Məhkəmə qərarları › İş №1(002)-110/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-110/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-110/2021 08.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işləməyən, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 20:45-də Qaradağ RPİ-nin CAŞ-nin və 10-cu PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi “Cənub Qapısı” yaşayış kompleksinin girişində saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmiş və dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin gün saat 23:10 radələrində üzərinə videoçəklişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən, şəxsi istifadəsi üçün saxladığı 01 ədəd qızılı siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,270 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılmamışdan 1 ay əvvəl narkotik vasitə olan heorindən istifadə etməyə başlamışdır. O, mütəmadi olaraq heroini Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadə üçün almışdır. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində o, yenidən Yasamal rayonu “Kubinka” adlanan yerdən şəxsi istifadəsi üçün üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata narkotik vasitə olan heroin almışdır. Aldığı heroini qızılı rəngli siqaret kağızının içərisində bükümdə idi və o, həmin bükümü əynində olan qara rəngli şalvarın sağ cibinə qoymuşdur. Həmin gün axşam saatlarında narkotik vasitəni rahat istifadə edə biləcəyini düşünərək, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gəlmişdir. O, Lökbatan qəsəbəsinin girişində “Cənub Qapısı” adlanan yerdə dayanmışdır. Həmin yerin qaranlıq olması onun üçün əlverişli olmuşdur. O, bir qədər həmin ərazidə dayanaraq, ətrafda kiminsə olubolmadığını dəqiqləşdirməyə çalışmışdır. Bu zaman onun yanına 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra həmin şəxslər ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olduğu üçün özünü şübhəli aparmağa başlamışdır. Polislərin ona verdiyi suallara qeyri- dəqiq cavab verdiyi üçün polis əməkdaşları onu PB-nə dəvət etmişlər. O, PB-də olan zaman polis əməkdaşlarına narkotik vasitə istifadəçisi olmasını və üzərində narkotik vasitə heroin olduğunu səmimi etiraf etmişdir. Onun hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə video çəklişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə keçirmişlər. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Sonra isə üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşlarına həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini Yasamal rayonu “Kubinka” adlanan yerdən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, müdafiəçi tərəfindən imzalanmışdır. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin CAŞ-də polis serjantı rütbəsində kiçik inspektor vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmətdə olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Cənub Qapısı” yaşayış kompleksinin girişinin qarşısında bir nəfər şəxsin dayandığını görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər və o, üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirərək şifahi olaraq Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra isə tərəflərindən ona verilmiş digər suallara qeyriadekvat cavab vermişdir. Onun hərəkətləri narkotik sərxoşluq vəziyyətində olan şəxslərin hərəkətləri ilə eyni olduğu üçün, narkotik vasitə istifadə etməsi onlarda şübhə yaratmış və buna görə də onu 10-cu PB-nə dəvət etmişlər. 10-cu PB-də olan zaman Təqsirləndirilən şəxs səmimi olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs onun hüquq və vəzifələri izah edilmişdir. Dəvət edilmiş vəkilin və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş bükülünü çıxararaq içərisində şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı həmin narkotik vasitəni Yasamal rayonu “Kubinka” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilən zaman onun üzərindən bir dəfə “Daewoo” markalı avtomobil açarı da götürülmüş, lakin həmin açar əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi narkotik vasitə heroin isə zərfə qoyularaq qablaşdırılmış və həmin zərf tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə Şahid2 hazırkı məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi tədqiq olunmaqla elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 7, 14); Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PN-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, o, könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ cibindən qızılı rəngli siqaretin kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülünün içərisində qəhvəyi rəngli, iysiz, toz şəkilində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, Yasamal rayonu “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Daewoo” markalı avtomaşının açarı aşkar olundu. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli, iysiz, toz şəkilində narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhürlə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. 01 ədəd “Daewoo” markalı avtomaşının açarı əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. (i.v. 24-25) Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmiş və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/2644 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,270 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 0,270 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,220 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat, səksən iki qəpik) manatdır. (i.v 32-36) xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X2 vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Qaradağ RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. (i.v. 60-61) Qətimkan tədbiri seçmə barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 62-63) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert Komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3405 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.78-79) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-107/212 saylı, yanvar 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda ödənilməmiş məhkumluğu yoxdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-107/212 saylı, yanvar 2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Ağa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən qəti olaraq 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. xx xxxxxx 2016-cı il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 81-87, 88-89) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində iş üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,270 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və narkotik vasitə olan heroinin ekspert tədqiqatından sonra 0,220 qram olan qalığı saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 90-96) Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxx 2018-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. (i.v. 99) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx xxxx 2021-ci il tarixli, 016-29198-1221 saylı məktubundan görünür ki, DİN-in Baş X7 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx xxxx 2015-ci il tarixdə AC 517076 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitəsini idarə etmək hüququ xx.xx.2021-ci il tarixdən Binəqədi Rayon Məhkəməsinin qərarı ilə xx xxxxxx 2018-ci il tarixədək müddətə məhdudlaşdırılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM 59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların mövcud olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Füzuli rayon İcra və probasiya şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli (CPM-198.1), iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməli və sübut növü kimi tanınmış video çəkiliş ilə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 CD disk cinayət işinin materiallarında saxlanmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq ibtidai istintaq dövründə 62 (altmış iki) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 62 (altmış iki) iş saatı və məhkəmə baxışında göstərilmiş 40 (qırx) iş saatı olmaqla, ümumilikdə 82 (səksən iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 492 (dörd yüz doxsan iki) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 4 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Füzuli rayonu İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı – 0,220 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat, səksən iki qəpik) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 62 (altmış iki) iş saatı və məhkəmə baxışında göstərilmiş 20 (iyirmi) iş saatı olmaqla, ümumilikdə 82 (səksən iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 492 (dörd yüz doxsan iki) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar