Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-100/2024 12.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şamaxı rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay 10 gün azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş , Şamaxı rayonu, Birinci Çaylı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Ağ Saray” dairəsi adlanan ərazidə fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 01:27 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən köşkdən 724 manat nağd pulu və ümumi dəyəri 376 manat olan 30 ədəd 1 manatlıq, 30 ədəd 2 manatlıq, 20 ədəd 3 manatlıq, 20 ədəd 5 manatlıq “Simkart”, 20 ədəd 1 manatlqı, 20 ədəd 2 manatlıq “Cinkart” və 20 ədəd 2 manatlıq “Narkart” danışıq konturu kartlartını gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2023cü ilin avqust ayında Bakı şəhərinin müxtəlif ünvanlarında iş axtarmışdır. Lökbatan qəsəbəsinin mərkəz hissəsində gəzib-dolandığı zaman siqaret köşkünün üzərində satıcı tələb olunması ilə bağlı elanı görüb oradakı mobil nömrəyə zəng etmiş, və zəngə cavab verən şəxsə iş axtardığını və qoyulmuş elanla bağlı zəng etdiyini bildirmişdir. Həmin şəxs ona köşkdə gecə növbəsində işləmək üçün satıcı axtardıqlarını bildirmiş və onu söhbətləşmək üçün köşkün yanına dəvət etmişdir. Təqribən 1 saat sonra köşkün yaxınlığında həmin şəxslə görüşmüş və söhbət etməyə başlamışdır. Həmin şəxs söhbət əsnasında bildirmişdir ki, aylıq əməkhaqqı qismində ona 400 manat məvacib verəcəkdir. Həmin vaxt işə ehtiyacının olduğu üçün Əlövsət adlı şəxsin bu təklifi ilə razılaşmışdır. Əlövsət adlı şəxs ona bildirmişdir ki, 2-3 saat orada qalıb həmin vaxt köşkdə olan satıcının yanında işi öyrənsin. O, həmin təklif ilə razılaşmış və Əlövsət köşkdə müvafiq sayım etdikdən sonra çıxıb getmişdir. Bundan sonra o, digər satıcının yanında əyləşib köşkün satış prosesi ilə tanış olmuşdur. Gecə radələrində həmin satıcı işi olduğu üçün bir neçə saatlıq köşkü tərk edib getmişdir. O, satıcıya onu əvəz edə biləcəyini söyləyib onu rahat şəkildə evə gedə biləcəyinə əmin etmişdir. Bundan sonra həmin satıcı köşkdən çıxıb evə getmiş o isə orada qalıb satış etməyə başlamışdır. Bir qədər müddət keçdikdən sonra köşkdə olan pulları və bir neçə ədəd danışıq konturu kartlarını götürüb köşkü bağlayıb çıxıb getmişdir. Törətdiyi əməldən peşmandır. Maddi imkanı olmadığı üçün ziyanı ödəmək iqtidarında deyil.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən siqaret köşkünün qanuni sahibidir. Şahid isə həmin köşkə nəzarətçi qismində işə götürmüşdür. 2023-cü ilin avqust ayında dəqiq tarixini unutduğu vaxtda mühasibi ona bildirmişdir ki, Lökbatan qəsəbəsində yerləşən köşkdən sifariş vərəqəsi gəlməyib. O, nəzarət kamerasından köşkə baxdığı zaman müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixdə nəzarətçisi Şahid tərəfindən qeyd olunan köşkə satıcı təyin olunmaq üçün gəlmiş şəxs köşkdə olduğu zaman oradan nağd pulları və danışıq konturu kartlarını oğurlayaraq getmişdir. Hal-hazırda ona vurulmuş ziyan ödənilməmişdir.Təqsirləndidilən şəxsdən şikayətçidir . Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus olan köşklər şəbəkəsinin Qaradağ rayonu üzrə nəzarətçisi vəzifəsində çalışır. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən köşkə işçi tələb olunması ilə bağlı elan kağızı tərtib edib köşkün üzərinə yapışdırmışdır. 2023-cü ilin avqust ayının ortalarında ona zəng edən bir nəfər şəxs köşkə işçi kimi onu işə götürməyini xahiş etmişdir. Bu barədə söhbət etmək üçün həmin tarixdə köşkün qarşısında onunla görüşmüş, söhbət zamanı həmin şəxs adının Asif olduğunu, hal-hazırda Əhmədli qəsəbəsində köşkdə işlədiyini, özünün Lökbatan qəsəbəsində yaşadığını və aldığı maaşın çox hissəsini yoluna xərclədiyi üçün ona sərf etmədiyini, buna görə də yaşadığı ünvana yaxın yerləşən köşkdə işləmək istədiyini bildirmişdir. Bununla bağlı Asif adlı şəxsə bildirmişdir ki, sabah sənədlərini də götürüb gəlsin və işçi kimi müvafiq sənədləşmə həyata keçirildikdən sonra işə başlasın. Asif onunla razılaşmış və işlədiyi idarənin müfəttişi Əbülfəz adlı şəxsi çağırıb köşkdə olan məhsulların sayımını həyata keçirib Asifə təhvil vermək üçün hazırlamışdır. Bundan sonra Asif həmin vaxt köşkdə olan digər satıcı Ceyhun adlı şəxslə köşkdə qalmış o isə iş vaxtının bitdiyi üçün evə getmişdir. Həmin gün gecə radələrində köşkün kamerasına baxan zaman Ceyhunun yerinə Asifin satıcılıq etdiyini görmüşdür. Bundan sonra dərhal Asifə zəng etmiş və Ceyhunun harada olmasını və onun nə üçün bu vaxt köşkdə olduğunu soruşmuşdur. Asif cavabında ona bildirmişdir ki, Ceyhun həyat yoldaşı xəstə olduğu üçün bir neçə saatlıq evə gedib. Saat 04:00 radələrində yenidən yuxudan oyanıb köşkün kamerasına baxan zaman görmüşdür ki, köşkdə heç kim yoxdur və köşkdə olan masanın üzəri boşdur. Dərhal bundan şübhələnib kamera görüntülərinə baxmış, görüntülərdə Asifin kassada olan pulları və danışıq konturlarını cibinə yığıb köşkdən çıxıb getdiyini görmüşdür.Bundan sonra 10-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 28 sentyabr 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin əlamətləri ilə başlanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə, saat 09.45-də şübhəli şəxs qismində tutularaq Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə, saat 10.10-10.50 radələrində təqsirləndirilən şəxs qismində dindirilmişdir. İş materiallarından görünür ki, 02 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2024-cü il tarixdə tutularaq Qaradağ RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə iş üzrə icraat təzələnərək barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsiin 10-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Qaradağ Rayon Polis İdarəsiin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan bir ədəd DVD diskə yazılmış video fayla məhkəmə iclasında keçirilmiş baxış zamanı 22 avqust 2023-cü il tarixdə köşkün içərisində ağ rəngli, qısaqol köynəkdə, qara rəngli şalvarda olan, orta boylu bir nəfər kişi cinsinə mənsub şəxsin kassadan pulları və danışıq kartlarını sayıb götürərək cibinə qoyaraq çıxıb getməsi müəyyən olunmuşdur. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay 10 gün azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinəhökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs tutma altında olduğu 03 (üç) gün ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən tutulduğu vaxtdan, yəni 12 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 03 (üç) gün nəzərə alınmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 12 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-100/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-100/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver