Məhkəmə qərarları › İş №1(002)-104/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-104/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-104/2021 23.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 31 oktyabr 2020-ci il tarixdə saat 15:30 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Nizami küçəsində yerləşən «Nar mobile» mağazasının yaxınlığında saxlanılaraq 11-ci polis bölməsinin inzibati binasına gətirilmiş, orada videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,678 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi və şahidlərin məhkəmə iclasında təqiq olunmaqla elan edilmiş ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, narkotik vasitə istifadəçisidir. 31 oktyabr 2020-ci il tarixdə saat 11:00 radələrində şəxsi işi ilə əlaqədar Salyan rayonuna yollanmış, orada yerləşən bazarın qarşısından keçdiyi zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq narkotik vasitə heroin almasını təklif etmişdir. O da həmin şəxsdən 10 manat pulun müqabilində bir ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə heroini almış və sonradan Ələt qəsəbəsinə yaşadığı evə qayıtmışdır. Həmin gün saat 15:30 radələrində heroini qəbul etmək üçün evdən çıxmış, Ələt qəsəbəsi, Nizami küçəsində yerləşən «Nar mobile» telefon mağazasının yaxınlığından keçərkən iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və onu 11-ci polis bölməsinə dəvət etmişlər. Həmin vaxt narkotik vasitə onun üzərində olmuşdur və narkotik vasitəni atmağa imkanı olmamışdır. Polis bölməsində ona hüquqlarını izah etdikdən sonra ona təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində axtarış aparmışlar. Əvvəlcə ona üzərində olan bütün əşyaları könüllü olaraq çıxarıb təqdim etməsi təklif etmişdir. O, əynində olan boz rəngli şalvarın sol yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitənin mənbəyini soruşduqda o, həmin narkotik vasitəni həmin gün tutulmamışdan əvvəl Salyan rayonundakı bazarda tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqdim etdiyi gümüşü rəngli büküm zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərf imzalanmış, möhürlənmiş, bu barədə protokol tərtib edilərək, imzaları ilə təsdiq edilmişdir. Həmin narkotik vasitə heroini özü qəbul etmək məqsədi ilə üzərində saxlamış, tutulmamışdan əvvəl üzərində saxladığı həmin narkotik vasitə heroindən qəbul etməmişdir. Həmçinin narkotik vasitəni satmaq fikri olmamışdır. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-də cinayət axtarış üzrə baş əməliyyat müvəkkili X2 və Qaradağ RPİ-nin 11-ci PB-nin polis sahə inspektoru polis leytenantı Şahid2 ayrı-ayrılıqda məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə X1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidlərin ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, Qaradağ RPİ-nin 11ci PB-də cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bölməyə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qeyri-qanuni olaraq narkotik vasitənin qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin polis sahə inspektoru polis leytenantı Şahid2 ilə birlikdə 31 oktyabr 2020-ci il tarixdə saat 15:30 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Nizami küçəsində yerləşən «Nar mobile» mağazasının yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra sonuncu onlar tərəfindən polis bölməsinə gətirilmiş, hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra sonuncunun üzərinə videoçəkilişdən istifadə etməklə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş maddəni çıxararaq bildirmişdir ki, həmin bükümün içərisindəki «kakos» adlanan narkotik vasitədir, onu 31 oktyabr 2020-ci il tarixdə saat 11:00 radələrində Salyan rayonu ərazisindəki bazarın yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Bundan sonra həmin maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Qaradağ RPİ-nin 11-ci PB-nin baş təhqiqatçısı polis mayoru Qüdrət Əliyev tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərf iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs bir bükümdə olan narkotik vasitə heroini özünün istifadə edəcəyi məqsədilə əldə etdiyini bildirmişdir. Həmçinin onlara da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitərin satışı ilə məşğul olması deyil, qəbul etməsi və gəzdirməsi barədə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Nizami küçəsində yerləşən «Nar mobile» mağazasının yaxınlığında saxlanılmış, həmin küçədə ünvanın nömrəsi olmamış, yaxın iaşə obyekti kimi «Nar mobile» mağazasını qeyd etdiklərini göstərmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, digər şahid X2 ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 31 oktyabr 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 24, 25) Şəxsi axtarış və götürmə aparılması haqqında 31 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif olunmuş və o, əynindəki boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızı kəsiyinə yığılmış bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisindəki maddənin narkotik vasitə kakos olduğunu, 31.10.2020-ci il tarixdə, saat 11:00 radələrində Salyan rayonunda yerləşən bazarın qarşısında tanımadığı şəxsdən 10 manat alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin gümüş kağız kəsiyinə yığılmış büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə kakosa bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüş kağızı kəsiyinə yığılmış narkotik maddəyə oxşar kütlə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün” 223 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilmədi. (i.v. 33-34) Təqsirləndirilən şəxs üzərində axtarış və baxış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskdə olan görüntüyə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2020-ci il tarixli 6/2345 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN arayışlar üçün № 223” dairəvi möhür əski olan “Təqsirləndirilən şəxs ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,678 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 0,678 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,628 qram təşkil etmişdir. Ekspertiza tədiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. (i.v. 40-43) Qaradağ Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 4(002)-142/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 31 oktyabr 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 69-70) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 06 noyabr 2020-ci il tarixli cavabından və Göyçay Rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli, 1(046)-68/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 25 may 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 79, 83-88) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X7-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 23 noyabr 2020-ci il tarixli, 3268 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 90-91) Sübutların qiymətləndirilməsi barədə 16 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə şahid ifadəsi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ona əlavə edilmiç 01 ədəd CD disk, məhkəmə-kimyəvi ekspertizasının 01 noyabr 2020-ci il tarixli 6/2345 saylı, məhkəmə-narkoloji ekspertizasının 23 noyabr 2020-ci il tarixli 3268 saylı rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,678 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində 0,628 qram qalığı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i.v. 92-95) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunmuş ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli, 1(046)-68/2016 saylı hökmü ilə ona təyin edilmiş cəzasını 25 may 2019-cu il tarixdə çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş, yenidən qəsdən cinayət törətmişdir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residivin olması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun 31 oktyabr 2020-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 31 oktyabr 2020-ci il tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM- 93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 68 (altmış səkkiz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 68 (altmış səkkiz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 408 (dörd yüz səkkiz) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (ik) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı - 0,628 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 68 (altmış səkkiz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 408 (dörd yüz səkkiz) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar