Məhkəmə qərarları › İş №1(002)-122/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-122/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-122/2023 29.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Şahid1, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də sürücü işləyən, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan rayonu, Kürsəngi kəndində yaşayan, “barəsində başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 39-cu kilometrində idarə etdiyi Hyundai İX-35 minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 4 zolaqlı yolun sol zolağı ilə Bakı şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görmüş, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da yolun sağ kənarından iti yerişlə 12,5 metr məsafə qət etmiş piyada 1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ künc hissəsi ilə vurmuşdur. Nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan hematruya (qanlı sidik ifrası) ilə ifadə olunmuş sidik kisəsinin travmatik kompressiyası və kontuziyası ilə müşayiət olunan sol sirkə kasasının yuxarı-ön, sol omba-qalça və qasıq-oturaq sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sağ mil sümüyünün qapalı, yerdəyişmiş sınığı, döş sümüyünün qapalı, yerdəyişmiş sınığı, sol sağrı və sol bud nahiyəsinin qançırları xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ vardır və ona xx.xx.2015-ci il tarixdə xx.xx.2025-ci il tarixədək etibarlı olan «BC» kateqoriyalı, AD 049687 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Təxminən bir ilə yaxındır ki, "xxxx" MMC-də sürücü işləyir və xx.xx.2022-ci il tarixdə həmin şirkətə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi Hyundai İX-35 minik markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonunun, Ələt qəsəbəsində yerləşən iş yerindən çıxmış Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, qabaq sağ tərəfdə iş yoldaşı Şahid3 oturmuşdur. Bakı-Ələt-Qazax- Gürcüstan sərhədi yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən 39-cu kilometrliyində saat 17:00 radələrində yolun soldan birinci zolağı ilə Bakı şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən təxminən 20 metr qarşıda Toyota Prado markalı avtomobil hərəkətdə olmuşdur. Həmin avtomobil qəflətən sağa manevr etmiş, bu zaman qarşıdan bir kişi yolun sağından soluna keçmiş, dərhal avtomobilin sürətini azaltmasına baxmayaraq, idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə həmin istiqamətdə yolu sağ tərəfindən sol tərəfə yol üstü piyada keçidinin altından keçən bir piyada qadını vurmuşdur. Öz avtomobili ilə vurduğu həmin qadını 20 saylı tibbi məntəqəyə aparmış, oradan isə qadını təcili tibbi yardım avtomobili ilə Bakı şəhəri KTM xəstəxanasına göndərmişlər. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 oktyabr 2022-ci il tarixdə, saat 16:40 radələrində qızı Şahid1 və onun iki azyaşlı uşaqları ilə Balakən rayonundan gələn avtobusdan rayonun Ümid qəsəbəsi ərazisindən keçən hissəsində düşmüşlər. X6 qəsəbəsində yaşadığı evə getmək üçün 4 zolaqdan ibarət yolun Bakı şəhəri istiqamətinə olan hissəsindən yolu əks tərəfə iti yerişlə keçməyə başlamış, yolun 3 zolağını keçərək sonuncu zolağa daxil olduğu anda Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli Hyundai İX-35 minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili onu vurmuş və o, xəsarət almışdır. Sürücü Rauf avtomobili dayandırıb ona yaxınlaşmış, onu əvvəlcə yaxınlıqda yerləşən tibbi mntəqəyə sonra təcili tibbi yardım avtomobili ilə KTM-ə aparmış, orada bir müddət müalicə aldıqdan sonra evə buraxılmış və hazırda ev şəraitində müalicəsi davam edir. 29 mart 2023-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi olan qızı Şahid1 ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, anası Zərərçəkmiş şəxs vurulmuş zərərin tam həcmdə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət, tələb və iddialarının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə "xxxx" MMC-yə məxsus, sürücü Təqsirləndirilən şəxs yol vərəqəsi əsasında idarə etdiyi Hyundai İX-35 minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən iş yerindən çıxmış Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi yolu ilə Bakı şəhər istiqamətində hərəkət etmişlər. Rauf avtomobili Bakı şəhəri istiqamətində 80-90 km/saat sürətlə idarə edərkən Bakı-Ələt- Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən 39cu kilometrliyində yolun soldan birinci zolağı ilə qarşıda hərəkət edən avtomobillər sürət həddini aşağı salmağa başlamış, sürücü Rauf da avtomobilin sürətini aşağı salmış, bu an qarşıda hərəkətdə olan «Toyota Prado» markalı avtomobil qəflətən sağa manevr etmiş, həmin vaxt Rauf əyləcdən istifadə edərək avtomobilin sürətini daha da endirməyə çalışmış, həmin vaxt avtomobil sürüşmüş və qabaq sağ hissəsi ilə qarşıda olan piyada qadını vurmuşdur. Rauf avtomobili dərhal dayandırmış və onlar avtomobildən düşərək həmin qadını maşına mindirərək onu yaxınlıqda olan tibb məntəqəsinə aparmışlar. Həmin piyada qadının xəsarəti ciddi olduğu üçün təcili yardım avtomobili ilə onu Bakı şəhəri KTM xəstəxanasına göndərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 19 oktyabr 2022-ci ildə saat 16:45 radələrində arvadı Şahid1, iki azyaşlı uşaqları və qaynanası Zərərçəkmiş şəxs ilə Balakən rayonundan gələn avtobusdan Bakı-Ələt-Qazax- Gürcüstan sərhədi yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən hissəsində düşdüklərini zəng edib ona demişlər. O, yaşadığı Ümid qəsəbəsindəki evdən həmin yerə getmiş, onları qarşılamışdır. O, çantaları götürərək öndə, qaynanası Hülü isə ondan arxada gəlməklə evə getmək üçün yolun Bakı şəhəri istiqamətinə olan hissəsindən yolu əks tərəfə keçməyə başlamışlar. Rüfanə iki azyaşlı uşaqları ilə yolun kənarında dayanmışdır. O, yolu keçərək, dəmir arakəsmədə dayanmış və yolun Qazax rayonu istiqamətinə olan hissəsinə tərəf hərəkət edən avtomobillərə baxmışdır. 4 zolaqdan ibarət yolun 3 zolağını qaynanası Zərərçəkmiş şəxs keçərək sonuncu zolağa daxil olduğu anda Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli Hyundai İX-35 minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil qaynanasını vurmuş və o, xəsarət almışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, HK-1-1251 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 71-ci vərəqəsində olan 24 dekabr 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 35-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 63-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 dekabr 2022-ci il tarixli 8/3233 saylı yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai İX-35” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 62-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 57-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X1 27 oktyabr 2022-ci il tarixli, 803 saylı sağlamlığa zərər vurmanın təyini ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər Hematruya (qanlı sidik ifrazı) ilə ifadə olunmuş sidik kisəsinin travmatik kompressiyası və kontuziyası ilə müşayiət olunan sol sirkə kasasının yuxarı-ön, sol omba-qalça və qasıq-oturaq sümüklərinin qapalı yerinidəyişmiş sınıqları, sağ mil sümüyünün qapalı, yerinidəyişmiş sınığı, döş sümüyünün qapalı, yerinidəyişmiş sınığı, sol sağrı və sol bud nahiyəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X5 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Cinayət işinin 16-cı vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 19 oktyabr 2022-ci il tarixli, 2/35574 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 17-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ QİŞ tərəfindən 22 yanvar 2015-ci il tarixdə verilmiş 049687 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci ilədək sürücülük hüququ vardır. Cinayət işinin 17-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AB seriyalı, 743030 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai İX-35” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" ASC-nin mülkiyyətindədir. Cinayət işinin 20-ci vərəqəsində olan 10 noyabr 2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-də 15 oktyabr 2021-ci il tarixdən sürücü vəzifəsində işləyir. Cinayət işinin 67-ci vərəqəsində olan 03 dekabr 2022-ci il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İX-35” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş, avtomobilin sahibinə qaytarılması nəzərə alınmışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, zərər tam şəkildə ödənilmişdir. İcraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş 03 fevral 2023-cü il tarixli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs qızı Şahid1 etibarnamə verərək onu müxtəlif orqanlarda, o cümlədən istintaq orqanları və məhkəmədə təmsil etməyi həvalə etmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Şahid1 ərizəsindən görünür ki, anası Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam həcmdə ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, ona görə də, sonuncu barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarətin yetirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, məhkəmə hesab edir ki, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmçinin maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Hyundai İX-35» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış «Hyundai İX-35» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar