Məhkəmə qərarları › İş №1(002)-100/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-100/2022

07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-100/2022 07.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 24 noyabr 2021-ci il tarixdə saat 22 radələrində idarə etdiyi «BMW X5» minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən 39.5-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobili yolun sağ kənarında dayanmış Şahid1 idarə etdiyi «VAZ 21070» minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vuraraq nəticədə ehtiyatsızlıqdan «VAZ 21070» minik markalı avtomobilin sərnişini X4 baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, baş beyin toxumasının ödemi, kəllə əsasının xətti sınığı, nazik bağırsağın müsariqəsinin cırılması, (cərrahi əməliyyatla bərpası-laporatomiya), bud sümüyünün yuxarı 1/3-nin sınığı qapalı sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət alaraq 06 yanvar 2022-ci il tarixdə saat 08:00-da Bakı şəhəri 1 saylı X11 ölməsinə, «VAZ 21070» minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs1 3850 (üç min səkkiz yüz əlli) manat və «BMW X5» minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 980 (doqquz yüz səksən) manat məbləğində maddi ziyan dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onun «BC» kateqoriyalı, AD seriyalı, 198684 nömrəli sürücülük vəsiqəsi var və həmin vəsiqəylə etibarnamə əsasında anası Zərərçəkmiş şəxs2 məxsus olan «BMW X5» minik markalı, **- TA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O, 24 noyabr 2021-ci il tarixdə yəni, yol-nəqliyyat hadisəsi baş verən gün anasına məxsus olan «BMW X5» minik markalı avtomobillə səhər saatlarında evdən çıxıb Bakı şəhərinə getmiş, orada axşama kimi işlərini həll edib daha sonra sevdiyi Elvina adlı qızı institutdan götürüb yaşadığı Qaradağ rayonu, Ümid qəsəbəsinə aparmaq istəmişdir. O, Elvinanı götürdükdən sonra xeyli gedib Lökbatan qəsəbəsi ərazisindən Bakı-Qazax avtomobil yoluna daxil olub Qazax rayonu istiqamətində hərəkətə başlamış, avtomobili yolun sol hərəkət zolağı ilə Qazax rayonu istiqamətində saatda təxminən 100-110 km/saat surətlə idarə edən zaman avtomobil texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə bir nəfər sərnişin olmuşdur. O, idarə etdiyi «BMW X5» markalı avtomobillə xeyli getdikdən sonra Sahil qəsəbəsini keçib Ümid qəsəbəsi ərazisinə çatmış, Elvinanı düşürmək üçün Ümid qəsəbəsinə daxil olub onu düşürdükdən sonra yaşadığı Sahil qəsəbəsinə qayıtmaq üçün yenidən Bakı- Qazax avtomobil yoluna gəlmiş və Bakı-Qazax avtomobil yolunun kənarına çatıb sola baxaraq baş yola daxil olaraq Qazax rayonu istiqamətində gedib qarşıdan dönərək Bakı şəhəri istiqamətinə getmək istəmişdir. O, sola baxa-baxa yola daxil olub qaz pedalına basıb surətini artıran zaman birdən avtomobilin başqa avtomobilə dəydiyini hiss etmiş, tez çevrilib qarşıya baxanda görmüşdür ki, yolun sağ kənarında dayanmış Vaz 2107 markalı avtomobili arxa hissəsindən zərbəylə vurmuş, bu zaman ona məlum olmuşdur ki, o yolun sağ kənarında işıqsız vəziyyətdə dayanmış olub və onun yanından keçmək üçün düzgün manevr etmədiyi üçün onun arxa hissəsindən vurmuşdur. O, tez avtomobildən düşmüş və həmin avtomobilə yaxınlaşıb görmüşdür ki, orada arxa oturacaqda bir qız xəsarət alıb. Onu avtomobildən çıxarıb təcili yardım çağırıb xəstəxanaya göndərmişlər, özü isə hadisə yerində qalaraq polis əməkdaşlarına sənədlərini təqdim etmiş, hadisə zamanı heç bir bədən xəsarəti almadığını bildirmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, eləcə də İİ Qarabağ müharibəsində iştirak etdiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 24 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən 39.5-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş X7 onun qızı olmaqla 07.03.2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, bildirmişdir ki, qızı Aytac 24 noyabr 2021-ci il tarixdə Sahil qəsəbəsində işə getmiş, həmin gün saat təxminən 22:15 radələrində qızının iş yoldaşı evə gələrək Aytacın yol-nəqliyyat hadisəsi keçirdiyini və xəsarət aldığını bildirmişdir. O, dərhal evdən çıxaraq Bakı şəhər X12 getmiş, ora çatanda qızının aldığı xəsarətlərin ağır olduğunu bilmiş, Aytac uzun müddət xəstəxanada yatdıqdan sonra 06 yanvar 2022-ci il tarixdə ölmüşdür. Onu Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən morqda müayinə etdikdən sonra təhvil vermişlər və o, qızının Sahil qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi «BMW X5» minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə yolun sağ hissəsində dayanmış Şahid1 idarə etdiyi «VAZ 21070» minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə qızı ağır bədən xəsarətləri almışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən onlara bütün maddi və mənəvi yardımlar göstərilmiş, buna görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 24 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən 39.5-ci kilometrliyində oğlu Təqsirləndirilən şəxs ona məxsus olan, etibarnamə əsasında idarə etdiyi «BMW X5» minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə yolun sağ hissəsində dayanmış Şahid1 idarə etdiyi «VAZ 21070» minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə «VAZ 21070» minik markalı avtomobilin sərnişini X7 xəsarət almış, ona məxsus olan «BMW X5» minik markalı avtomobilə 980 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanla bağlı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 24 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən 39.5-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi «BMW X5» minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus olan, ancaq oğlu Şahid1 etibarnamə əsasında idarə etdiyi «VAZ 21070» minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə ona məxsus olan «VAZ 21070» minik markalı avtomobilə 3850 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, «BC» kateqoriyalı, AF seriyalı, 127971 nömrəli sürücülük vəsiqəsi var və həmin vəsiqəylə etibarnamə əsasında atası Zərərçəkmiş şəxs1 məxsus olan «VAZ 21070» minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O, bildirmişdir ki, ailəlikcə yaşadıqları Masallı rayonu, Təklə kəndindən bazarda işləmək üçün Sahil qəsəbəsinə köçüblər və orada kirayədə yaşayırlar. O, 24 noyabr 2021-ci il tarixdə, yəni yol-nəqliyyat hadisəsi baş verən gün atasına məxsus olan «Vaz 21070» minik markalı avtomobillə evdən çıxıb qəsəbə mərkəzinə getmiş, orada sevdiyi Aytac adlı qızı iş yerindən götürüb yaşadığı Qaradağ rayonu, Ümid qəsəbəsinə aparmaq istəmişdir. O, dostu Tahirlə birlikdə dayanacaqdan Aytacı götürdükdən sonra xeyli gedib Bakı-Qazax avtomobil yoluna daxil olub Qazax rayonu istiqamətində hərəkətə olarkən avtomobili yolun sağ hərəkət zolağı ilə Qazax rayonu istiqamətində saatda təxminən 60-70 km/saat surətlə idarə edən zaman avtomobil texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə 2 nəfər sərnişin olmuşdur. O, idarə etdiyi Vaz 21070 markalı avtomobillə xeyli getdikdən sonra Ümid qəsəbəsi ərazisinə çatmış və Aytacı düşürmək üçün yolun sağ kənarına doğru avtomobili istiqamətləndirib avtomobili yolun sağ kənarında saxlamış, avtomobili saxlayıb qəza işıqlarını yandırdıqdan təxminən 2 dəqiqə sonra birdən başqa avtomobil surətlə gəlib onun avtomobilinin arxa və arxa sol hissəsindən vurmuşdur. Zərbədən onun avtomobili biraz qarşıya hərəkət edib dayanmış, zərbədən onun avtomobilinin arxası tam əzilmiş və arxa oturacaqda oturan Aytac xəsarət alaraq sıxışıb avtomobilin içərisində qalmışdır. O, dostu ilə birlikdə tez avtomobildən düşmüş və Aytaca köməklik edib onu avtomobildən çıxarmışdır. Yerə düşəndən sonra görmüşdür ki, Aytacın üzündən qan axır və o, xəsarət alıb. Ətrafdan başqa adamlar onun xəsarət aldığını görüb təcili yardıma zəng vurmuşlar, onlarda gəlib Aytacı xəstəxanaya aparmışlar. Özü isə hadisə yerində qalıb polis əməkdaşlarına sənədlərini təqdim etmişdir. O, hadisə zamanı yüngül bədən xəsarəti aldığını bildirmişdir. Hadisədən sonra yerə düşəndən sonra görmüşdür ki, onun avtomobilimə arxa hissəsindən vuran “BMW X5” markalı minik avtomobili olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 24 noyabr 2021-ci il tarixdə yəni, yol-nəqliyyat hadisəsi baş verən gün dostu Nurlana məxsus olan «Vaz 21070» minik markalı avtomobillə evdən çıxıb qəsəbə mərkəzinə getmişlər, orada onun sevdiyi Aytac adlı qızı iş yerindən götürüb yaşadığı Qaradağ rayonu, Ümid qəsəbəsinə aparmaq üçün dayanacaqdan Aytacı götürdükdən sonra xeyli gedib Bakı-Qazax avtomobil yoluna daxil olub Qazax rayonu istiqamətində hərəkətə başlamışlar. Avtomobili yolun sağ hərəkət zolağı ilə Qazax rayonu istiqamətində saatda təxminən 60-70 km/saat surətlə idarə edərək xeyli getdikdən sonra Ümid qəsəbəsi ərazisinə çatmışlar. Nurlan Aytacı düşürmək üçün avtomobili yolun sağ kənarına doğru istiqamətləndirib və yolun sağ hissəsində saxlamış, təxminən 3-4 dəqiqə sonra arxadan başqa avtomobil onları vurmuş, zərbədən avtomobilin arxa hissəsi əzilmiş və arxada oturan Aytac da xəsarət almışdır. O, Nurlanla birlikdə tez avtomobildən düşmüş və Aytaca köməklik edib onu avtomobildən çıxarmışlar. Yerə düşəndən sonra görmüşdür ki, Aytacın üzündən qan axır və o, xəsarət alıb. Ətrafdan başqa adamlar onun xəsarət aldığını görüb təcili yardıma zəng vurmuşlar. Daha sonra ona məlum olmuşdur ki, Nurlanın idarə etdiyi Vaz 21070 makralı minik avtomobilinə arxadan vuran “BMW X5” markalı minik avtomobili olmuş. O, hadisə zamanı heç bir bədən xəsarəti almadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X14 Qaradağ rayon şöbəsinin 13.12.2021-ci il tarixli 900 №-li rəyindən görünür ki: müayinə zamanı X4 bədən səthində aşkar olunmuş xəsarətlər– İİİ-İV dərəcəli travmatik və hemorragik şok, daxili qanaxma, huşun koma İİ tip pozulması, açıq kəllə beyin travması, kəllə əsasının sınığı, baş beyinin hər iki yarımkürələrinin ağır dərəcəli diffuz və ocaqlı əzilməsi, döş qəfəsinin sağdan İİİ qabırğanın yerinidəyişməyən sınığı, hər iki ağciyərlərin əzilməsi, sol ağciyərin atelektazı və sol plevra boşluğunun hemotoraksı (Bulau drenajı), nazik bağırsaq müsariqəsinin cırılması (cərrahi əməliyyatla bərpası-Laporotomiya), sağ bud-çanaq oynağının çıxığı, bud sümüyünün orta 1/3-nin yerinidəyişən qapalı sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, 24.11.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. Vət. A.M.Cavadovanın almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu avtomaşına hərəkətdə olan digər avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X14 Qaradağ rayon şöbəsinin 02 fevral 2022-ci il tarixli 02 №-li rəyindən görünür ki: X1 meyitinin məhkəmətibbi müayinəsində aşağıdakı zədələr aşkar edildi: baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, baş beyin toxumasının ödemi, kəllə əsasının xətti sınığı, nazik bağırsağın müsariqəsinin cırılması (cərrahi əməliyyatla bərpası-laporatomiya), bud sümüyünün yuxarı 1/3-nin sınığı qapalı sınığı. Göstərilən xəsarətlər həyati olub, qərarın təsviri hissəsində göstərilən 24.11.2021-ci il tarixdə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb kəllə əsasının sınığı ilə müşayiət olunan baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma və baş beyin toxumasının artan ödemi olmuşdur. Mərhum A.M.Cavadovanın almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sərnişini olduğu avtomaşının digər hərəkətdə olan avtomaşının toqquşması nəticəsində əmələ gələ bilərdilər. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum A.M.Cavadovanın ölümü 06.01.2022-ci il tarixdə, saat 08:00-da X11 baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2022-ci il tarixli, 8/204 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: «BMW X5» minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «VAZ-21070» minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 11-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı toqquşmanın Vaz 21070 markalı avtomobilin dayanmış vəziyyətdə baş verdiyindən sürücü Şahid1 hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluq hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, tam hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan 24 noyabr 2022-ci il tarixli 2/34486 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şahid1 ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli 2/34493 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış 29.11.2021-ci il tarixli 016-140056- 1221 №-li məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 26.09.2018-ci ildə «BC» kateqoriyalı AD seriyalı 198684 nömrəli sürücülük vəsiqəsi verilmişdir və sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan "xxxx" MMC-dən alınmış ziyan aktından məlum olur ki, «VAZ 21070» minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3850 manat ziyan dəymişdir. İş materiallarında olan sahibkar X3 alınmış ziyan aktından məlum olur ki, «BMW X5» minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 980 manat ziyan dəymişdir. «VAZ 21070» minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil və «BMW X5» minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq sahiblərinə qaytarılmışdır. İş materiallarında olan Sapfir İnşaat Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə özünü tərbiyəli aparmışdır. Sakinlər arasında xüsusi hörmətə malikdir. İş materiallarına əlavə edilmiş 342 saylı Hərbi Hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən və Təqsirləndirilən şəxs məxsus hərbi biletin surətindən aydın olur ki, o, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Cəbrayıl rayonu istiqamətində “Vətən müharibəsi”ndə iştirak etmiş və müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışmaqla, ona qarşı heç bir şikayət və tələblərin olmamasını, “Vətən müharibəsi”ndə iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «VAZ 21070» minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «BMW X5» minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış «VAZ 21070» minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «BMW X5» minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar