Məhkəmə qərarları › İş №1(002)-109/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-109/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-109/2022 20.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan), Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil, işləməyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 26.01.2022-ci il tarixdə saat 11:30 radələrində Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları inzibati ərazidə xidmətdə olan zaman tərəflərindən narkoloji sərxoş olmasında şübhəli bilinərək Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Qızıldaş parkı, «Qaynana» restoranı yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PBnin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə 26.01.2022-ci il tarixdə saat 12:30 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən «Kenzo club» markalı siqaret qutusunun içərisində 01 ədəd kağız kəsiyi bükümdə şəxsi istifadə üçün saxladığı ümumi təmiz çəkisi 0,159 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ailəlidir, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları vardır. 1-ci Qarabağ müharibəsi iştirakçısıdır, 2-ci qrup əlildir. Narkotik maddələrin aludəçisi olduğu üçün arada bir tanımadığı şəxslərdən narkotik vasitə əldə edib qəbul etmişdir. 26.01.2022-ci il tarixdə saat 10:30 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Qızıldaş parkında olarkən bir nəfər şəxs ona yaxınlaşmış, bu zaman o, həmin şəxsə narkotik vasitə, psixotrop maddə istədiyni bildirdikdən sonrahəmin şəxs ona bir çet narkotik vasitə olan heroini (kakos) və ya psixotrop maddə olan metafetamini (şüşə) 10 manata satmasını bildirmişdir. Onunla razılaşıb 5 manat pul verib həmin oğlandan həmin 1 çet (kakos), yəni narkotik vasitə olan heroini siqaretin kağız bükümdə alaraq üzərində olan «Kenzo club» markalı siqaret qutusunun içərisinə yerləşdirib həmin qutunu da əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur ki, sonra istifadə edər. 26.01.2022-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Qızıldaş parkının yaxınlığında, «Qaynana» restoranı qarşısında olarkən mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirərək narkotik sərxoşluğundan şübhələndikləri üçün onu Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 38-ci polis bölməsinə gəlmiş və xidməti otaqların birinə daxil olmuşlar. Orada polis əməkdaşları ona xəbərdarlıq edib videoçəkiliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən ona təklif etmişlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O da şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən həmin içərisində heroin (kakos) olan «Kenzo club» markalı siqaret qutusunu çıxardıb masanın üzərinə qoymuş və qutunun içərisində kağız bükümdə heroin olmasını bildirmişdir. Qutunun içərisindən həmin büküm çıxarılaraq açıldıqda içərisindən qəhvəyi rəngli toz şəklində kakos, yəni narkotik vasitə hesab edilən heroin aşkar olunmuşdur. Öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Sorğu zamanı polis əməkdaşlarına da ifadəsində göstərdiyi kimi haradan necə aldığını bildirmişdir. Ondan aşkar edilmiş həmin büküm, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunandan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisinin və iştirakçıların iştirakı ilə imzalanmışdır. Heroinə digər sözlə «kakos» deyildiyinə görə çəkiliş zamanı da heroini kakos adlandırmışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmur. Həmin narkotik vasitəni öz istifadəsi üçün almışdır. Lakin həmin şəxsin onda heç bir məlumatları yoxdur, heç bir əlamətlərinə fikir verməmişdir. Ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməyib, törətdiyi əməlin cinayət olduğunu dərk edir, əməlindən peşmandır. O, öz ifadəsində son olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, 2-ci qrup əlilliyi olduğunu, Qarabağ müharibəsi veteranı olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 26.01.2022-ci il tarixdə Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ilə xidmətdə olduqları zaman saat 11:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Qızıldaş parkı, «Qaynana» restoranı yaxınlığında bir nəfər şəxsin onları gördükdə tez üzünü çevirərək iti addımlarla onlardan uzaqlaşmasını görüb hərəkətlərindən şübhələnib ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra onun narkoloji sərxoş olmasından şübhələnib onu Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs Qaradağ rayon, Qızıldaş qəsəbəsi sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə, görüntünü əks etdirən videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən «Kenzo club» markalı siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin qutunun içərisindən 01 ədəd kağız kəsiyi büküm aşkar olunmuşdur. Həmin bükümdə «kakos» yəni heroin olmasını və öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Üzərindən aşkar olunmuş büküm açılaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddə kütləsi müəyyən edilmişdir. Sorğu zamanı bildirmiş ki, həmin maddəni tutulmamışdan əvvəl özü qəbul etmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Qızıldaş parkında tanımadığı, heç bir anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 5 manata almışdır. Aşkar edilmiş həmin büküm iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və onlar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti yoxdur. Ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməmişdir. Şahid Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli 6/514 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 47” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,159 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 0,159 qram qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,109 qramdır. Ekspertiza tədqiqatının dəyəri 65,0 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 08 fevral 2022-ci il tarixli 604 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan aslılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,159 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,109 qram heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə, görüntünü əks etdirən videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən «Kenzo club» markalı siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuş, həmin qutunun içərisindən 01 ədəd kağız kəsiyi büküm aşkar olunmuşdur. Həmin bükümdə «kakos» yəni heroin olmasını və öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Üzərindən aşkar olunmuş büküm açılaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddə kütləsi müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs, X6 ilə 16.06.2007-ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 28.09.2004-cü il tarixdə doğulmuş X4 və 09.08.2007-ci il tarixdə doğulmuş X5 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan DSMF-nin Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 026345 №-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ömürlük ikinci qrup Qarabağ əlilidir. İş materiallarında olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X12 Birliyi tərəfindən İİ qrup müharibə əlili Təqsirləndirilən şəxs verilmiş Ə № 015408 vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi statusu üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. İş materiallarında olan Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən № 311492 vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycanın müdafiəsi zamanı ıı qrup əlil olmuş, vəsiqəni təqdim edən şəxsin güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, Qarabağ müharibəsi veteranı olmaqla 2-ci qrup əlil olmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs oğlu qeyd olunan cinayət əməlinə görə 26 yanvar 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 28 yanvar 2022-ci il tarixdə Qaradağ rayon prokurorunun 28 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,109 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,109 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar