Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-105/2024 19.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1992-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 26 oktyabr 2023-cü il tarixdən hesablanmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o özgənin əmlakını ələ keçirtmək məqsədilə 23 oktyabr 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsindəki Zərərçəkmiş şəxs Nǝbi oğluna məxsus həyətin daş hasarından aşmaqla yaşayış sahəsinə qanunsuz daxil olub həyətdən 01 ədəd 1000 manat dəyərində “VAZ-2106” markalı avtomobilə məxsus mühərriki vǝ 01 ədəd “QAZ-21” markalı avtomobilə məxsus 250 manat dəyərində sürətlər qutusunu götürüb Zərərçəkmiş şəxs 1250,0 manat dəyərində əmlakını gizli talayaraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o CM-nin 234.1-ci maddəsi ilə təqirli bilinərək Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmü ilə 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 26 oktyabr 2023-cü il tarixdən hesablanmış və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. O, tutulmamışdan təxminən 3-4 gün əvvəl yaşadığı Puta qəsəbəsində, onların küçəsində yaşayan İlqar adlı şəxsin həyətinə daş hasarı aşaraq daxil olmuşdur. İlqar həmin evdə yaşamırdı, ümumiyyətlə həyətdə yerləşən iki mərtəbəli evdə heç kim yaşamırdı, ev yarım tikilidir. O həyətdə olan 01 ədəd köhnə “VAZ 2106” markalı avtomobilə məxsus mühərriki vǝ 01 köhnə vəziyyətdə sürətlər qutusunu götürüb avtomobil ilə küçələrdə dolaşan metal qəbulu ilə məşğul olan tanımadığı şəxsə 125 manata satmışdır. O “VAZ-2106” markalı avtomobilə məxsus mühərriki yumarlayaraq qonşu həyətə atıb çıxarmış, sürətlər qutusu yüngül olduğundan əlində götürüb aparmışdır. İlqar ifadəsində yalan demişdir. O İlqara məxsus həyətyanı sahədən 01 ədəd köhnǝ “VAZ 2106” markalı avtomobilə məxsus mühərrik və 01 ədəd köhnə vəziyyətdə olan markasını bilmədiyi avtomobilin sürətlər qutusunu oğurlamışdır. O İlqara məxsus həyətyanı sahədə başqa heç nə götürməmişdir. Oğurladığı mühərriklə sürətlər qutusunu da qeyd etdiyi kimi tanımadığı metal qəbulu ilə məşğul olan şəxsə 125 manat müqabilində satmışdır. O əvvəllər İlqarın həyətində işləmiş, İlqarın həyətində ifadəsində qeyd etdiyi qədər avtomobilə məxsus mühərriklər, sürətlər qutusu olmamışdır. İlqarın həyətində o təkcə həyət qapısının çərçivəsini görmüş, həmin çərçivə də iri həcmli və çox ağır çəkilidir, çərçivəni aparmağa insan gücü çatmaz. O əvvəllər fərdi qaydada sürücü işləmiş, öz şəxsi avtomobili olmuş, avtomobilin hissələri barədə yaxşı məlumatı olmuş, ona görə də götürdüyü mühərrikin “VAZ-2106” markalı avtomobilə məxsus olduğunu yaxşı bilmişdir. O ilk dəfədir ki, oğurluq edir, İlqarın həyətindən oğurluğu tək etmiş və başqa heç bir yerdən oğurluq etməmişdir. O oğurluğu gecə saatlarında etdiyi üçün, həm də oğurluq etdiyi həyətin kənarı boş ağaclıq sahə olduğundan onu kimsə görməmişdir. O, öz ifadəsində son olaraq bildirmişdir ki, törətdiyi əməli səmimi etiraf edərək peşaman olmasını, zərərçəkən şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 40 ilə yaxındır ki, dəmirçi-rəngsaz işləyir. Hazırda Lökbatan qəsəbəsi ərazisində yerləşən avtobus parkında işləyir. Puta qəsəbəsində özünə məxsus fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evi yarıtikilidir, tam təmir olunmadığından yaşayış yoxdur. Evin həyəti daş hasarla əhatə olunmuş, dəmir qapısı da var. O həmin evə demək olar ki, hər gün gedib gəlir. Həyətdə köhnə avtomobillər, avtomobillərin ehtiyyat hissələri var. 23 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində evin həyətində olan zaman həyətə yığdığı “VAZ 2106” markalı, “Volvo” markalı, “Qaz-21” markalı avtomobillərin mühərriklərinin, “Qaz-21” markalı avtomobilin 04 ədəd sürətləri qutusunun, “Qaz-21” markalı avtomobilin arxa oxunun(most), 02 ədəd kardanının, 02 ədəd 1 metr enində 2 metr uzunluğunda olan dəmir parçalarının, avtomobil qaldırıcının mühərrikinin, 17 ədəd 40 kq çəkidə 300 marka sementlərin, 04 ǝdǝd Ümumilikdə 9 metr uzunluğunda şvellerin oğurlandığını aşkar etmişdir. Həyətindən oğurlanmış malların qonşuluqda yaşayan Camǝləddin tərəfindən oğurlandığından şübhələnmişdir. Camǝləddinin atası ilə anasına xəbər göndərmişdir. Həyətindəki avtomobilin mühərriki yeni təmir olunmuş, qiyməti 1000 manatdır, “Volvo” markalı oğurlanmış malların hamısının satıldığını müəyyən etmişdir. “VAZ 2106” markalı avtomobilin mühərriki 500 manat təşkil edir, “Qaz-21” markalı avtomobilin mühərriki 1000 manat, “Qaz-21” markalı avtomobilin 04 ədəd sürətləri qutusunun 01 ədədi 250 manatdan olmaqla ümumilikdə 1000 manat, “Qaz-21” markalı avtomobilin arxa oxunu (most) 300 manat, 02 ədəd kardanının hər biri 50 manat olmaqla ümumilikdə 100 manat, 02 ədəd 1 Ümumilikdə 160 manat, 01 ədəd avtomobil qaldırıcının mühərrikinin qiyməti 250 manat, metr enində 2 metr uzunluğunda olan dəmir parçalarının 01 ədədi 80 manat olmaqla 17 ədəd 40 kq çəkidə 300 marka sementlərin 01 ədədi 7 manat olamaqla ümulikdə 119 manat, 04 ədəd ümumilikdə 9 metr uzunluğunda şvellerin qiyməti 180 manat təşkil etmişdir. Həyətindən baş vermiş oğurluq nəticəsində ümumilikdə ona 4609 manat dəyərində maddi ziyan dəymişdir. O ilkin ərizə və izahatında həyətdən oğurlanmış əşyaların dəqiq sayı və qiymətini düzgün yazmamış, sonradan həyətə ətraflı baxış keçirmiş və oğurlanmış əşyaların dəqiq sayını və növünü müəyyən etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid (təqsirləndirilən şəxs X2 atası) ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Camaləddin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2023-cü ilin oktyabr ayının sonlarında həbs olunmuşdur. Zərərçəkmiş şəxs onlarla eyni küçədə, qonşuluqda yaşayır. İlqarın həyətində köhnə, istifadəyə yararsız avtomobillər var. İlqar həmin evdə yaşamasa da, lakin hər gün ora gəlib gedir, həyətdə dəmirçi işləyir, əzilmiş avtomobilləri təmir edir. Ona görə də orada yaşamasa da, hər gün gəlib gedir. 30 oktyabr 2023-cü il tarixdə Puta qəsəbə sakini Əliş kimi çağırılan Ələddin adlı şəxs ona İlqarın oğlu Vüqarın mobil telefonu ilə zəng edərək demiş ki, "Camaləddin İlqarın həyətindən mühərrik oğurlayıb". Həmin ərəfədə Camaləddin artıq həbs edilmiş, əsəbləri normal olmadığından Ələddinə aqressiv cavab verib demiş ki, "get hardan tapırsan tap, mənlik deyil". Çünki onu əsəbləşdirən o olmuş ki, “ev sahibi qalıb bir kənarda ona heç bir məsələyə aidiyyatı olmayan şəxs zəng edib Camaləddinin oğurluq etdiyini bildirmişdir”. Camaləddin həbsdə olan zaman bir neçə dəfə əlaqə saxlayanda, görüşə gedəndə nə oğurladığını soruşmuş, Camaləddin hər dəfə ona and verərək demiş ki, "mən İlqarın həyətindən 01 ədəd mühərrik və 01 ədəd sürətlər qutusu oğurlamışam, o həyətdən başqa dəyərli heç nə aparmamışam". Camaləddin xəstə halı ilə gecədən səhərə qədər olan bir zaman kəsiyində İlqara məxsus həyətdən bir neçə ədəd avtomobil mühərrikləri, bir neçə ədəd sürətlər qutusu, ağır çəkili dəmir parçaları oğurlaması qeyri mümkündür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan aydın olur ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus həyətdən “Volvo” markalı, “Qaz-21” markalı avtomobillərin mühərrikinin, “Qaz-21” markalı avtomobilin 03 ədəd sürətləri qutusunun, “Qaz-21” markalı avtomobilin arxa oxunun (mostunun), 02 ədəd kardanının, 02 ədəd bir metr enində iki metr uzunluğunda olan dəmir parçalarının, avtomobil qaldırıcının mühərrikinin, 17 ədəd 40 kq çəkidə 300 marka sementlərin, 04 ədəd ümumilikdə 9 metr uzunluğunda şvelleri oğurlamış şəxsiyyəti istinaqa məlum olmayan naməlum şəxs və ya şəxslərin şəxsiyyəti müəyyən edilməsindən ötrü material ayrılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 26 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsindən aydın olur ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbindən aydın olur ki, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 37 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 222 (iki yüz iyirmi iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü kimi hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş və 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etməyə bərabər tutulmuş cəzası, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs birinci hökm üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş vahid cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Cəzasının əvvəli 26 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 05 saylı cəzaçəkmə müəssisində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 222 (iki yüz iyirmi iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona rəsmi qaydada təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-105/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-105/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver