Məhkəmə qərarları › İş №1(002)-111/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-111/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-111/2025 16.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1997-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, Yardımlı rayonu, Ostayır Ərazi Dairəsi, Ostayır kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq girməklə, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə təkrarən özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 26 dekabr 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” mağazasının çöl hissəsində quraşdırılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bankomatın qarşısında olarkən həmin vaxt qeyd olunan bankomatdan Zərərçəkmiş şəxs1 pul nağdlaşdırdığını görüb, sonuncunu yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1, küçə 2 ünvanında yerləşən evinə qədər təqib edərək, Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına çatdıqdan sonra sonuncuya yaxınlaşıb həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək sonuncunun əlində olan içərisində 300 manat nağd pul, 60 manat dəyərində tütün məmulatı, 50 manat dəyərində içərisində 3 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan «Nokia» markalı mobil telefon, 01 ədəd 30 manat dəyərində ətir, 40 manat dəyərində tibbi dərman preparatları olan 50 manat dəyərində göy rəngli əl çantasını qüvvətlə dartıb alaraq açıq talayıb, əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 533 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 28 dekabr 2024-cü il tarixdə saat 15 radələrində ünvan 4 ünvanına gələrək, mənzilin qapısını döyüb, qeyd olunan mənzildə yaşayan Zərərçəkmiş şəxs2 özünü “Azəriqaz” İstehsalat Birliyinin işçisi kimi təqdim edərək, sonuncunu aldatmaqla yaşayış sahəsinə qanunsuz girərək, mənzildə qızdırıcı sistemlərə baxacağını bəhanə gətirib, Zərərçəkmiş şəxs2 arxasınca gedərək əli ilə ağız nahiyəsini tutub, səs çıxarmaması ilə bağlı hədə-qorxu gələrək həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib Zərərçəkmiş şəxs2 boyun nahiyəsində olan zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 250 manat dəyərində qızıl boyunbağını açıq talayıb, əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq, Zərərçəkmiş şəxs2 250 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini lakin ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında suallara cavab olaraq göstərmişdir ki, o, törətdiyi əməldən peşmandır. Onun 3-cü qrup əlilliyi olan bacısı olduğundan pula ehtiyacı olmuş və hazırki əməlləri törətmişdir. Məhkəmə iclasında son olaraq anası və bacısı ilə yaşadığını, ailədə yeganə qazanc gətirən şəxs olduğunun və peşman olduğunun nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində, Lökbatan qəsəbəsində yerləşən Qaradağ şadlıq evinin yaxınlığında İ.Nəbiyev küçəsində yerləşən beş mərtəbəli binaya yaxınlaşmışdır. Binanın birinci mərtəbəsinə daxil olaraq solda yerləşən mənzilin qapısını döymüş, qadın səslənərək kim olduğu barədə soruşduqda, özünü azəriqazın əməkdaşı kimi təqdim edərək qaz təchizatını yoxlamalı olduğunu bildirmişdir. Qadın qapını açaraq onu içəri buraxmışdır. İçəri daxil olduqda biraz ətrafa göz gəzdirmiş, evin şəraitindən kasıb ailə olduğunu görmüşdür. Qadın ona bildirmişdir ki, həyat yoldaşı evə qalxır, onunla birlikdə evə baxış keçirə bilərlər. O, qadının həyat yoldaşını gözləmədən oradan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 19:00-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, bazarın qarşı tərəfində yerləşən “Kingsmart” marketin yanındakı quraşdırılmış "xxxx"-a məxsus bankomatın qarşısında duraraq orada pul çıxaran insanları izləmişdir. Bir qədər keçdikdən sonra qara paltarlı, orta boylu əlində qara rəngli əl çantası olan yaşlı qadının bankomatdan pul çıxarıb saydıqdan sonra pulu çantasına yerləşdirdiyini görmüş və onu izləmək qərarına gəlmişdir. Qadın həyət evlərindən birinin qapısına yaxınlaşdığı zaman, qapıya əlini atıb açmaq istədikdə o, anidən qadının əlindəki çantanı dartmağa başlamışdır. Qadın müqavimət göstərdiyindən çantanı özünə tərəf bərk dartmışdır. Qadın müvazinətini itirərək yerə yıxılmış, o da çantanı götürüb adamlar olmayan istiqamətə qaçmışdır. Çantanın içərisində olan 300 manat pulu götürüb çantanı xatırlamadığı yerə tərəf atıb oradan uzaqlaşmışdır. Pulları oğurladıqdan sonra Lökbatan qəsəbəsində yerləşən “Topaz” oyun məntəqəsinə gedib orada olan “Misli” mərc oyunlarına qoyaraq uduzmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində ünvan 5 ünvanına getmişdir. Həmin binanın 4-cü mərtəbəsinə qalxmış və 12 nömrəli mənzilin qapısını döydükdə təxminən 14 yaşlı bir qız uşağı qapını açmışdır. Bu zaman o, həmin qıza özünü qaz idarəsinin işçisi kimi təqdim edərək evdə kimsənin olduğunu soruşduqda uşaq ona heç kimin olmadığını bildirmişdir. Bundan sonra uşağın üzərinə nəzər salmış və boyun nahiyəsində qızıl-zinət əşyasını görmüşdür. Əvvəlcə evə daxil olub orada pul və yaxud da qızıl-zinət əşyalarını ələ keçirmək qərarına gəlmişdir. Daha sonra həmin uşağa otaqlarda olan qızdırıcı sistemlərinə baxacağını bəhanə edərək evə daxil olub, otaqları göstərməsini istəmişdir. Həmin uşaq ondan qabaqda getmiş, bu zaman o, niyyətini həyata keçirmək üçün arxadan uşağın ağız nahiyyəsindən tutaraq “səsini çıxarma” ifadəsi ilə hədə-qorxu gəlib evdə hər hansısa dəyərli əşyanın olması barədə soruşmuş, uşaq ona heçnə olmadığını bildirmişdir. Sonra uşağın üzərində olan qızıl-zinət əşyasını götürmüş, dərhal evdən çıxmışdır. Taladığı qızıl boyunbağını Lökbatan qəsəbəsində yerləşən “Kingsmart” marketin yaxınlığındakı qızıl-zinət alış-satış məntəqəsinə, tanımadığı şəxsə 152 manata, öz şəxsiyyət vəsiqəsini təqdim etməklə satmışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri, şahidin məhkəmə iclasında verdiyi ifadəsi, ekspert rəyi və iş materiallarında olan digər hallar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə həm yazılı həm də notarial qaydada təsdiq edilmiş ərizələr ünvanlayaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci Massiv, 2-ci küçə, nömrəsiz evinin giriş qapısının yanına çatan zaman təxminən 19-20 yaşlarında, hündür boylu, üzü təmiz, başında qara rəngli papaq, əynində boz rəngli gödəkçə, qara rəngli şalvar olan kişi cinsli şəxs ona yaxınlaşmış və həmin yerdə Elşad adlı şəxsin yaşayıb-yaşamaması barədə soruşmuşdur. Bu zaman o, belə bir şəxsi tanımadığını bildirdikdə həmin şəxs anidən əlindəki içərisində 300 manat nağd pul, təxminən 60 manat dəyərində tütün məmulatı, dəyəri 50 manat təşkil edən Nokia markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, 30 manat dəyərində ətir, 40 manat dəyərində tibbi dərmanlar olan 50 manat dəyərində göy rəngli əl çantasını dartmışdır. Həmin vaxt o, nə qədər müqavimət göstərsə də sonradan yerə yıxılmış və həmin şəxs əl çantasını alaraq qaçmış, qışqırtısına məhəl qoymamışdır. Bundan sonra o, dərhal evə girərək birlikdə yaşadığı rəfiqəsinin telefonundan hadisə barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Çantasının naməlum şəxs tərəfindən talanmasının qarşısını almaq üçün müqavimət göstərmiş, çantanı əlindən verməməyə çalışmış, həmin şəxs çantanı dartdığı üçün onu da çanta ilə bərabər asfalt üzərində sürümüş, bu səbəbdən o, sağ dirsək nahiyyəsindən xəsarət almışdır. Hadisə baş verən zaman həmin şəxsi ilk dəfə idi görmüş, hava qaraldığı üçün onun üzləşdiyi vəziyyəti görənlər olmamışdır. Həmçinin ifadəsində göstərmişdir ki, talanmış Nokia markalı mobil telefonunun üzərində ***-***-**-** saylı GSM nömrənin dəyəri 3 manat olmuş, içərisində danışıq pulu olmamışdır. Ona ümumilikdə 533 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs xx.xx.2010-cu il tarixdə doğulmuş Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4 tərəfindən həm yazılı həm də notarial qaydada təsdiq edilmiş ərizələr ünvanlanaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə evdə tək olmuşdur. Saat 15 radələrində yaşadığı mənzilin qapısı döyülmüş və kim olduğunu soruşduqda orta yaşlarında boz rəngli gödəkcəli, göy göz bir az sarışın, orta boylu cavan oğlan qaz idarəsində işlədiyini, istilik sistemlərinə baxması üçün evə daxil olmalı və yoxlamasını bildirmişdir. Daha sonra ondan evdə kim olduğunu soruşduqda cavab olaraq evdə tək olduğunu bildirmişdir. Həmin şəxs ondan qazın qəbzlərini istəmiş, qəbzləri təqdim etdikdən sonra valideynlərinin nə vaxt evə gələcəklərini soruşmuş o da həmin şəxsə saat 17:00-da gələcəklərini demişdir. Daha sonra həmin şəxs evin içərisinə daxil olmuş və otaqlara keçərək əli ilə istilik cihazlarına baxmağa başlamışdır. Valideynlərinin yataq otağına keçdikdə həmin şəxs onun arxasına keçib əli ilə ağzından tutaraq ona sakit durmasını, qızılların yerini dəməsini və dediklərini etsə ona heçnə etməyəcəyini bildirmişdir. O evdə qızıl olmadığını dedikdə onun boynundakı boyunbağını tələb edərək nə qədər qiyməti olduğunu soruşmuşdur. O da boyunbağının hədiyyə olduğunu, qiymətini bilmədiyini demiş, boynundan qızıl boyunbağını çıxararaq həmin şəxsə vermişdir. Həmin şəxs ona heçnə etməyəcəyini sakitcə çıxıb gedəcəyini demişdir. Sonra həmin şəxs otaqdakı rəfin üstündəki “quran” kitabını gətirərək and içməsini istəmiş, o da qorxduğundan həmin şəxsin dediklərini etmişdir. Həmçinin bundan sonra ona yataq otağına keçməsini, getdikdən sonra qışqırmamasını bildirmiş və onların yaşadığı evdən çıxmışdır. Hadisədən 2 saat sonra isə o, olanlar barədə telefon vasitəsi ilə valideynlərinə məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, o, həmin şəxsi hadisə günü birinci dəfə görmüş, evdə tək olması barədə valideynlərindən başqa heç kimin məlumatı olmamışdır. Həmin şəxsin əlində heçnə olmamış, evə daxil olduqdan sonra sakit olması üçün əli ilə onun ağzından tutub başından yüngül yumruq zərbəsi endirmişdir. Hadisə vaxtı naməlum şəxs tərəfindən evdən onun boynunda olan qızıl boyunbağıdan başqa heçnə götürməmişdir. Həmin boyunbağı 250 manat dəyərində olmuşdur. Hadisə vaxtı evlərinə gələn şəxsin onun baş nahiyəsindən vurduğu yumruq zərbəsi nəticəsində xəsarət almamış və məhkəmə-tibbi ekspertizasından keçmək istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən zərgərlik mağazasını işlədir. xx.xx.2024-cü il tarixdə işlədiyi zərgərlik mağazasında olduğu zaman əvvəllər tanımadığı bir nəfər kişi cinsli şəxs gələrək ona 2 qram çəkidə, 152 manat müqabilində qızıl boyunbağı satmış, o da bununla bağlı həmin şəxsdən sənədlərini almış və akt tərtib etmişdir. O, həmin şəxsi əvvəllər tanımamışdır. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-nin 181.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 5-7-ci vərəqələrində olan hadisə yerinə baxış keçirilməsi haqqında 26 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1, küçə 2 ünvanın qarşısıdır. Cinayət işinin 1-ci cildinin 13-14-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli raport və aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis şöbəsinə gətirilmişdir. Cinayət işinin 1-ci cildinin 32-ci vərəqəsində olan 29 dekabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq 29 dekabr 2024-cü il tarixdə, saat 16:00-da tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 45-46-cı vərəqələrində olan hadisə yerinə baxış keçirilməsi haqqında 28 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanıdır. Cinayət işinin 1-ci cildinin 64-65-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 69-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 xx.xx.2010-cu il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 79-80-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 88-89-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi barəsində qərardan görünür ki, iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsindən həmin Məcəllənin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 91-93-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (saat 09:00) Cinayət işinin 1-ci cildinin 112-114-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 120-122-ci vərəqələrində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə-Tibbi Ekspertiza və X6 X9 07 yanvar 2025-ci il tarixli 806 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ dirsək oynağı nahiyəsinin cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağı nahiyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əziyi, sol dirsək və sağ diz oynaq nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən müayinədən 2-3 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakter və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin 1-ci cildinin 174-175-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş sənəddən görünür ki, Şahid təqdim etdiyi vərəqə baxış keçirilən zaman müəyyən edilmişdir ki, vərəqin yuxarı sağ tərəfindən «xx.xx.2024-ci il» yazılmış, onun alt hissəsində isə Təqsirləndirilən şəxs adına olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin surəti əks olunmuş, şəxsiyyət vəsiqəsinin surətinin altında isə içərisində «№, malın adı, çəkisi, əyarı, karatı, dəyəri, qeyd» yazılmış cədvəl əks olunmuşdur. Cədvəlin birinci sətrində göy rəngli qələmlə «sep, çəkisi 2.02, əyarı 585, dəyəri 152, qeyd 152» yazılmışdır. Cədvəlin aşağı hissəsində isə «satdı Təqsirləndirilən şəxs (imza)» olan sətr və onun aşağı hissəsində isə «satdığım zərgərlik məmulatları özümündür və oğurluq olmadığını imzamla təsdiq edirəm (imza)» yazılmış sətr vardır. Vərəqin digər tərəfində isə malı təhvil verən və təhvil alanın məsuliyyətləri ilə bağlı kompyuter qrafikası ilə qeydlər aparılmış, möhürlə və alan ilə satanın imzaları ilə təsdiq olunmuşdur. Baxışda iştirak edən Şahid təqdim etdiyi üzərində şəxsiyyət vəsiqəsinin surəti və əlyazmalar əks olunmuş vərəqi 28 dekabr 2024-cü il tarixdə özünün tərtib etdiyini, həmin vaxt şəxsiyyət vəsiqəsinin surətində fotoşəkili əks olunmuş şəxsin onun mağazasına gələrək 01 ədəd boyunbağı satdığını, həmin boyunbağını 152 manata aldığını, təqdim etdiyi vərəqin qarşı tərəfində olan «satdı» qrafasındakı imza, «satdığım zərgərlik məmulatları özümündür və oğurluq olmadığını imzamla təsdiq edirəm» qrafasında olan imzanın, vərəqin arxa tərəfindəki «imzamla təsdiq edirəm» qrafasındakı imzanın boyunbağını ona satan Təqsirləndirilən şəxs tərəfindən icra olunduğunu bildirmişdir. Cinayət işinin 1-ci cildinin 175-ci vərəqəsində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 181-185-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1, küçə 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq cinayətini hansı qaydada törətdiyini, həmçinin ünvan 7 ünvanında Zərərçəkmiş şəxs2 qarşı soyğunçuluq cinayətini hansı qaydada törətdiyini hadisə yerlərində əyani göstərmişdir. Cinayət işinin 1-ci cildinin 187-189-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 ona tanınmaya təqdim olunan şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq, 26 dekabr 2024-cü il tarixdə ona qarşı soyğunçuluq edən şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinin 1-ci cildinin 190-192-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 ona tanınmaya təqdim olunan şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq, 28 dekabr 2024-cü il tarixdə ona qarşı soyğunçuluq edən şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinin 1-ci cildinin 193-205-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Şahid təqdim etdiyi üzərində şəxsiyyət vəsiqəsinin surəti və əlyazmalar olan 01 ədəd vərəq maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 207-209-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2 xx.xx.2025-ci il tarixli yazılı ərizəsindən və xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən, Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli yazılı ərizəsindən və xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayətini təkrar törətməklə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törətməklə və insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törətməklə soyğunçuluq etməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.4cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.4maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə və insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Cinayət işinə əlavə olunmuş 28 dekabr 2024-cü il tarixli raport və aktdan müəyyən olunur ki, təqsirləndirilən şəxs məhz həmin tarixdə 10-cu polis şöbəsinə gətirilmişdir. Bu səbəbdən məhkəmə onun azadlığının faktiki olaraq xx.xx.2024-cü il tarixdə məhdudlaşdırıldığını nəzərə alır və hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs faktiki olaraq tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən xx.xx.2025-ci il tarixədək 40 saat, xx.xx.2025-ci il tarixdən etibarən isə 8 saat hüquqi yardım göstərilmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına xx.xx.2025-ci il tarixədək göstərilmiş 40 saat hüquqi xidmətə görə 240 manat, xx.xx.2025-ci il tarixdən etibarən isə 8 saat hüquqi xidmətə görə 88 manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 və məhkəmə istintaqı zamanı göstərilmiş 25 iş saatı hüquqi xidmətə görə 275 manat pul 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəkil işlədikləri Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Şahid təqdim etdiyi üzərində şəxsiyyət vəsiqəsinin surəti və əlyazmalar olan 01 ədəd vərəq iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.3 və 180.2.4cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Şahid təqdim etdiyi üzərində şəxsiyyət vəsiqəsinin surəti və əlyazmalar olan 01 ədəd vərəq iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına xx.xx.2025-ci il tarixədək göstərilmiş 40 saat hüquqi xidmətə görə 240 manat, xx.xx.2025-ci il tarixdən etibarən isə 8 saat hüquqi xidmətə görə 88 manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 və məhkəmə istintaqı zamanı göstərilmiş 25 iş saatı hüquqi xidmətə görə 275 manat pul 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəkil işlədikləri Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar