 1-2 dəqiqədən sonra yenidən mağazaya qayıdaraq qapının yanında qoyduğu içərisində siqaret olan karton qutunu da götürərək mağazadan çıxaraq oradan uzaqlaşır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs1 bir daha etiraf etmişdir ki, videogörüntülərdə oğurluq edən şəxs özüdür. Cinayət işinin 141-142-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 152-153-cü vərəqələrində olan olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və 154-162-ci vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş CM-nin 85.2-ci maddəsinə əsasən 600 manat cərimə cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2, 326.2-ci maddələri ilə təqsirli bilinmiş CM-nin 66.2 və 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 600 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 600 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş apelyasiya məhkəməsinə baxışa geri qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ləğv edilmiş, CM-nin 177.2.1,177.2.2,177.2.3,185.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2, 67.1 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə və 600 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1,177.2.2, 177.2.3, 177.2.4,66.5,69.3,68.2-ci maddələrinə əsasən 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 600 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1,177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası CMnin 66.5-ci maddəsinə əsasən ona Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə və 600 manat miqdarında cərimə cəzaları ilə qismən toplanılmaqla 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 600 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. CM-nin 69.3 və 68.2-ci maddələrinə əsasən 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 600 manat cərimə cəzasına məhkum edilməklə cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 26 gün vaxtından əvvəl şərti azad olunub, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi mövcuddur. Cinayət işinin 163-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 164-165-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti hazırlıq iclası keçirilənədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər ilə barışmış, ona vurulmuş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona təyin olunmuş 600 manat cərimə cəzası ödənilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılarkən döyüldüyünü bildirmiş, xx.xx.2023-cü il tarixdə qeyd olunan xüsusatla bağlı Qaradağ rayon prokurorluğuna məlumat verilmiş, Qaradağ rayon prokurorluğunun müstəntiqi X3 01 dekabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusat öz təsdiqini tapmadığından CPM-nib 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsinin olmaması ilə cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı Bakı İstintaq Təcridxanasına xx.xx.2023-cü il tarixdə və Qaradağ RPİ-yə xx.xx.2024-cü il tarixlərdə sorğular verilmişdir. Bakı İstintaq Təcridxanasından xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, ilkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs2 xəsarət aşkar edilməmiş, sol said nahiyəsində, qarının ön divarında və sağ boyun nahiyəsində çapıq toxuma müşahidə edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsə qeyd olunan çapıq izləri ilə bağlı ünvanlanmış sual cavab olaraq bildirmişdir ki, həmin çapıq izləri onun üzərində hazırkı işlə bağlı tutulmamışdan xeyli müddət əvvəl özünə yetirdiyi xsarətlər səbəbindən mövcud olmuşdur. Qaradağ Rayon Polis İdarəsindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 00:30-da Qaradağ RPİ-nin MSY-nə daxil olmuş, müayinədən keçirilmiş və onun üzərində hər hansı xəsarət izləri mövcud olmamış və baxış zamanı tərtib edilmiş tibbi müayinənin nəticəsinin surəti çıxarılaraq məhkəməyə göndərilmişdir. Həmin sənədə məhkəmə iclasında baxış keçirilərkən digər təqsirləndirilən şəxslərin adının qarşısında xəsarət olmaması ilə bağlı “yox” yazılmasına baxmayaraq, Təqsirləndirilən şəxs2 adının qeydə alındığı qrafada hər hansı qeyd olmadığı müəyyən edilmiş, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə ünvanlanmış vəsatət əsasında həmin sənədlə bağlı izah təqdim olunması xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən tələb olunmuşdur. Təqsirləndirilən şəxslərin müayinəsini həyata keçirmiş 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi X4 tərəfindən xx.xx.2024-cü il tarixdə sorğuya cavab verilərək bildirilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 eyni cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edildikləri üçün “yoxdur” qeydi hər iki şübhəli şəxsə şamil edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsdə saxlanılma müddətinin əvvəli 14 sentyabr 2023-cü il tarix, saat 20:20-dən hesablanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməməsi özünümüdafiə xarakterli olmaqla törətdiyi cinayət əməlindən yaxa qurtarmaq məqsədi daşımışdır. Təqsirləndirilən şəxs1 isə hazırki cinayət əməlinin onun tərəfindən törədilməsindən digər təqsirləndirilən şəxsin məlumatsız olması barədə səsləndirdiyi ifadələr yaxın dostunu müdafiə etməklə yanaşı cinayət əməlinin bir qrup şəklində törədildiyi halda veriləcək cəzanın daha ağır olacağından məlumatlı olmasından irəli gəlmişdir. Belə ki, hər iki təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilmiş məhkəmə iclasında cinayət əməlini bərabər törətdiklərini, özlərini təqsirli bildiklərini qeyd etmişlər. Bundan əlavə əvvəllər dəfələrlə məhkum olunmuş şəxsin gecə saat 02-03 radələrində nəqliyyat vasitəsini yaşadığı ərazidən o qədər uzaq məsafəyə idarə etməsi, yaxın dostu Təqsirləndirilən şəxs1 xanım tanışı ilə görüşməsi üçün gətirdiyi halda onun əlində kifayət qədər böyük həcmdə olan məhsullarla geri qayıtdığı görərərək həmin sellofan torba və karton qutuda olanlarla ümumiyyətlə maraqlanmaması inandırıcı deyildir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi cinayətini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, hər iki təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə və həbs qətimkan tədbiri ilə bağlı keçirilən məhkəmə iclasında verdikləri, Təqsirləndirilən şəxs1 həm də məhkəmə iclaslarında ifadələri, zərərçəkmiş şəxsin, DVD diskdəki görüntü, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli məhkəmə tərəfindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, vurulmuş zərərin ödnilməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu 04 ay 25 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilməklə, barəsində həbs qətimkan tədbiri seçilməli və onun azadlığı faktiki olaraq hökmün çıxarıldığı 06 mart 2024-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 əməlində zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal əməlində cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş və ödənilməmiş 600 manat cərimə cəzası ilə birləşdirilməklə ona, qəti cəza təyin edilməli, cərimə cəzası müstəqil icra olunmalıdır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 azadlığı xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilər X5 və X1, məhkəmə iclaslarında təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmiş Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat pul, məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx manat) manat pul və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx manat) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay 25 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 il 07 ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş və ödənilməmiş 600 manat cərimə cəzası ilə tam birləşdirilməklə ona, qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cərimə cəzası müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat pul, məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx manat) manat pul və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx manat) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkumlar isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-10/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-10/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver