Məhkəmə qərarları › İş №1(002)-116/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-116/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-116/2025 04.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Ağdam rayonu, Əlimədədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Əlimədədli kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,348 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb daşımış, 01 aprel 2025-ci il tarixdə saat 12:35-də Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov küçəsində yerləşən "Mədəniyyət Evi"nin həyətində saxlanılaraq, orada üzərində baxış keçirilərkən, əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,348 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 aprel 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən "Kaktus" restoranının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün dəqiq çəkisini bilmədiyi bir büküm metamfetamin (şüşə) almış və müqabilində 20 manat pul vermişdir. 01 aprel 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Qobu Park” yaşayış kompleksində obyektin şüşəsini silən zaman polis əməkdaşları yaxınlaşaraq onu saxlamışlar. Onu saxlayarkən videoçəkiliş aparılmışdır. Qaradağ RPİ-nin əməkdaşları onu Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksindən Qaradağ RPİ-nin 10-cu PŞ-nə və 10-cu PŞ-dən Lökbatan qəsəbəsində yerləşən “Mədəniyyət Evi”nin həyətinə aparıb orada videoçəkiliş etmişlər. Videoçəkiliş zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, onun “şüşə” kimi tanıdığı psixotrop madddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən "Kaktus" restoranının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitəni əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında nümayiş etdirilən diskdə olan videoçəkiliş “Mədəniyyət evi”nin həyətində çəkilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq edilməmiş və təzyiq olmamışdır. Törətdiyi əməldən peşmandır. Narkomaniyadan məcburi müalicə ala bilməsi üçün ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında, baxış və götürmə aparılması haqqında, disklərə baxış keçirilməsi barədə protokollar və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, istintaqa verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti, ədavəti, düşmənçiliyi və ya qohumluğu olmamışdır. 01 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri qanunsuz olaraq istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə əməliyyat qrupu yaradılmışdır. Həmin gün Lökbatan qəsəbəsində “Mədəniyyət evi”nin yaxınlığında xarici əlamətləri ilə üst-üstə düşməsi səbəbi ilə narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üzərində daşınması qadağan olunan hər hansı maddə olub-olmaması barədə sual verilərək, olduğu halda könüllü qaydada təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq şalvarının sağ yan cibindən siqaretin şəffaf sellofanına bükülmüş maddəni onlara təqdim edərək həmin maddənin “patı” olduğunu, Yasamal rayonu ərazisində yerləşən «Kaktus» restoranının yanında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Həmin maddə ağ rəngli kristal formalı narkotik vasitəyə bənzər kütlə olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs vəkillə təmin olunmaq hüququ da izah olunmuşdur. Sonra Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin təhqiqatçısının yanına aparmışlar. Bu barədə protokol tərtib etməklə, şöbənin təhqiqatçısı polis mayoru Elnur Heydərovun otağında videoçəkiliş əsasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılıb götürülmüş maddə təqdim edilmişdir. Təhqiqatçı tərəfindən digər zəruri prosessual hərəkətlər həyata keçirildikdən sonra Təqsirləndirilən şəxs baxılması üçün istintaqa verilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ona heç bir fiziki təsir göstərməmişlər. Təhqiqatçı tərəfindən qablaşdırma açılıb bükümə baxış keçirilmiş və baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin “patı” olduğunu, onu Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən «Kaktus» restoranının yanında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddəni götürərək zərfləşdirib möhürləyərək ekspertizaya göndərmişlər. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid3 ifadəsinə uyğun məzmunda ifadə verərək bildirmişdir ki, istintaqa verdiyini ifadəni təsdiq edir. 01 aprel 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayonu Lökbatan qəsəbəsində “Mədəniyyət evi”nin həyətində Təqsirləndirilən şəxs üzərində psixotrop maddə aşkar edilərkən videoçəkilişi aparan şəxs olmuşdur. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ibtidai istintaq zamanı məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ilə oxşar məzmunlu ifadə verərək, həqiqətən də, 01 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Qaradağ rayonu Lökbatan qəsəbəsi “Mədəniyyət evi”nin həyətində saxlayarkən aparılan videoçəkiliş zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə şalvarının sağ yan cibindən siqaretin şəffaf sellofanına bükülmüş maddəni təqdim edərək həmin madənin “patı” olduğunu, Yasamal rayonu ərazisində yerləşən «Kaktus» restoranının yanında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını, Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısının otağında aparılan videoçəkiliş zamanı da müdafiəçinin iştirakı ilə həmin maddəyə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin maddənin “patı” olduğunu bildirdiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında, cinayət işinin icraata qəbul edilməsi haqqında qərarlardan görünür ki, xx.xx.2025-ci il tarixdə (saat 12:10) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1-2). Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:35-də tutulmuşdur (i.v.25). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 61-62). Bakı şəhəri Qaradağ rayon prokurorunun vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır (i.v. 79-80). Qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilərək xx.xx.2025-ci il tarixdə saat 14:15-də müvəqqəti saxlama yerindən azad edilmişdir (i.v. 81-83). xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən barəsində həmin tarixdə axtarış elan edilmiş, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 163-164). Axtarışda olan şəxsin tutulması ilə bağlı 15 iyul 2025-ci il tarixli protokoldan və Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdə saat 16:50-də tutulmuş və həmin tarixdə Bakı İstintaq Təcridxanasına aparılmışdır (169, 170). Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üsütünün yoxlanılması və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş xarici yaddaş diskindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Mədəniyyət evi"nin həyətində fasiləsiz videoçəkiliş aparılaraq saxlanıldıqdan sonra sonuncuya, üzərində saxladığı hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin ağ sellofanına bükülmüş kütləni təqdim edərək, həmin kütlənin “patı” olduğunu, Yasamal rayonu ərazisində yerləşən “Kaktus” restoranının yanında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş bir ədəd büküm boş zərfə qoyularaq, üzəri möhürlənməklə imzalanaraq götürülmüşdür (i.v.14-16). Baxış və götürmə aparılması haqqında 01 aprel 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş xarici yaddaş diskindən görünür ki, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən təqdim edilmiş bir ədəd zərfə videoçəkilişlə baxış keçirilmiş, zərfin içərisində bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal şəkilli kütlə aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə bildirmişdir ki, həmin kütlə “patı”dır və Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən «Kaktus» restoranının yanında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. İçərisində ağ rəngli kristal şəkilli kütlə olan bir ədəd büküm zərfə qoyularaq, üzəri möhürlənməklə götürülmüşdür (i.v.37-39). DVD diskə köçürülmüş məlumatlarına baxış keçirilməsi barədə 02 aprel 2025-ci il tarixli protokollardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində “Mədəniyyət evi”nin həyətində Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid1 və Şahid2 tərəfindən videoçəkilişlə saxlanılaraq, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindəki psixotrop maddə olan metamfetamini könüllü şəkildə polis əməkdaşlarına təqdim etdiyi və üstünə baxış keçirildiyi, Təqsirləndirilən şəxs 3 il ərzində narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, üzərindən aşkar olunaraq götürülmüş "patı" adlandırdığı həmin kütləni Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən «Kaktus» restoranının yanında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirdiyi, bundan sonra, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin inzibati binasında aparılan videoçəkiliş zamanı müdafiəçisinin iştirakı ilə təhqiqatçıya zərfdə qablaşdırılmış şəffaf sellofana bükülmüş ağ rəngli kiçik kristallik şəkilli kütlənin "patı" adlandırdığı psixotrop maddə metamfetamin olduğunu və onu şəxsi istifadəsi üçün Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən "Kaktus" restoranının yanında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını bildirdiyi müşahidə edildi (i.v. 57-58, 59-60). Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 02 aprel 2025-ci il tarixli 6/1214 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N222” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,348 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd. Metamfetaminin təmiz çəkisi 0,348 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,298 qram (i.v. 47-48). Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir (46). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 04 aprel 2025-ci il tarixli 1879 nömrəli ambulator X3 (məhkəmə-narkoloji ekspertizasının) ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Ağdam rayon MX-da (F19x2) diaqnozu ilə qeydiyyatdadır (i.v. 104-105). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 aprel 2025-ci il tarixli 1006 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs psixopatik cizgilərin anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin müahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ona ittiham edilən ittihamın mahiyyətini dərk etmək iqtidarındadır (i.v. 107-108). Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi” X8 alınmış 08 aprel 2025-ci il tarixli, xx/xx-4187 saylı məktubda göstərilir ki, Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdən 30 mart 2022-ci il tarixədək həmin Mərkəzdə könüllü olaraq stasionar müalicədə olmuş, diaqnozu "Opioid və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu” olmuşdur. Təqsirləndirilən şəxs 04 aprel 2025-ci i tarixdən narkoloji qeydiyyatdadır (i.v. 94). Maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,298 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v. 86-87). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və götürmə aparılması, həmçinin üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetaminə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 111-121). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 01 il 03 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 2.4-cü bəndi ilə xx.xx.2016-cı il tarixdə cəzasının qalan hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə məhkumluğu olmayan şəxs hesab olunur (99-100). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, məhkəməyədək və məhkəmə istintaqı dövründə şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında, baxış və götürmə aparılması haqqında, disklərə baxış keçirilməsi barədə protokollar, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur”. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir”. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı keçirilən əvvəlki məhkəmə iclasında, 01 aprel 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksinin ərazisində yerləşən obyektin şüşəsini silən zaman Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyatçılarının ona yaxınlaşdıqlarını və Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə aparılıb üzərində psixotrop maddə aşkar edildiyini, sonrakı məhkəmə iclasında isə Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksindən Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə və 10cu PŞ-dən Qaradağ rayonu Lökbatan qəsəbəsi “Mədəniyyət evi”nin həyətinə aparılaraq videoçəkilişlə üstünə baxış keçirildiyini və üzərində psixotrop maddənin aşkar edildiyini deməsi öz təsdiqini tapmamışdır. Belə ki, ilk öncə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı keçirilən məhkəmə iclaslarında ziddiyyətli ifadələr vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskdə olan videoçəkilişə baxış keçirilərkən onun psixotrop maddə olan metamfetamini polis əməliyyatçılarına təqdim etdiyi ərazinin Qaradağ rayonu Lökbatan qəsəbəsi “Mədəniyyət evi”nin həyəti olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksindən Qaradağ RPİ-nin 10-cu PŞ-nə və 10-cu PŞ-dən Qaradağ rayonu Lökbatan qəsəbəsi “Mədəniyyət evi”nin həyətinə aparılaraq orada videoçəkilişlə üzərində psixotrop maddənin aşkar edilməsi barədə dedikləri həqiqəti əks etdirmir. Çünki Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı keçirilən birinci iclasda əvvəlcə onda metamfetamin aşkar edildiyi yerdə videoçəkilişin aparıldığını demiş, sonra həmin iclasda məhkəmə istintaqının gedişatında cəzalanmamaq üçün özünü müdafiə etmək məqsədilə Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksindən Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparılıb orada üzərində olan metamfetminin aşkar edildiyini bildirmişdir. Lakin sonrakı məhkəmə iclasında Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksindən Qaradağ RPİnin 10-cu PŞ-nə və 10-cu PŞ-dən Qaradağ rayonu Lökbatan qəsəbəsində olan “Mədəniyyət evi”nin həyətinə aparıldığını və orada videoçəkilişlə üzərində olan metamfetamini əməliyyat müvəkkillərinə təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünü tam təqsirli bilir, yəni şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin əldə etdiyini etiraf edir, əməlindən peşmandır. Təqsirləndirilən şəxs üzərində metamfetaminin aşkar edildiyi yerdə polis əməliyyat müvəkkilləri tərəfindən videoçəkilişin aparıldığı öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə iclasından yayındığına görə barəsində həbsli axtarış verilərək tutulmuş Təqsirləndirilən şəxs məhkəmə baxış iclasında psixi xəstəliyinin olduğunu bildirmişdir. Lakin ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ziddiyyətli ifadələr verərək, əvvəlki məhkəmə iclasında, 01 aprel 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyatçıları tərəfindən Bakı şəhəri Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksinin ərazisində yerləşən obyektin şüşəsini silən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını və 10cu Polis Şöbəsinə aparılıb üzərində psixotrop maddə aşkar edildiyini, sonrakı məhkəmə iclasında isə Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksindən Qaradağ RPİ-nin 10-cu PŞ-nə və 10-cu PŞ-dən Qaradağ rayonu Lökbatan qəsəbəsi “Mədəniyyət evi”nin həyətinə aparılaraq videoçəkilişlə üstünə baxış keçirildiyini və üzərində psixotrop maddə aşkar edildiyini deməsi, həmçinin psixi xəstəliyinin olduğunu bildirməsi onun cəzalanmamaq üçün özünü müdafiə etmək istəməsi kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdə saat 12:35-dən 03 aprel 2025-ci il tarixə saat 14:15-dək şübhəli şəxs qismində tutulduğu və sonra təqsirləndirilən şəxs qismində Qaradağ Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanıldığı 03 (üç) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 15 iyul 2025-ci il tarixdən hesablanmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 1879 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,298 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınaraq həmin iş materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı və xx.xx.2025-ci il tarixli 141 saylı qərarları ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün xx.xx.2025-ci il tarixədək 6 (altı) manat, həmin tarixdən sonra isə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdə saat 12:35-dən 03 aprel 2025-ci il tarixə saat 14:15-dək şübhəli şəxs qismində tutulduğu və sonra təqsirləndirilən şəxs qismində Qaradağ Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanıldığı 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş bir ədəd kağız bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,298 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 390 (üç yüz doxsan) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 24 (iyirmi dörd) saata görə 264 (iki yüz altmış dörd) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar