Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-12/2023 12.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, X2 küçəsi, ev 9 ünvanında qeydiyyatda olmaqla, Qardağ rayonu, Ələt qəsəbəsi, E.Əzməmmədov küçəsi, ev 37 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 234.1 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə təxminən saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 240 manat dəyərində “DEXP” markalı planşeti və 1 ədəd 25 manat dəyərində “Nokia” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 265 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində Azərbaycan Respublikası SN-nin “Bakı Şəhər Narkoloji Mərkəzi” X3 tərəfindən onun qanuni istifadəsinə verilən üzərində “Tramadol 50” markalanma göstəricisi olan tramadol hidroxlorid tərkibli güclü təsir edən maddə sayılan ağ-göy rəngli dərman preparatlarından 4 ədəd kapsulunu şəxsi maraq məqsədilə əvəzli olaraq tanışı Şahid2 olan psixotrop maddə olan metamfetaminə dəyişdirirərək narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkiləri 0, 187 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 11 mart 2022-ci il tarixdə, saat 17:40-da Qaradağ RPİnin 11-ci Polis bölməsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 4 ünvanının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilmiş və orada inzibati otaqların birində üzərində şəxsi axtarış aparılarkən onun əynində olan boz rəngli şalvarın sağ cibindən 01 ədəd bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1 və 240.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir və asılılığı vardır. Öz istifadəsi üçün narkotik vasitə olan heroini müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyim şəxslərdən alır. O, narkotik vasitə olan heroini falqaya bükərək yandırıb iynəmək yolu ilə qəbul edir. Zərərçəkmiş şəxs qonşusudur və onunla münasibətləri normaldır. Belə ki, Hikmət qonşuluğunda olan evində ailəsindən ayrıldıqdan sonra tək yaşayır və alkoqollu içki aludəçisidir. xx.xx.2021-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı evin qarşısında küçədə olan zaman Hikmət onu evinə çağırmışdır. O da həmin zaman onun yaşadığı evə getmişdir. Orada olan zaman Hikmət aptekdən aldığı spirti içdikdən sonra yatmışdır. Həmin gün saat 23 radələrində Hikmətin onun getdiyindən əmin olması üçün evdən çıxmış və küçədə təxminən 15-20 dəqiqə gəzdikdən sonra Hikmətin yatmasından istifadə edərək evin yan otağının pəncərəni açaraq evə daxil olaraq evi axtarmış və evdə stulun üzərində 1 ədəd planşet görmüşdür. O, planşeti götürərək əynində olan şalvarının kəmər hissəsinə keçirdərək gizlətmişdir. Bundan sonra yenə də evi axtaran zaman divanın üzərində bir ədəd “NOKİA” markalı mobil telefon görmüşdür. O, mobil telefonu da götürərək cibinə qoymuşdur. O, evdən çıxan zaman Hikmət bərk yatmışdır. Bundan sonra o, Ələt qəsəbəsində “kaçofka” deyilən əraziyə getmiş və orada qəsəbə sakini Seyidağa ilə görmüşdür. O, Seyidağaya bildirmişdir ki, evin planşetini satır. Seyidağa da planşetə baxdıqdan sonra 25 manata razılaşmış və planşeti Seyidağaya satmışdır. Bundan sonra yoluna davam edərək qəsəbədə gəzən zaman Dənizçilər küçəsində Rövşən adlı şəxsi görmüş və onunla bir az söhbət etdikdən sonra mobil telefonunu satdığını bildirmişdir. O, həmin Rövşən adlı şəxslə Hikmətin yaşadığı evdən oğurladığı “Nokia” markalı mobil telefonu 10 manata razılaşaraq satmışdır. O, narkotik vasitə olan heroindən istifadə etdiyinə görə həmin mobil telefonu satdığı Rövşən adlı şəxsə əlavə olaraq 5 manat verərək bir büküm heroin almışdır. O, həmin gün Rövşəndən aldığı narkotik vasitə olan heroini istifadə edərək evə getmişdir. Səhərisi yenə də onun bədənində ağrılar olduğundan Rövşən adlı şəxsin yanına gedərək onunla görüşmüş və 20 manat verərək 1 büküm narkotik vasitə heroin almış və həmin narkotik vasitə heroini də həmin gün istifadə etmişdir. Bundan başqa o, bildirmişdir ki, Bakı Şəhər Narkoloji Mərkəzində qeydiyyatda olmaqla ona verilən reseptlə Yasamal rayonu Narkoloji dispanserdən ayda bir dəfə Tramadol 50 mg.-20 kapsul preparatını alır. 2022-ci ilin fevral ayının əvvələrində Ələt qəsəbəsində məhəllədə olarkən qəsəbə sakini Şahid2 görmüşdür. Söhbət zamanı Müşfiq ona bildirmişdir ki, onda psixotrop maddə olan metamfetamin var, onda olan istifadə etdiyi tramadol ilə dəyişdirmək istəyir. Qarşılıqlı razılaşma əsasında o özündə olan qanuni istifadə etdiyi 4 ədəd Tramadolu Müşfiqə verərək əvəzində bir büküm metamfetamin alaraq özü istifadə etmişdir. Bundan başqa 10 mart 2022-ci il tarixdə saat 20 radələrində şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Sovetskiy adlanan əraziyə getmişdir. Həmin vaxtı üzdən tanıdığı, lakin adını bilmədiyi şəxs narkotik vasitə olan “kakos” satdığını bildirmiş, ona narkotik vasitə almağı təklif etmişdir. O da narkotik vasitə qəbul etdiyi üçün tanımadığı şəxsdən 10 manata 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə “kakos”u almış, əynində olan şalvarın cibinə qoyub taksi ilə Ələt qəsəbəsinə qayıtmışdır ki, ağrıları olanda istifadə etsin. 11 may 2022-ci il tarixdə, saat təxminən 17:30 radələrində yaşadığı evin qarşısından keçib gedərkən mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər, ondan Şəmistan olubolmadığımı soruşmuşlar. O da bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Onun narkotik vasitə istifadə etməyindən şübhələnib onu Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin inzibati binasına getmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitənin qəbulunda şübhəli bilindiyi üçün Polis bölməsinə gətirilmişdir. Polis bölməsində üzərində axtarış keçirməyə başlamışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişdir. Bundan sonra əynində olan boz şalvarın cibindən 01 ədəd bükümdə olan narkotik vasitəni çıxararaq təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs Hikmətə dəymiş ziyanı ödəyib.Təxminən bir ay olar ki, bir övladı doğulub.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, spirtli içki aludəçisidir və hər gün də olmasa spirtli içki qəbul edirmiş. xx.xx.2021-ci il tarixdə təxminən saat 23 radələrində o, yaşadığı evdə olan zaman spirtli içki qəbul etmiş və yatmışdır. O, 2 gündən sonra ayılmış və ona məlum olmuşdur ki, onun evindən 1 ədəd “DEXP” markalı planşeti, 1 ədəd “Nokia” markalı üzərində mobil nömrə olmayan mobil telefonu, 350 manat nağd pulu, 1 ədəd 130 manat dəyərində laqondasını, 1 ədəd 200 manat dəyərində preforatorunu naməlum şəxs və ya şəxslər evin pəncərəsindən evə daxil olaraq oğurlamışdır. Bu barədə polisə məlumat vermiş və sonradan bilmişdir ki, evdən oğurluğu qonşuluqda yaşayan Şəmistan etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs şikayət tələbinin olmadığnı bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, narkotik vasitə aludəçisidir.Həmin maddələrin alüdəçisi olduğu üçün arada bir tanımadığı şəxslərdən əldə edib qəbul edirmiş. Təxminən yanvar ayının axırlarında psixotrop maddə olan metafetaminin (şüşə) bir qədərini isə təxminən Şəmsi kimi tanıdığı Şəmistan adlı şəxsə verib, əvəzində isə 4 ədəd tramadol, 1 ədəd Atarax və 1 ədəd adı yadında qalmayan ağrı kəsici dərmanlar almış ki, metafetamin (şüşə) heroin (kakos) qurtaranda, ağrıları olanda həmin dərmanlardan da istifadə etsin. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 11-ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 11 mart 2022-ci il tarixdə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək, saat təxminən 17:30-da ünvan 6 ünvanının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilmişdir. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olundu. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarının sağ cibindən 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülümüş bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan “heroin” olduğunu və şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2022-ci il tarixli, 6/1442 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...vət. Təqsirləndirilən şəxs aşkar olunaraq...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,187 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2876 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Hşımov Müşfiq Vəkil oğlundan aşkar olunaraq götürülmüş tramadol hidroxlorid tərkibli 4 ədəd dərman preparatı maddi sübut kimi tanınaraq tədqiqatdan sonra qalıq qalmış 3 kapsul tramadol hidroxlorid tərkibli dərman preparatı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü ümaddəsi tətbiq edilməklə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. İş materillarında olan Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırması cəzasının 02 il 16 gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.02022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilərək Qaradağ RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axtarış nəticəsində tutulmuş və xx.xx.02022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Qaradağ RPİ MSY-dən azad edilmişdir. İş materillarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Qaradağ RPİ-nin 11-ci PB-dan daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1 və 240.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş 0,137 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 kapsul tramadol hidroxlorid tərkibli dərman preparatı məhv edilməlidir. İş üzrə 81 (səksən bir) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 234.1 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetməı cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edisin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 03 (üç) gün nəzərə alınmaqla üzərində 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 26 (iyirmi altı) gün hissəsi 01 (bir) il 13 (on üç) gün müddətə azadlıqdan məhrumetmə cəzasına hesablansın və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edisin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Həbsetmənin əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 81 (səksən bir) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş 0,137 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 kapsul tramadol hidroxlorid tərkibli dərman preparatı məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-12/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-12/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver