Məhkəmə qərarları › İş №1(002)-117/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-117/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-117/2024 09.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2ərdi yaşayış evində yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin şirniyyat bazarının 17-ci sırasında yerləşən 2 saylı mağazada Zərərçəkmiş şəxs məxsus 1700 manat dəyərində 1 ədəd İphone 13 Pro markalı və 100 manat dəyərində “Redmi Note” 8 markalı mobil telefonu mağazanın içərisində olan masanın üzərindən gizli yolla talayaraq ona 1800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında sürücülük fəaliyyyəti ilə məşğul olduğu üçün “Sədərək” ticarət mərkəzinə gəlmişdir. “Sədərək” ticarət mərkəzinin Şirniyyat adlanan hissəsində 17-ci sırada olan bir mağazaya daxil olarkən satıcının da mağazada olmamasından istifadə edərək masanın üzərində olan 2 ədəd mobil telefonu götürmüş və cibinə qoyaraq oradan getmişdir. O, oğurladığı Redmi Note 8 markalı mobil telefonu 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən əvvəllər tanımadığı telefon mağazasına 80 manat müqabilində satmış, İphone 13 pro markalı mobil telefonunu isə Buzovna qəsəbəsində tanışı Əli adlı şəxsə 300 manata satmışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, CD diskdəki görüntülər və iş materiallarında olan digər hallar ilə tam sübuta yetirilmişdir. Belə ki məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 18 dekabr 2023-cü il tarixdə satıcı kimi işlədiyi “Sədərək” Ticarət Mərkəzində yerləşən mağazada olarkən masanın üzərində olan özünə məxus 1 ədəd İphone 13 Pro markalı və 1 ədəd Redmi Note 8 markalı mobil telefoların naməlum vəziyyətdə oğurlanmasını aşkar etmişdir. Hadisəni törətmiş şəxs onun məşğul olmasından istifadə edərək mobil telefonları masanın üzərindən oğurlamışdır. O, bu barədə polisə məlumat vermişdir. Mağazanın ətrafında olan kameralara baxış keçirilərkən üzü görünməsə də geyim və hərəkətlərindən şəxsi müəyyən etmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan 1800 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindən tanımışdır. xx.xx.2023cü il tarixdə yaşadığı ünvanın yaxınlığında olan zaman təsadüfən Təqsirləndirilən şəxs görmüş, Təqsirləndirilən şəxs ona yaxınlaşaraq İphone 13 pro max markalı mobil telefonunun olması və onu satmaq istəməsini bildirmişdir. Həmin telefonun şifrəsini bilmədikləri üçün ona müdaxilə edə bilməmişlər və bu səbəbdən o, Təqsirləndirilən şəxs telefonu hardan əldə etməsini soruşmuş, sonuncu cavabında dostlarının ona hədiyyə etdiyini bildirmişdir. Həmin telefonu o, Təqsirləndirilən şəxs 300 manata almış, təxminən 2 gün keçdikdən sonra Əhmədli metrostansiyası yaxınlığında tanımadığı şəxsə 350 manata satmışdır. Əldə etdiyi puldan təqribən 300 manat Təqsirləndirilən şəxs vermişdir. Həmçinin, bildirmişdir ki, həmin mobil telefonun kimə məxsus olması və ya oğurluq yolu ilə əldə olunması barədə məlumatı olmamışdır. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 14-19-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış və götürülməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin şirniyyat bazarının 17-ci sırasında yerləşən 2 saylı mağazadır. Cinayət işinin 26-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 43-44-cü vərəqələrində olan 29 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdə, saat 19:20-də tutulmuşdur. Cinayət işinin 55-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan və məhkəmə iclasında tədqiq edilən həmin CD diskdən müəyyən edilmişdir ki, 2 ədəd videofayl mövcuddur. Həmin video fayllarda əks edilmiş görüntülər 18 dekabr 2023-cü il tarixdə qeydə alınır. Video faylda qeyd olunan yer Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzidir. Həmçinin, baxış zamanı videogörüntüdə Təqsirləndirilən şəxs mağazaya daxil olub-çıxması və əlində mobil telefon olması müəyyən olunur. Cinayət işinin 64-65-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 15:30) Cinayət işinin 75-77-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 93-96-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən, 97-108-ci vərəqələrdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən və 109-112-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 il 02 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməkdən yayındığına görə xx.xx.2024cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, qərarın icrası Qaradağ RPİ-yə həvalə edilmiş, 31925 saylı axtarış işi açılmışdır. xx.xx.2024-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, barəsində xx.xx.2024-cü il tarixli axtarış işi olan Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu ərazisində olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə o, saxlanılarkən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sabiq Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Fəxrəddin Nəsirovu qətlə yetirmişdir. Həmin faktla bağlı Suraxanı rayon prokurorluğunda istintaq aparıldığı üçün onun barəsində xx.xx.2024-cü il tarixli 31925 saylı axtarış işi xitam olunmuşdur. Azərbaycan Respublikası CM-nin 120.2.3 və 315-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun özgənin əmlakını gizli yolla talayaraq oğurluq törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilərək barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 il 02 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, hazırki cinayət işi üzrə əməli 18 dekabr 2023-cü il tarixdə, yəni cəzadan vaxtından əvvəl şərti azad olunduğu dövrdə törətmiş olsa da CM-nin 18.4.1-ci maddəsinə əsasən əməlində cinayətin residivi yaranmamışdır. Azərbaycan Respublikasının CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının CM-nin 76.6.2-ci maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur). Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı (zərərçəkmiş şəxslə barışması), habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclaslarından qəsdən yayınmasını, əvvəllər də məhkum edilməsinə baxmayaraq, yenidən eyni məzmunlu cinayətlər törətməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi CM-in 76.6.2-ci maddəsinə əsasən ləğv olunmalı, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırki cəza, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti olaraq azad edildiyi 01 il 02 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli, onun şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmaqla ona qəti olaraq cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, «həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 09 oktyabr 2024-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə əsasən ləğv olunsun, həmin məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş hazırki cəza, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti olaraq azad edildiyi 01 il 02 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 il 08 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 il 08 ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ödənilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar