Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-127/2021 15.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “xxxx” MMC-də sürücü işləmiş, hazırda işləməyən, məhkumluğu olmayan, Xankəndi şəhərində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx xxxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi texniki cəhətdən saz olan «Toyota Camry» markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan yolu ilə Bibiheybət istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda buna riayət etməyərək, saatda 70 km sürətlə hərəkət edərək Binə Ticarət Mərkəzinin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq onun hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin təhlükəsizlik tədbirlərinə riayət etməmiş və mövcud şəraitdə yolu sağdan sola keçən piyada X4 avtomobilinin qabaq hissəsi ilə vurub ehtiyatsızlıqdan ona qaraciyərin cırılması, sağ tərəfi İV-V-Vİ-Vİl-Vİİİ, sol tərəfli Vİ-Vİİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları, hər iki budun aşağı 1/3-nin qapalı, yerinidəyişən sınıqları, gövdənin sol yan səthinin, sol diz oynağının, sol bayır topuğun, sağ iç topuğun sıyrıqları, gövdənin sağ yan səthinin qançırı ilə nəticələnən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərərvuran xəsarətlər yetirərək zərərçəkmiş şəxsin hadisə yerində ölümünə səbəb olmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 19:30-da yol vərəqəsi əsasında idarə etdiyi “xxxx” MMC-yə məxsus “Toyota Camry” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-2” yaşayış massivindən çıxıb Lökbatan-Bibiheybət yolu ilə Xətai rayonuna yola düşmüşdür. Avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuş və avtomobildə heç bir problem olmamışdır. Həmin tarixdə saat 20:00 radələrində o, Lökbatan yolu ilə Bibiheybət istiqamətində hərəkətdə olarkən Binə Ticarət Mərkəzinə çatmamış işıqforun qırmızı işığının yandığını görüb avtomobili dayandırmışdır. Daha sonra işıqforun yaşıl işığı yandığı üçün o, sol ikinci hərəkət zolağı ilə hərəkətə başlamış və Binə Ticarət Mərkəzinin qarşısına çatana qədər avtomobilin sürəti 70 km/saat olmuşdur. Həmin zaman onun qarşında irəlidə avtomobillər hərəkətdə olmuşdur. O, Binə Ticarət Mərkəzinin giriş hissəsinin qarşısında hərəkətdə olarkən səs eşitmişdir. Avtomobilin alın şüşəsi nar dənələri ilə əhatə olunmuşdur. O, yenə də piyada vurduğunu başa düşməmişdir. Avtomobili yolun ortasında saxlayıb avtomobildən düşmüş və bu zaman avtomobilinin qarşısında yerdə qadın uzandığını görmüşdür. O, qadının sağ olub-olmamasını yoxlamaq üçün ona yaxınlaşmış, həmin vaxt qadının gözləri açıq olsa da, o heç nəyə reaksiya verməmişdir. Həmin şəxsin nəbzini yoxladıqda, artıq keçindiyini anlamışdır. Ona görə də əli ilə qadının gözlərini bağlamışdır. Dərhal təcili tibbi yardım xidmətinə 103 xidmətinə zəng edib məlumat vermiş, bir qədər müddət keçdikdən sonra təcili-tibbi yardım xidmətinin həkim briqadasının hadisə yerinə gəlmiş, həmin vaxt özünü narahat hiss etdiyi üçün ətrafda olan şəxslərə DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə ilə əlaqədar məlumat verməsini xahiş etmişdir. Sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və o, özünü polis əməkdaşlarına təqdim edərək onlara hadisəni törətməyi ilə bağlı məlumat vermiş və polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Həmçinin bildirir ki, piyada avtomobilin qarşısına qəfildən çıxdığından, hava qaranlıq olduğundan, orada süni işıqlandırma olmadığından və eyni zamanda da qadın qara paltar geyindiyindən o, qadını görməmiş və ona görə də avtomobili tormozlayıb saxlaya bilməmişdir. Hadisə zamanı avtomobilində tək olmuşdur və həmin gün o, spirtli içki qəbul etməmişdir. Təqsirləndirilən şəxs sonda ehtiyatsızlıqdan cinayət törətməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi və mənəvi köməklik göstərərək onunla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan olunmaqla təqiq edilmiş ifadəsi, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11, 106.5 və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, X6 onun anasıdır. xx.xx.2020-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsindən ona zəng edərək, anası X2 Qaradağ rayonu ərazisində avtomobil ilə vurulduğunu bildirmişlər. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə onun anası X13 qızı 15 saylı TTYS-da saat 23:00 radələrində vəfat etmişdir. Bundan sonra anası X5 Məhkəmə Tibb Ekspertizasının və X8 Qaradağ rayon şöbəsinə aparmışar. Orada ekspert onun meyidini müayinə etdikdən sonra anasını aparıb dəfn etmişlər. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxxx 2020-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokol, əlavə edilmiş sxem və foto cədvəldən görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X11, Təqsirləndirilən şəxs və Qaradağ rayon prokurorunun müavini İlkin İsmayılovun, ekspert X19 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan yolu ilə Bibiheybət istiqamətində Binə Ticarət Mərkəzinin qarşısında baş vermişdir. Hadisə yerində yolun hərəkət hissəsində “Toyota Camry” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yolun hərəkət hissəsində dayanmışdır. Avtomobilin ön bufer, kapotunun əzik vəziyyətdə olması müəyyən edildi. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirərkən müəyyən olundu ki, yol asfalt örtüklü düz və qurudur. Yolun ümumi eni 22 metrdir. Yolun soldan 1-ci və 2-ci hərəkət zolaqlarının, hər bir eni 4 metr olmaqla nişanlanma xətləri vasitəsilə bir-birindən ayrılmışdır. Yolun soldan ikinci hərəkət zolağından sağ hissədə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş, eni 14 metr olan hərəkət hissəsi olsa da, heç bir nişanlanma xətti ilə ayrılmamışdır. Sürücü Təqsirləndirilən şəxs bildirdiyinə görə piyada yolun sağ hissəsinin kənarından yolun 2-ci hərəkət zolağının orta hissəsinə qədər məsafəni qət etmiş, orada piyadanı avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Hadisə yerində tormoz izi aşkar edilmədi. Piyada mərhum X5 hadisə yerindən götürərək, TTYS-nın avtomobilinə yerləşdirmişdir. Sürücünün hərəkəti üçün təhlükə piyadanın yolun sağ hissəsindən sol tərəfə doğru hərəkət etməyə başlayan zaman yaranmış vurulma yerinə kimi piyada 16 metr məsafə qət etmişdir. Yol süni işıqlandırma vasitəsi ilə təmin edilməmişdir. (i.v. 5-13) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxxx 2020-ci il tarixli, 2/10971 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayıq olmuş, alkoqol sərxoşluğu yoxdur. (i.v. 14) Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2017-ci il il tarixində verilmiş AC seriyalı 535117 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır və vəsiqə xx.xx.2027-ci ilədək etibarlıdır. (i.v. 16) AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD seriyalı 462662 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-AZ-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı avtomobil “xxxx” MMC-yə məxsusdur. (i.v. 17) Zərərçəkmiş şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. (i.v. 23) “xxxx” MMC tərəfindən verilmiş avtomobil üçün yol vərəqəsindən görünür ki, “Toyota Camry” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir. (i.v. 24) “xxxx” MMC tərəfindən verilmiş məktubdan görünür ki, “xxxx” MMC-yə məxsus “Toyota Camry” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində heç bir zərər dəyməmişdir. Bununla bağlı hər hansı bir şikayəti və tələbi yoxdur. (i.v. 25) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 016-119958-1120 saylı məktubdan görünür ki, DİN-in BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1988ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) AC 535117 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 36) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X14” X20 Qaradağ rayon şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 89 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, 1959-cu il təvəllüdlü X2 meyitinin məhkəmətibbi müayinəsinə, laborator tədqiqatın nəticəsinə əsasən qaraciyərin cırılması, sağ tərəfli İV-V-Vİ-Vİİ-Vİİİ, sol tərəfli Vİ-Vİİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları, hər iki budun aşağı 1/3-nin qapalı, yerinidəyişən sınıqları, gövdənin sol yan səthinin, sol diz oynağının, sol bayır topuğun, sağ iç topuğun sıyrıqları, gövdənin sağ yan səthinin qançırı aşkar olunmuşdur. Yuxarıda qeyd olunan xəsarətlər bədənin küt travması nəticəsində yaranmışlar, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər və S.İ.Cahangirovanın ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum S.İ.Cahangirovanın ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş travmatik – hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, S.İ.Cahangirovanın ölümü onun meyitinin meyitxanada müayinə olduğu vaxtdan 12-16 saat əvvəl baş vermişdir. Mərhum S.İ.Cahangirovanın meyiti üzərində aşkar edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyalarına əsasən iki və ya daha artıq avtomaşının vurması nəticəsində əmələ gəlməsi inkar edilmir. Mərhum S.İ.Cahangirovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (xx.xx.2020-ci il tarixli, 3012/K №li akt) (i.v. 37-41) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 01 il 10 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli amnistiya haqqında qərarına əsasən xx xxxx 2016-cı il tarixdə təyin olunmuş cəzadan azad edilmişdir. (i.v. 42) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 8/2308 saylı məhkəmə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, “Toyota Camry” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. (i.v. 45-48) Sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2021-ci il tarixli, 18425 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə ona ittiham elan edilməsi və barəsində müvafiq qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş üzrə “xxxx” MMC-yə məxsus **-AZ-*** nömrəli avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində heç bir zərər dəymədiyi üçün “xxxx” MMC-nin zərərçəkmiş şəxs qismində tanınması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. X3 iki və ya daha artıq avtomaşının vurması istintaq zamanı öz təsdiqini tapmadığından məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 89 saylı rəyinin 4-cü bəndinə göstərilən xüsusatlar sübut növü kimi qiymətləndirilməmiş, Cinayət işinin bəzi materiallarında X3 adı səhvən “Sədaqət” kimi göstərilsə də İD166442681 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən “Sadəgül” kimi oxunsunması qərara alınmışdır. (i.v. 49-52) Qətimkan tədbiri seçmə barədə xx xxxxxx 2021-ci il tarixli, 18437 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 73-74) Məhkəməyə ünvalanmış və cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, anası X3 ölümü ilə bağlı Təqsirləndirilən şəxs heç bir şikayəti, iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən anasının dəfn xərcləri ilə bağlı bütün xərclər tam şəkildə ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Sabirabad rayonu VVADQ tərəfindən verilmiş İİ-ЖГ №338359 saylı nigahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X6 xx xxx 1982-ci il tarixdə rəsmi nigaha daxil olmuşlar. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Xİ-ЖГ №328390 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 və X1 birgə nigahından xx xxxxxx 1986-cı il təvəllüdlü X9 vardır. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Gəncə “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ№ 006049 saylı nigah haqqında şəhadətnamədən görünür ki, X17 ilə X9 xx xxxxxx 2014-cü ildə rəsmi nigaha daxil olmuşlar. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə təqiq olunmuş ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Həmin qərarın 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitinin nəzərəalmaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1 və 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cumaddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), cinayət nəticəsində dəymiş maddi ziyanı ödəyərək (59.1.13), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını (CM- 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), eləcə də CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı (CİM- 67.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı (CPM- 353.4.12), iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq ibtidai istintaq dövründə 81 (səksən bir) iş saatı, həmçinin məhkəmə baxışında işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş ümumilikdə 101 (yüz bir) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 606 (altı yüz altı) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş ümumilikdə 101 (yüz bir) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 606 (altı yüz altı) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-127/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-127/2021
15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver