Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-120/2024 21.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1959-cu ildə Tər-Tər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-də operator vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə hadisə yerindən qaçmışdır. Belə ki, o 21 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində sürücülük hüququ olmaqla etibarnamə ilə idarə etdiyi "Hyundai Accent" markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, E.Quliyev küçəsində "Çayka" kafesinin yaxınlığında hərəkətdə olarkən "X15” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsində dayanmış piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli olduğu halda, qanunun qeyd olunan tələblərinə əməl etməyərək yolun hərəkət hissəsində sağ tərəfdə dayanmış piyada Zərərçəkmiş şəxs vuraraq onun sol diz oynağının sıyrığı və sağ ayağının V daraq sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün zəruri tədbirlər görmədən və hüquq mühafizə orqanlarına məlumat vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin CMnin 263.1-ci və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Ümid qəsəbəsində yaşayır. Orta ixtisas təhsillidir. BC kateqoriyalı sürücülük vəsiqəsi ilə “Hyundai Accent” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə idarə edir. 21 sentyabr 2023-cü il tarixdə səhər saat 08 radələrində azyaşlı nəvəsini Sahil qəsəbəsindəki 91 nömrəli internat məktəbinə qoyub evə qayıdarkən, Sahil qəsəbəsində “Çayka” kafesinin qarşısındakı avtobus dayanacağının qarşısından keçərkən bir nəfər şəxsin sağ tərəfdə yolun kənarında dayanmasını görmüşdür. Təxminən 20 km sürətlə həmin adamın yanından keçmişdir. Bu zaman avtomobilin arxa təkərinin nəyinsə üzərindən keçməsini hiss etmişdir. Sağ yan güzgüyə baxanda bir qədər əvvəl yolun kənarında dayanmış piyadanın əlləri ilə ayağından tutub əyilmiş halda yarıoturaqlı vəziyyətdə olmasını görmüşdür. Avtomobili təxminən 10 metr qabaqda saxlamış və düşüb həmin şəxsə yaxınlaşmışdır. Ondan nə baş verdiyini soruşmuşdur. Həmin şəxs isə ona idarə etdiyi avtomobilin arxa təkərinin onun ayağının üzərindən keçdiyini demişdir. O, həmin şəxslə söhbət etmişdir. Ona xəstəxanaya aparmağını təklif etmişdir. Lakin adının sonradan Yunus olduğunu bildiyi həmin şəxs heç nəyə ehtiyacı olmadığını, özünün xəstəxanaya gedəcəyini bildirmişdir. Bu ərəfədə həmin ərazidən keçən başqa bir sürücü avtomobilini saxlayıb onlara yaxınlaşmışdır. O da Yunusa həkimə ehtiyac olub-olmadığını soruşmuşdur. Yunus yenə də razı olmamışdır. Özünün “insult” xəstəsi olmasını deyib onsuz da xəstəxanaya gedəcəyini demişdir. Bundan sonra Yunus həmin ərazidən keçən avtobusa əyləşib çıxıb getmişdir. Həmin avtobus “Baku Bus” şirkətinə məxsus 149 saylı marşrut üzrə hərəkət edən avtobus olmuşdur. Bundan bir neçə gün sonra ona Qaradağ rayon polis idarəsindən zəng edib təhqiqat şöbəsinə dəvət etmişlər. Ona izah edilmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə Sahil qəsəbəsində idarə etdiyi avtomobillə bilmədən ayağının üzərindən keçdiyi Yunus adlı şəxs DİN-in 102 xidmətinə məlumat vermişdir. Həmin günədək o, ayağının üzərindən keçdiyi şəxsin xəsarət almasını bilməmişdir. İdarəyə gələndən sonra öyrənmişdir ki, onun, yəni Yunusun sağ ayağının sümüyü sınmışdır. Bundan sonra öyrənmişdir ki, həmin şəxs Zərərçəkmiş şəxsdur. Yunusun onun hadisə yerini tərk etməyi ilə bağlı dedikləri yalandır. O, maşından düşüb ona yaxınlaşmışdır. Xəsarət alıbalmaması ilə maraqlanmışdır. Bundan sonra isə oradan getmişdir. Yunus da avtobusa minib getmişdir. Zərərçəkmiş şəxs yolun kənarında onun hərəkət etdiyi istiqamətdə sağ tərəfdə ayaqüstə dayanmışdır. O öz ifadəsində daha sonra göstərmişdir ki, hadisə vaxtı bir nəfər şəxs idarə etdiyi “cip” markalı avtomaşından düşərək özünü zərərçəkmiş şəxsin qohumu Nicatın dosdu kimi təqdim edərək zərəçəkmiş şəxsin səhhəti ilə maraqlanmışdır. Bu zaman söhbət zamanı o həmin şəxsə Ümid qəsəbəsində qaldığını, həmin ərazidə yerləşən 91 nömrəli internat məktəbində oxuyan nəvələrini maşınla aparıb gətirdiyini bildirmişdir. Bundan sonra başqa nəyəsə ehtiyac görməmiş, çünki Yunusun bədəni üzərində gözlə görünən xəsarət olmamış, sadəcə olaraq ayağının ağrımasını demiş və özü avtobusa minərək çıxıb getmişdir. O, öz ifadəsində daha sonra verilmiş mülki iddanı qəbul etmədiyini, baş vermiş hadisədə heç bir təqsirinin olmadığını və buna görədə zərərçəkmiş şəxsə hər hansı bir maddi yardım göstərmək imkanının və fikirinin olmadığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsədə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış və bir-birini tamamlayan təkzib edilməz sübutlarla onun törətmiş olduğu cinayət əməli tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, “X8” şirkətində sürücü işləyir. 21 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində “Çayka” kafesinin yanında yolun sağ tərəfində dayanıb avtobus gözləmişdir. Bu zaman qəsəbə istiamətində sol tərəfdən hərəkət edən ona tərəf “Hyundai Acsent” markalı avtomobil gəlmişdir. Həmin avtomobil onun qarşısından lap yaxınından keçərkən sağ ayağının üzərindən keçmişdir. Sürücü avtomobili saxlamadan hərəkətinə davam etmişdir. Bu zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb kömək etmişdir və yerdən qaldırmışdır. Həmin şəxs ona su vermişdir. O, bir qədər özünə gəlmiş və avtobusa əyləşib Badamdar qəsəbəsinə xəstəxanaya getmişdir. Orada müayinə olunduqdan sonra sağ ayağının barmaq sümüklərinin sınması müəyyən olunmuşdur. Sonra onu TTYS avtomobili ilə Mərkəzi Klinikaya aparmışlar. O, xəstəxanada olarkən hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. “Hyundai Accent” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü əvvəllər tanımamışdır. Təxminən 10 gün keçdikdən sonra Hyundai Acsent markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onun müalicə aldığı xəstəxanaya gəlmişdir. Onunla söhbət etmiş, lakin heç bir əməli kömək etməmişdir. Maddi yardım göstərməmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs ona yaxınlaşmamışdır. Həmin vaxt yoldan keçən başqa bir avtomobilin sürücüsü onun yanına gəlib nə baş verməsi ilə maraqlanmış və onun qohumu Nicatın dostu olduğunu bildirmişdir. Lakin həmin şəxsin anket məlumatları barədə ondan hər hansı bir məlumat yoxdur. O öz ifadəsində daha sonra bildirmişdir ki, əlavə sübutlar toplayaraq gələcəkdə məhkəmədə yenidən mülki iddia qaldırmaq fikirində olduğu üçün hazırkı iddia ərizəsinin baxışdan çıxarılmaqla geri qaytarılmasını xahiş etmiş, təqsirləndirilən şəxs tərəfindən hadisə ilə bağlı ona hər hansı bir maddi və mənəvi köməklik göstərilmədiyini və ondan şikayətçi olmaqla qanun çərçivəsində cəzalandırılmasını istəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X9 rayon şöbəsinin 12 yanvar 2024-cü il tarixli, 45/749 saylı rəyindən görsənir ki, 1.Vǝt. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ ayağın V daraq sümüyünün qapalı, yerinidəyişməyən sınığı, sol diz oynağının sıyrığı bark küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X4 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə piyada qismində olarkən hərəkətdə olan minik avtomaşının onu vurması nəticəsində törənmələri mümkündür və dərəcələrinə görə sağ ayağın V daraq sümüyünün qapalı, yerinidəyişməyən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR Zǝrǝrvurmaya aiddir, sol diz oynağının sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid oluğu üçün dərəcəsi təyin edilmir. 2.Vǝt. Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə göstərilmiş «kəskin beyin qan dövranı pozğunluğu, Arterial hipertoniya diaqnozu baş beyin qan dövran xəstəliklər qrupuna aid olduğundan həmin diaqnoz obyektiv, məhkəmə-tibbi və klinik əlamətləri ilə təsdiq olmadığı üçün xəsarət kimi qiymətləndirilməmiş və dərəcə təyinində nəzərə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 8/3800 saylı rəyindən məlum olmuşdur ki, 1,2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Accent” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X15» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamaı tədqiq edilmiş, 13 fevral 2024-cü il tarixli “üzləşdirmə” haqqında protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerində qalmamışdır. Göstərilənlər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə keçirilmiş üzləşdirmə zamanı da təsdiqini apmışdır. İş üzrə BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli, 3-13- 16/2-17341/2024 saylı məktubdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) BA 066441 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri, Qaradağ rayon, İcra Hakimiyyəti Başçısının Ümid qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Quliyev X7 rayonu, Ümid qəsəbəsi, yeni massiv, 1-ci küçə, ev 28 ünvanında ailə üzvüləri arvadı 1966-cı il təvəllüdlü X5, qızı 1996-cı il təvəllüdlü X6, nəvəsi 2016-cı il təvəllüdlü X11 və nəvəsi 2019-cu il təvəllüdlü X12 ilə birlikdə həmin ünvanda qeydiyyatsız yaşayır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri, Qaradağ rayon, İcra Hakimiyyəti Başçısının Ümid qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunur və onun barəsində Ümid qəsəbəsi İcra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci və 264-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini və yaşını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsədə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslə barışıq əldə etdə etməsi üçün ona hər hansı bir maddi və ya mənəvi köməklik göstərməmiş və buna hər hansı bir formada cəhd belə etməmişdir. Məhkəmə bunu Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “X15 və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi və cinayət qanununun tələblərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə qəsdən törədilən cinayət hesab edilir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də işin hallarını və təqsirləndirilən şəxsin şəxsiyyəti barədə məlumatları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd daxilində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza ilə yanaşı əsas cəza qismində azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 264-cü maddəsi ilə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza ilə yanaşı əsas cəza qismində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanını iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla, həmin əsas və əlavə cəzalar qismən toplanmalı və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının, CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 68.1.1-1-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə verilmiş mülki iddiaya münasibətdə hesab edir ki, mülki iddia Azərbaycan Respublikası MPM-nin 259.0.11-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Qeyd olunan maddənin tələbindən aydın olur ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsin baxılmamış saxlayır. Belə ki, məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək əlavə sübutlar toplayaraq gələcəkdə məhkəmədə yenidən mülki iddia qaldırmaq fikirində olduğu üçün hazırkı iddia ərizəsinin baxışdan çıxarılmaqla geri qaytarılmasını xahiş etmiş, təqsirləndirilən şəxs isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 15 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 263.1-ci maddəsində əsasən 01 (bir) il müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nın 264-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs izah edilsin ki, yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi məqsədi ilə gələcəkdə mülki qanunvericiliyin tələblərinə uyğun məhkəmədə iddia qaldırmaq hüququna malikdir. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-120/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-120/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver