Məhkəmə qərarları › İş №1(002)-115/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-115/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-115/2023 15.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi- Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsində yerləşən 5A saylı evin üçüncü mərtəbəsinin dəhlizində qonşusu Zərərçəkmiş şəxs ilə məişət zəminində mübahisə yaranmışdır. O, mübahisə zamanı Zərərçəkmiş şəxs yaşadığı mənzilin qapısına qəsdən əli ilə vuraraq sonuncuya xəsarət yetirmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs başın sol təpə-gicgah sərhəddinin dərialtı hematoması və səthi əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 dekabr 2022-ci il tarixdə saat 18:20 radələrində qonşusu Samirə ilə onun arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbləşərək Samirənin yaşadığı mənzilin qapısını bir dəfə əli vurmuşdur. Əli ilə vurduğu qapı Samirənin başına dəymiş və Samirə yıxılmışdır. Onların arasında mübahisəyə səbəb isə Samirənin ona spirtli içki içməsinə və siqaret çəkməsinə irad etməsi olmuşdur. Hadisə təxminən bir neçə dəqiqə davam etmiş, həmin vaxt Samirənin əri Kamil də onların yanında olmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, 30 dekabr 2022-ci il tarixdə saat 18:20 radələrində qonşusu Teymurla onun arasında mübahisə yaranmış, mübahisə zamanı o, yaşadığı mənzilə keçmişdir. Teymur əsəbləşərək əli ilə yaşadığı mənzilin qapısını vurmuş və qapı onun başına dəymişdir. O, aldığı zərbədən yıxılmışdır. Qonşusu Teymurun daim spirtli içki içərək ümumi istifadədə olan dəhlizdə söyüş söyməsi, həmin dəhlizdə siqaret çəkməsinə irad etməsi onların arasında mübahisəyə səbəb olmuşdur. Bundan başqa hadisə baş verən gün Teymur içkili vəziyyətdə pilləkanda oturaraq onların öz şəxsi mənzillərinə daxil olmasına mane olmuşdur. Həmin vaxt onların yanında əri Kamildən başqa heç kim olmamışdır. Hadisə təxminən bir neçə dəqiqə davam etmiş, hadisə zamanı ona maddi ziyan dəyməmiş və bununla bağlı tələbi yoxdur. Hadisə barədə o, “102” xidməti zəng mərkəzinə məlumat vermişdir Bundan başqa Zərərçəkmiş şəxs bildirmişdir ki, Teymur nəinki ona, digər qonşulara qarşı da aqressiv hərəkətlərini davam etdirir və daim içkili olur. Bu səbəbdən məhkəmədən Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır və onlar birlikdə yaşayır. 30 dekabr 2022-ci il tarixdə saat 18:20 radələrində qonşuları Təqsirləndirilən şəxs arvadı Samirə ilə yaşadıqları Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsində yerləşən 5A saylı evin üçüncü mərtəbəsində, dəhlizdə məişət zəminində mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Samirə yaşadıqları mənzilə gəldikdə Teymur əli ilə mənzilin qapısını vurmuş və qapı Samirənin başına dəymişdir. Bu zaman Samirə yerə yıxılmış və başından xəsarət almışdır. Teymur həmin vaxtı sərxoş olmuşdur. Hadisə zamanı onların yanında başqa heç kim olmamışdır. Hadisədən sonra Samirə “102” xidməti zəng mərkəzinə müraciət etmişdir. Sadələşdirilmiş icraat materialının 14-cü vərəqəsində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 30 dekabr 2022-ci il tarixli, 2/34364 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə orta dərəcəli sərxoş olmuşdur. Sadələşdirilmiş icraat materialının 23-24-cü vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi Birliyinin 06 yanvar 2023-cü il tarixli 04 saylı rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın sol təpə-gicgah sərhəddinin dərialtı hematoması və səthi əzilmiş yarası bərk küt əşya(əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün TTYS-nə müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, xəsarət şəxsin özü tərəfindən yetirməsi az inandırıcıdır. Sadələşdirilmiş icraat materialının 59-cu vərəqəsində olan 119 MKİS-nin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs isə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi ev 5A, mənzil 135-də yaşayır Sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə isə o, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sadələşdirilmiş icraat materialının 20-ci vərəqəsində olan 31 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs araşdırmanın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 21-ci vərəqəsində olan 31 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan araşdırmanın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Məhkəmə, göstərilənləri nəzərə alaraq məhkəmə istintaqında tədqiq olunmuş sadələşdirilmiş icraat materiallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, eləcə də ekspertiza rəylərinin və işin digər hallarının məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti törətməsi tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nın 128-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur. Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-1. böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq 01 il keçmədən 30 dekabr 2022-ci il tarixdə yenidən qəsdən cinayət törətmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı 15 mart 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş təhqiqat dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 işə qoşularaq ibtidai istintaq dövründə 15 (on beş) iş saatı məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 20 (iyirmi) iş saatı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs təhqiqat zamanı vəkil X1 tərəfindən göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi yardıma görə 90 (doxsan) manat pul vəsaiti, vəkil Müdafiəçi tərəfindən məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs təhqiqat zamanı vəkil X1 tərəfindən göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi yardıma görə 90 (doxsan) manat pul vəsaiti, vəkil Müdafiəçi tərəfindən məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar