Məhkəmə qərarları › İş №1(002)-116/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-116/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-116/2023 13.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonunda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, 26 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən saat 20:30 radələrində ünvan 3 ünvanının yaxınlığında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 22:15 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın qabaq sol cibindən bir ədəd gümüşü rəngli kağızdan olan bükülüdə ümumi təmiz çəkisi 0,238 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim emiş və polis əməkdaşı olduqlarını bildirdikdən sonra onu Qaradağ RPİ-nin 38-ci PB-yə dəvət etmişlər. Polis bölməsində olan zaman üzərində axtarış və götürmə istintaq hərəkəti aparmazdan əvvəl üzərində saxladığı qanunsuz əşyanın təqdim olunması təklif olunmuşdur. Əynində olan qara rəngli şalvarın sol yan cibində siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində "heroin" olduğunu və tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Törətdiyi əməli səmimi etiraf edərək, tutduğu əməldən peşman olduğunu qeyd edilmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və axtarış və götürmə istintaq hərəkətində iştirak edən digər şəxslər birlikdə imza etmişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitənin harada və necə əldə edəcəyi barədə o, sosial şəbəkə vasitəsilə məlumatlanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq edilmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu,Yasamal rayonundan tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, cinayət əməlini səmimi etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 20:30 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, Şahid2 və Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ilə birlikdə ünvan 3 ünvanının yaxınlığında xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparması diqqətini cəlb etmiş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərkən onun narkotik vasitənin sərxoşluğu halında olmasından şübhələnmişlər. Həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığı üçün onu polis bölməsində dəvət etmişlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1, ev 1-də qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonunda yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-nin rəisinə məruzə olunmuş, daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının qabaq sol cibindən bir ədəd ağgümüşü rəngli kağıza bükülmüş bükümü çıxararaq təqdim etmiş, təqdim olunan bükümün içərisində baxış zamanı toz formasında, qəhvəyi rəngli, heroinə bənzər maddə aşkar olunmuşdur. Sonuncu ağ-gümüşü rəngli kağıza bükülmüş bükümü təxminən bir həftə əvvəl Bakı şəhəri Yasamal rayonunda tanımadığı şəxsdən 10 (on) manata öz şəxsi istifadəsi üçün aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ-gümüşü rəngli kağıza bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq dövründə verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Qaradağ RPİ-nin 38ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Qaradağ RPİ-nin 38-ci PBnin CA üzrə əməliyyat müvəkkili Şahid3 ilə birlikdə ünvan 3 ünvanının yaxınlığında xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparması diqqətini cəlb etmiş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərkən onun narkotik vasitənin sərxoşluğu halında olmasından şübhələnmiş və özünü təqdim etməsini istəmişlər. Həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığı üçün onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və bu barədə müvafiq raport tərtib olunaraq polis bölməsinin rəisinə məruzə olunmuş, daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti onun tərəfindən videoçəkiliş aparmaqla keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşya və ya maddənin təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının qabaq sol cibində olan bir ədəd ağ-gümüşü rəngli kağıza bükülmüş bükümü çıxararaq təqdim etmiş, təqdim olunan bükümün içərisində baxış zamanı toz formasında, qəhvəyi rəngli, heroinə bənzər maddə aşkar olunmuş, həmin bükümü bir həftə əvvəl Bakı şəhəri Yasamal rayonunda tanımadığı şəxsdən 10 (on) manata öz şəxsi istifadəsi üçün aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 23-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 41-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 56-57-ci vərəqələrində olan Qaradağ Rayon Prokurorunun 28 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət rədd olunmuş və o, müvəqqəti saxlanma yerindən azad edilmişdir. Cinayət işinin 58-59-cu vərəqələrində olan 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 13 yanvar 2023-cü il tarixli, 156 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2022-ci il tarixli, 6/6226 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd büküm...” yazı və imzalar zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,238 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,238 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 0,188 qram olmuşdur. Cinayət işinin 34-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan maddi sübut kimi tanınma haqqında 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdən götürülmüş təmiz çəkisi 0,238 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,188 qram olan heroin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 67-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş 24 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş DVD disk məhkəmədə tədqiq edilərkən müəyyən edilmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Bundan əvvəl ona üzərində olan qeyri-qanuni əşyaların könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın qabaq sol cibindən ağ-gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan "kokos" kimi tanıdığı heroin olduğunu, Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir əşya aşkar edilməmiş, 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm isə zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntü və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, cinayət əməlini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 26 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 13 yanvar 2023-cü il tarixli, 156 rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,188 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132) və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 88 (səksən səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq ibtidai istintaq dövründə 27 (iyirmi yeddi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 27 (iyirmi yeddi) iş saatı hüquqi xidmətə görə 162 (bir yüz altmış iki) manat, məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək, tutulduğu 02 gün müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,188 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 27 (iyirmi yeddi) iş saatı hüquqi xidmətə görə 162 (bir yüz altmış iki) manat, məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar