Məhkəmə qərarları › İş №1(002)-122/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-122/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-122/2021 16.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 08.11.2020-ci il tarixdə saat 23.55 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində kamendat saatı rejiminə nəzarət edilməsi ilə əlaqədər Qaradağ RPİ-nin PPXB-in əməkdaşları xidmətdə olarkən Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsindəki beşmərtəbəli binanın qarşısında yerləşən həyət evləri olan küçədə Təqsirləndirilən şəxs kamendat saatı rejimini pozduğu üçün Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmiş, polis bölməsində Təqsirləndirilən şəxs narkotik sərxoşluqda şübhəli olduğu üçün dəvət edilmiş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,109 qram, 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,072 qram və 01 ədəd ağ rəngli kağıza bükülmüş içərisində sellofan kəsikdə təmiz çəkisi 0.290 qram, ümumilikdə təmiz çəksi 0,471 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir ildən artıq müddətdir ki, narkotik vasitə olan heroin qəbul etməyə başlamışdır. Narkotik vasitəni Bakı şəhərində müxtəlif yerlərdən, üzdən tanıdığı bir neçə şəxsdən əldə etmişdir. Sonuncu dəfə 07.11.2020-ci il tarixdə 03 ədəd bükümdə heroini Yasamal rayonunda “Kaktus” restoranı yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən hər bükümü 10 manata olmaqla 30 manata alıb üzərində saxlamışdır. 08.11.2020-ci il tarixdə Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində yerləşən həyət evlərinin birində yaşayan tanışı Tariyel Tağıyevin evinə getmişdir. Bir neçə saat orada oturub söhbət etmişlər. Həmin gün saat 23.55 radələrində siqaret tapmaq üçün evdən çıxmışdır. Küçə ilə bir az hərəkət etdiyi zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq, özlərini təqdim edib ölkə ərazisində təyin edilmiş kamendat saatı rejimini pozduğunu izah edib, onu polis bölməsinə dəvət etmişlər. PPX-in avtomobilində ondan başqa bir nəfər qəsəbə sakini Adil adlı şəxs də olmuşdur. Polis bölməsində ona kamendat saatı rejimini pozması ilə bağlı inzibati protokol tərtib edilmişdir. Daha sonra o, narkotik vasitələrin qəbulunda, daşınmasında şübhəli olduğu üçün təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi üçün təyin edilmiş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərinə videoçəkiliş vasitəsilə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl təhqiqatçı ona üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığını, əgər varsa çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli kağız büküm və 02 ədəd ağ rəngli kağız bükümdə olmaqla ümumilikdə 03 ədəd kağız bükümü masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün aldığını, həmin narkotik vasitəni satmaq və ya kiməsə vermək fikrinin olmadığını bildirmişdir. Daha sonra onun təqdim etdiyi bükümlər açmış, 01 ədəd göy rəngli kağız bükümün içərisində sellefan kəsiyin içərisində, digər 02 ədəd kağız bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümlər təhqiqatçı tərəfindən zərfə qoyaraq qablaşdırılmış, protokol tərtib edilmişdir. Zərf və protokol onun və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-in polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, o DİO-da və hazırda tutduğu vəzifədə 2018-ci ildən xidmət aparır. 08 noyabr 2020-ci il tarixdə saat 23.55 radələrində Qaradağ RPİ-nin PPXB-in polis nəfəri Şahid2 ilə birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində xidmət apararkən iki nəfər şəxsin ölkə ərazisində elan edilmiş kamendat saatı rejimini pozub yol ilə getdiklərini görmüşlər. Həmin şəxslər kamendant rejimini pozduqları üçün onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslərə ölkə ərazisində elan edilmiş kamendat saatı rejiminin tələblərini pozduqlarını izah edib, Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. Polis bölməsində bu barədə raport tərtib etmişlər. Polis bölməsində həmin şəxslərin X3 və Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin təsiri altında sərxoşluğunda şübhəli olduğu üçün Təqsirləndirilən şəxs PB-in təhqiqatçısı, polis kapitanı Elşad Mirzəyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. PB-də xidməti otaqların birində onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olub-olmadığını, əgər varsa təqdim edib masanının üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli kağız büküm, 02 ədəd ağ rəngli kağız büküm ümumilikdə 03 ədəd bükümləri çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, bükümlərin içərisində narkotik vasitə olan kakos deyilən heroin olduğunu bildirmişdir. Həmin bükümlər açılmış, içərisində qəhvəyi rəngli toz şəklində maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə olan narkotik vasitəni bir neçə gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Kaktus” restoranı yaxınlığında tanımadığı şəxsdən hər bükünü 10 manat olmaqla, ümumilikdə 30 manata aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-in polis nəfəri Şahid2 və Qaradağ RPİ-nin 38-ci PB-in sahə rəisi, polis mayoru Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-in təhqiqatçısı, polis baş leytenantı Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid4 məhkəmə iclasında dindirilmiş digər Şahid1 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 09 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2020-ci il tarixində Sahil qəsəbəsində saat 00:10 radələrində komendant saatını pozaraq, Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. (i.v. 6-7) Şübhəli şəxsin tutulması haqqında 09 noyabr 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 9, 18-19) Şəxsi axtarış və götürmə aparılması haqqında 09 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə vəkili və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə axtarış və götürmə aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq qara rəngli şalvarın sağ yan cibindən ümumilikdə 3 ədəd olmaqla 1 ədəd göy rəngli kağız və 2 ədəd ağ rəngli kağız bükümləri masanın üzərinə qoymuşdur. Bükümlər açılaraq baxış keçirilmiş, baxış zamanı 1 ədəd ağ rəngli kağız sellofan kisəyə bükülmüş içərisində qəhvəyi rəngli toz şəklində maddə aşkar edilmişdir. Sorğu zamanı bükümlərdə narkotik vasitə olan “kakos” olduğunu və həmin maddəni Bakı şəhərində tanımadığı şəxsdən ümumilikdə 3 bükümü 30 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa heç bir əşya və ya predmet aşkar edilmədir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumilikdə 3 ədəd 1 ədəd göy rəngli və 2 ədəd ağ rəngli kağızda olan bükümlər zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhürlə möhürlənmişdir. (i.v. 26-27) Təqsirləndirilən şəxs üzərində axtarış və baxış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskdə olan görüntüyə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 noyabr 2020-ci il tarixli, 6/2428 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №47” dairəvi möhür əksi olan zərfdəki 3(üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,109 qram, 0,072 qram, ümumi təmiz çəkisi 0,471qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə ilə təsdqi olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 0,471 qram, tədqiqata sərf edildi – 0,06 qram, qalıq – 0,411 qram. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. (i.v. 34-38) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 4(002)- 145/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində əvvəli 09 noyabr 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 75-77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 20 noyabr 2020-ci il tarixli cavabından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-38/2020 saylı, 21 fevral 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 82, 90-98) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 14 dekabr 2020-ci il tarixli, 3449 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 114-115) Sübutların qiymətləndirilməsi barədə 11 yanvar 2021-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,471 qram 03 ədəd bükümdə olan narkotik vasitə - heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,411 qram 03 ədəd bükümdə olan hissəsi saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. 01 ədəd DVD disk iş üzrə sübut növü kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi nəzərə alınmışdır. (i.v 120-126) Bakı Şəhər Probasiya İdarəsinin 15 mart 2021-ci il tarixli, 21-1-106016/7 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-38/2020 saylı, 21 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 01 il 11 ay 28 günü çəkilməmiş qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldən səmimi etiraf edərək, əməlindən peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-38/2020 saylı, 21 fevral 2020-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olduğunu nəzərə alaraq hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətmiş olduğu oğurluq cinayətinə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə ilə əlqədar olmayan cəzaya məhkum olunmasına baxmayaraq, islah yoluna qədəm qoymamaqla, öz cinayətkar əməllərini davam etdirərək məhkumluq müddətində yenidən qəsdən cinayət törətməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxsə hazırki hökm üzrə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-38/2020 saylı, 21 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın 02 günü azadlıqdan məhrumetmənin 01 gününə bərabər tutulmaqla 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-38/2020 saylı, 21 fevral 2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası iki gününə azadlıqdan məhrumetmə cəzasının bir günü bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, qəti cəza təyin edilməli (CM-67.1, 68.1.1-1) onun 09 noyabr 2020-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CPM-158.2.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 09 noyabr 2020-ci il tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli və sübut növü kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-38/2020 saylı, 21 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 (bir) il 11 (on b ir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri baxımından azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrumetmə cəzasının bir günü bərabər tutulmaqla 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına hesablansın, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin, onun üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 0,411 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar