Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-102/2025 24.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci il tarixdə Ucar rayonu, Bağman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Bağman kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Qobu kəndində müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə, saat 21.00 radələrində onu idarə etdiyi “Mercedes” markalı,**-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Koroğlu” merostansiyasının yaxınlığından Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə gətirmiş sərnişin daşıma fəaliyyəti ilə məşğul olan X3 ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə ticarət mərkəzinin yaxınlığında mübahisə edib davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək heç bir səbəb olmadan yumruq və təpik zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, gözətrafı (paraorbital) nahiyənin hematoması, burun sümüyünün və sağ əng cibinin (maksilyar sinus) ön divarının qəlpəli yerdəyişən sınığı, sifətin sıyrıqları, hər iki çənədə kəsici, köpək və azı dişlər nahiyəsini əhatə edən körpüyəbənzər protezlərin posttravmatik itirilməsi ilə müşayiət edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam radələrində Lökbatan qəsəbəsinə gələrək yaşadığı Ucar rayonuna getmək üçün Koroğlu metrosunun çıxışında Lökbatan dairəsinə işləyən taksilərin birinə yaxınlaşmışdır. Sonradan adının Rafiq olduğunu bildiyi, “Mercedes” markalı, avtomobilin sürücüsü 1 şəxsi 4 manata aparacağını bildirdikdə onunla dediyi qiymətə razılaşmış, daha sonra tanımadığı digər bir oğlan yaxınlaşaraq Lökbatan qəsəbəsinə gedəcəyini deyərək avtomobilə əyləşmişdir. Bundan sonra Lökbatan qəsəbəsi istiqamətinə yola düşmüş, yolda sürücü bir nəfər də müştəri götürmüşdür. Qaradağ rayon Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə ticarət mərkəzinin dairəsinə çatıb düşən zaman digər sərnişin sürücüyə 3 manat verəcəyini demiş, sürücü Rafiq isə bununla razı olmamış və həmin müştəri ilə aralarında sözlə mübahisə olmuşdur. Özü Rafiqə 10 manat pul verərək qalan 6 manatı qaytarmasını gözləməyə başlamış, həmin zaman taksi sürücüsü ”nə xoruzlanırsan?” deyərək üstünə gəlmişdir. Sürücüyə qalan pulunu verməyi deyən zaman Rafiq onun ünvanına nalayiq ifadə işlətdiyi üçün o da ona qarşı nalayiq ifadə işlətmiş, bundan sonra tutaşmışlar. Orada olan tanımadığı şəxslər onları aralamış, Rafiq “otur maşına” deyərək ünvanına nalayiq ifadə işlətmiş, eyni zamanda ona “otur maşına səni aparıb başa salacağam”demişdir. Bundan sonra onun avtomobilinə əyləşmiş Rafiq avtomobili bir az irəlidə sol tərəfdə kənar yerə sürmüşdür. Oraya çatan zaman isə ağır formada nalayiq ifadələr işlədərək birbaşa üzünə qarşı söyüş söyüb avtomobildən düşmüşdür. Daha sonra özü də avtomobildən düşmüş və Rafiq yaxınlaşan zaman sonuncunun qarın nahiyyəsindən bir təpik vurmuşdur. Rafiq yenə də ünvanına ailə üzvlərinə söydüyü üçün buna dözə bilməyərək onun sifət nahiyəsindən bir neçə yumruq zərbələri vurmuşdur.Həmin zaman Rafiq baş və sifət nahiyyəsindən yumruq vurduğu üçün onun ayağından vuraraq yerə yıxmış, yerə yıxılan zaman isə başı yerə dəyərək qanamışdır. Daha sonra aralaşmış, Rafiq gedib avtomobilə əyləşmişdir. Əvvəl Rafiq,sonra isə özü 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verərək həmin yerdə polisin gəlməsini gözləmişlər. Hadisə zamanı yaxınlıqda heç kim olmamışdır.Hadisə zamanı özüdə zəsarətlər almışdır.Törətdiyi əməldən peşmandır.Zərər çəkmiş şəxsə 400 manat pul vermiş və barışığa cəhd etmişdir.Zərərçəkmiş şəxsin istədiyi məbləği ödəyə bilmir.Vətən Müharibəsi iştirakçısıdır və “Ağdamın azad olunmasına görə”, Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir və müharibə veteranıdır. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, idarə etdiyi “Mercedes Benz E220” markalı avtomobillə Bakı şəhərində Koroğlu metrosu ilə Lökbatan aralığında sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə axşam radələrində Koroğlu metrosunun çıxışında bir nəfər şəxs yaxınlaşaraq neçəyə Lökbatan dairəsinə aparacağını soruşduqda adam başı üç manata aparacağını bildirmiş, həmin şəxs yanında olan digər şəxslə adama 4 manat verib gözləməyərək getmək təklifi etmişlər.Həmin şəxslərlə razılaşdıqdan sonra hərəkətə başlamaq istəyən zaman bir nəfər şəxs yaxınlaşaarq 2 manatı olduğunu deyib onu da aparmağı xahiş etdiyi üçün onu da avtomobilə əyləşdirmiş və yola çıxmışdır. Yolda gedən zaman bir nəfər şəxsi də götürmüşdür. Qaradağ rayonu ərazisində yerləşən Binə ticarət mərkəzinin dairəsinə çatan zaman ilk avtomobilə əyləşənlərdən biri 3 manat verəcəyini dedikdə ona 4 manata danışdıqlarını xatırlatdıqda o “yolda bir nəfər götürmüsən” sözlərini demiş, həmin şəxsə ondan pul almayacağını demişdir. Bu zaman həmin şəxslərdən biri, sonradan Ziya olduğunu bildiyi şəxs ona “sən nə yekə-yekə danışırsan” sözlərini demiş, Ziyadan nə dediyini soruşduqda sonuncu ünvanına nalayiq ifadə işlətdiyi üçün Ziyaya qarşı nalayiq ifadə işlətmişdir. Daha sonra Ziya ağır formada nalayiq ifadə işlətdiyi üçün ona eyni ifadələri işlətmişdir. Daha sonra Ziya “otur maşına sür, sənə başa salacağam” sözlərini deyərək getməyənin ünvanına “var yox söyuşü” söymşüdür. Avtomobilə əyləşib bir az irəlidə Binə ticarət mərkəzindən üzü Lökbatan qəsəbəsi istiqamətinə yolun sol tərəfində boşluq əraziyə getmiş və orada avtomobildən düşmüşlər. Həmin zaman Ziya sifət nahiyyəsindən yumruq zərbəsi vurmuş,zərbədən yerə yıxılmış və ayağı əzilmişdir. Ziya ünvanına nalayiq ifadə işlətdikdə ona qarşı nalayiq ifadə işlətmiş,Ziya yenə vurmağa başladığı üçün yerə yıxılmış, başından tutaraq yerə vurmuşdur. Hadisə zamanı ətrafda heç kim olmamışdır. Hadisə vaxtı protez dişləri sınmışdır.Ziyanın azadlıqdan məhrum edilməsini istəməsə də dəymiş ziyanı tələb edir və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 01 mart 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanmışdır İş materiallarından görünür ki, 28 aprel 2025-ci il tarixdə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 –cü maddəsinə tövsif edilmişdir. İş materiallarından görünür ki, 06 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, eyni tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası SN MTE və PAB X5 rayon şöbəsindən təqdim edilmiş 04 fevral 2025-ci il tarixli, 48 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - burun sümüyünün qapalı, qəlpəli, yerinidəyişmiş sınığı, sağ almacıq sümüyünün ön divarının qapalı, qəlpəli, yerinidəyişmiş sınığı, sağ gözətrafı nahiyənin dərialtı hematoması, başın alın nahiyəsinin və burun kökünün sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X4 müraciət etdiyi 20 yanvar 2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir.R.R.Abbasovun almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan təkrar məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası SN MTE və PAB Hüquqi Şəxs tərəfindən təqdim edilmiş 18 mart 2025-ci il tarixli, T252/2025 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi, gözətrafı (paraorbital) nahiyənin hematoması, burun sümüyünün və sağ əng cibinin (maksilyar sinus) ön divarının qəlpəli yerdəyişən sınığı, sifətin sıyrıqları, hər iki çənədə kəsici, köpək və azı dişlər nahiyəsini əhatə edən körpüyəbənzər protezlərin posttravmatik itirilməsi olmuşdur.Qeyd edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş,qərarda göstərilən vaxtda və şəraitdə, yəni 20 yanvar 2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan 02 may 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası SN MTE və PAB Hüquqi Şəxs tərəfindən təqdim edilmiş rəyə əlavə edilmiş diskdə Zərərçəkmiş şəxs müayinəsi zamanı kəllə skeletinin müxtəlif rakurslardan rentgen-tomoqrafik şəkilləri əks olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası SN MTE və PAB Hüquqi Şəxs tərəfindən təqdim edilmiş rəyə əlavə edilmiş 1 ədəd disk özündə cinayət təqibi üçün mühüm halları əks etdirən elektron informasiya daşıyıcısı olduğundan iş üzrə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan İ-69074 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-5461 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan 165705 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, Vətən Müharibəsi iştirakçısı olmaqla “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları - ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, Vətən Müharibəsi iştirakçısı olmaqla “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə Zərərçəkmiş şəxs mülki iddiaya dair ərizəsini nəzərdə keçirib hesab edirr ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasənm ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edilir ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində qeyd edilməlidir. Lakin zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs verdiyi iddia tələbinin əsasllığını təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası SN MTE və PAB Hüquqi Şəxs tərəfindən təqdim edilmiş rəyə əlavə edilmiş 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 01 mart 2025-ci il tarixdən 29 aprel 2025-ci il tarixədək 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat, 29 aprel 2025-ci il tarixdən 10 may 2025-ci il tarixədək 10 (on) saata görə 110 (bir yüz on) manat pul vəsaiti X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Zərərçəkmiş şəxs mülki iddiaya dair ərizəsi baxılmamış saxlanılsın və dövlət rüsumunun ödəlməsinə dair qəbz özünə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası SN MTE və PAB Hüquqi Şəxs tərəfindən təqdim edilmiş rəyə əlavə edilmiş 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 01 mart 2025-ci il tarixdən 29 aprel 2025-ci il tarixədək 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat, 29 aprel 2025-ci il tarixdən 10 may 2025-ci il tarixədək 10 (on) saata görə 110 (bir yüz on) manat pul vəsaiti X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-102/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-102/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver