Məhkəmə qərarları › İş №1(002)-106/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-106/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-106/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və ödənilmiş, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurub xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2020-ci ildə saat 12 radələrində Bakı şəhəri qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Avtomobil Nəqliyyat İdarəsi qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Zərərçəkmiş şəxs nəlayiq şəkildə təhqir edib vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə əlləri ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq ona başın sol təpə və ənsə nahiyələrinin dəriltı hematomaları, boyun nahiyəsinin sıyrıqları və sağ bazunun qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. xx xxxxxx 2020-ci il tarixdə Badamdar qəsəbəsində yerləşən avtomobil bazarında avtomobil almaq üçün çıxmışdır. Orada yerləşən Nikoil bankın qarşısında Faiq adlı şəxslə tanış olmuşdur. O, bankdan avtomobil axtarırmış. Faiq ona demişdir ki, yaxın bir adam vardır və icarəyə avtomobil verir. O, da ona demişdir ki, avtomobilə baxdıqdan sonra əgər avtomobil onun xoşuna gələrsə alacaqdır. Bu məqsədlə onlar Bakı şəhəri Nəsimi rayonu 4-cü mkr dairəsinin yaxınlığına gəlmişlər və orada ustanın yanında Renault Megan markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. O, avtomobilə baxıb bəyənmiş, daha sonra avtomobilin sahibi Tural adlı şəxsi Faiq ora çağırmışdır. Təxminən 1 saat ərizində Tural adlı şəxs onların yanına gəlmiş və o, Turaldan həmin avtomobili hansı şərtlərlə satması barədə maraqlanmışdır.Tural ilkin olaraq 2000 manat pul istəmiş, qalan məbləği isə 27 aya, hər ayı 500 manat olmaqla ödəməli olacağını ona bildirmişdir. O da Turalın bu təklifi ilə razılaşmışdır. Daha sonra o, Turalın ilkin olaraq istədiyi 2000 (iki min) manat məbləğində pulu ona vermişdir. Tural da onun sürücülük və şəxsiyyət vəsiqəsini götürərək etibarnamə yazdırıb gələcəyini bildirmişdir. Təxminən iki saat keçdikdən sonra Tural ona Nağı-zadə Orxan Mirkazım oğlunun adından yuxarıda qeyd edilən avtomobili idarə etmək üçün etibarnamə vermişdir. O, avtomobili Turaldan qəbul etdikdən sonra birinci ayı ona 500 (beş yüz) manat pul ödəniş etmişdir. Avtomobilin ikinci ayının icarə haqqını isə Turala 300 manat ödəniş etmiş, qalan 200 (iki yüz) manat pulu isə ayın sonuna kimi verəcəyini ona demişdir. Ümumilikdə Turala 2800 (iki min səkkiz yüz) manat məbləğində pul ödəniş etmişdir. O, avtomobili idarə edən zaman yaxın bir tanışı ondan onun tanışlarından kimdəsə icarəyə avtomobil olub-olmaması barədə maraqlananda o, həmin tanışına bu barədə maraqlanıb ona məlumat verəcəyini bildirmişdir. Bu barədə Turaldan soruşmuş və Tural da onda icarəyə “Flyundai Sonata” markalı avtomobil olduğunu və həmin avtomobili icarəyə verə biləcəyini də qeyd etmişdir. O, Turaldan həmin avtomobilin məsləhətli olub-olmaması ilə maraqlanmış, Tural isə cavabında ona həmin avtomobilin idealını vəziyyətdə olmasını ona demişdir. Bundan sonra o, tanışı “Təbiət” adlı şəxs ilə birlikdə həmin avtomobilə baxmış və həmin avtomobil onların xoşuna gəlmişdir. İlkin ödəniş olaraq 2000 manat pul ödənilmiş, 24 aylıq hər ay 500 manat ödəniş edilməsi razılığına gəlmişlər. Səhəri gün Təbiət özü Tural ilə görüşərək ona pul vermiş və avtomobili ondan götürmüşdür. Təbiət avtomobili götürüb aralaşmış və bir qədər sürdükdən sonra avtomobilin sürətlər qutusunda problem olduğunu görüb Turala zəng edərək ona avtomobilin nasazlığı barədə məlumat vermiş, Tural isə cavabında heç bir problem yoxdur, avtomobilin hansı detalında problem varsa belə düzəltdirib verəcəyini bildirmişdir. Tural avtomobili təmir etdirmək adı ilə götürmüş və lakin geri qaytarmamışdır. Bu mövzuda o, Turala öz iradını bildirmiş və ona görə aralarında mübahisə düşmüşdür. Tural ona Qələbə dairəsinin yanında həmin adamla birlikdə görüşmələri üçün həmin ünvana getmişlər. Təbiət ilə birlikdə hərəkətdə olarkən Qələbə dairəsinin yaxınlığında onları polis əməkdaşları avtomobilin cəriməsinə görə saxlamışdırlar. O, Turala zəng edərək avtomobilin polis əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi barədə məlumat vermişdir. Tural hazırda Binəqədi rayonu ərazisində olmasını və avtomobili cərimə meydançasından götürərək ona ləhvil verəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin gün Tural tərəfindən avtomobil cərimə meydançasından çıxardılmış, lakin buna baxmayaraq Tural avtomobili ona qaytarmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində o, bacısı Minayə ilə birlikdə avtomobilin qeydiyyat şəhadətnaməsini dəyişdirmək üçün Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Dövlət Yol Polis Şöbəsinə gəlmişlər. Orada Gömrük hospitalının qarşısına olarkən təsadüfən Tural ilə rastlaşmışlar. O, Turaldan ona bir dəqiqə vaxt ayırmasını istəmişdir. Lakin o Turalın hərəkətlərindən başa düşmüşdür ki, Tural onunla danışmaq istəmir. Buna baxmayaraq o Turala yaxınlaşaraq avtomobili onun əlindən hansı səbəbdən almasını soruşmuşdur. Tural da ona cavabaında həmin avtomobilin aylıq borcunu gecikdirdiyi üçün avtomobili ona verməyəcəyini və avtomobilin ona məxsus olduğunu demişdir. Orada onlar bir-birilərini təhqir etmişlər, həmin vaxtı Tural onun orada olan bacısı Minayəni də təhqir etdiyi üçün onlar əlbəyaxa olmuşlar, bir-birilərini dartmışlar. Dava dalaş zamanı o, Turalın başından bir dəfə yumuruqla vurmuşdur. Həmin vaxt ətrafdakı tanımadığı şəxslər onları ayırmışlar və bundan sonra o, bacısı Minayə ilə oradan çıxıb getmişlər. Hadisə vaxtı ətrafda tanımadığı adamlar olmuş, aralarındakı münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Əlavə olaraq bildirir ki, Həmin vaxtı Zərərçəkmiş şəxs başından bir dəfə yumuruqla vurmuş, onun hər hansı bıçağı olmamış və sonuncuya bıçaqla hər hansı bir xasrət yetirməmişdir. Təqsirləndirilən şəxs sonda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini, ailəli olmaqla, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 4-5 ay olarki Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Makler kimi tanıdığı “Faiq” adlı şəxs onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq hal-hazırda müştəri ilə onun avtmobilinin yanında olmasını bildirmişdir. Həmin vaxtı ona məxsus olan Renault Megan markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Nəsimi rayonu, 4-cü mkr. dairəsinin yanında ustanın yanında olmuşdur. O, müştəri ilə birlikdə avtomobilə baxıb bəyənmişdir. O, avtombilin yanma gəlmişdir. Faiqin yanında Qəməddin adlı şəxs də olmuşdur. Qəməddin avtomobili bəyəndiyini bildirmişdir. Ona 1000 manat depozit verməsini, qalan məbləği isə hər ayı 500 manat olmaqla 36 ay ödəyərsən demişdir. O, ona 1000 manat pul verdikdən sonra Əhmədli qəsəbəsində Orxan adlı şəxs ona sürmək üçün etibarnamə vermişdir.Belə ki, avtomobil faktiki olaraq onun olsa da Orxanın adma sənədləşdirilmişdir. Qəməddin avtomobili ondan aldıqdan sonra iki aya davamlı olaraq ona 500-500, yəni 1000 manat pul vermişdir. Arendanın 3-cii ayı yaxınlaşanda Qəməddin İ ona zəng vuraraq avtomobilin motorunda problem olduğunu, motoru düzəltdirəcəyini və 2-3 ay icarə pulunu ödəyə bilməyəcəyini demişdir. Aralarında belə razılıq olmadığını ona bildirmişdir. Qəməddin avtomobilin hal-hazırda xarab və Fizuli rayonunda olduğunu bildirmişdir. Lakin o, GPRS ilə avtomobilin harada olduğuna baxdıqda avtomobilin Yasamal rayonunda olduğunu bilmişdir. Avtomobilin 720 manat cəriməsi olduğu üçün Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.Qəməddin ona zəng vuraraq bildirmişdir ki, maşın saxlanılmış, cərimə meydançasına aparılmışdır.O, ona çıxıb getməsini və avtomobili gedib özü götürəcəyini bildirmişdir. O, cərimə meydançasına getmiş və ehtiyat açardan istifadə edərək avtomobili oradan çıxartmışdır. Avtomobili cərimə meydançasından götürdükdən sonra Qəməddinə zəng vuraraq avtomobilin cərimələrini ödəyəndən və motoru yığdırdıqdan sonra avtomobili verəcəyini demişdir. Belə olan halda o, da depozitdən çıxmasını bildirmişdir. Bunun üçün də avtomobili verməyəcəyini demişdir. Qəməddin bundan sonra ona hədə-qorxu gəlməyə başlamışdır. Bir neçə gün tanımadığı nömrlərədən ayrı-ayrı şəxslər ona zəng edərək söhbətə çağırmışlar. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Gömrük terminalının qarşısında olarkən təsadüfən Qəməddin ilə rastlaşmış, Qəməddinin yanında bacısı da olmuşdur. Qəməddin onu qırağa çəkərək söhbət etmək istədiyini bildirmişdir. Onlar söhbət etdikləri yerdə onun bacısı avtomobildən düşmüşdür. Qamədinin bacısı əlindən dartaraq “bu həmin Turaldır” sözlərini demişdir. Həmin zaman Qəməddin onun sinəsindən tutub dartaraq ona badalaq vermiş və o, həmin zaman büdrəmişdir. Daha sonra Qəməddin yumruqla onun baş nahiyyəsindən vurmuş, onun boynundan və qolundan tutaraq dartmışdır. Həmin vaxt ətrafdakı tanımadığı şəxslər onları ayırmışlar. Bundan sonra Qəməddin adını sonradan bildiyi bacısı Minayə ilə oradan çıxıb getmişlər. Hadisə vaxtı ətrafda tanımadığı adamlar olmuş, aralarındakı münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsində “xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Gömrük terminalının qarşısında Təqsirləndirilən şəxs onu yumuruqla başından vurduqdan sonra sonuncunun ondan aralaşıb dövlət qeydiyyat nişanını xatırlamadığı Kia markalı avtomobilin yük yerini açaraq oradan bıçaq götürüb üstünə gəlmək istəyəndə orada olan tanımadığı şəxslər onları aralamışlar” kimi göstərdiyi xüsusatları hazırda hadisədən xeyli vaxt keçdiyindən xatırlamır. Düzgün olan ifadəsi məhkəmədə göstərdiyi kimidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Adşirin qızı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlu onun qardaşıdır. 2020-ci il tarixində qardaşı Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs Renault Megan markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 2000 (iki min) manat pul verərək kreditə götürmüşdür. Həmin avtomobili qardaşı Qəməddin təxminən 2 ay sürdükdən sonra Tural avtomobili qardaşı Qəməddinin əlindən almışdır. xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində qardaşı Qəməddin ilə birlikdə avtomobilin qeydiyyat şəhadətnaməsini dəyişdirmək üçün Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Dövlət Yol Polis Şöbəsinə gəlmişlər. Orada Gömrük hospitalının qarşısında olarkən təsadüfən Tural ilə rastlaşmışlar. Qəməddin Turala ona bir dəqiqə vaxt ayırmasını xahiş etmiş, Tural isə aradan çıxmaq istəmiş, Qəməddinlə danışmaqdan boyun qaçırmış, elə bu zaman Tural kobudcasına Qəməddinə cavab verərək avtomobilin onun olmasını və avtomobili Qəməddinə verməyəcəyini bildirmişdir. Bu zaman Tural onu təhqir etməyə başlamış, həmin vaxt Tural və Qəməddin əlbəyaxa olmuş və bir-birilərini dartışdırmışlar. Daha sonra o, onları ayırmış və oradan uzaqlaşaraq çıxıb getmişlər. Zərərçəkmiş şəxs qardaşından aralamaq məqsədi ilə əlindən tutub dartmış, ona xəsarət yetirmək niyyəti olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikas Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 733 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs başın sol təpə və ənsə nahiyələrinin dərialtı hematomaları, sol saidin və boyun nahiyəsinin sıyrıqları, sağ bazunun qançırı müəyyən edilmişdir.Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs(şəxslər) tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. vətəndaş Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlərin xarakter və lokalizasiyalarına görə şəxsin özü tərəfindən özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. (i.v.25-27) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərar və protokoldan görünür ki, X6 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 51-53) Təqsirləndirilın şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 65-66) Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X1 RPİ-nin MSY-dən azad olunması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 85) Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, X6 barəsində “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 86) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-215/2016 saylı, xx xxxxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-942/16 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2016cı il tarixli, 1(101)-215/2016 saylı hökmü Təqsirləndirilən şəxs barəsində dəyişərək, sonuncuya təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublıikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-942/16 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qərarı dəyişdirilmiş, Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 06 müddətinə azadlıqdan məhrumetmə cəzasıının müddəti 05 ilə endirilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə cəza sonu ilə azad edilmişdir. (i.v 89, 90-108). Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-215/2016 saylı, xx xxxxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, X4 himayəsində xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş bir azyaşlı uşağı var. (i.v 90-108) sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş oludğu cinayət işi tam sübuta yetdiyindən ona xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Şahid Adşirin qızının əməlində cinayət tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət tərkibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, iş üzrə ilkin toplanmış materiallar, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, üzləşdirmə-dindirmə istintaq hərəkəti, məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 733 saylı rəyi, eləcə də digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmiş, iş üzrə X2 adı AA******* nörməli şəxsiyyət vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs kimi oxunması qərara alınmışdır. (i.v 122-125). Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsqdi edilmiş və məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. (i.v 118). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edərək, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 215/2016 saylı, xx xxxxx 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-942/16 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 1(101)-215/2016 saylı hökmü Təqsirləndirilən şəxs barəsində dəyişərək, sonuncuya təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublıikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-942/16 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qərarı dəyişdirilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 06 müddətinə azadlıqdan məhrumetmə cəzasıının müddəti 05 ilə endirilmiş və Təqsirləndirilən şəxs oğlu xx xxxxxx 2020-ci ildə cəza müddəti başa çatmış, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətsə də, lakin törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza təyin edilərkən onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə onun üzərinə; yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 xx xxxxxx 20xx xxxxx 2020-ci il tarixli № 2107 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxxxx 2021-ci il tarixli № 185 saylı order əsasında işə qoşularaq məhkəmədə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs oğluna dövlət hesabına hüquqi yardım göstərmişlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X7 tərəfindən göstərilmiş cəmi 40 (qırx) iş saatı hüquqi yardıma görə 240 (iki yüz qırx) manat pul və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə isə 120 (yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək tutulduğu cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X7 tərəfindən göstərilmiş cəmi 40 (qırx) iş saatı hüquqi yardıma görə 240 (iki yüz qırx) manat pul və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə isə 120 (yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar