Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-126/2022 11.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Mustafayeva Sədaqət Əliağa qızının müdafiəçisi Müdafiəçi iştirakları ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 şikayətinə məhkəmənin binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət edərək Mustafayeva Sədaqət Əliağa qızı barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilərək, özünün xüsusi ittihamçı kimi tanınmasını, işin məhkəmə baxışına təyin edilməsini, Mustafayeva Sədaqət Əliağa qızının Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək maddənin sanksiyası həddində cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətin icraata qəbul edilməsini və Mustafayeva Sədaqət Əliağa qızının cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. O öz izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Təxminən 2017-ci il tarixdə şəxsi KAMAZ markalı avtomaşını ilə Salyan rayonu, Xıdırlı kəndində yaşayan Mustafayeva Sədaqət Əliağa qızının atası evinə, yəni Xıdırlı kəndinə tikinti materialı aparmışdır. Həmin vaxtı Sədaqət onun telefon nömrəsini götürmüş və onunla əlaqə yaratmışdır. Lakin o, Sədaqətə ailəsinin olmasını və onunla heç bir münasibətinin olmamasını bildirmişdir. Lakin Sədaqət ondan əl çəkməmiş, daima ona zənglər etmiş, onu və ailəsini narahat etmişdir. Bu barədə Salyan rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Mustafayeva Sədaqət Əliağa qızı ilə profilaktik söhbətlər aparılmışdır. X4 Əliağa öz əməllərindən əl çəkməmiş, onu və ailəsini təhqir etməkdə, şərəf və ləyaqətini alçatmaqda davam etmişdir. Belə ki, Mustafayeva Sədaqət Əliağa qızı onun və ailəsinin “whatsapp” nömrələrinə təhqir edən sözlər yazır. Hətta sosial şəbəkələrdə profillərinə daxil olaraq onun ailəsi barədə nalayiq sözlər yazaraq yayır. O, Sədaqətə cavab verməyib bloka atsa da yenidən yeni profillə ona yazır ki, “blok arxasında gizlənən oğraş düz eleyib adını oğraş qoyublar darıxma” kimi nalayiq sözlərlə onu təhqir edir. Onun yeznəsinə və arvadına da onun şərəf və ləyaqətini alçaldan sözlər yazır və barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlədir. Onun barəsində işlədilən nalayiq ifadələr böhtandır və bütün bunlar onun şərəf və ləyaqətini alçatmaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində göstərilir ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan cinayətidir. Həmin maddənin 147.2-ci maddəsində göstərilir ki, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı qərarında qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Hesab edir ki, Mustafayeva Sədaqət Əliağa qızı onun barəsində təhqiredici ifadələr işlətməklə ona böhtanlar atmasına görə CM-nin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək həmin maddənin sanskiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində göstərilir ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət tərkibini yaradır və müvafiq cəza tətbiqinə səbəb olur. O son olaraq Mustafayeva Sədaqət Əliağa qızının sosial şəbəkələrə yaşadığı ünvandan daxil olduğunu və hələ də onu təhqir etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Mustafayeva Sədaqət Əliağa qızına təkrarən məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Mustafayeva Sədaqət Əliağa qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Mustafayeva Sədaqət Əliağa qızının müdafiəçisi Müdafiəçi öz izahatında göstərmişdir ki, hazırki iş mahiyyəti üzrə baxılması üçün ərazi aidiyyatı üzrə Salyan rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə, X1 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək və eləcədə təqdim edilmiş sənədləri nəzərə alaraq hesab edir ki, şikayət baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından da aydın olur ki, Mustafayeva X2 rayonu, Xıdırlı kəndində yaşamaqla həmin sosial şəbəkələrə yaşadığı ünvandan daxil olmuşdur. Bundan başqa iş materiallarına əlavə edilmiş Mustafayeva Sədaqət Əliağa qızının Salyan RPŞ-yə verdiyi izahatın məzmunundan da aydın olur ki, o, Salyan rayonu, Xıdırlı kəndində yaşamaqla həmin sosial şəbəkələrə də yaşadığı ünvandan daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinin tələbindən aydın olur ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin CPM-in 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmədə baxılması aidiyyəti CPM-nin 74.1-74-4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikasının CPM-in 302.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında şikayətin həmin məhkəməyə aid olmadığını müəyyən etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Mustafayeva Sədaqət Əliağa qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 şikayəti baxılması üçün aidiyyəti üzrə Salyan rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-126/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-126/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver