Məhkəmə qərarları › İş №1(002)-119/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-119/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-119/2025 22.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Şamaxı yolu, Yataqxana 6 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə gündüz saatlarında Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq 100 (yüz) manat pul qarşılığında xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 19:41-də Qaradağ RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» topdansatış bazarının yaxınlığında saxlanılaraq, videoçəkilişlə üstünün yoxlanılması zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən qızılı rəngli siqaret kağızına bükülmüş bir ədəd bükümün içərisində bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,796 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir müddətdir ki, narkotik narkotik vasitə qəbul edir. 25 fevral 2025-ci il tarixdə «Meyvəli» topdansatış bazarında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır.Üzərində videoçəkilişlə axtarış aparılarkən o narkotik vasitəni çıxarıb təqdim etmişdir.Narkotik vasitəni Binəqədi qəsəbəsində Nuranə adlı şəxsdən 100 manata almışdır.O son olaraq çıxışında bildirmişdir ki, törətdiyi əməldən peşmandır. İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 25 fevral 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin X3 “Orxan” adlı şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur.Məlumat əsasında Bakı şəhəri Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid3 və CAŞ-nin kiçik inspektoru polis serjantı Rauf Şahpələngovla birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin inzibati ərazisində yerləşən “Meyvəli” ticarət mərkəzinin yaxınlığında zahiri əlamətlərinə görə “Orxan” adlı şəxsə bənzəyən bir nəfər şəxsin hərəkət etdiyini müşahidə etmişlər, videoçəkiliş ilə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsə özünü təqdim etməyi təklif etmişlər. Həmin şəxs onların suallarına cavab verərək, Təqsirləndirilən şəxs olduğunu demişdir.Onlar həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib videoçəkiliş ilə üstünün yoxlanılacağına etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra sonuncuya, üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə varsa, təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bir ədəd şəffaf bükümü və qara rəngli gödəkçənin sağ yan cibindən “Xiaomi” markalı “RedMi” markalı mobil telefon aparatını çıxarıb təqdim etmiş, həmin büküm açılıb içərisinə baxış keçirilərkən, içərisindən spesifik qoxuya malik ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan maddənin “Patı” kimi adlandırdığı psixotrop maddə metamfetamin olduğunu və onu 100 (yüz) manat qarşılığında Bakı şəhəri Binəqədi rayonu ərazisində “Nuranə” adlı qadından aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili polis mayoru Şahid3 və həmin Şöbənin kiçik inspektoru polis serjantı Şahid4 da Şahid2 ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiklərini tam təsdiq etmişlər. İş üzrə Şahid1 məhkəmə iclasına gəlməmiş və teleqram ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsi elan edilmişdir. İş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təxminən 01 ilə yaxın müddətdir ki, “Patı” kimi adlanan psixotrop maddə metamfetamin istifadə edir. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin avqust ayından tanıyır. Belə ki, Orxan taksi sürücüsüdür və o, Orxanın idarə etdiyi avtomobilə dəfələrlə əyləşib müxtəlif ünvanlara getmiş və yol pulunu ödəmişdir. Orxanla tanışlıq ərəfəsində ona “Patı” kimi adlanan psixotrop maddə metamfetamin istifadə etdiyini demişdir. O, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən tikinti materiallarının satıldığı obyektdə işləyərkən, Orxan həmin obyektə getmiş, həmin vaxtlarda o bilmişdir ki, Orxan «patı», yəni psixotrop maddə metamfetamin istifadə edir. Orxan bunu ona özü demişdir, hətta Orxan onunla birlikdə bir neçə dəfə psixotrop maddə metamfetamin istifadə etmiş, lakin onunla birlikdə “Patı” kimi adlanan psixotrop maddə metamfetamin istifadə edəndə o, Orxanın psixotrop maddə metamfetamini haradan əldə etməsini bilməmişdir. 25 fevral 2025-ci il tarixdə Orxanın istifadə etdiyi mobil telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə zəng vurub sonuncu ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində görüşmək istədiyini bildirmiş, həmin gün günorta saatlarında Orxan idarə etdiyi avtomobillə Binəqədi rayonuna onun sifariş verdiyi ünvana getmiş və onu Nərimanov rayonu «Gənclik» metrostansiyası yaxınlığında yerləşən Bakı Sağlamlıq Mərkəzinə aparmışdır. Orxan onu aparmadan öncə o, telefonda Orxanla danışan zaman pulu olmadığını, yol haqqını sonra ödəyəcəyini demiş, Orxan da ona razılıq vermişdir. O, Bakı Sağlamlıq Mərkəzindən çıxdıqdan sonra Orxanın idarə etdiyi avtomobilə əyləşmiş, həmin vaxt Orxan ona halının çox pis olduğunu, bədənində ağrılar yarandığını bildirmişdir. Orxan xahiş etmişdir ki, yol haqqını psixotrop maddə metamfetaminlə əvəz edə bilər. O da, yol haqqının 10 (on) manat olduğunu düşünüb Orxana 01 ədəd bükümdə psixotrop maddə metamfetamin vermiş, daha sonra Orxan onu yaşadığı ünvana aparmışdır. O, Təqsirləndirilən şəxs 01 ədəd büküm psixotrop maddə metamfetamini 100 manata deyil, 10 manat qarşılığında vermişdir. O, 25 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə zəng vurub sonuncu ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində görüşmək istədiyini bildirmişdir. Həmin gün günorta saatlarında Orxan idarə etdiyi avtomobillə Binəqədi rayonuna onun sifariş verdiyi ünvana getmiş, onu Bakı şəhəri Nərimanov rayonu metronun «Gənclik» stansiyası yaxınlığında yerləşən Bakı Sağlamlıq Mərkəzinə aparmışdır. Orxan onu aparmamışdan öncə telefonda onunla danışanda pulu olmadığını, yol haqqını sonra ödəyəcəyini demiş, Orxan da ona razılıq vermişdir. Bakı Sağlamlıq Mərkəzindən çıxdıqdan sonra o, Orxanın idarə etdiyi avtomobilə əyləşmiş, həmin vaxtı Orxan ona halının çox pis olduğunu, bədənində ağrılar yarandığını bildirib yol haqqını psixotrop maddə metamfetaminlə əvəz etməyini xahiş etmiş, o da, yol haqqının 10 manat olduğunu düşünüb Orxana 01 ədəd bükümdə psixotrop maddə metamfetamin vermişdir. O, əvvəllər psixotrop maddəni Binəqədi rayonu Biləcəri qəsəbəsində «Üzeyir» adlı şəxsdən almış, «Üzeyir» adlı şəxs ona bildirmişdir ki, psixotrop maddə lazım olduğu vaxtlar günorta saat 2-3 radələri arası «Araz Supermarket»-in yaxınlığında olsun, özü onu tapacaqdır. O, psixotrop maddəni bir neçə ildir ki, «Üzeyir» adlı şəxsdən eyni qayda ilə, hər dəfə 2-3 büküm almış və bunun müqabilində 20-30 manat pul ödəmişdir. «Üzeyir» adlı şəxs balaca boylu, qara saçlı şəxsdir və qara gödəkçə geyinir. Həmin şəxsin barəsində başqa heç bir söz deyə bilməmişdir. O, polis əməkdaşları tərəfindən Qaradağ RPİ-nə dəvət olunan zaman ona qarşı hər hansı bir təzyiq və ya zor tətbiq edilməmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 26 fevral 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi polis mayoru Raqib Rəhimov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, 25 fevral 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİnin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru Rüstəm Seyidov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Raqib Rəhimov tərəfindən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 27 fevral 2025-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək, tutulduğu Bakı şəhəri Qaradağ RPİ-nin X5 azad edilmişdir. İş materiallarından görünür ki, 08 mart 2025-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs əldə etdiyi xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi mənbə olan Şahid1 iş üzrə şübhəli şəxs qismində tutulmuş və Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmaqla icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:41-də Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” ticarət mərkəzinin yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı sonuncu əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Xiaomi” markalı “RedMi” modelli mobil telefon aparatı və qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə içərisində ağ rəngli kristallik maddə kütləsi olan şəffaf sellofan bükümü təqdim etmiş, həmin büküm açılaraq, baxış keçirilmiş, içərisində spesifik qoxuya malik ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs mobil telefonun üzərində 055 *** ** ** saylı mobil telefon nömrəsi işlətdiyini, bükümün içərisindəki maddənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və onu tutulduğu gün Binəqədi rayon ərazisindən “Nuranə” adlı qadından 100 manat ödəyib şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin üstündən qeyri-qanuni heç nə aşkar olunmmış, sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə kütləsi olan sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 0,86 qram olan həmin büküm zərfdə qablaşdırılıb DİN-in 46 saylı möhürlə möhürlənmiş, zərfin üzərinə iştirakçılar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilmiş bir ədəd “Xiaomi” markalı “RedMi” modelli mobil telefon aparatı da zərfdə qablaşdırılıb DİN-in 46 saylı möhürlə möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ RPİ-nin inzibati binasına gətirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “baxış və götürmə aparılması” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən üstünə yoxlama keçirilərkən, Qaradağ RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşlarına təqdim edilmiş bir ədəd bükümə təhqiqatçı Rüstəm Seyidov tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, bükümün içərisində şəffaf sellofan bükümdə ağ rəngli kristal şəkilli duza bənzər maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində “Patı” kimi adlandırdığı psixotrop maddəni tutulduğu gün, yəni 25 fevral 2025-ci il tarixdə Binəqədi rayonu ərazisində “Nuranə” adlı qadından şəxsi istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya, maddə və ya predmet aşkar edilməmiş, büküm də yenidən boş zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və məhkəmə ekspertizasına göndərilməsi üçün götürülmüşdür. İş materiallarında olan 01 (bir) ədəd CD diskə məhkəmə iclasında baxış keçirdilmişdir.Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, ağ rəngli boyalı, üzərində heç bir yazı olmayan diskdə bir ədəd fayl yerləşir. Həmin fayl “Kuce” adlı, 72.0 MB yaddaşı olan “.mp4” formatlı videofayldır. Videofayl 0:06:50 dəqiqə müddətdə davam edir. Videofayl açıq hava şəraitində, qaranlıq havada lentə alınmışdır, küçədə 03 nəfər mülki geyimli kişi əks olunur və 01 nəfər videoçəkilişi həyata keçirən kişi cinsli şəxsin səsi eşidilir. Həmin şəxslərdən biri özünü Bakı şəhəri Qaradağ RPİ-nin X2 baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 olaraq təqdim edir, sonra digərləri Qaradağ RPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili polis mayoru Şahid3 və CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid4 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstünün yoxlanılacağı bildirilir, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Xiaomi” markalı “RedMi” modelli mobil telefon aparatını və qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs sorğu-sual edilərkən, təqdim etdiyi mobil telefonun üzərində 055 *** ** ** mobil telefon nömrə sim kartı istifadə etdiyi və təqdim etdiyi siqaretin qızılı rəngli kağızına bükülmüş şəffaf sellofan bükümün içərisində olan maddənin “Patı” kimi aldandırdığı psixotrop maddə olduğunu, onu saxlanıldığı gün Bakı şəhəri Binəqədi rayonu ərazisində “Nuranə” adı ilə tanıdığı qadından 100 manata öz istifadəsi üçün aldığını bildirir. Sonra əməliyyat müvəkkili Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması davam etdirilir, lakin onun üstündən heç bir qeyri-qanuni əşya, maddə və ya predmet aşkar edilmir. Sonra əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılır, bükümün şəffaf sellofana büküldüyü və içərisində ağ rəngli kristal şəkilli, spesifik qoxuya malik olduğunu bildirdiyi maddə kütləsi aşkar edilir. Daha sonra əməliyyat müvəkkili Şahid2 tərəfindən bükülür və zərfə qoyulur, zərf möhürlənir və üzərinə iştirakçılar tərəfindən imzalar icra edilir. İş materiallarında olan Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə Qaradağ RPİ-nin NMB və CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üstünün yoxlanılması zamanı aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin qablaşdırıldığı və Qaradağ RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Rüstəm Seyidovun xidməti otağında baxış keçirilməsinin videogörüntüsünə məhkəmə iclasında baxış keçirilmişdir.Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, «Kabinet» adlı fayl açılda xidməti otaqda polis mayoru geyim formasında Qaradağ RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Rüstəm Seyidovun masanın yanında ayaqüstü dayandığı, Qaradağ RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid3 və CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid4, aralarında isə Təqsirləndirilən şəxs masadan sol tərəfdə ayaq üstə dayanmaqla, Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi masa ətrafında oturmuş şəkildə olmaları görüntülənir. Baş təhqiqatçı Rüstəm Seyidov tərəfindən 25 fevral 2025-ci il tarixdə Qaradağ RPİ-nin NMB və CAŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi “Meyvəli” ticarət mərkəzinin yaxınlığından saxlanılıb saat 19:41-dən etibarən üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin qablaşdırıldığı, Azərbaycan Respublikası DİN-ə aid 46 saylı möhür əksi möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış ağ rəngli kağız zərfə baxış keçirilir. Baxış zamanı həmin zərf açılır, içərisində siqaretin qızılı rəngli kağızına bükülmüş şəffaf sellofan bükümün içərisində ağ rəngli duza bənzədiyini bildirdiyi kristallik maddə kütləsi olması aşkar olunur. Baş təhqiqatçı Rüstəm Seyidov tərəfindən şifahi sorğu-sual edilən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini tutulduğu gün Binəqədi rayon ərazisindən “Nuranə” adlı qadına 100 manat ödəyib öz şəxsi istifadəsi üçün aldığını bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin qablaşdırdığı büküm başqa zərfdə qablaşdırılır, Azərbaycan Respublikası DİN-in 46 saylı möhürü ilə möhürlənir. Təqsirləndirilən şəxs üstü əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 tərəfindən yoxlanılır, lakin üstündən qeyri-qanuni heç nə aşkar olunmadıqdan sonra sözügedən zərfin üzərinə bütün iştirakçılar tərəfindən imzalar icra edilir və zərf baş təhqiqatçı Rüstəm Seyidov tərəfindən götürülür. Baxış və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə hərəkəti başa çatır. İş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan +99455 ******* saylı mobil telefon nömrəsi ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış 17 mart 2025ci il tarixli, BKC/LGL-688/25 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir, üzərində "xxxx" markalanma göstəricisi fabrik və «BKC/LGL-688-25» əlyazma yazıları olan CD disk kompyuterin disk oxuducusu vasitəsi ilə açıldıqda, içərisində aşağıdakı fayllar vardır: «mushteri zenglerinin detallashmasi_msisdn_558609233» , «sms detallashmasi_msisdn_558609233» , «zenglerin mexsusluq tarixcheleri_msisdn_558609233» . İlk öncə «mushteri zenglerinin detallashmasi_msisdn_558609233» adlı fayl açıldıqda, içərisində iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan +99455 ******* saylı mobil telefon nömrəsinin xx.xx.2025-ci il tarixdə saat 00:00:00-dan xx.xx.2025-ci il tarixdə saat 00:00:00-dək olan müddət ərzində daxil olduğu "xxxx" MMC-yə aid antenn əhatə dairələri əks olunmuşdur. Baxışla müəyyən edilmişdir ki, +99455 ******* saylı mobil telefon nömrəsi 25 yanvar 2025-ci il tarixdən 25 fevral 2025-ci il tarixədək olan müddət ərzində əsasən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan döngəsində yerləşən «Daş Sexi» kimi tanınan yerdə, Binəqədi qəsəbəsi Gülüstan qəsəbəsi, Abşeron rayonu Mehdiabad qəsəbəsi «Gənclər şəhərciyi» yaşayış kompleksində, Abşeron rayonu Xırdalan şəhəri, Masazır qəsəbəsi, Güzdək kəndində, Digah qəsəbəsində, Bakı şəhərinin müxtəlif ərazilərində, o cümlədən N.Nərimanov rayonu, Səbail rayonu Badamdar qəsəbəsi, Nəsimi rayonu Yasamal rayonu, həmçinin Alatava qəsəbəsi «İpək Yolu»-nda, Sumqayıt şəhərinin müxtəlif ərazilərində və Corat qəsəbəsində, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə və Biləcəri qəsəbələrində, Sabunçu rayonu Kürdəxanı, Pirşağı və Məhəmmədi qəsəbələrində, o cümlədən, 25 fevral 2025-ci il tarixdə saat 00:00:27-dən etibarən Abşeron rayonu Mehdiabad qəsəbəsi, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi «Daş Sexi» kimi tanınan yerdə, saat 16:48:37-dən etibarən Bakı şəhəri Yasamal rayonu Alatava qəsəbəsi «İpək Yolu»-nda, 16:53:18-dən etibarən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində, saat 16:54:01-dən etibarən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən «Sədərək» ticarət mərkəzində, saat 16:56:00-da Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində, saat 16:56:07-dən 17:45:56-dək olan müddətdə Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi, Rəsulzadə qəsəbəsi, Biləcəri qəsəbəsində, saat 17:50-dən 23:58:01-dək olan müddət ərzində isə, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən «Sədərək» ticarət mərkəzi və Lökbatan qəsəbəsinin digər ərazilərində quraşdırılmış "xxxx" MMC-yə aid antenn dairələrinin əhatəsi altında olmuşdur. Bununla yanaşı, baxışla müəyyən edilmişdir ki, +99455 ******* saylı mobil telefon nömrəsi iş üzrə digər təqsirləndirilən şəxs Şahid1 məxsus +**********18 saylı mobil telefon nömrəsi ilə 06 fevral 2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə Bakı şəhərinin Binəqədi rayonunun müxtəlif ərazilərində, o cümlədən Bakı şəhəri Nizami rayonu H.Əliyev prospektində və Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” metrostansiyasının yaxınlığında quraşdırılmış antenn dairələrinin əhatə dairəsi altında olarkən, telefonla əlaqə saxlayıb danışmışdır. Fayldan çıxarışlar axınlı printerdən çap edilərək, protokola əlavə edilmişdir. Sonra «sms detallashmasi_msisdn_558609233» adlı fayla baxış keçirilərkən, müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan +99455 ******* saylı mobil telefon nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 00:00:00-dan xx.xx.2025-ci il tarixdə saat 00:00:00-dək olan müddət ərzində daxil olan və çıxan ismarıc mətnləri əks olunmuşdur. Həmin fayldan istintaq əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmiş və fayldan çıxarış edilməmişdir. Sonra «zenglerin mexsusluq tarixcheleri_msisdn_558609233» adlı fayla baxış keçirilərkən, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan +99455 ******* saylı mobil telefon nömrəsinin xx.xx.2025-ci il tarixdə saat 00:00:00-dan xx.xx.2025-ci il tarixdə saat 00:00:00-dək olan müddət ərzində əlaqə saxladığı "xxxx" mobil operatora aid mobil telefon nömrələrinin abunəçilərinə aid anket məlumatları əks olunmuşdur. Həmin fayldan istintaq əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmiş və fayldan heç bir çıxarış edilməmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan +99455 ******* saylı mobil telefon nömrəsi ilə təqsirləndirilən şəxs Şahid1 istifadəsində olan +99450 ******* saylı mobil telefon nömrəsi ilə əlaqədə olması müəyyən edilmişdir. Baxış keçirilməsi başa çatdıqdan sonra CD disk qablaşdırılaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı götürmüş bir ədəd «Xiaomi» markalı «RedMi» modelli mobil telefon aparatına iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon aparatı «Xiaomi» markalı «RedMi 9 C» modelli mobil telefon aparatıdır. Mobil telefon aparatının korpusu qara rəngli sərt plastik materialdandır, monitoru həssas ekran tipli olmaqla, üzərinə qoruyucu şüşə yapışdırılmış və qoruyucu şüşəsi zədələnmişdir. Mobil telefon aparatı işlək vəziyyətdədir, «1996» şifrəsi ilə ekran kilidindən açılır, sağ yan tərəfində açıb-söndürmə kilidi və səs tənzimlənmə düymələri, sol yan tərəfində əlavə yaddaş kartı yuvası, arxa tərəfində isə «Aİ Camera» yazılı 04 ədəd kameralı və ön səthində, yuxarıda bir ədəd ön kamera yuvacığı vardır, arxa səthi xətti naxışlıdır. Mobil telefonun üzərində "xxxx" mobil operatoruna aid 055 *** **** nömrə sim kartı vardır. Mobil telefonun yaddaşında mobil tətbiqlər mövcuddur, Həmin mobil telefon arapatının yaddaşında olan «Kontaktlar» mobil tətbiqinə baxış keçirildi, «M» adı ilə iş üzrə təqsirləndirilən şəxs Şahid1 məxsus +**********18 mobil telefon nömrəsinin qeydə alındığı aşkar edildi. Bundan əlavə mobil telefon aparatının yaddaşına “İnstagram Lite” və “WhatsApp Business” sosial media mobil tətbiqləri yazılmışdır. Mobil telefona yazılmış “İnstagram Lite” sosial media hesabı açıldıqda, içərisində əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilmədi. Sonra “WhatsApp Business” sosial media mobil tətbiqində hesabı açıldı, içərisində ailə-məişət mövzuda paylaşımların əks olunduğu müşahidə edildi. “WhatsApp Business” sosial media mobil tətbiqində hesabında «M» adı ilə qeydə alınmış və təqsirləndirilən şəxs Şahid1 məxsus +**********18 hesabından Təqsirləndirilən şəxs arasında olan mesaj mətnlərinin silinməsi, eləcə də, 25 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Şahid1 pul çatdırılmalı olması haqqında səsli mesajlar göndərilməsi aşkar olundu. Belə ki, Şahid1 xx.xx.2025-ci il tarixdə saat 19:44-də Təqsirləndirilən şəxs «Deyirəm ki, Qurana andolsun, işüviz keçənəcən ölürsən da, dalbadal zəngün diyanmır, zəng eliyirəm, … aşda, söz soruşuram» və həmin tarixdə saat 19:53-də «Əə də, yalansansa, görmüsənsə, Allah gözüvi çıxartsın səiin, şeyd, pul gəleceydi mənə, pul ataceydın, noldu?» - mövzuda səsli ismarıc mətnləri göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs “WhatsApp Business” sosial media mobil tətbiqi hesabında iş üzrə əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilmədi. Daha sonra «Xiaomi» markalı «RedMi 9 C» modelli mobil telefon aparatına keçirilmiş baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilmədi. Bununla da, əşyaya («Xiaomi» markalı «RedMi 9 C» modelli mobil telefon aparatına) baxış keçirilməsi başa çatmışdır. Baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs «Xiaomi» markalı «RedMi 9 C» modelli mobil telefon aparatının ona məxsus olduğunu, mobil telefonun kontakına «M» adı ilə tanışı Şahid1 məxsus +**********18 mobil telefon nömrəsini qeyd etdiyini, onunla müxtəlif vaxtlarda, o cümlədən tutulduğu gün, yəni 25 fevral 2025-ci il tarixdə «Patı» kimi tanıdığı psixotrop maddə metamfetamin aldığına görə pul köçürməli olsa da, köçürmədiyi üçün aralarında bu barədə söhbət aparıldığını bildirmişdir. Əşyaya (mobil telefona) baxış zamanı fotoşəkillər çəkilərək, cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 6/870 saylı, 26 fevral 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 46” dairəvi möhür əksləri olan, üzərində “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,796 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,796 nram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,746 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 18 mart 2025-ci il tarixli, 1671 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən alınmış 07 mart 2025-ci il tarixli, 3-28-29-2- 2466/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən, göstərilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarından görünür ki, 27 fevral 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Raqib Rəhimov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,796 qram xeyli miqdarda psixotrop maddə metamfetamin iş üzrə maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına psixotrop maddə metamfetaminin 0,746 qram qalıq çəkisi iş üzrə məhkəmənin qanuni qüvvəsini alacan hökmünün icrasınadək saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, 30 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanılması və üzərindən aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin qablaşdırıldığı zərfə baxış keçirilməsi və üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən olan 02 (iki) ədəd DVD (disk) və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, 30 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş və baxış keçirilmiş 01 ədəd «Xiaomi» markalı «RedMi 9 C» modelli mobil telefon aparatı cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlini səmimi etiraf edərək peşman olması, narkotik vasitənin mənbəyinin aşkar edilməsində istintaq orqanına kömək etməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 61-ci madəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, narkotik vasitənin mənbəyinin aşkar edilməsində istintaq orqanına kömək etməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutma altında olduğu 02 (iki) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də maddi sübutların saxlanc otağında saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,756 qram psixotrop metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 02 ədəd CD disk, Bakcell” MMC-dən mlumatların əldə edilməsinə dair 01 ədəd CD disk iş materiallarında saxlanılmalı, Qaradağ RPİ-də maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd «Xiaomi» markalı «RedMi 9 C» modelli mobil telefon aparatı, sahibi Təqsirləndirilən şəxs qaytarıılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutma altında olduğu 02 (iki) gün azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də maddi sübutların saxlanc otağında saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,756 qram psixotrop metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 02 ədəd CD disk, Bakcell” MMC-dən mlumatların əldə edilməsinə dair 01 ədəd CD disk iş materiallarında saxlanılsın və Qaradağ RPİ-də maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd «Xiaomi» markalı «RedMi 9 C» modelli mobil telefon aparatı, sahibi Təqsirləndirilən şəxs qaytarıılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar