Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-112/2023 19.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 04 avqust 1993-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Sərhədabad kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə ticarət mərkəzinin 4-cü sırasının giriş hissəsində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən qərəzli hərəkətlər edərək, ətrafda olan şəxslərə qarşı laqeyidlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla yüksək səslə nalayiq ifadələr işlətmiş, özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, heç bir əsaslı səbəb olmadan yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol qaş nahiyəsinin əzilmiş yarası yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində "Binə" ticarət mərkəzində 4-cü sırada olarkən bir nəfər taksi sürücüsünün tanımadığı şəxslərlə mübahisə etdiyini görmüşdür. Mübahisə davam edən zaman o, taksi sürücüsünə yaxınlaşaraq mübahisə etməsinin səbəbini soruşmuşdur. Bu zaman həmin şəxsin ona kobud şəkildə cavab verməsindən əsəbləşərək onu əli ilə itələmiş, onun sifət nahiyəsinə zərbə vurmuşdur. Həmin şəxs də ona əli və ayağı ilə zərbələr vurmuşdur. Daha sonra yaxınlıqda yerləşən mağazada işləyən şəxslər onları sakitləşdirmiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Onu və həmin taksi sürücüsünü xidməti avtomobilə əyləşdirib 10cu Polis bölməsinə aparmışlar. Polis əməkdaşları onu polis bölməsinə aparan zaman o, avtomobilə əyləşmək istəməmiş, çünki həmin gün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmünə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası məqsədilə o, yaşayış yeri olan Cəlilabad rayonuna getməli və Cəlilabad Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmalı imiş. Polis bölməsinə getmək istəmədiyindən və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığından Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən barəsində 10 gün inzibati həbs tənbehi tətbiq edilmişdir. Daha sonra törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxsla barışdığını nəzərə alaraq, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "Binə" ticarət mərkəzinin qarşısında "Hyundai Matrix" markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dayanaraq taksi fəaliyyəti ilə məşğul olur. 05 oktyabr 2022-ci il tarixində saat 13:00 radələrində "Binə" ticarət mərkəzinin qarşısında avtomobili ilə dayanıb müştəri gözləyirmiş. Həmin vaxt "Binə" ticarət mərkəzində işləyən bir nəfər ona müraciət edərək, bağlama verəcəyini və həmin bağalamanı "Sahil" metrosuna çatdırmaq istədiyini, çatdırılma haqqı olaraq 4 manat verəcəyini bildirmişdir. Həmin şəxsin təklif etdiyi yol xərci onu qane etmədiyindən həmin istiqamətdə gedə bilməyəciyini bildirmişdir. Müştəri ilə onun arasında yaranmış narazılığı müzakirə edərkən onlardan biraz kənarda dayanan bir nəfər orta boylu gənc oğlan ona yaxınlaşaraq söhbətə müdaxilə etmişdir. O da baş verən söz-söhbətin həmin şəxsə heç bir aidiyyətinin olmadığını ona izah edərkən o, nalayiq ifadələr işlətmişdir. Bu zaman həmin şəxsin sərxoş olduğunu hiss edərək, onunla müzakirəyə davam etmədən ticarət mərkəzinin 5-ci sırasına tərəf keçmişdir. Təxminən 3-4 dəqiqə sonra həmin şəxs təkrar ona yaxınlaşmış, bir əli ilə onun əynində olan boz rəngli uzunqol köynəyin yaxasından tutub ona nalayiq ifadələr işlədərək onu vurmuşdur. Kənarda dayanan şəxslər müdaxilə edərək onu uzaqlaşdırmış, o da həmin şəxsdən canını qurtarmaq məqsədilə uzaqlaşarkən Təqsirləndirilən şəxs ona yaxınlaşmış, sifət nahiyəsindən 3-4 dəfə yumruqla zərbə vurmuşdur. Zərbə nəticəsində sol qaşı xəsarət aldığından həmin nahiyədən qan axmağa başlamışdır. Səs-küyə toplaşmış şəxslər ona ilkin tibbi yardım etmişlər və həmin şəxsi kənarlaşdırmışlar. Daha sonra isə Binə ticarət mərkəzində xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq həmin şəxsi və onu xidməti avtomobilə əyləşdirib 10-cu polis bölməsinə aparmışlar. Polis bölməsində o, ərizə və izahat yazmış, aldığı xəsarətlə əlaqədar olaraq ekspertizadan keçmişdir. Ekspertizadan keçdikdən sonra yaxınlıqda olan poliklinikada sol qaş nahiyəsinə 4 ədəd tikiş qoyulmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 05 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində ərazinin sahə inspektoru Şahid2 ilə birlikdə xidmət apararkən "Binə" ticarət mərkəzində 4-cü sıraya yaxın yerdə səs-küy eşitmiş və insanların toplaşdığını görmüşlər. Daha sonra dərhal hadisə yerinə yaxınlaşmış və 2 nəfər şəxsin dalaşdığını görmüşlər. Bu zaman Zərərçəkmiş şəxs qaş nahiyəsindən xəsarət aldığını, digər şəxsin isə həmin ticarət mərkəzində "dəllal" kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Həmin şəxsləri polis bölməsinə dəvət etdikdə isə sonuncu onlara tabesizlik və müqavimət göstərərək getməyəcəyini bildirmişdir. Onlar bu zaman ƏÇPA-na məlumat vermişlər. Təxminən 5 dəqiqədən sonra ƏÇPA-nın 10-cu patrul bölüyünün 3 nəfər polis nəfəri hadisə yerinə yaxınlaşmışlar. Bundan sonra həmin şəxsləri avtopatrula əyləşdirib 10-cu polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabe olmaması ilə əlaqədar Azərbaycan Respublikasınınn İXM-nin 535.1-ci maddəsi ilə onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Qaradağ Rayon Məhkəməsinə təqdim etmişlər. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 10 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 05 oktyabr 2022-ci il tarixdə 13:00 radələrində 10 saylı patrul sektorunda xidmət yoldaşları Şahid4 və Şahid5 ilə birlikdə xidmət aparırmış. Xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Binə" ticarət mərkəzində 2 nəfər şəxsin mübahisə etdiyini və Qaradağ RPİ-nin 10-cu PBnin əməkdaşlarına tabesizlik və müqavimət göstərilməsi barədə məlumat almışlar. Məlumatı aldıqdan dərhal sonra "Binə" ticarət mərkəzində hadisə yerinə yaxınlaşmışlar. Hadisə yerinə gəldikdə məlum olmuşdur ki, ticarət mərkəzində 4-cü sırada 2 nəfər şəxs mübahisə edən zaman Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları onlara yaxınlaşmış və həmin şəxslərdən biri polis əməkdaşlarına tabesizlik və müqavimət göstərmişdir. Dərhal həmin şəxsləri avtopatrula əyləşdirərək Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. Polis bölməsinə gəldikdə həmin şəxslərin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olduğu onlara məlum olmuşdur. Həmin şəxslərdən Təqsirləndirilən şəxs polis əməkdaşlarına tabesizlik və müqavimət göstərdiyi müəyyən edilmişdir. 10-cu PB-nə gəldikdə onlar həmin şəxslərin bölməyə təhvil verilməsi və barələrində qanuni tədbir görülməsi barədə raport yazaraq imzalamışlar. Bölməyə gəldikdə Zərərçəkmiş şəxs göz altında və qaşında xəsarət olduğunu görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid4 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid5 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi tədqiq edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid5 məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 82-ci vərəqəsində olan cinayət əməlinin tövsif edilməsi barədə 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 84-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 109-116-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi nəzərə alınmış və onun barəsində qətimkan tədbiri seçilməmişdir. Cinayət işinin 10-11-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin sağlamlığa zərər vurmanın təyini barədə ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, 752 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət–sol qaş nahiyəsinin əzilmiş yarası bərk küt əşya təsirindən, müayinədən bir neçə saat əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 dekabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Vəkilov X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarı tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bundan başqa Vəkilov X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 7(073)-88/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-165/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 09 (doqquz) ay 12 (on iki) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 52-1.5-ci maddəsinə əsasən 04 (dörd) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin 14 fevral 2023-cü il tarixli, 78/2022-30-11 saylı məktubundan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-165/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci madəsi təqsirli bilinərək 09 (doqquz) ay 12 (on iki) gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmü 23 sentyabr 2022-ci il tarixdə Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə şöbədə qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 09 gün cəza çəkmiş, çəkilməmiş 09 ay 03 gün cəzası Cəlilabad Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 7(073)-88/2022 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 04 (dörd) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinə əlavə edilmiş buraxılış arayışından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkib qurtardığı üçün 03 mart 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs 01 mart 2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında tövsiyə olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini və davranışını, onun əvvəllər də eyni cinayət əməli səbəbindən məsuliyyətə cəlb olunmasına baxmayaraq, islah olunmamasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 19 aprel 2023-cü il tarixdən məhdudlaşdırıldığından sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq dövründə 26 (iyirmi altı) iş saatı, məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş 26 (iyirmi altı) saat hüquqi xidmətə görə 156 (bir yüz əlli altı) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 30 (otuz) saat hüquqi yardıma görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş 26 (iyirmi altı) saat hüquqi xidmətə görə 156 (bir yüz əlli altı) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 30 (otuz) saat hüquqi yardıma görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-112/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-112/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver