Məhkəmə qərarları › İş №1(002)-117/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-117/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-117/2021 02.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni massivdə yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasına saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİnin NMB və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 19:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, C.Qəhrəmanov küçəsində saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək həmin gün saat 20:00 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd siqaretin qızılı kağızından olan bükülüdə ümumi təmiz çəkisi 0,305 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuş. Mütəmadi olaraq narkotik vasitə olan heroin əldə edib inyeksiya yolu ilə qəbul etmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 14:30 radələrində “Kubinka” deyilən ərazidə əvvəllər tanımadığı, təxminən 50 yaşında olan bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 10 manat verərək “kakos” adlanan narkotik vasitə olan heroini almış və əynində olan tünd göy rəngli idman şalvarının sol cibinə qoymuşdur. Həmin heroin siqaretin qızılı kağızına bükülmüş vəziyyətdə olmuşdur. Həmin gün saat 19:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan xalasıgilə gedən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək, onu Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 10-cu Polis Bölməsinə gəlmişdir. Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmaması soruşulmuş, o, könüllü olaraq əynində olan gödəkçəsinin cibində olan 1 ədəd ağ rəngli plastik darağı və əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibində olan bir ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə olan “kakos” adlanan narkotik vasitə heroini çıxarıb, masanın üzərinə qoyaraq, həmin maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün xx xxxxxx 2020-ci ildə Bakı şəhərində “Kubinka” deyilən yerdə tanımadığı şəxsdən 10 manata aldığını, həmin narkotik vasitənin bir dəfə istifadə üçün olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitəni satmaq və ya hər hansı bir şəxsə pay vermək kimi niyyəti olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə isə zərfə qoyularaq 222 saylı möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imzalarını etmişlər. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, ailə vəziyyətini, yəni himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs narkotik vasitə olan “heroin”in qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında Qaradağ RPİ-nin CAŞ-nın kiçik inspektoru, polis serjantı Şahid2 və Qaradağ RPİ-nin CAŞ-nın kiçik inspektoru, polis kiçik serjantı Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə xx xxxxxx 2020-ci il tarixdə saat 19:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, C.Qəhrəmanov küçəsində zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxs olduğu müəyyən olunmuş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan şəxsiyyətini təqdim etməsini tələb etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onlar Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər və sonuncu etiraz etməmişdir. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin vaxt o, bu barədə müvafiq raport tərtib edərək məruzə etmişdir. Daha sonra təhqiqat araşdırmasına başlanılmış, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Video çəkiliş Şahid2 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarın sol yan cibindən qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, Bakı şəhərində “Kubinka” deyilən yerdə tanımadığı şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən ağ rəngli plastik daraq aşkar edilmiş və özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci polis bölməsinin CA üzrə kiçik inspektoru, polis kiçik serjantı Şahid3 və Bakı şəhəri Qaradağ RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 9, 25) Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən qızıl rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin gün günorta təxminən 14:30-da “Kubinka” kimi adlanan ərazidən tanımadığı şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Əlavə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində bir ədəd ağ rəngli plastik daraq aşkar olunmuş və şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhürlə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 28-29) Təqsirləndirilən şəxs üzərində axtarış və baxış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskdə olan görüntüyə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2462 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 0,305 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,255 qram. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat, səksən iki qəpik) manat təşkil edir. (i.v. 41-45) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(002)- 148/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 76-77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə xx xxxx 2015-ci il tarixdə cəzasının çəkilməsindən vaxtın əvvəl azad edilmişdir. Bundan başqa o, xx xxxx 2020-cı il tarixdə Səbai RPİ tərəfindən CM-nin 177.1-ci maddəsilə məsuliyyətə cəlb edilmiş və həmin tarixdə CPM-nin 40.3 maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. (İ cild, i.v. 92-93) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X8-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3495 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 111-112) Sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış və barəsində Qaradağ Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,305 qram 01 ədəd bükümdə olan narkotik vasitə - heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 01 ədəd bükümündə 0,255 qram olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i.v. 114-120) Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx xxxxx 2005-ci il təvəllüdlü Mehri və xx xxxx 2007-ci il təvəllüdlü Mədinə adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində 2 azyaşlı uşağın olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla belə cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən Təqsirləndirilən şəxs məhkumluğu barədə tələbnaməyə verilən cavab əsasında təqsirləndirilən şəxsin hal-hazırda məhkumluğunun olmadığı müəyyən edilsə də, lakin həmin tələbnamədən görünür ki, təqsirləndirilən şəxs daha əvvəl qanunsuz olaraq narkotik vasitə istifadə etdiyinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkum olunmuşdur. Həmin cinayət işi üzrə təyin olunmuş cəzanın çəkilməsindən vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, yenidən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin məhkumluğu ödənilsə də, o, islah olunmamışdır. Göstərilən hal məhkəmə tərəfindən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun xx xxxxxx 2020-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CPM-158.2.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxxxx 2020-ci il tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM- 93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməl və sübut növü kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 0,255 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 81,82 (səksən bir manat, səksən iki qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar