Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-108/2025 10.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X7, Müdafiəçi, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan), ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 04 yanvar 2025-ci ildə saat 10:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayon ərazisindən keçən 24-cü kilometrində 4 zolaqlı yolun sağ zolağı ilə idarə etdiyi “BMC” markalı, “PROCİTY 12M CNG” avtobus modelli, vaqon tipli, 99JZ185 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət etdiyi zolaqda qarşıda avtomobilin dayanmış vəziyyətdə olmasını nəzərə alaraq həmin avtomobildən təhlükəsizliyi təmin edən yan məsafəsi seçərək onun yanından keçib getməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, avtobusun qabaq sağ hissəsi yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq sürücü X5 tərəfindən yolun sağ zolağında dayandırılmış “Volvo” yük markalı, 2077FF02 qeydiyyat nişanlı Avtogalantas markalı 02AA6077 dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan avtomobilin yarımqoşqusunun arxa sol hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “BMC” markalı, “PROCİTY 12M CNG” avtobus modelli, vaqon tipli avtomobildə olan sərnişinlər 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 ümumilikdə insan həyatı üçün təhlükəli olan travmatik hemotraksla müşayiət olunan qabırğaların çoxsaylı yerdəyişmiş sınıqları, qarın boşluğuna maye (qan) yığılması ilə müşayiət olunan qaraciyərin küt travması (əzilməsi) və sağ körpücük sümüyünün sınığı xəsarətlərini yetirməklə sağlamlığına ağır zərər vurmasına və 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 ümumilikdə insan həyatı üçün təhlükəli olan döş qəfəsinin sağdan İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı, yerdəyişmiş sınıqları, sağ ağciyərin travmatik cırılması, sağ bazu sümüyünün yuxarı 1/3-nin açıq, yerdəyişmiş sınığı və sağ qoltuqaltı oynağı nahiyəsinin yumşaq toxumalarının əzilmişcırılmış yarası, sağ diz oynağı sümüklərinin açıq, yerdəyişmiş, qəlpəli sınıqları və həmin nahiyələrin yumşaq toxumalarının əzilmiş-cırılmış yaraları, sol ayağın daraq sümüklərinin və sol ayağın barmaq falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınıqları və başın alın nahiyəsinin əzilmiş yarası xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək və ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş vermə anı yadında deyil. Hadisə baş verən gün yorğun və yuxulu olmuşdur. İdarə etdiyi "xxxx" MMC-yə məxsus avtobusla Sahil metrosundan Qaradağ rayonu, Sahil qəsəbəsinə sərnişin daşıyırmış. Yolun sağ zolağı ilə hərəkətdə olan zaman yolun sağ istiqamətində dayanmış yük maşınını gec görmüşdür. Ondan sonra toqquşma baş vermişdir. Mərhumun meyitini avtobusda olan sərnişinlərin köməkliyi ilə çıxarmışlar. Hadisədən sonra o axıra qədər hadisə yerində olmuşdur. O, öz ifadəsində əlavə olaraq ilk dəfə cinayət əməli törətdiyini, ailəli olmaqla himayəsində iki yekinlik yaşına çatmayab uşağının olduğunu, törətdiyi əməldən çox peşman olmaqla zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2024-cü ildə xx.xx.2034-cü il tarixədək müddətə etibarlı olan «BCD» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 04 yanvar 2025-ci ildə saat 10:30 radələrində Bakı-Qazax yolunun Qaradag rayon ərazisindən keçən 24-cü kilometrində 4 zolaqlı yolun sağ zolağı ilə idarə etdiyi BMC markalı, PROCİTY 12M CNG avtobus modelli, vaqon tipli, 99JZ185 dövlət qeydiyyat nişanlı avtomobildə təxminən 20 nəfər sərnişin olub Qazax rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən qarşıdakı yük avtomobilinin hərəkətdə olduğunu hiss etmişdir. Yaxınlaşdıqda həmin avtomobilin dayanmış vəziyyətdə olduğunu görərək, avtobusu sağa çəkib toqquşmaqdan yayınmaq istəmiş, lakin buna baxmayaraq avtobusun qabaq sağ tərəfi həmin dayanmış yük avtomobilinin arxa sol hissəsi ilə toqquşmuşdur. Avtobusdan düşdükdən sonra həmin yəni, Volvo yük markalı, 2077FF02 qeydiyyat nişanlı Avtogalantas markalı 02AA6077 dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan avtomobilin orada yol polisi tərəfindən saxlanıldığı məlum olmuşdur. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən bir nəfər qadın ölmüşdür və üç nəfər xəsarət almışdır. Hadisə nəticəsində hər iki avtomobil əzilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, mərhumə Zərərçəkmiş şəxs1 onun anasıdır. Anası Qobustan rayonunun Sündü kəndində qeydiyyatda olmaqla onunla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 12, mənzil 23A-da yaşamışdır. Anası Binə-Sədərək bazarında mağazada işləyib, hər gün saat 7-də işə getmiş və işindən asılı olaraq günorta saat 10 və ya saat 17-də evə qayıtmışdır. 04 yanvar 2025-ci ildə saat 7-də anası işə getmiş, həmin gün evlərinə xəbər gəlmişdir ki, anası 149 nömrəli marşrut avtobusu ilə işdən evə qayıdarkən avtobus yük avtomobili ilə toqquşmuş və hadisə nəticəsində anası sərnişin qismində olduğu avtobusda hadisə yerində ölüb və meiyidi morqa aparılmışdır. Anasının meiyidi morqda müayinə olunduqdan sonra onlara təhvil verilmiş və onlar aparıb meiyidi Qobustan rayonunun Sündü kənd qəbiristanlığında dəfn etmişlər. Hazırda ona məlumdur ki, anası 04 yanvar 2025-ci ildə saat 10:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu, Sənqəçal qəsəbəsi ərazisindən keçən 24-ci kilometrində Təqsirləndirilən şəxs oglunun idarə etdiyi “PROCİTY 12M CNG” avtobus modelli, vaqon tipli, 99JZ185 qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olub və həmin avtomobil Qazax rayonu istiqamətində hərəkətdə olarkən Qazaxstan Respublikasının vətəndaşı X1 idarə etdiyi “Volvo” yük markalı, 2077FF02 qeydiyyat nişanlı “Avtogalantas” markalı 02AA6077 dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan avtomobillə toqquşması nəticəsində ölmüşdür. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs ilə bir neçə dəfə görüşsələrdə barışıq əldə edilməmişdir. Ancaq məhkəmə gedişatı dövründə təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı on min manat ödəniş edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə yazılı və notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmənin 24 iyun 2025-ci il tarixli iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 04 yanvar 2025-ci ildə saat 10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə getmək üçün Lökbatan dairəsində Qaradağ rayonu istiqamətində hərəkət edən "xxxx"a məxsus 149 nömrəli avtobusa sərnişin qismində minərək avtobusun ön oturağında pəncərəyə tərəf oturmuşdur. Avtobusda təxminən 20 nəfər sərnişin olmuşdur. Sərnişini olduğu avtobus hərəkətdə olarkən avtobusun qabaq sağ hissəsi yolun sağ kənarında dayanmış yük avtomobili ilə toqquşmuşdur. Həmin hadisə nəticəsində özü ağır xəsarət almış və bir nəfər sərnişin qadın ölmüşdür. Hadisə yerindən KTM xəstəxanasına aparılmışdır. Avtobusun yük avtomobili ilə toqquşma səbəbini bilməmişdir. O əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona hər hansı bir maddi yardım göstərilməsədə ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim etmiş, ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o Dövlət Sərhəd Xidmətində nəzarətçi vəzifəsində işləyir. 04 yanvar 2025-ci ildə saat 10 radələrində işdən çıxaraq yaşadığı ünvan 3 ünvanına getmək üçün Bakı şəhəri, Səbail rayonu, ərazisində Qaradağ rayonu istiqamətində hərəkət edən "xxxx"a məxsus 149 nömrəli avtobusa əyləşmişdir. Avtobus təxminən 30 dəqiqə hərəkət etdikdən sonra saat 10:30 radələrində Qaradağ rayonu ərazisində yolun kənarında dayanmış yük avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində əl və ayaq nahiyələrində bərk küt ağrılar hiss etmişdir. Bundan sonra avtobusdan düşüb baş vermiş hadisə barədə aidiyyəti üzrə məruzə etmiş və 04 yanvar 2025-ci ildə müayinə olunmaq üçün Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına getmişdir. Orada rentgen müayinəsi olunaraq «Sol əlin 1-ci barmağının sıyrılmış yarası, sol bazu, sol baldır və sağ sağrı nahiyəsinin yumşaq toxumalarının əzilməsi» diaqnozu qoyularaq 6 gün müddətinə xidmətdən tam azad olunmuşdur. Hal-hazırda səhhəti normaldır və heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 04 yanvar 2025-ci ildə saat 10 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Sahil» metrostansiyasının yanında Qaradağ rayonu istiqamətində hərəkət edən "xxxx"a məxsus 149 nömrəli avtobusa sərnişin qismində avtobusun orta qapısının yanındakı birinci oturağında pəncərəyə tərəf oturmuşdur. Avtobus təxminən 30 dəqiqə hərəkət etdikdən sonra saat 10:30 radələrində Qaradağ rayonu ərazisində yolun kənarında dayanmış yük avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət almışdır. Bundan sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə Kliniki Tibb xəstəxanasına aparılmışdır. Orada ona tibbi yardım göstərilərək həmin gün evə buraxılmışdır. İki həftə ambulator şəraitdə evində müalicə olunmuşdur. Hal-hazırda səhhəti normaldır və heç bir şikayəti yoxdur. Həmin hadisə nəticəsində avtobusda olan sərnişinlərdən bir nəfər qadın hadisə yerində ölmüş və xəsarət almış digər tanımadığı qadın isə başqa təcili tibbi yardım avtomobili ilə Kliniki Tibb xəstəxanasına aparılmışdır. Şahid Hoşhimov Dilovar Mirzoraxmadovichə məhkəmə iclaslarının vaxtı və yeri barədə təkrarən məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Proses iştirakçılarını razılığı ilə X4 ifadəsi elan edilmişdir. Şahid Hoşhimov Dilovar Mirzoraxmadovic ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, dörd ilə yaxındır ki, Qazaxstan Respublikasında AMİRON TRANS şirkətində sürücü işləyir. xx.xx.2024-cü ildə idarə etdiyi “Volvo” yük markalı, 2077FF02 qeydiyyat nişanlı, 02AA6070 qeydiyyat nişanlı yarımqoşqusu olan avtomobillə Azərbaycan Respublikasına daxil olaraq Qaradağ rayonu meyvəli bazarında yükü boşaldıb orada qalmışdır. xx.xx.2025-ci ildə Gürcüstan Respublikasına getmək məqsədi ilə idarə etdiyi Volvo yük markalı avtomobillə Qaradağ rayonu ərazisinnən keçən maqistral yolun sağdan birinci zolağı ilə Qazax rayonu istiqamətində 60 kilometr/saat sürətlə hərəkətdə olarkən təhlükəsizlik kəməri taxmadığı üçün yol polisi ona işarə etmişlər ki, avtomobili saxlasın. İdarə etdiyi avtomobili sağa çəkib saxlamış və avtomobildən düşüb yol polisinə yaxınlaşaraq sənədlərini təqdim etmişdir. Sonra polis əməkdaşı ona protokol yazmağa başlamış, təxminən 8 dəqiqə durmuşduq ki, dayanmış vəziyyətdə olan avtomobilinin arxa hissəsi ilə avtobus toqquşmuşdur. Hadisə ilə ələqədar özü də avtobusa daxil olaraq camaata köməklik göstərmiş və sərnişinlərdən bir nəfər qadının avtobusun içində öldüyünü görmüşdür. Hadisə nəticəsində özü heç bir xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 Qaradağ rayon şöbəsinin 03 fevral 2025-ci il tarixli 04 №-li rəyindən görünür ki: 1.Mərhum Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər döş qəfəsinin sağdan İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı, yerinidəyişmiş sınıqları, sağ ağciyərin travmatik cırılması, sağ bazu sümüyünün yuxarı 1/3-nin açıq, yerinidəyişmiş sınığı və sağ qoltuqaltı oynağı nahiyəsinin yumşaq toxumalarının əzilmiş cırılmış yarası, sağ diz oynağı sümüyklərinin, sağ baldır sümüklərinin və sağ aşıq - baldır oynağı nahiyəsinin sümüklərinin açıq, yerinidəyişmiş, qəlpəli sınıqları və həmin nahiyələrinin yumşaq toxumalarının əzilmişcırılmış yaraları, sol ayağın daraq sümüklərinin və sol ayağın barmaq falanga sümüklərinin açıq, qəlpəli, yerinidəyişmiş sınıqları, başın alın nahiyəsinin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Qeyd olunan xesaretler heyatidirlər, ölümündən az əvvəl törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə sərnişini olduğu sərnişin avtobusunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və bu da canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər.
2. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin sağdan İİİ-İV-V-Vİ- Vİİ- Vİİİ-İX qabırğaların qapalı, yerinidəyişən sınıqları, sağ ağciyərin travmatik cırılması nəticəsində baş vermiş travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2025-ci il, saat 12:40-da) 2-4 saat əvvəl baş vermişdir.
3. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr isə aşkar edilməmişdir. (42/K saylı, xx.xx.2025-ci il tarixli AKT). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 Qaradağ rayon şöbəsinin 17 mart 2025-ci il tarixli 70 №-li rəyindən görünür ki: vətəndaş Zərərçəkmiş şəxs2 bədən səthində xəsarətlərin olub- olmaması, xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi, əmələ gəlmə müddəti və mexanizmi onun adına olan tibbi sənəd təqdim edildikdən sonra əlavə olaraq təyin ediləcəkdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 Qaradağ rayon şöbəsinin 18 aprel 2025-ci il tarixli 19/70 №-li rəyindən görünür ki: vətəndaş Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər travmatik hematoraksla müşayiət olunan qabırğaların çoxsaylı yerdəyişmiş sınıqları, qarın boşluğuna maye (qan) yığılması ilə müşayiət olunan qaraciyərin küt travması (əzilməsi), sağ körpücük sümüyünün sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yeni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zǝrǝrvurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2025-cü il tarixli 8/392 saylı rəyindən görünür ki,
1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Procity 12M markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etmklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Volvo markalı, 2077FF02 dövlət qeydiyyat nişanlı avtomobilin sürücü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. İş materiallarında olan 04 yanvar 2025-ci il tarxli 63 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış 12 fevral 2025-ci il tarixli 3-13-5/2- 1362/2025 nömrəli məktubdan məlum olur ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək müddətə etibarlı olan olan) «BCD» kateqoriyalı BB seriyalı 271438 nömrəli sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 06 fevral 2025-ci il tarixli №2 saylı "xxxx" MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixində “BakuBus" MMC-nin marşrut xətlərinin idarəedilməsi şöbəsində avtobus sürücüsü vəzifəsi üzrə əmək müqaviləsi əsasında işə başlamışdır. "xxxx" MMC-də işlədiyi müddət ərzində vəzifəsində özünü təvazökar, məsuliyyətli, üzərinə düşən vəzifə və səlahiyyətlərini vicdanla yerinə yetirən işçi kimi göstərmişdir. Öz funksional vəzifələrini tam və vaxtında yerinə yetirmiş, işlədiyi mühitdə nümunəvi işçi kimi iş bacarığını dolğun bir şəkildə nümayiş etdirmişdir. Səmimi davranışları ilə kollektivin, rəhbərliyin etimad və hörmətini qazanmışdır. Təqirlənidirilən şəxsin Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş, proses iştirakçılarının razılığı ilə sübut kimi qəbul edilmiş və iş materiallarına əlavə olunaraq məhkəmə baxışı zamanı tədqiq edilmiş DVD diskə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, həmin disk ağ rənglidir, üzərinə çap hərflərlə “Verbatim”, “DVD-R” yazılar əks olunmuşdur. Diskin yaddaşına 07 (yeddi) ədəd fayl yerləşdirilmişdir. Həmin fayıllarda olan video görüntülərdə qəza anı “Baku Bus” avtobusunun kameraları vasitəsi ilə qeydə alınmışdır. Videoların hər biri hadisənin baş vermə görüntülərini özünə əks etdirmişdir. Lakin həmin videolarda “BMC” markalı, “PROCİTY 12M CNG” avtobus modelli 99JZ185 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün hadisə vaxtı kabinada olan görüntüləri aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2009-cü ildə doğulmuş X10 və xx.xx.2010-cu ildə doğulmuş X8 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağaqlarını olmasını, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə beş ildən aşağı müddətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “BMC” markalı, “PROCİTY 12M CNG2” avtobus modelli, vaqon tipli, 99JZ185 dövlət qeydiyyat nişanlı avtomobil va X1 idarə etdiyi “Volvo” yük markalı, 2077FF02 qeydiyyat nişanlı “Avtogalantas” markalı 02AA6077 dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “BMC” markalı, “PROCİTY 12M CNG” avtobus modelli, vaqon tipli, 99JZ185 dövlət qeydiyyat nişanlı avtomobilin va X1 idarə etdiyi “Volvo” yük markalı, 2077FF02 qeydiyyat nişanlı “Avtogalantas” markalı 02AA6077 dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Rufan Mürsəlov