Məhkəmə qərarları › İş №1(002)-110/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-110/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-110/2023 17.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümdə 0,601 qram təmiz çəkidə tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 01 ədəd ağ rəngli kağız bükümdə 0,173 qram təmiz çəkidə qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində daşımış, 19 oktyabr 2022-ci il tarixdə saat 23:50 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Balıqçılar küçəsində saxlanılıb Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilərək xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin çəkidə narkotik vasitə olan heroin və tiryək polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, narkotik vasitə aludəçisidir və hal-hazırda narkomaniya xəstəliyindən müalicə olunur. 19 oktyabr 2022-ci il tarixdə gecə saatlarında Sahil qəsəbəsi, Balıqçılar küçəsində evinin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ondan şübhələndikləri üçün polis bölməsinə aparmışlar. Polis bölməsinə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan şalvarın cibindən ayrı-ayrı bükülüdə olan tiryək və “kakos” kimi tanıdığı narkotik vasitə heroini çıxardıb təqdim etmişdir. Həmin narkotik vasitəni Kubinka kimi tanıdığı yerdən, adını bilmədiyi şəxsdən almışdır. Əməlindən səmimi peşmançılıq hissi keçirir. Evlidir və himayəsində iki azyaşlı uşağı var.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat-müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 19 oktyabr 2022-ci il tarixdə saat təxminən 23.00 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə inzibati ətazidə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Balıqçılar küçəsində 1 nəfər şəxsin narkotik vasitələrin istifadəsində şübhələnərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxs qaçmağa çalışmışdır. Bu zaman onlar həmin şəxsi Sahil qəsəbəsi, Balıqçılar küçəsi nömrəsiz fərdi evin yaxınlığında saxlayaraq onu Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. Həmin şəxsi Qaradağ RPİ-nin 38-ci PBnə gətirərək bu barədə raport yazmışlar. Polis bölməsinə gəldikdə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra həmin şəxsin hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilsə də gec saatları olduğu müdafiəçinin gəlməyinin bir qədər çəkəcəyi onlara bildirilmişdir. Bu zaman həmin şəxs xidməti otaqların birində müdafiəçi gələnə qədər polis nəzarəti altında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirsə də onu ancaq müdafiəçinin işirakı təqdim edəcəyini bildirmişdir. Bundan sonra 20 oktyabr 2022-ci il tarixdə 06 radələrində vəkil gəlmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçının otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən şəffaf sellofan bükümü və ağ rəngli kağız bükümü təqdim edərək şəffaf sellofanın içərisində narkotik vasitə tiryək və ağ kağız parçasının içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülülər açılarkən içəsirində qara rəngli və qəhvəyi rəngli maddələr aşkar olunmuşdur. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. İş materillarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 20 oktyabr 20222-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X2, Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin bölmənin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 iştirakı ilə axtarış-baxış keçirilir.Axtarış-baxış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya olub-olmamasını soruşur.Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd bükümü çıxardaraq masanın üzərinə qoyur və həmin bükülünün birində narkotik vasitə “kakos” (heroin), digərində tiryək olmasını və uzun müddət üzərində gəzdirdiyini bildirir. Üzərindən aşkar olunmuş həmin bükümlər açılaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli toz şəkilli və qara rəngli maddə olduğu müəyyən edilir. Bundan sonra büküm iştirakçıların yanında zərfə qoyulub möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6097 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,173 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6098 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,601 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. İş materillarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7569nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarından görünür ki Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,73 qram qalığı və tiryəkin 0,501 qram qalığı bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Qaradağ RPİ-nin MSSK-nə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materillarında olan Bakı şəhər Probasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs “8 noyabr - Zəfər günü münasibətilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilərək cəzadan azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. İş materillarında olan Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixldə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək səmimi peşman olması, evli olaraq himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinəhökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan çəkisi 0.73 qram narkotik vasitə heroin və çəkisi 0.501 qram narkotik vasitə tiryək məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış içərisində videogörüntü olan bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 162 (bir yüz altmış iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X2, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında və həbsdə olduğu 12 gün azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 162 (bir yüz altmış iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan çəkisi 0.73 qram narkotik vasitə heroin və çəkisi 0.501 qram narkotik vasitə tiryək məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış içərisində videogörüntü olan bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X2, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar