Məhkəmə qərarları › İş №1(002)-109/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-109/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-109/2025 16.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Qarabəyli ərazi dairəsi, Lolabağırlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 31,47 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə saat 21:30-da Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyində saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 05 ədəd sarı rəngli sellefon bükümdə ayrı-ayrılıqda çəkiləri 5,71 qram, 7,08 qram, 6,59 qram, 5,98 qram və 6,11 qram olmaqla ümumilikdə xeyli miqdarda 31,47 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 20 gün öncə Ağdam rayonunda olarkən Mənsur adlı şəxsdən öz istifadəsi üçün 05 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana alıb gödəkçəsinin cibinə qoymuşdur. Onun “Kia Ceed” minik markalı, **-XD-*** qeydiyyat nişanlı avtomobili olmaqla həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 10 mart 2025-ci il tarixdə tanışı X3 və sonuncunun yanında olan əvvəllər tanımadığı X4 ilə bərabər rayondan Bakı şəhərinə qayıdarkən Bakı-Ələt yolunun 47-ci kilometrliyi olan Qaradağ rayonunda bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib, onları idarələrinə dəvət etmişlər. Baş İdarəyə gətirildikdən sonra onların üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş və ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. O, əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 05 ədəd sarı rəngli sellofan bükümü təqdim etmiş və içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri, DVD disklərdə olan video görüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 10 mart 2025-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X4, həmçinin ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etmələri barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raportla rəhbərliyə məruzə edilmiş və qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 21:30-da Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyinə getmiş və Təqsirləndirilən şəxs idarə etdiyi “Kia” markalı, **- XD-*** qeydiyyat nişanlı avtomobilinə yaxınlaşaraq onlara özlərini təqdim etmiş və Baş idarəyə dəvət etmişlər. Dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçiriləcəyi şübhəli şəxslərə elan edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 5 büküm narkotik vasitə heroin aşkar edilmişdir. Həmin narkotik vasitəni tutulmazdan 5-10 gün əvvəl şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 05 ədəd sarı rəngli sellofan bükümdə olan kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 1-ci cildinin 1-2-ci vərəqələrində olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış və işə ********* nömrəsi verilmişdir. Cinayət işinin 1-ci cildinin 5-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 11 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə faktına görə Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 39-cu vərəqəsində olan 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:30-dan şübhəli şəxs kimi tutulmuş hesab edilmişdir. Cinayət işinin 1-ci cildinin 48-51-ci vərəqələrində olan 11 mart 2025-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan və iş materiallarına əlavə edilmiş DVD diskdəki görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə saat 21:30-da Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyində saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Dəvət edilmiş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə şübhəli şəxslərə hüquq və vəzifələri izah edilmiş, daha sonra şəxsi axtarış, baxış və götürmə aparılması haqqında məlumat verilmişdir. Keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan 05 ədəd sarı rəngli sellofan bükümü təqdim etmiş və həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 55-57-ci vərəqələrində olan 11 mart 2025-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “KİA” MARKALİ, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsi aşkar olunaraq götürülmüş, avtomobildən iş üzrə əhəmiyyət kəsb edəcək başqa hər hansı əşya və predmetlər aşkar edilməmişdir. Cinayət işinin 1-ci cildinin 96-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2025-ci il tarixli, 7/422 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə, beş ədəd sarı rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,71 qram, 7,08 qram, 6,59 qram, 5,98 qram, 6,11 qram ümumi çəkisi 31,47 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: tədqiqatlar “Çətənənin yoxlnması üçün tövsiyə olunan metodlar” Bakı 2005-ci il metodik vəsaitində göstərilmiş metodlarla aparıldı. Marixuananın ümumi çəkisi-31,47 qram, cəmi tədqiqata sərf edildi 0,25 qram (hər obyektdən 0,05 qram), qalıq-31,22 qram. Cinayət işinin 95-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72,0 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 139-140-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 11:15) Cinayət işinin 1-ci cildinin 201-203-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 mart 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 206-208-ci vərəqələrində olan 13 mart 2025-ci il tarixli maddi sübut hesab etmə haqqında qərardan görünür ki, V.Ə.Qubadovdan aşkar edilmiş qalıq çəkisi 13,226 qram heroin və 11,926 qram metamfetamin, eləcə də Təqsirləndirilən şəxs aşkar edilmiş qalıq çəkisi 31,22 qram narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 210-cu vərəqəsində olan 18 mart 2025-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cildinin 237-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 258-ci vərəqəsində olan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş tapşırığa cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində satış faktı öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin əldə olunma mənbəyini, onun narkotik vasitələri kimdən, necə və hansı şəraitdə əldə etməsini müəyyən etmək məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Cinayət işinin 1-ci cildinin 259-260-cı vərəqələrində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1497 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyat alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 262-264-cü vərəqələrində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 140/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 10-xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Cinayət işinin 1-ci cildinin 265-268-ci vərəqələrində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1127/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər, fenilalkilamin qrupuna aid olan metamfetamin və amfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Cinayət işinin 1-ci cildinin 269-271-ci vərəqələriundə olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1314 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. İctimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. İctimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İttiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 1-ci cildinin 272-285-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi” markalı mobil telefon ailə üzvlərinə qaytarılması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 291-292-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 303-304-cü vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə doğulmuş X5 və xx.xx.2023-cü il tarixdə doğulmuş X6 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskdə olan videogörüntülər ilə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını, özünü təqsirli bilməsini, əməlini səmimi etiraf etməsini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq tutulduğu xx.xx.2025-ci il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025ci il tarixli 1497 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 31,22 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut qismində tanınmış 01 ədəd DVD disk və iş materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş qalıq 31,22 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut qismində tanınmış 01 ədəd DVD disk və iş materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 72 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar