Məhkəmə qərarları › İş №1(002)-103/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-103/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-103/2024 11.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Füzuli rayonu, Horadiz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində qonşusu X1 onun azyaşlı qızı Aytac Məmmədzadə ilə mübahisə etdiyini öyrənib Mehriban Qəhrəmanovanın yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobu-Park yaşayış kompleksi, 8 saylı evin, 89 saylı mənzilə gedərək mənzilin dəhlizində qızına irad tutması səbəbilə Şahid2 ilə mübahisə etmiş, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisənin sonradan ictimai xarakter alaraq ətrafdakıların narahatlığına səbəb olmasını dərk edərək ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən münaqişəyə çevrilməsinə zəmin yaratmış, cəmiyyət arasında formalaşmış birgəyaşayış və davranış qaydalarına etinasızlıq edərək aralarında yaranmış münaqişə zamanı Mehriban Qəhrəmanovanın yaşadığı mənzilin dəhlizində yerləşən bir ədəd çexiya istehsalı olan güldanı, bir ədəd ayaqqabı dolabını, həmin ayaqqabı dolabının üzərində elektrik cərəyanına qoşulu olan “İphone 11” markalı mobil telefonu və üç ədəd otaq qapısını sındıraraq sonuncuya 1400 manat məbləğində ziyan vurmuş, habelə əlləri ilə qəsdən Mehriban Qəhrəmanovanın qollarına, əllərinə zərbələr endirərək ona- sol said nahiyyəsinin sıyrıqları, sağ bazu nahiyyəsinin qançırı, sağ əlin İ barmağının dırnaq yatağının əzilmiş yarası və dırnağın travmatik qopması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi və əmlakın məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən, qərəzli hərəkətlər edərək, xuliqanlıq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, Ləmanla əvvəllər qohumluq münasibətləri olmuşdur.Belə ki, onun oğlu Müseyib Ləmanın qardaşı qızı ilə nişanlı olmuşdur.Lakin sonradan aralarında münasibətlər pozulduğundan nişan geri qayıtmışdır. 23 iyul 2023-cü il tarixdə saat 15 radələrində işdə olduğu zaman qızı ona zəng vuraraq Müseyibin keçmiş nişanlısı Nailənin bibisi, anası və nənəsinin onların evinə gəlib qapını döyərək onu soruşduqlarını, qızı da onlara onun işdə olduğunu , bundan sonra həmin şəxslərin qızını təhqir edib getdiklərini bildirmişdir. Həmin gün saat axşam radələrində Mehriban Qəhərmanova işdən evə gəlmiş və kartda pul olmadığı üçün həyətdəki marketə düşmüşdür. Marketdə olan zaman Ləmanın qızı Aytac ona yaxınlaşıb, “anamgil səni axtarır” demişdir. O, Aytacdan səbəbini soruşduqda Aytac ona “kreditdə olan telefonlara görə” demişdir. Bundan sonra o, Aytaca “telefonu işlədirlər, özləridə pullarını ödəsinlər demişdir. Eyni zamanda ona yorğun olduğunu və onunla işləri olmamasını bildirmişdir. Bundan sonra Mehriban Qəhrəmanova marketdən çıxıb binaya daxil olub liftə minmiş, həmin vaxt Ləman liftə hücum edib qapını açmaq istəsə də liftin qapısı bağlanmışdır. O, mənzilə daxil olduqdan bir neçə dəqiqə sonra Ləman mənzilə daxil olmuşdur. Ləman onun üstünə hücum edib nəlayiq söyüşlərlə onu söyüb təhqir edərək əl zərbələri ilə sifətinə, başına zərbələr vuraraq hər iki qollarına cırmaqlar atmış, ona qəsdən xəsarət yetirərək döymüşdür. Nairə ilə Ziba Ləmanı ondan güclə ayırmışlar. Ləman qızı Arzunu vurmaq istəyən zaman o öz əlini qabağa vermiş və Təqsirləndirilən şəxs onun sağ əlini tutub qatlayaraq çeçələ barmağının dırnağını sındırmışdır. Həmin vaxt Ləman onu itələmiş və o yataq otağının qapısına dəyərək yataq otağının qapısı ortasının qırılmışdır. Bundan sonra Ləman dəhlizin sağ tərəfində olan masanın üzərində olan güldanı götürüb ona tərəf atmış, lakin o kənara çəkildiyi üçün güldan divara dəyib qırılmışdır. Təxminən 3-5 dəqiqədən sonra Ləmanın əri Kənan mənzilə daxil olaraq Ləmanı ayırmışdır. Bundan sonra, onlar evdən çıxıb getmişlər. Münaqişə zamanı Təqsirləndirilən şəxs dəhlizədə olan ayaqqabı dolabını zərbə ilə vuraraq sındırmış, həmçinin onun üzərində elektrik cərəyanında olan oğlu Museyibə məxsus İphone 11 markalı mobil telefonda sınmışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, sonuncuya qarşı onun heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X2 və onun ailəsini tanıyır.Belə ki, qardaşı Sahilin qızı X4 nişanlanlı olmuşdur. Lakin sonradan aralaraında münaqişə olduğundan nişanları pozulmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən axşam radələrində yaşadıqları “Qobu Park -1” yaşayış kompleksində həyətdə qızı Aytacla birlikdə gəzdikləri zaman qızı alış-veriş etmək üçün mağazaya getmiş və bir qədər sonra uca səslə qışqıraraq ona tərəf gəlmişdir. O, qızından nə baş verdiyini soruşduqda qızı Aytac ona keçmiş qohumları Mehribanın marketdə onunla rastlaşdığını və oğlu Müseyibin nişanlı olduğu ərəfədə öz adına kreditə götürərək dayısı Sahilgilə hədiyyə verdiyi iki ədəd mobil telefonu qaytarmadıqları üçün ona qarşı kobudluq etdiyini bildirmişdir. Bu zaman o, Mehribanın marketdən çıxıb yaşadıqları binaya tərəf getdiyini görərək onun arxasınca getmiş və nə üçün qızı ilə bu şəkildə danışdığını soruşmuşdur. Mehriban Qəhərmanova buna cavab olaraq “sözün varsa evimə gələrsən” deyərək çıxıb getmişdir. Bundan sonra o, qızı Aytacla birlikdə bloka daxil olmuş və piyada Mehriban Qəhərmanovanın yaşadığı 9-cu mərtəbədə yerləşən mənzilə qalxmağa başlamışdır. Blokun 4-cü mərtəbəsində qızı Aytac dayısı Sahilin yaşadığı mənzilə getmiş o isə pilləkanlarla yuxarı mərtəbəyə qalxmağa davam etmişdir. O, Mehribanın yaşadığı mənzilin qarşısına gələrək giriş qapısını döymüş, bunu eşidən Mehriban Qəhərmanova “qapı açıqdır, gəl” sözlərini demiş, onun bu sözlərindən sonra o qapını açaraq içəri daxil olmuşdur. İçəri daxil olduqda dəhlizdə olduğu zaman Mehriban onun üzərinə hücum etmək istədiyini, sonuncunun həyat yoldaşı Zəkanın onun qarşısına keçərək saxladığını görmüş bu zaman o, Mehriban Qəhrəmanovaya onunla dava etməyə gəlmədiyimi sadəcə nə üçün qızı Aytaca qarşı kobudluq etdiyini bilmək istədiyini bildirmişdir. Buna baxmayaraq Mehriban onun üstünə gələrək əynində olan qara rəngli koftanı dartaraq cırmışdır.O da Mehribana qarşlıq verərək on bir neçə zərbə endirmişdir. Bundan sonra Şahid1 arvadı Mehribanı tutaraq kənara çəkmişdir. Bu zaman anası Ziba qardaşı Sahilin arvadı Nairə evin dəhlizinə daxil olmuşlar. Bu zaman Mehriban onları görərək evdəki şüşə vazanı əlinə götürərək onlara tərəf atmışdır. Bu zaman Nairə onu kənara çəkərək vazanın ona dəyməsinə mane olmuş, vaza divara çırpılaraq sınmışdır. Bundan sonra Mehriban Qəhrəmanova yenidən onun üzərinə hücum etmək istəsə də əri Zəka onu tutaraq buna imkan verməmişdir. Bu zaman Təqsirləndirilən şəxs həyat yoldaşı Kənan İsmayılov hadisə yerinə gəlmiş və onlar hamısı birlikdə Mehriban Qəhrəmanovanın yaşadığı mənzili tərk edərək çıxıb getmişlər. O, əlavə olaraq, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ilk dəfə cinayət törətdiyini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Müseyib yaşadıqları binada qonşuları Ləmanın qardaşı Sahilin qızı Nailə ilə nişanlanmışdır. Lakin onlar sonradan ayrılmışlar. xx.xx.2023-cü il tarixdə axşamüstü radələrində evdə olarkən həyat yoldaşı Mehriban işdən gəlmişdir.O evə gəldikdən bir neçə dəqiqə sonra qəfil olaraq evə qonşuları Ləman, qardaşı arvadı Nairə və anası Ziba ilə daxil olmuşlar. Həmin zaman Ləman və Mehriban bir-birinə hücum edərək dava etməyə başlamşlar.O, onları ayırmağa çalışmışdır.Təxminən beş dəqiqə sonra Ləmanın yoldaşı Kənan gələrək onu çiynindən tutub çölə çıxarmışdır.Hadisə zamanı evin qapısının zədələndiyini və dəhliz hissədə olan vazanın sındığını görmüşdür.Sonradan ona məlum olmuşdur ki, dava zamanı oğlu Müseyibə məxsus mobil telefon da sınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadıqları evə gəlmiş evin dağınıq şəkildə olmasının səbəbini anasından soruşduqda anası ona qonşuları Ləmanın onlara gələrək onu döydüyünü bildirmişdir. Müdafiə tərəfinin vəsatəti ilə dəvət olunmuş şahid X10 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə oğlunun evində olan zaman Ləmanın qızı Aytac onlara gəlmiş və ağlayaraq anası Ləmanın qonşuları Mehriban gilə qalxdığını və onunla dava edəcəyini bildirmişdir.O, gəlini Nairə ilə birlikdə Mehribangilə getmişdir.Ayağında nazaslıq olduğu üçün Nairə ondan qabaq yuxarı qalxmışdır.O, Mehribanın evinə çatanda Ləmanın köynəyinin cırıldığını və Nairənin onu Mehribangilin evinin dəhlizindən bağıra çıxardığını görmüşdür. Müdafiə tərəfinin vəsatəti ilə dəvət olunmuş şahid X9 ifadəsində göstərmişdir ki, Mehribanın oğlu Müseyib onun qızı ilə nişanlı olmuş, lakin onlar ayrılmışlar.Ayrılığa baxmayaraq Müseyib onlardan əl çəkməmiş və problem yaratmağa çalışmışdır.Sonuncu dəfə Müseyib həyat yoldaşı Sahilə qızı Nailənin şəkillərini atmış və Sahil bundan çox əsəbləşmiş, Müseyibi öldürəcəyini bildirmişdir.Onlar vəziyəti sakitləşdirmək məqsədilə ona Müseyiblə bağlı iradlarını bildirmək üçün Mehribanın yaşadığı evə getmişlər.Lakin qızı Arzu Mehribanın evdə olmadığını bildirmişdir.Axşam radəlrində evdə olan zaman Ləmanın qızı Aytac onlara gəlmiş anasının Mehribanla mübahisə etdiyinin, Mehribanın anasına “sözün var gəl evdə danışaq” deməsini bildirmişdir.O, qayınansı Ziba ilə birlikdə cəld bir şəkildə Mehribanın yaşadığı ünvana getmiş və orada Ləman və Mehribanın dava etdiyini, Ləmanın köynəyinin cırıldığını görmüşdür.O Ləmanı, Zəka isə arvadı Mehribanı ayırmışdır.Buz zaman Mehriban əlinə vazanı alaraq onlara doğru atmış və onlar kənara çəkildiyindən vaza divara dəyərək sınmışdır. Məhkəmə tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin şəxsi münasibətlər zəminində başlanmasına baxmayaraq, xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. İş materiallarında olan cinayət işi başlanması haqqında 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X7 xx.xx.2023-cü il tarixli, 539 nömrəli rəyindən görünür ki, X1 məhkəməm-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sol said nahiyəsinin sıyırıqları, sağ bazu nahiyəsinin qançırı, sağ əlin İ barmağının dırnaq yatağının əzilmiş yarası və dırnağın travmatik qopması ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/9903 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərrarda qeyd edilmiş zədələnən malların dəyəri, yəni 1 ədəd çexiya istehsalı olan güldan (100 manat), 1 ədəd ayaqqabı dolabı (50 manat), 1 ədəd “ipone 11” markalı mobil telefon (650 manat), 3 ədəd otaq qapısı (600 manat) ümumilikdə 1400 manat təşkil edir İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 17 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materillarında olan zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir və onun Təqsirləndirilən şəxs qarşı şikayət və iddia tələbi yoxdur və işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İş materillarından da göründüyü kimi Təqsirləndirilən şəxs barəsində X1 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və 06 dekabr 2023-cü il tarixli qərara əsasən o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.Lakin bundan sonra istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə yenidən ittiham elan edərkən Şahid2 ilə aralarında şəxsi münasibətlər zəminndə yaranmış mübahisənin ictimai xarakter almasını dərk edərək ictimai qaydanın pozulmasını irəli sürdüyü ittihamda göstərməməklə təqsirləndirilən şəxsə CM-nin 221.1.-ci maddəsi ilə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X3 arasında əvvəllər qohumluq münasibətləri olmuş, lakin bu münasibətlər müəyyən səbəblərdən başa çatmışdır.Belə ki, məhkəmə iclasında alınan ifadələr əsasən X1 oğlu Müseyibin Təqsirləndirilən şəxs qardaşı Sahilin qızı Nailə ilə nişanlı olduğu, lakin onların münaqişəli şəkildə ayrıldıqları, X1 oğlu Müseyibin keçmiş nişanlısına və onun valideyinlərinə aldığı mobil telefonları tələb etməsi və bununla da münaqişənin hal-hazırda da davam etməsi müəyyən edilmişdir , bu da hadisənin şəxsi müansibətlər zəmnində baş verməsinə dəlalət edən başlıca hallardır. Məhkəmə iclasında cinayət hadisəsinin şəxsi münasibətlərin pozulması zəmnində baş verməsi halı həm zərərçəkmiş şəxsin, həm təqsirləndirilən şəxsin həm də şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Bununla da tərəflər arasında yaranmış mübahisə şəxsi münasibətləri zəmnində baş verdiyindən xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə arasında olan münaqişə şəxsi münasibətlər zəmnində baş vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə X1 arasında olan münaqişə qohmluq münasibətlərinin pozulmasından irəli gələn şəxsi münasibətlər zəmnində baş verdiyindən Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxsın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını, münaqişənin şəxsi münasibətlər zəminində baş verməsini, onun hərəkətləri sonradan da ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Azərbaycan Respubikasının CPM-nin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən həmin Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığına və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən göstərilmiş 40 (qırx) saat hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 40 (qırx) saat hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 43.3, 40.2, 384.1 və Azərbaycan Respublikası CM-nin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən göstərilmiş 40 (qırx) saat hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 40 (qırx) saat hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar